AĞALAR İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

- Dədə hey!.. Ay dədə!.. Dədə!.. Nə yatıbsan? Oyan! Oyan, ay kişi. Ay tifağı dağılan kişi... Ay dağdan ağır kişi... Mənə sənsiz yaşamaq çox çətindi. Doyunca üzünü görə bilmədim, ay dədə, Başım qarışdı yeyib-içməyə, qumara, eyş-işrətə... Axı sən də nə yaşadın ki? Heç nə. Cəmi vur-tut səksən il. Nədir ki, bu yaş sənin kimi dağdan ağır, top kimi sağlam kişi üçün? Araq içmirdin, siqaret çəkmirdin. Axı sən hələ bir həştad il də yaşaya bilərdin. Niyə belə tez getdin bu dünyadan, ay dədə? Niyə məni sağır qoydun bu oğraş, zatıqırıq dünyada zatıqırıqların, simiclərin, insan qanına susayan oğraşların içərisində... Adama Allahın bir arağını da almırlar. Səninləyəm ey, ay kişi. Niyə məni eşitmirsən? Deyirəm məni niyə sağır qoyub getdin bu dünyada? Hə, nə olar. Cavab vermə. Sus, görüm nə qədər susacaqsan... Elə bu dünyada da belə idin. Səndən bir sözü maqqaşla da qoparmaq olmurdu. Elə-belə kirimişcə durub baxırdan. Əyyub peyğəmbərin səbri vardı səndə...

Bu sözlərdən sonra Məhəmməd susdu. Ətrafdakı qəbir daşlarına baxdı. Hava qaralmağa başlasa da, içdiyi arağın təsirindən Məhəmmədin göz qapaqları yavaş-yavaş yumulsa da, yaxınlıqdakı qəbir daşlarının üstündəki cavan oğlanların şəklini gördükdə, o, dərindən nəfəs aldı. Elə bil bir az ayılan kimi oldu. Yəqin ki, bu cavanların şəklini görəndə bir az toxdadı. Təsəlli tapdı. Və birdən təsəvvür elədi ki, özü də ölüb. Elə bu qəbir daşlarından biri də onunkudu. Bədəninə üşütmə düşdü. Elə bil içdiyi arağın təsirindən bir az ayıldı. Tez qulağını dartıb, dodağının altında nə isə pıçıldadı və ucadan bu sözləri dedi:

- Min şükür sənə ey göydəki kişi. Burda yatanların çoxu lap cavan-cavan, sütül uşaqlardı. Mən hələ əlli il yaşamışamsa, buna da min şükür...

Sonra cibindəki yarımçıq araq şüşəsini çıxartdı. Şüşəni torpağın üstünə qoyub başqa cibindən bir parça çörək, bir baş soğan və pendir çıxartdı. Qəbrin ayaq tərəfində oturdu. Bir də qəbiristanlığa göz gəzdirdi. Şüşəni götürüb başına çəkdi. Bir neçə qurtum içəndən sonra sifətini turşudub araq butulkasını yerə qoydu. Sonra atasının qəbir daşındakı ağsaqqal şəklinə baxdı. Elə bil dədəsi bu şəkildə bir az da yaşından qoca görünürdü. Və elə bil birdən dədəsi Məhəmmədə göz vurdu. Məhəmməd gözlərini ovuşdurub, bir də şəkilə diqqətlə baxdı. O, bu şəkili gah bir, gah da iki görürdü. Və deyəsən doğrudan da atası ona gah göz vururdu, gah da gülümsünürdü... Məhəmməd o biri qəbir daşlarındakı şəkillərə də baxdı. Deyəsən onlar sakit-sakit ona baxırdılar. Məhəmməd fıkirləşdi ki, onu qara basır. Ona görə də tez danışmağa başladı.

