AĞALAR İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Allah sizə rəhmət eləsin, Əziz Nesin.

Bir məmləkəti rüşvət başına götürmüşdü. Həmin məmura o məmləkətdə əcaib-qəraib məxluq kimi baxırdılar. Ondan vəzifəcə böyük məmurlar rüşvət almayan həmin məmurdan tez-tez dəlixanadan arayış gətirməyi tələb edirdilər. Arayışda isə “sağlamdır” sözü yazılsaydı, ondan yuxarıda əyləşən məmurlar, həmin kiçik rütbəli məmurun başına elə “torba” tikirdilər ki, heç doğma anası, nəinki anası, lap nözənbillah Allahın özü də gəlsəydi, “torbanı” onun başından çıxara bilməzdi ki, bilməzdi...

Əlqərəz. Bu məmləkətdə rüşvət o mərtəbəyə qalxmışdı ki, axşam yatanda, hətta arvad da ərindən rüşvət almasaydı ona “salam” verməzdi. Rüşvətin dərəcəsi o yerə gəlib çatmışdı ki, küçələrdəki, meydançalardakı, bazarlardakı ədəbxanalar da pullu işləyirdi. Qarnını çörək əvəzinə şirin su ilə dolduran millət, burada da növbəyə dayanmalı idi. Bu növbədə dayananların da “vəziyyəti ağır olanı” növbədə qabağa keçmək üçün rüşvət verməliydi...

Nə başınızı ağrıdım, rüşvət bu məmləkətin leksikonunda dönüb olmuşdu bir nömrəli söz. Ana, ata, Vətən, torpaq, sevgi, məhəbbət sözləri də bu sözdən sonra gəlirdi. Bəh, bəh... Aləmdi ey, vallah... İşin ən maraqlısı və müəmmalısı bu idi ki, hökmdar tez-tez xalqa müraciət eləyib, deyirdi:

- Mən eşitmişəm, eşitmişəm ki, məmurlar rüşvət alır, xalqı incidirlər. Zorakılıq eləyirlər. Sizə müraciət eləyirəm, mənim sevimli, dözümlü həmvətənlərim, qəhrəman millətim, müdrik xalqım. Rüşvət alan məmurun adını mənə açıqlayın. Və mənə inanın ki, o məmur ən ağır cəzaya layiq görüləcək. Tutulacaq! Asılacaq! Güllələnəcək! Əzab-əziyyətlə öldürüləcək! Mənim sözüm qətidi! Bilirsiniz ki, dediyimi eləyənəm...

Millət isə hökmdarın bu sözlərini, müraciətini eşidəndən sonra arada gəzən dedi-qodulara, söz-söhbətlərə çaş-baş qalmışdı... Çünki, işin ən maraqlısı o idi ki, rüşvət alanlarla mübarizə dəstəsinə rəhbərliyi hökmdar, məmləkətin ən çox rüşvət alan böyük məmuruna tapşırmışdı...

Məmləkətdəki məmurlardan biri isə daha əzazil, daha qan içən idi. Çünki əgər başqaları bir iş üçün əlli dollar rüşvət alırdısa, o, həmin iş üçün yüz, yüz əlli dollar alırdı. Özü də çoxu əgər rüşvəti gizli alırdılarsa, o, açıq-açığına alırdı. Onun siyahısında, hər vəzifənin də öz qiyməti vardı. Bə nə. Elə işin ləzzəti, marağı da bunda idi də. Axı, bu məmləkətdə belə məmurlarçün şorla yağın qiyməti bir olsaydı bunun marağı, ləzzəti də olmazdı. Bir də ən təəccüblüsü o idi ki, bu məmur özü, açıq-açığına heç kimdən çəkinmədən deyirdi:

- Əcəb eləyirəm rüşvət alıram. Mən heç kimdən qorxmuram. Lap gedin hökmdarın özünə deyin. Televiziya kanallarına, qəzetlərə, lap Birləşmiş Millətlər Təşkilatına şikayət eləyin! Eləyin də!..

