HÜMBƏT HƏSƏNOĞLU

Gecə, saat birə işləyir. Bakıdan Sumqayıta gəlmək üçün telefonla taksi sifariş verirəm. Sifarişdən özüm də məmnunam:

- Xanım, Bakıda, Səməd Vurğun küçəsində, Nəsimi heykəlinin yanındayam. Gedəcəyim yer Sumqayıtda, Səməd Vurğun küçəsində yerləşən Nəsiminin heykəlinin yanı. Heyif ki, xanım səfərimin məqsədi ilə maraqlanmadı, soruşsaydı, cavab verəcəkdim ki, Səməd Vurğundan, Səməd Vurğuna, Nəsimidən də Nəsimiyə salam aparıram.

Taksidə həmişə sürücünün arxasındakı oturacağı seçirəm, bura maşında ən təhlükəsiz yerdir. Qəza şəraitində sürücü instinktiv olaraq, ilk növbədə öz oturduğu tərəfi qoruyur, sən də bu vaxt elə onun qoruduğu tərəfdə olursan. Taksiyə oturan kimi, adəti üzrə telefonuma gələn mesajları oxumağa başladım. Biləcərinin dikini enəndə, sürücünün maşını sürmək tərzi məni şübhələndirdi. Özümü qabağa verib, əvvəl sürücünün güzgüdəki əksinə, sonra da onun özünə baxdım. Vəziyyəti anında qiymətləndirdim; cavan oğlan hallı idi, görünür nəsə qəbul etmişdi. Düşündüm ki, maşını saxlayıb gecə vaxtı , bu çöllükdə, soyuq küləkdə yeni taksi sifariş vermək çox da yaxşı ideya deyil. Bu şəraitdə, elə sürücünü də qorumağın yeganə yolu onu danışdırmaq, belə onun beynini işlətməklə “ çorta” getməyə qoymamaqdır.

Özümü lap qabağa verib, sürücüyə dedim:

- Deyirəm ki, yola nərdivan qoyaq!

Cavan oğlan bir az özünə gəlir, - nərdivan, nə nərdivan?

Deyirəm ki, yəni söhbət edək.

- Edək.

- Nizami Gəncəvini oxumusan?

- Nizami Gəncəvi? Eşitmişəm, amma, belə oxumamışam.

- Füzulini necə, oxumusan?

Bu artıq mənə tərəfə dönüb təəccüblə deyir: - Yox, oxumamışam.

Mən də bunun halına bxıram, bir az halı dəyişən kimi, hər iki-üç dəqiqədən bir klassiklərimizi sadalayıram, Nəsimini, Seyid Əzim Şirvanini, Sabiri, Cavidi, Səməd Vurğunu, Müşviqi, Şəhriyarı və s. dühalarımızı bir-bir bundan soruşuram. O da hər dəfə beynini gərildib ayılan kimi olur və hər sualıma "yox" deyir.

Artıq Sumqayıta çatanda, o, özünü tam toparlayıb soruşdu: - Bunları məndən niyə soruşursunuz?

Dedim: - Sən hər dəfə “yox” deyəndə, mən sənin əvəzinə çox sevinirdim.

- Hə?

- Hə! Bilirsən ki, sadaladığım sənətkarlarımızı oxuyanda, sən nə qədər ləzzət alacaqsan? Sənə həsəd apardım ki, səni qarşıda nə boyda sevinclər gözləyir. Sənin dahi azərbaycanlılarımızın yaradıcılığından alacağın kef, bu indiki zəhrimardan aldığın kefdən qat-qat çox olacaq. Biləsən ki, mən də onların narkomanıyam!

- Hə?

- Hə! Artıq özünə gəlmiş sürücü sonda mənimlə öz doğma insanı kimi sağollaşdı!

Sumqayıt şəhəri

Avqust -2020- ci il

Bütün xəbərlər Facebook səhifəmizdə