- Əgər yaşasaydın, bu gün sənin yüz yaşın tamam olacaqdı. Əlli yaşlı mən bədbəxt oğlunu da görəcəydin. Axı bu gün mənim də əlli yaşım tamam olur. Həmişə səninlə mənim ad günüm bir yerdə keçiriləndə, evimizdə bayram olardı. Bacılarım başıma tovuz quşu kimi dolanardılar. Amma indi heç birinin məni görməyə belə gozü yoxdu. Evdə biz cəmi iki kişi idik. Yeddi bacıdan sonra mən anadan olmuşdum. Ona görə də məni ərköyün böyütmüşdün. Hər arzumu yerinə yetirirdin. Deyirdim dərs oxumaq istəmirəm, deyirdin oxuma. Deyirdim məktəbə getmək istəmirəm, deyirdin getmə. Deyirdim mənə pul ver xərcləyim, deyirdin götür evdən nə qədər istəyirsən. Sən kolxoz sədri idin. Pulunun da sayını-hesabını bilmirdin. Mən də həmin pulları xərclədim qumara, arağa, çaxıra, arvadlara... İndi nə savadım var, nə bir işin qulpundan yapışa bilirəm, nə də mənə pul verən var. Hər kəs öz kasıbçılığının hayındadı. Tənbəlliyimin, pulsuzduğumun ucbatından arvad da qoşuldu başqasıyla getdi. Sən tikən evi də satıb xərclədim. İndi qalmağa da yerim yoxdur...

Məhəmməd sözünün ardını deyə bilməyib qəhərləndi. Ağlamaq istədi. Bacarmadı. Şüşəni götürüb bir neçə qurtum da içdi. Pendir, soğan və çörəkdən bir tikə ağzına qoydu. Sonra o, havanın qaralmasına tamaşa elədi. Nəyisə xatırladı. Bığaltı gülümsündü.

- Vallah ay dədə, deyəsən axı sən həştad il yaşamaqla əməlli-başlı ömür sürübsən. Belə qarmaqarışıq həyatda, it yiyəsini tanıayan ölkədə bundan sonra mən beş il də yaşaya bilsəm, min şükür...

O, yenə də atasının şəklinə baxdı. Bu dəfə atası başı ilə elə bil “niyə” sualını verdi.

- Demək istəyirsən niyə? Ona görə ki, ay dədə, bu gün səhər bazara getmişdim. Fikirləşirdim ki, əlli yaşımı qeyd eləməkçün bir yüngülvari bazarlıq eləyim. Bir az ondan-bundan borc pul tapmışdım... Bazar nə bazar. Çoxdan idi getmirdim. Nə istəyirsən var. Ancaq hamısı od qiymətinə. Ay kişi, o xiyar ki, var ey. Siz ona yerpənək deyirdiz. Kilosunu qəpik-quruşa satmaq istəyirdin heç kim almırdı. İndi o şoğəribin qiyməti bilirsən neçəyə olub?... Çəki balığı vardı ha. Sən gölməçədən səbətlə tutub evə gətirirdin. Kolxozçular da tutub sənə pay verirdilər. Hər gün polumuzun üstü dolu olurdu çəki balığı ilə. O qədər çox olurdu ki, özümüz də yeyirdik, qonşulara da verirdik, hətta itə, pişiyə də verirdik, yenə də qurtarmırdı. Qalıb xarab olurdu. Anam duzlayıb taxta boçkalara yığırdı. Çox vaxt heç duzdamağa duz da çatdıra bilmirdik. İndi kişisənsə o çəki balıqlarının lap əl boydasını al ucuz qiymətə görüm necə alırsan. Köpək uşaqları dədələrinin də qiymətini qoyurlar o balığın üstünə. Bayram günlərisə təkcə dədələrinin yox, nənələrinin, uşaqlarının da qiymətini qoyurlar o əl boyda çəki balığın üstünə. Bayram günü balıq tapan elə sevinir ki, elə bil müharibədə itkin düşən dədəsini tapıb. Yağlı qoyun əti olardı ha o vaxtlar. Heç neçiyə. Şor qiymətinə. Tap indi görüm o ətdən tapırsan ya yox. Tapsan da gərək yarım aylıq əmək haqqını verərsən bir kilosuna. O vəzəri, şüyüd, turp vardı ey. Həyətimizdə çürüyüb qalardı. İndi elə matah olublar... Biz isə onları mal-qaraya verirdik. Mal-qara dedim yadıma düşdü, keçmiş naxırlar.