Əlqərəz. Günlərin bir günü məmurlar bir yerə yığışıb, artıq, həddini aşmış, cızığından çıxmış, heç kimi saymayan, köhnə bazara təzə nirx qoyan bu yekəbaş məmurun başına yaxşı bir “torba” tikmək, tutarlı dərs vermək istədilər. “Torbanı” götürüb getdilər şəhər prokurorunun yanına. Prokuror da şəhərə təzə təyin olunmuşdu. Hələ kimin kim olduğunu bilmirdi. Vəziyyətlə onu hali elədilər. Sən demə elə prokuror da bu məmurların ağlında imiş və işini-gücünü atır bir yana, elə fikirləşir ki, təzə “yem yeri” tapıb. Bu şəhərə təyin olunan vaxtı verdiyi rüşvətin heç olmasa bir hissəsini bu yolla çıxara bilər. Tez işçilərindən birinə, daha doğrusu başqa şəhərdən özü ilə birlikdə gətirdiyi köməkçisinə bir ərizə yazdırıb, nömrəli dollar verib, göndərir həmin məmurun yanına. Məmur gözünə döndüyüm də gələn adamı ədəb-ərkanla qəbul eləyir. Pulunu alıb, ərizəsinin üstünə dərkənar qoyub, onu böyük bir vəzifəyə işə götürür. Və sonra da bu “hərif”i təm-təraqla, bəh-bəhlə qapıdan yola salır və deyir:

- Sabahdan işinə başlaya bilərsən. Xoşum gəldi səndən. Başa düşən kişisən.

Hərifin, məmurun otağından çıxması ilə polislərin qarğa-quzğun kimi onun kabinetinə soxulması kiçik bir macal çəkdi.

Polislərin vəzifəcə böyüyü, cızığından çıxan, heç kimi saymayan yekəbaş məmurun üstünə elə qışqırdı ki, elə bil “yumşaq ətini” kəsirlər. Dedi:

- Ayə, şüdə oğlu şüdə, məgər sən eşitməmisən ki, hökmdar rüşvət alanlar həqqında nə deyir? Xalqa necə müraciətlər eləyir? Məgər sən bilmirsən ki, hökmdar rüşvət alanlar haqqında hansı qanunu çıxarıb? Sən də ona yaxın olan adamlardan birisən. Nə cürət eləyib, əlahəzrətə, onun qanunlarına xəyanət eləyirsən?!.. Səninləyəm, ay şüdə oğlü şüdə! Elə bu dəqiqə sənə əlim-ayağım dəyməmiş rüşvət aldığın pulları, dolları qoy stolun üstünə! Səninlə deyiləm şüdə oğlü şüdə?!

Məmur maddım-maddım polislərin üzünə və sonra onların vəzifəcə böyüklərinə, bayaqdan onun otağında böyürə-böyürə danışan, yekəpərə təəccüblə baxıb dedi:

- Nə pul? Nə dollar? Sən nə danışırsan?

- Necə yəni nə pul? Bax, bu kişidən aldığın rüşvəti, dolları deyirəm, - deyə polislərin böyüyü yenə də yanında dayanan prokurorun arıq, sısqa köməkçisini göstərdi.

- Hansı kişidən, - deyə məmur key kimi onlara baxdı.

- Bax bu kişidən, - deyə polislərin böyüyü hirslə yenə də yanında dayanan sısqa kişini göstərdi.

