Fatimə Əlihüseyn dünyası (Portret cizgiləri)

Fatimə Əlihüseyn: “Mən düşünürəm ki, şair bir torpaqdır”

Bir müddət idi ki, çox maraqlı şairə, istedadlı jurnalist və yüksək peşəkar aparıcı, bədii qiraətçi olan Fatimə Əlihüseynlə müsahibə aparmağı planlaşdırırdım. Axır ki, bu arzum reallaşdı. Budur. Biz onunla qarşı-qarşıya oturub, Fatimə xanımın keçdiyi həyat yoluna və yaradıcılığına birlikdə işıq salırıq.

-Fatimə xanım, ilk şeirinizi xatırlayırsınızmı?
-Düzü xatırlamıram. Çünki uşaq vaxtı həmişə nə isə cızma- qara edər və sonra eyvandan küçəyə atardım ki, hec kim görməsin. (gülümsəyir)
Ona görə də ilk şeirimi xatırlamıram. Lakin işiq üzü görən ilk şeirim, 1999-cu ildə, Azərbaycan Dövlət Pedaqoji Universitetin birinci kursunda oxuduğum vaxtlar "Yeni Azərbaycan" qəzetində dərc olunmuşdu. Şeirin adı "Ay ilə söhbət" dir.

-Şeirləriniz sizin üçün nədir?
- Deyirlər ki, şeir şairin övladıdır . Lakin mən şeirlərimin hər birini özümə övlad kimi qəbul etmirəm. Çünki bəzi şeirlərimi sevmirəm. Hətta oxuyarkən "axı bu nədir yazmışam ?" deyə sual verirəm özümə. Şeirlərim mənim üçün yol yoldaşı kimidirlər. Günümə, ayıma, ilimə ortaq məvhumlardılar. Hissimə şərik olan varlıqlardılar. Əlbəttə, aralarında ən doğmaları da var mənə.

- Əhvalınıza uyğun şeirləriniz çoxdur?
-Ruh halıma sirayət edən , həminki real ruhi vəziyyətimi izhar edən şeirlərim var əlbəttə. Və mən düşünürəm ki, şair bir torpaqdır.Torpağın yetişdirdiyi meyvələr, bitkilər fərqli olduğu kimi, şairin də yazdığı şeirlər fərqli olur. Acısı, şirini olur.

- Sizin ən çox diqqətimi çəkən şeiriniz-"Kirayəlik ziyafət donu " oldu. Bir verilişdə dinləmişəm o şeirinizi. Qəribə yanaşmadır.
-Bəli, bu bir çoxlarına qəribə gələn bir fenomendir. Kirayəlik don mənə görə, cansız obyekt deyil, əksinə bir obrazdır ki, çoxunun dilə gətirə bilmədiyi və yaşadığı həyatı öz varlığında əks etdirir.

-Şeirin yaranma tarixi necə olub?
-Təxminən,7 il öncəyə təsadüf edir şeirin yaranması. Əməliyyatdan çıxmışdım və bir müddət yataq şəraitində, evdə qaldığım üçün kökəlmişdim. Elə bu ərəfələrdə də, qardaşım oğlunun toyu olacaqdı. Daha doğrusu, toya cəmi iki gün qalmışdı. Qardirobumdakı bütün paltarlar əynimə dar gəldi. Bir neçə dükan gəzdikdən sonra hiss etdim ki, daha taqətim yoxdur paltar axtarmağa. Gah zövqümcə olan paltara pulum çatmadı, gah pulum çatan paltar zövqümcə olmadı, gah da ölçülər uyğun gəlmədi. ( gülümsəyir )
Mənə məsləhət gördülər ki, kirayə paltar geyinim. Böyük bir ticarət mərkəzinin üst mərtəbəsində, minlərlə paltarın içindən çox gözəl, göstərişli bir ziyafət donu seçdim. Əynimə də gözəl yaraşdı. Paltar çox zərif idi. Satıcı xanımın bir cümləsi məndə qəribə hislər yaratdı. Dedi ki- "Sizdən bir gün əvvəl və bir gün sonra, paltarın sifarişçisi var. Xahiş edirəm, vaxtında geri gətirin paltarı". Mən başa düşdüm ki, həmin gün paltarı geyinəcəklər. Behini verib, evə qayıtdım. Sabahısı günü, dükandan paltarı götürüb, toya geyindim. Həmin gün, toydan sonra paltarı qatlayıb paketləyərkən, içimdə doğulan hisləri qələmə almışdım. Sadəcə, içimdə qərib bir təəssüf, ağrı vardı. O paltardan ayrılmaq istəmirdim əslində. Həm də ona ürəyim ağrımışdı. Gözəl idi, bahalı idi. Amma həm də, yıpranmışdı sanki. Üzgün idi, yorğun idi.