Əvvəllər bizim kəndimizdə, otuz evdə bir sürü mal-qara olardı. Kəndimizdə dörd çoban, dörd naxırçı vardı. Hər sürüdə də üç yüz qoyun, iki yüz, iki yüz əlli baş mal-qara. İndi kəndimizdə heç otuz dənə qotur dana da yoxdur. İyirmi- otuz qoyun ola, ya olmaya. İndi deyəcəksən “niyə”? Sən bu sualı verməmişdən qabaq qoy mən cavabını deyim. Sən hələ sağ olan vaxdan örüş yerlərini elədilər üzümlük. Sonra da başladılar həmin üzümdən araq, çaxır çəkməyə. Elə bizim kənddə o vaxtlar iki çaxır zavodu vardı. Biri kəndin bu başında, biri də kəndin o başında. Kəndin bu başından gələndə də çaxır zavoduna girib yaxşıca içirdik, kənddən çıxıb köyşənə mal-qaranı otlağa aparanda, ya da onları örüşdə çobanlara təhvil verməyə gedəndə də başımızı düzəldirdik. Bu araq, çaxır da elə pulsuz idi deyən lümbəlüm vururduq. Bir də onda gördük ki, bu şoğəriblər bizi kişilikdən salıb...

Sonra da üzümlükləri tar-mar eləyib, torpaqları satdılar camaata. Camaat da borc-xərcə o yerləri şumlatdırıb, taxıl, kartof, tərəvəz əkdi. Budur ha, nə illah eləyirlərsə xərci-borcunu ödəmir... Nə isə dərdimiz yaman böyükdü, ay dədə. Bu milləti yaman aldatdılar... Əvvəllər bir bazar dərdi çəkirdik, indi ölkə özü dönüb bazara. Bu ölkədə vicdandan tutmuş qeyrətə, namusa, şəxsiyyətə, medala, fəxri ada, alimlik dərəcəsinə, torpağa qədər hər şey satılır. Heç kim heç kimin kitabını oxumur bu ölkədə. Kişisən heç nəyə fikir vermədən yaşa görüm necə yaşayırsan bu torpaqda, bu məmləkətdə. Bax elə bilirsən mən kefdən içirəm? Yox. Səhvin var. Dərddən içirəm, dədə. Dərddən... Çünki heç bir sualıman cavab tapa bilmirəm…

Məhəmməd şüşəni götürüb içindəki olan-qalan arağı da başına çəkdi. Sonra yenə də sir-sifətini turşudub dodağının altında kiminsə qarasına bir biədəb rus söyüşü söydü. Məhəmməd əsgərlikdə olmamışdı. Lakin on gün Rusiyada yaşamışdı. Orada da ancaq rus söyüşlərini öyrənmişdi. Heç rusların özləri bu söyüşlərin çoxunu bilmirdi. Heç rus dilini yaxşı bilənlərin çoxunun da bu söyüşlərdən xəbəri yox idi. Ona görə də dostları bilərəkdən Məhəmmədi əsəbiləşdirirdilər ki, o, bu rus söyüşlərindən söysün. Özü də bu söyüşlər elə bil onda çox maraqlı, şirin alınırdı. O, söyüş söyəndə lap qaraqabaq adam olsa belə yenə də gülürdü. Çünki o, dörd-beş söyüşü elə ustalıqla bir-birinə calayırdı ki, hətta onun söyüşünü eşidən ruslar da maraqla qulaq asırdılar. Hə. Bu yeddi-səkkiz mərtəbəli söyüşdən sonra Məhəmməd yenə də atasının qəbir daşındakı şəklinə baxdı. Elə bil dədəsi dərindən “ah” çəkdi.

- Mənim bayaqdan sadaladıqlarıma görə “ah” çəkirsən? Ah çəkmək yox, ağlamaq lazımdı kişi. Belə də gün-güzəran olar biz düşmüşük?.. Sən sevin ki, öz ömrünü kefın istədiyi kimi sürübsən. Hər şeyin bol dövrünü, dövranını görübsən. Sən hətta rus yağının mağazadan camaat almadığından əriməsini, xarab olmasını, kolbasanın göyərməsini, qəndin su salmasını, taxılın kosarada qurd basdığını, balığın, ətin çox olmasından itə, pişiyə verildiyini görübsən. Daha niyə ah çəkirsən, ay kişi? Hər il Rusiyadakı sanatoriyalara gedib, kef eləyirdin... Nə isə. Bir sözlə əsl kişi kimi gen-bol yaşayıbsan. Bax ona görə də burda rahatca yata bilərsən.

Bu vaxt baş daşındakı şəkil elə bil bir də “ah” çəkdi. Elə bu vaxt Məhəmməd araq butulkasının boş şüşəsini əlilə vurub, kənara itələdi. Səndirləyə-səndirləyə ayağa durdu. Ayağa durandan sonra da səndirlədi. Hətta az qaldı ki, yıxılsın. Baş daşından tutdu.