- Əzizim. Canım-gözüm. Qardaşım. Eloğlum. Mən ondan rüşvət almamışam, - deyə məmur təəccüblə, təbəssümlə gah polislərin böyüyünə, gah da həmin sısqa kişiyə baxıb əsəbi dedi: - Ay kişi, mən səndən rüşvət almışam? Siz bu şantaja, qarayaxmaya görə elə əlahəzrətimiz, hamımızm atası, bu millətin dahi oğlu, böyük sərkərdəsi, xilaskarı olan hökmdarın özünə cavab verməli olacaqsız. Siz onun qohumu olan, onun ideyalarını təbliğ edən, onun hakimiyyətə gəlməsi üçün əlindən gələni eləyən, dövlətçiliyə cani dildən xidmət eləyən mənə şər atırsız?!. Ay kişi, sən utanmırsan boyundan, buxunundan, yaşından yalan danışırsan? Özü də belə ağ yalan deyirsən? Lalsan? Danış də!.. Mən səndən rüşvət almışam?

- Bəli , alıbsan, - deyə sısqa, uzun burun kişi eynəyinin üstündən tərs-tərs məmura baxdı və əsəbindən daz başını qaşıdı.

- Nə vaxtı?

- Necə yəni nə vaxtı? Elə indicə. On beş dəqiqə bundan qabaq. Ərizəmin üstünü yazmamışdan əvvəl. Pulu alıb qoydun stolun üstünə.

- Hanı? Stolun üstündə pul var? - deyə, məmur sısqa kişinin üstünə bozardı.

- Ayə, bura bax... Şüdə oğlü, şüdə!.. Yalandan bozarıb, qışqırıb, yalançı artistlik eləmə. Sənin kimilərini biz çox görmüşük! Pulları qoy stolun üstünə, - deyə, polislərin böyüyü əmrlə çımxırdı.

Gözünə döndüyüm məmur da ondan bərk çımxırdı və dedi:

- Çımxırıb eləmə! Səndən qorxan zad yoxdur. Üstümə də qışqırma! Biz də sənin kimisini çox görmüşük. Mən bu dəqiqə zəng vurub, sizin məni şantaj eləməyinizi hökmdara deyəcəm. Sonra durun dalında görüm necə durursunuz. Onu da bilin ki, bu sısqa kişi məni şantaj eləyir. Sən də hələ onu müdafıə eləyirsən? Mənim üstümə qışqırırsan. Polis kimi də sənin tərəfbazlıq eləməyə ixtiyarın yoxdur. Qanunlardan bizim də xəbərimiz var... Mən şəxsən öz payıma deyirəm. Əgər mən, ondan rüşvət almışamsa lap köpək oğluyam. İndi inandın?

- Almısan, - deyə sısqa kişi də məmurun üstünə xoruzlandı.

- Almamışam! Əgər almışamsa, bu mən, bu otaq, bu da siz. Axtarın.

- Biz sənin üçün itik, küçüyük, sandıq tulasıyıq nəyik ki, qıraq-bucağı axtaraq? Ayə şüdə oğlu, şüdə, - deyə polislərin böyüyü bir az da əsəbləşdi və bərkdən çığırdı.

Bunu görən məmur da ondan bərk çığırdı və dedi:

- Səsin deyəsən özünə xoş gəlir. Çığırıb eləmə! Elə çığırararam, lap, lap... qulaqların batar. Mən heç kimdən pul almamışam. Mən heç vaxt möhtərəm hökmdarımızın əmrinin əksinə çıxmaram. Ömrüm boyu ona sədaqətlə qulluq eləmişəm. Onu da bil ki, sən bu hərəkətinə görə kişinin özünə cavab verməli olacaqsan. Yenə də deyirəm bu mən, bu otaq, bu da siz. Axtarın.