-Xahiş etsəm, şeiri söyləyərsinizmi?
(gülümsəyir və o gözəl səsi, aydın diksiyası ilə şeiri söyləməyə başlayır)

-Bir mankendən, yüz bədənə köçən gözəl,
Beş saatlıq xatirəni müvəqqəti biçən gözəl,
Daş-qaşından,zər-zibandan məmnunmusan?!
Hər vücuddan üzərinə bir yad qoxu çəkən gözəl,
Hər gecədən gözlərinə bir yad yuxu çökən gözəl...
Taleyinin qismətinə düşən paydan məmnunmusan?!
Bənövşətək boynubükük, məlul,müşgül,
Kirayəlik qadınlartək müştəri gözləyən gözəl,
Kirayəlik sevincləri paylamaqdan məmnunmusan?!
Hər xanımın qarşısında min naz ilə,
"Məni apar,məni apar!"haylamaqdan məmnunmusan?!....
Dilin olsa,nə deyərdin?...
Deyərdinmi:"Yorulmuşam bu şöhrətdən,
Bircə sahibim olsaydı,ömrümü ona satardım...
Hər gecə doğma yuvamda,öz dolabımda yatardım...
Eyş-işrətlər məclisində ucalmaqdan iyrənmişəm!
Bir dükanın vitrinində qocalmaqdan iyrənmişəm!"...
Belə desən,düşünərdim:"Elə bilmə,zavallısan,
Ruhun qumaşdandır amma,çox puç ruhdan heyrətlisən...
Bir də,nə olsun paltarsan, ən azından,
Kirayəlik qadınlardan milyon kərə qeyrətlisən!"...

(araya bir neçə saniyəlik sükut çökür)

-Cansız bir paltara qarşı bu qədər həssas yanaşan insan, məncə insanlara qarşı da belə olmalıdır.
-Mübaliğəsiz şəkildə ifadə edə bilərəm ki, çox həssasam. Lakin bu hər insana qarşı olmur məndə. Neqativ enerji aldığım insanlardan uzaq dururam.

-Ən doğma şeiriniz hansıdır?
-Ən doğma şeirim, qələmimə ithaf etdiyim şeirdir.

- Övladlarınızda bu istedadi, bu qığılcımı görürsünüzmü ?
-Qızım kiçik yaşlarında , özünəməxsus gözəl, kiçik nağıllar məqalələr yazardı. Amma indi bu həvəsi yoxdur. Görürəm ki, başı öz dərslərinə, ixtisasina qarışdığına görə, daha yazmır. Amma mütaliəsiz deyil. Mütəmadi olaraq, istər ədəbi-bədii, istər tarixi, detektiv əsərlər oxuyur. Sonra bir yerdə müzakirə edirik. Bəzən bilmədiklərimi ondan öyrənmiş oluram.

-Qızınız məktəblidir?
-Neft Energetika kollecinin 2-ci kurs tələbəsidir. Hədəfimiz Ali məktəbdir. Görək də, ya qismət. Oğlum isə 8-ci sinfə keçdi. Boksla məşqul olur. Uşaqlarımın mənlə müqayisədə, daha çox realist olmaları məni çox sevindirir. Çox vaxt onlar məni aşırı duyqusallığa, təsadüfi insanlara inandığıma görə məzəmmət edirlər. Onlar mənim bir çox hallarda təşvişlə yanaşdığım hadisələri çox sakit, soyuqqanlılıqla qarşılayırlar. Hər bir halda, Allah bütün balaları qorusun !