- Ay kişi, ağ eləmə. Dedim ki, həştad il ömür sürübsən, bəsindi. Rahatca öz kefinlə yat burda. Bir dörd tərəfinə bax. Hamısı cavan-cavan, yeniyetmə, sütül oğlanlardı. Araqdan vurub, nəşədən çəkib, miniblər dədələri verən maşınlara, basıblar qazı axıra kimi. Öz qazları, maşının qazı qarışıb bir-birinə və axırda da gəlib burda qazsız, filansız yatırlar... Sənsə min şükür ki, həştad il ömür sürüb öz əcəlinlə ölübsən. Daha nə istəyirsən? Elə bilirsən indi öz əcəli ilə ölənlər çoxdur? Yox. Öz əcəli ilə ölənlərin sayı indi çox azalıb. İndi öz əcəli ilə ölmək də böyük qoçaqlıqdı, ay dədə. Bu gün gəlmişdim sənin üçün ağlayam. Ancaq özümə, öz güzəranıma ağlayıb gedirəm. Ona görə də şaddığına şittik eləmə. İyirmi ildir necə yatıbsansa burda, eləcə də rahat yat. Heç nəyin də fikrini çəkmə. Allah sənə rəhmət eləsin. Özü də hələ bilmək olmaz mən də bu qəbiristanlığa qismət olacam ya yox. Bu hərrac bazarında qorxuram mənim ölümü də satın alıb, lazımlı bədən üzvülərimi çıxarıb satsınlar. Axı bu məmləkətdə hər şey olar... Allah axırını xeyir eləsin. Hə. Sən rahat yat, dədə. Mən də öz günümə, güzəranıma ağlaya-ağlaya gedim. Görüm başıma haranın külünü tökürəm…

Məhəmməd səndirləyə-səndirləyə baş daşına yaxınlaşdı. Dədəsinin baş daşındakı şəklini öpmək istədi. Üzünü, dodaqlarını şəkilə yaxınlaşdıranda, birdən ilan vuran kimi geri çəkildi. Bir də gözlərini ovuşdurub baş daşındakı şəkilə baxdı. Diqqətlə baxdı. Bu onun dədəsinin şəkili deyildi. Höccələyə-höccələyə baş daşındakı yazıları adı oxudu.

- Mə-hə-m-m-əd-və-li...

O, bu sözləri bir neçə dəfə oxudu. Onun atasının adı isə Məhəmmədəli idi. Məhəmməd qəbiristanlıqda axırıncı dəfə üç il bundan qabaq olmuşdu. O vaxt da möhkəm içmişdi. Gəlib atasının qəbrinin üstündə çox ağlamışdı. Bu həmin vaxt idi ki, arvadı onu atıb, başqasına qoşulub qaçmışdı... Bu üç ildə isə qəbiristanlıq çox böyümüşdü. Bu müddətə burada çox adamları dəfn eləmişdilər. O, ətrafa göz gəzdirdi. Atasının qəbrini axtardı. Araq isə artıq öz işini görmüşdü. Məhəmməd artıq keflənmişdi. O, bir başdaşını iki-üç görürdü. Hava da artıq qaralmışdı. Məhəmməd sərxoş olsa da, bircə bunu başa düşürdü ki, bundan sonra daha atasının qəbrini tapa bilməyəcək. Ona görə də düşdüyü vəziyyətlə razılaşıb, səndirləyə-səndirləyə atasına oxşar, onun kimi ağ saqqallı kişinin qəbrindən uzaqlaşıb, başdaşlarından tuta-tuta qəbiristanlıqdan tozlu yola çıxdı. Kəndlərinə tərəf getməyə başladı. O, sərxoş vəziyyətdə, ayaqları tozlu yolda “səkkiz rəqəmi yaza-yaza” getdikcə yenə bayaqkı yeddi-səkkiz mərtəbəli rus söyüşlərini dodağının altında söyürdü... Ancaq bu söyüşlərin kimə aid olduğunu aydınlaşdırmaq çətin idi. Çətin idi... Çünki bu gün Məhəmmədin söymək istədiyi o qədər adam var idi ki... Birdən onun beyninə çox qəribə bir fıkir gəldi. Şahmat oyunundan sonra Şahı da, piyadanı da bir qutuya qoyurlar. O, özünün bu tapıntısına gülümsündü. Elə bil bu fıkir onun üçün bir təsəlli oldu...

Lənkəran - Masallı, Digah kəndi.

15-17 mart 1996-cı il.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...