... Polislərin böyüyü çox dedi, məmur az eşitdi. Məmur çox dedi, polislərin böyüyü heç onu eşitmək belə istəmədi. Və axırda da polislərin böyüyü, məmura qandırdı ki, onu bura hökmdarın sağ əli göndərib. Buna görə də onun heç kimdən qorxusu yoxdur. Məmur da hökmdarın sağ əlindən qorxmadığını və onu da hökmdarın sol əlinin müdafıə elədiyini, bu vəzifəyə qoyduğunu və sol əlin də ürəyə daha yaxın olduğunu polislərin böyüyünə sübut edəndə, polislərin böyüyü çar-naçar qalıb, əmr elədi, polislər otağı axtarmağa başladılar... Otağın altını üstünə, üstünü altına çevirdibr. Ələk-vələk elədilər. Döşəmənin şübhəli görünən yerlərindən parketləri sökdülər. Stolların taxtalarını, stulların döşəkçələrini çıxartdılar, amma heç nə tapa bilmədilər ki, bilmədilər. Dəfələrlə şübhəli nəzərlə açıq pəncərələrdən həyətə, ordan keçən adamlara baxdılar... Hətta, bir polis gedib həyəti də çox diqqətlə, cani-dildən axtardı. Elə bil sısqa kişinin verdiyi dollar doğrudan da qeybə çəkilmişdi. Yağlı əppək olub yoxa çıxmışdı. Polislər məcbur olub, güclə, çığırda-çığırda məmurun paltarını soyundurmağa başladılar. Şişman bədənli, yekə qarınlı məmur, bir təhər polislərin əlindən çıxıb, nəfəsi kəsilə-kəsilə, qışqıra-qışqıra dedi:

- Mənə toxunmaym. Qıdığım gəlir. Lazımdısa özüm soyunum. Mənə toxunsanız özümü pəncərədən yerə atacam, -deyə o, cəld açıq pəncərəyə yaxınlaşdı.

Polislərin böyüyü vəziyyəti belə görəndə, tez qorxuya düşdü və əmr elədi:

- Buraxın onu!

Polislər məmuru buraxdılar. Və özləri tez pəncərəyə yaxınlaşıb, orda canlı hasar yaratdılar. Məmur paltarını soyunub onlara verdi. Anadan doğulduğu kimi lüt-üryan, saplağı üstündə olan armuda oxşar bədəni ilə, şar kimi şişirdilmiş qarnını qabağa verərək, otağın tən ortasında dayanıb, əlləri ilə bəzi yerlərini örtərək, maraqla onun paltarını, ciblərini axtaran polislərə baxdı.

Ciblərindən heç nə tapa bilməyən polislər, paltarı onun üstünə atdılar. Polislərin böyüyü əsəbindən zəncir çeynəyib, hirslə prokurorun köməkçisi sısqa kişiyə baxaraq, polislərə əmr elədi və dedi:

- Bunu da soyundurun!

Polislər çığırda-çığırda sısqa kişini də soyundurdular. Onun da ciblərini, paltarını ələk-vələk elədilər. Heç nə tapa bilmədilər ki, bilmədilər.

İndi hamı əli ətəyindən uzun, pəjmürdə vəziyyətdə durub məmura baxırdı. Daha bilmirdilər ki, neyləsinlər. Axırda polislərin böyüyü məcbur olub, başladı məmura yalvarmağa və dedi:

- Ay kişi, Allaha bax, Tanrıya bax bizim pulumuzu ver, çıxıb cəhənnəm olub gedək. Başa düş. O pullar nömrəlidi. Qeydiyyatdan keçib. Əgər o dolları mən bu gün geri qaytarmasam, onda mənim özümün paqonlarımı çıxarıb...

O, bu sözlədən sonra nə vəzifəsinə, nə də boy buxununa yaraşmayan bır biədəb söyüş söydü. Məmur da ondan qorxmadığını sübut etməkçün, daha da biədəb söyüş söydü. Sonra polislərin böyüyü çox dedi, məmur az eşitdi. Məmur da özünü müdafiə üçün bəzi şeylər dedi. Ancaq polislərin böyüyü də onu heç eşitmək belə istəmədi. Axırda məmur bir az yumşalıb, dedi:

- Əgər pulları sizə versəm, mənə heç nə eləməyəcəksiz?

- Xeyir, - deyə polislərin böyüyü sevincək dilləndi.

- And için.

- And içirəm hökmdarımızm ağıllı, qızıl başına.

