HÜMBƏT HƏSƏNOĞLU

Bazarın köhnə şeylər satılan yerinin yanından keçərkən piştaxtanın üzərinə düzülmüş qol saatlarından biri nəzərimi cəlb etdi.

Piştaxtaya yaxınlaşıb saata diqqətlə baxdım.Mənin çox illər bundan qabaq itirdiyim saata çox oxşayırdı. İtirməmişdim, onu oğurlamışdılar. Küləkli gün olsa da, çimərliyə getmişdim. Adamlar az idi, çimərlikdə pul verib götürdüyüm masanın üzərinə saatımı qoyub, üstünü köynəklə örtüb, dənizə baş vurmuşdum. Geri qayıdanda, köynəyimi yerdə görmüşdüm, yəqin ki, onu külək yerə atmışdı.

Görünür keçən kimsə masanın üstündə nəzarətsiz qalmış saatı götürüb getmişdi.

Çimərliyin işçilərinə tapacaqları təqdirdə, yaxşı pul mükafatı da söz vermişdim, çünki çimərliyin işçilərindən də şübhəli idim.

Saatı götürüb onun qayışının alt tərəfində, onun korpusa yaxın yerində nə vaxtsa yazdığım adımın baş hərfini solğun da olsa seçə bildim. Saat mənim idi.

Saatla maraqlandığımı görən satıcı birinci özü danışdı:- nə istəyirsən ver, götür. Brend saatdır, amma işləmir. Saatsazlara göstərmişəm, deyirlər zavoduna getməlidir. Bəlkə xaricə getsəniz, orada göstərə bilərsiniz.
Saatı qoluma bağlayıb ona baxdım, doğrudan da dayanmışdı, saniyə əqrəbi tərpənmirdi.

Bir xüsusiyyətimi deməliyəm. Mənə məxsus əşyalarla, məsələn, saatımla, elə maşınımla da danışmaq vərdişim var.

Saatımı hər səhər qoluma bağlayanda, ona mütləq salam verirəm, ona yaxşı işləməyi diləyirəm.Əhvalımdan asılı olaraq digər xoş sözlər də, adətən deyirəm.

Saata bir də baxıb vərdiş olaraq onunla danışmağa başladım:- Salam, xoş gördük, əziz dostum! Səni o vaxt tək qoyduğuma, səni qoruya bilmədiyimə çox peşman oldum. İnan, səni çox axtardım.

Səni tapdığıma çox sevinirəm.Səni bir daha tək qoymayacağıma söz verirəm!

Saat satan mənə qəribə tərzdə baxıb dedi;- siftədir, on manat ver, götür.

Tərəddüd etdiyimi görüb,- yaxşı, beş manat ver, apar.

Bir daha saata baxdım, o işləyirdi!

Hə, işləyirdi! Saniyə əqrəbi hərəkətdə idi.

Mən satıcıya on manat verib dedim:- amma biləsən ki, saat işləyir! Satıcı mənə müraciət etmədən qolumu əlinə götürüb diqqətlə saatın siferblatına, sonra mənim üzümə, sonra yenidən siferblata baxdı.

-Bu saat bir ildən çoxdur ki, məndədir, neçə saatsaz baxıb buna, bu necə mümkün ola bilər ki?

Dedim;- Qardaş, bu saat mənim olub, itirmişdim, indi isə tapdım.Mən onu tanıdığım kimi, saat da məni tanıdı və işləməyə başladı!

Saat satandan aralananda o, gah əlindəki pula, gah da mənim arxamca baxa- baxa qalmışdı.

Sumqayıt şəhəri
Avqust 2020- ci il

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...