-Övladlarınıza ithaf etdiyiniz şeirlər varmı?
-Əlbəttə, var.

-Adətən hansı zamanlarda yazmaq gəlir içinizdən?
-Yazılmaq zamanı gələrsə, təbii ki şeir doğulmazdan öncə müəyyən təsir altına düşməlisən, müəyyən hislər yaşamalisan, şeiri yazdıracaq hislər olmalıdır. Hal olmalıdır. (gülümsəyir) Burda zaman fərq etməz. Günorta yol getdiyin zaman ola bilər, gecə də ola bilər. Əsas şeiri yazdıracaq hislər yaşansın.

-Heç olubmu içinizdəki təlatümü şeirinizlə çıxarmısınız? Yoxsa onu şeirinizdə əks etdirməklə kifayətlənmisiniz?
-Bəzi şeirlər var ki, hər dəfə onu oxuduqca illər kecsə belə, həmin o təlatümü yaşayırsan.

-Növbəti kitabınızın adını nə qoyardınız?
-Növbəti kitab uşaqlara həsr olunacaq. Adını hələ düşünməmişəm.

-Özünüz haqda əminliklə deyə biləcəyiniz cümlələr varmı?
-Əminliklə onu deyə bilirəm ki, kimsəyə pislik etməmişəm. Olubsa da, bu bilərəkdən əsla ola bilməz. Hamımız haqqa qovuşacağıq. Bir gün hesab günü gələcək və əminliklə deyə bilirəm ki, heç kimə pislik etməmişəm, etmirəm və etmərəm inşaAllah. Buna qəlbim, hislərim rəvac vermir. Əminliklə deyə bilirəm ki, dostluğu, yoldaşlığı bacaran biriyəm. Mənlə dost olmaq çox asandır. Eyni zamanda, mənim həmin o münasibət bağını qırmağım da çox asandır. Düşmən olmuram. Sadəcə ürəyimdən ürəyinə ötürdüyüm istilik soyuyur, bağlar qırılır.

-Bəs bu istiliyi nə soyudur, bu bağları nə qırır?
-Mən maksimalistəm.Tanıyanlar bilir bunu. Gərək özüm qədər səmimi olsun. Özüm qədər doğmalıq ötürən, güvənli olsun. Özüm qədər diqqətcil və qayğıkeş, fədakar olsun. Əks halda bu dostluğa deyil, sadəcə salam-sabaha xatir, ayda-sayanda qurulan kiçik dialoqlar çərçivəsində ünsiyyət ortaqlığına çevrilir.

-Mənfi xüsusiyyətləriniz varmı?
-Çox. (gülür) Çox səbrsiz, əsəbi, hövsələsiz, tələskən, tez küsənəm. Hələ mənə bağçaya getdiyim vaxlarda, qrup yoldaşlarım "Küsəyən quş" deyirdilər. (gülür)
Anamın qrupunda idim axı.Ona görə, hamı əzizləyirdi məni. Hətta uşaqlar da. Yaşa dolduqca isə ən çox məni utandıran halım əsəbləşən kimi, məkanından asılı olmayaraq ağlamağım. Yəni emosiyalarımı heç cür idarə edə bilmirəm. Çox tez ruhdan düşürəm. Dəfələrlə çox böyük gəlirləri ola biləcək məqamları, işləri, layihələri yarımçıq qoymuşam. Sadəcə ruhdan düşdüyüm üçün. Bir də tez yoruluram. Bəzən öz səsimdən, öz sözümdən belə yoruluram.
-Bəs müsbət xüsusiyyətləriniz hansılardır ?
-(susur, gülümsəyir) Bilmirəm. Bilənlər və Allah bilir bunu.

-Allah demişkən, dini şeirləriniz çoxdur. Allahın adlarına aid şeiriniz də vardı. Xatırlayıram.
-Allahın isimlərinə xitabən yazdığım şeiri, hardasa 8 il əvvəl yazmışam.
El-Səlam, al salamım, nitqə gümanım tükənir,
Er-Rəhim, rəhmini qıl, dinim-imanım tükənir.