- Yox. Bu and deyil. İndi hamı özünü təmizə çıxarmaqçün belə deyir. Səhərdən axşama yalandan onun canına and içirlər, ona məddahlıq edirlər ki, təki öz işləri xod getsin.

- Onda and içirəm paqonlarıma.

- Yox. Bu da inandırıcı deyil. Çünki siz də rüşvət verib, o paqonları alıbsız. Həm də siz polislərin bu gün o qədər iyrənc əməlləriniz var ki, heç kim daha nə sizin özünüzə, nə də paqonlarınıza inanmır... Camaat siz polisləri artıq reket, adam öldürən, işverən kimi tanıyır...

- And içirəm polis vicdanıma.

- Bu isə heç and deyil. Axı, olmayan şeyə necə and içmək olar?..

- Bəs onda nəyə and içim ki, sən də inanasan ay şüdə oğlu, şüdə,- deyə polislərin böyüyü əsəbindən zarıdı.

- Vallah səndə təqsir yoxdur. Bizim məmləkətdə and içiləsi müdəddəs heç nə qalmayıb. Hətta müqəddəs bildiyimiz torpaqlarımız idi onları da, rüşvət alıb satdıq,- deyə məmur polislərə və onların böyüyünə baxdı.

- Görürsənmi, - deyə polislərin böyüyü də yazıq-yazıq məmura baxdı. Yaxşı, bəs mən bədbəxt neynəyim?

- Gəl belə eləyək. Siz bir kağız yazın ki, pulları alandan sonra rüşvətxorluğa görə məni həbs eləməyəcəksiz. Hamınız da həmin yazının altından imza atın. Bax, onda mən həmin dolları sizə qaytararam.

- Pullar səndədi? Hara qoyubsan? Ax sənin..., - deyə polislərin böyüyü sevincək bağırdı və yenə də bir biədəb söyüş söydü.

- Xeyir. Məndə deyil. Əgər kağız yazıb, mənə verməsəniz, heç nə deməyəcəyəm və dolları da sizə verməyəcəm. Bir də o söyüş özünsən...

- Ay məlun oğlu, məlun! Əgər o pullar bu gün geri qaytarılmasa, onda bilirsən bizim taleyimiz necə olacaq?..

- Bilirəm.

- Bəs onda niyə pulları vermirsən? - deyə polislərin böyüyü bağıra-bağıra məmura yaxınlaşıb, vurmaq istədi.

- Əgər məni vursan, pulların yerini deməyəcəm. Tapın görüm necə tapırsız, - deyə məmur da qart, lan xoruz kimi başını dik yuxarı qaldırdı. Bu hərəkəti ilə polislərin rəisinə meydan oxudu.

Bu sözləri eşidən polis rəisinin əlləri boşaldı. Yanına düşdü. Çar-naçar məcbur olub, məmurun dediyi kimi kağız yazdı və həmin kağıza hamısı imza atıb, ona verdi. Kağızı əlinə alan məmur, onu cəld ovcunun içində əzib, ağzına qoyub uddu. Tez stolun üstündə su dolu dolçanı götürüb, başına çəkdi və acgözlüklə suyu axıra qədər içdi. Bunu görən polislərin böyüyü dəlicəsinə bağırdı və dedi:

- Tutun! Qoymayın bu məlun oğlu məlun, kağızı udsun! Bax ey... Heyvan oğlu, heyvan kağızı gör necə uddu ey... Elə bil inəydi, camışdı, eşşəydi, qoyundu kağız yeyir.

Ona yaxınlaşan polisləri gördükdə, artıq kağızı udan məmur qışqırdı:

- Mənə toxunmayın! Qıdığım gəlir. Arxayın olun. Pulların harda olduğunu sizə deyəcəm. Pullar bax ordadır, - deyə məmur başının üstündən, divardan asılmış hökmdarın nəhəng portretini göstərdi. Bax o portretin arxasında. Hə, hə, hökmdarın portretinin arxasında. Kağızı da ona görə uddum ki, sonra siz məndən ala bilməyəsiz... Mənim də mədəm çox yaxşı işləyir. Sabah həmin kağız artıq bayıra çıxacaq... Mən də həmin kağızı yuyub, təmizləyib, əlimdə saxlayacam ki, siz daha mənim barəmdə heç kimə şikayət edə bilməyəsiz.