Son misrası belə idi ki-
En -Nur, ehsan qıl, şövqünə möhtacdı könül,
Tələsir, ləngiyirəm, bir də zamanım tükənir.

Bütün xitablar içində, ərklə gecə demədən,gündüz demədən üz tutduğumuz ünvandır. Olduğumuz kimi bizi qəbul edən tək varlıqdır. Ona həmd olsun. Lakin mən, Allaha ithafən yazdığım şeirləri ilk kitabımda çapa vermədim. Dünyavi hislərə qarışdırmaq istəmədim ona olan məktublarımı. Bəlkə nə zamansa, ancaq irfani əsərlər toplusunu bir kitabda dərc edərəm. Bura nəsr də əlavə oluna bilər. O qədər çətin anlarımda, Allah öz möcüzəsini göndərib ki. Bəzilərini nəzm deyil, nəsrlə yazıb saxlamışam.

-Sandıq ədəbiyyatı, eləmi?
- (gülümsəyir) Həvəsə gəlim, çıxaracam sandıqdan. Orada çoxlu işlərim, yazılarım var.

- Axı zaman daralır. Özünüz şeirdə dediyiniz kimi.
- Haqlısınız. Lakin məişət imkan vermir yaradıcılığa. Gəlin bu mövzunu qapayaq, lütfən. (gülümsəyir )

- Əruz vəznində də yazırsınız. Çətin deyil ki ?
- Bu janr bizə klassiklərimizdən ötürülən mirasdır ki, bizlər də onu qorumalı, yaşatmalıyıq. Əruzda yazmağın digər bir maraqlı tərəfi də var ki, şeiriyyata müəmma, ikimənalılıq qoya bilirsən. Məsələn, bir qəzəlim var. Məqtə beytinə qədər, oxucuya elə gəlir ki, müraciət sevgiliyə, əks cinsədir. Lakin, məqtə beytində açılır ki, müraciət İlahi varlığadır.

-Həmin qəzəli söyləyə bilərsinizmi bizə?

-Tam xatırlamıram.Telefondan oxuya bilərəm.

Sürgünəm, gör bir çəkib,bəxtim məni hardan-hara,
Kor bələdçi yol verən, məğmun düşər dardan -dara.

Ey könül mehrabımın bənnası, bilməm hardasan?
Gəl yetiş, sınmış, çiliklənmiş bu qəlbim, min para!

Zülmətə atmaz sevən sevdalısın, rəhm eyləyər,
Sən küsəndən gündüzüm məhbus qalıb axşamlara.

Ruhumu qəhr eyləyən bəd kölgələr üstümdədir,
Mən yetişməm, gücsüzəm, gəl tövbəkarı sən ara!

Ruzigarım olmadı şirin uşaqlıqdan mənim,
Ehtiyacımdır, vəfadarım gəlib boynum sara...

Fatimə gözlər səni, ey sevdiyim, ünvan həmən,
Qüsl alım mey* badəsindən, zövq alıb, xəlvətsəra*...
Xəlvətsəra-gizli yer, namaz otağıdır.
Təsəvvüfdə mey-ilahi eşqdir. Allaha olan məhəbbətdir. Canan-Allahdır. Belə gizli kodlarla şeir yazmaq, həm də çox maraqlıdır. (gülümsəyir )

-Bildiyim qədəri ilə, müəllimlər institutunu bitirmisiniz. İxtisasınız üzrə orta məktəbdə işləyirsinizmi?
-Bəli,Nəsirəddin Tusi adına Pedaqoji Universitetin filologiya fakültəsini bitirmişəm. İxtisasım üzrə, orta məktəbdə işləməmişəm. Yəni illər öncə işləməyə ailəm izn vermədi. Həyatımın son beş ilində isə bir neçə dövlət və özəl müəssisələrdə çalışmışam.

-Sirr deyilsə bilmək olarmı harada işləyibsiz?
-Sirr deyil, əlbəttə. İlk işim 3 saylı uşaq evində tərbiyəçi- müəllim, eyni zamanda qəzetdə müxbir, digər qəzetdə şöbə müdiri, "İs-Alyans", "Hello kids" adlı kurslarda repetitor kimi, "Best fm", "Milli fm" adlı radiolarda aparıcılıq kimi fəaliyyətim olub.

-Hal-hazırki işiniz?
-Bu yaxınlarda, pandemiya ilə əlaqədar, kurslar da bağlandığına görə, artıq bir neçə aydır ki, bünövrəsini qoyduğumuz bir layihə üzərində çalışırıq. Dostumla birlikdə böyük həvəslə başladığımız fəaliyyətimiz haqda açıqlama verəcəm. Amma h ələlik, qalsın. Birdən nə isə tərslik olar, pərt olaram. (gülümsəyir)

-Bayaq, möcüzə dediniz. Həyatınızın möcüzələrindən danışa bilərsinizmi?
-Hər bir insan həyatı bir kitabdır. Romandır. Filmdir. Mənim həyatımı film kimi çəksək, bu günə qədər yazılan əsərlərin,çəkilən filmlərin heç birində görmədiyimiz kadrları görərik. Vəhşətin ən tükürpədicisini , möcüzənin ən inanılmazlarını görərik. Həyatımda çox möcüzələr olub. Hamısını danışsam, ucundan tutub, ucuzluğa getmiş olaram (gülümsəyir və gözləri yaşarır)
Amma bir möcüzəm var, adı Ülkərdir.O qadın, bircə kəlmə- "Səsin xoşuma gəlmir quzum, niyə üzgünsən?" dedi və ömrümə möcüzə kimi gəldi. Dünyanın ta, o başından. Dost oldu, ana oldu, bacı oldu. Qardaş oldu, sirdaş oldu. Allah belə istədi yəqin ki. Allah belə məsləhət verdi ki, belə oldu.

-Ali savadlı,gözəl bir xanım nə üçün şeirində-" Palçıqlı küçələrdəyəm" yazsın?
-Bu şeir əslində......(susur, sonra davam edir) Mən uzun illər eyni yuxunu görürdüm .(gözləri dolur və gülümsəyir)

-Yuxuda palçıq görmək şan-şöhrət,zənginlik əlamətidir.
-Nə gözəl! (gülümsəyir ) O zaman, yuxum çin çıxarsa, sizin payınızı mütləq tutacam.

-Hansı şeirinizə mahnı bəstələnməsini istərdiniz?
-Düzü, mənim özümün bir bəstəm və şeirimə bəstələnən iki mahnı oxunub, gənc müğənnilər tərəfindən. Sadəcə, keyfiyyət tam ürəyimcə olmadığına görə, pafosla təqdimata gərək görmürəm. Amma bir şeirimə-anama ithafən yazdığım şeirimə, bəstəkar Arif Səlimov çox gözəl mahnı bəstələyib. İnşəAllah, aranjiman olunacaq. Təbii ki, bir çox şeirimə mahnı bəstələnməsini arzu edirəm . Öz bəstələrimin də oxunmasını istərəm. Düzdür, musiqi savadım yoxdur mənim. O vaxt filarmoniyada dinləmiş və bəyənmişdilər bəstələrimi. Pianoda ifa etmiş və özüm oxumuşdum. Tapşırmışdılar ki, mütləq dərslərə gəlim, notları öyrənim. Amma anam izn vermədi. Nə isə. (gülümsəyir ) Bu çox uzun bir nağıldır.

-Kəskin tənqidi yazılarınız var. Bəzilərini satira ilə oxucuya çatdırmısınız.
-Bəli, bəzilərini satira, məsxərələrlə yazmışam. Amma yazmaq istədiyim daha çox mövzular var.Yazmadığım, yaza bilmədiyim çox şeylər var...

-Sizə bol-bol yaradıcılıq uğurları arzu edirik. Uğurların zirvəsini fəth edəcəyinizə, şübhəsiz ki, inanırıq!
-Çox sağ olun Könül xanım, Allah sizləri qorusun!

Müsahibəni qələmə aldı:
Könül ZÖHRAB

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...