Onun bu sözlərindən, hamı çaş-baş qaldı. Təəccüblə bir-birinə baxdılar. Polislərin böyüyü gah sevinclə gah da əsəbi bağırdı. Əcaib-qəraib səslər çıxarıb, polislərə dedi:

- Baxın görün doğrudanda da pullar ordadı?

Onun bu sözlərindən sonra polislər, əvvəlcə hökmdarın portretinin qarşısında baş əyib, təzim elədilər. Sonra da çox etiramla, ədəb-ərkanla, divara möhkəm və bir az qabağa əyilmiş vəziyyətdə bərkidilən portreti ehtiyatla qopartdılar. Bu vaxt çoxlu dollar və milli pullar döşəmənin üstünə səpələndi. Polislərin böyüyü tez əsəbi halda onları döşəmənin üstündən yığdırıb, məmurun üstünə qışqırdı.

- Bəs deyirdin sən pul almayıbsan, ay sənin - deyə o, biədəb söyüş söydü.

- Özünsən... Bəli. Mən rüşvət almamışam və almıram, - deyə məmur sakit cavab verdi. Mən ümumiyyətlə rüşvət almıram. Bax bu pulların hamısı oranındır. Yuxarının. Özü də lap yuxarının... Mən bu vəzifəyə gələndə, daha doğrusu məni onlar bu vəzifəyə qoyanda and içmişəm ki, əmanətə xəyanət eləməyəcəyəm. Hökmdara sadiq qulluq edəcəm. Ona görə də aldığım pulların hamısını ora atıram. Portretin dalına. Axşam da lap yuxarıdan nümayəndə gəlir. O pulları oradan götürür, həmin adamla birlikdə hamısını çatdırıram lazım olan yerinə. Onlar da o puldan mənə qəpik-quruş verirlər... Zəhmət haqqı kimi… Min bərəkət. Bu da olmasa neynəyərəm?.. Yoxsa mən də başqaları kimi işsiz qalıb, küçədə it döyərəm. Deməli, mən rüşvət yox, gördüyüm işin zəhmət haqqını alıram. Özünüz fikirləşin. Əgər belə olmasaydı mən bu vəzifədə, özü də belə böyük vəzifədə uzun müddət işləyə bilərdimmi? Bu sizə zarafat və asan gəlməsin. Bu vaxta qədər beş hökmdar dəyişmişəm. Belə fitri istedad sahibi olduğuma görədir ki, onların heç biri məni işdən çıxarmayıb. Özünüz deyin. Bu məmləkətdə hansı məmurda belə istedad və ağıl var? Heç kimdə. Hətta mən bu hökmdarlara mahnılar yazıb, onları özüm də oxumuşam... Tez-tez onların şəninə məqalələr, esselər də yazıram. Əgər mən belə eləməsəm, elə həmin gün mitilimi atarlar bayıra. Sonra kimdən kimə şikayət eləməliyəm?..

Məmurun bu sözlərindən sonra polislərin böyüyü və polislər də bir-birinin üzünə maddım-maddım baxmağa başladılar. Və hamı da özü- özlüyündə məmurun bu sözlərinə müəmma ilə yanaşır və ürəyində isə öz-özünə deyirdilər:

- Yaxşı. İndi bu məmləkətdə kimə inanasan? Hər gün xalqa müraciət eləyən, rüşvət alanlara divan tutmaq istəyən hökmdara, yoxsa bu məmura?..

Doğrudan da dörəsən bu məmləkətdə rüşvət toxumunu səpən təqsirkar, əsl günahkar kimdi?..

Sumqayıt şəhəri

04 fevral 1993-cü il.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...