AĞALAR İDRİSOĞLU

Əməkdarincəsənət xadimi

Mansur iki gün idi ki, xəstəxananın kardiologiya şöbəsinin reanimasiya otağında yatırdı. İnfarkt olmuşdu. Vəziyyəti ağır idi. Həkimlər müsbət heç bir fikir demirdilər. Çünki ürəyi xəstə olmaqla birlikdə onda yüksək dozada şəkər də vardı. Onu iş yerində 55 illik yubileyini qeyd eləyən vaxt vəziyyəti ağır olduğuna görə xəstəxanaya gətirmişdilər. O, axır vaxtlar spirtli içki çox içirdi. Hətta həkimlər də ona qəti tapşırmışdılar ki, “sənə içmək olmaz”. Amma Mansur deyilənləri qulaq ardına vururdu. Həkimlərə inanmırdı. Bu da axırı. O, geniş formalı infarkt olmuşdu...

Hətta cavanlıq illərindən bir dəhşətli hadisədən sonra şəkər xəstəliyi tapmışdı. Bu iki gündə onu əvvəllər də tez-tez eşitdiyi bir uşaq səsi, uşaq iniltisi yatmağa qoymurdu. Bu səs hər an qulağında səslənirdi. Mansur həkimlərə yalvarırdı ki, ona elə bir iynə vursunlar və ya dərman versinlər ki, ölü kimi yatsın və həmin uşağın səsini eşitməsin. Amma ona nə dərman versələr də, nə iynə vursalar da yenə həmin uşağın səsini, daha doğrusu vahiməli iniltisini eşidirdi... Mansur bu iniltinin kimin səsi olduğunu bilirdi. Bu, onun öz qızının səsi idi. Bəli, bəli öz qızının. Hansı ki, bir vaxtlar bu uşağın ölümündə onun çox böyük günahı vardı...

... Mansur ordu sıralarından qayıdandan sonra əmisi qızı Gülzarla nişanlanmışdı. Onlar bir-birini sevirdilər. Gülzar Mansuru iki il gözləmişdi. Orduda olanda ona tez-tez məktublar yazırdı. Mansur da ona çox romantik məktublar yazırdı. Çünki bir az şair təbiətli idi. Orduda onun işləri çox yaxşı gedirdi. Çünki orada aşbaz idi. Özü də bu işi bir qoca rus qadınından çox mükəmməl, peşəkarcasına öyrənmişdi. Həmin qadın onların alayında baş aşbaz idi. Mansurgilin alayı Rusiyanın Balaqoye deyilən bir şəhərinin yaxınlığında idi. Raket hərbi hissəsi idi. Burada minə yaxın əsgər vardı. Onlardan cəmi üç nəfəri azərbaycanlı idi. Orduya təzə getdiyi vaxtlarda Mansuru iyirmi nəfər əsgərlə yeməkxanaya növbətçi göndərmişdilər. Onlar əsgərlərə yeməkləri paylayır, döşəmələri silir və qabları yuyurdular. Mansurun mehribanlığı və işinin öhdəsindən yaxşı gəlməsi baş aşbaz Marina xalanın çox xoşuna gəlmişdi. Ona görə də belə qərara gəlmişdi ki, öz peşəsini bu oğlana öyrətsin. Fikrini alayın komandirinə deyəndə, polkovnik İlin razılıq vermişdi. Mansur raketlərə qulluq etməkdən, onları silib-təmizləməkdən artıq cana doymuşdu. Bu təkliflə elə o dəqqə razılaşdı. Marina xala Mansura aşbaz sənətini çox tez öyrədə bildi. Çünki onlar evdə dörd qardaş və bir bacı olduqlarından, Mansur ev işlərində, yemək bişirməkdə anasına köməklik edirdi. Deməli, bu işə həvəs onda elə uşaqlıqdan vardı. Az vaxtda alayda Mansurun hörməti xeyli artdı. Hətta ona iki dəfə on günlük məzuniyyət də verdilər evlərinə getməyə. Ordudan tərxis olunadan sonra Marina xala çox yalvardı ki, Mansur orada qalıb işləsin. Hətta alayın komandiri, polkovnik Mixail Vasileviç İlin çox istəyirdi ki, Mansur orada qalsın. Ona leytenant rütbəsi verməsini də vəd etdi. Çünki Marina xala yeməkxananın rəisi kimi leytenant rütbəsində idi və artıq yaşlaşmışdı. Orada bütün işlərə rəhbərliyi əsasən Mansur edirdi. Sizə zarafat gəlməsin, minə yaxın əsgəri və üç yüzə yaxın zabiti yeməklə razı salmaq elə də asan deyildi. Amma Mansur razılaşmadı. Daha doğrusu atası, anası və sevdiyi əmisi qızı Gülzar buna qəti etiraz elədilər. Ona görə də Mansur doğma yurda döndü. Amma rayonlarında bir-iki yerdə aşbaz işləsə də ürəyincə olmadı. Valideynlərinin və Gülzarın razılığı ilə Bakıya gəldi. Yeməkxanada adi aşbaz kimi işə düzəldi. Bir ay sonra onu baş aşbaz təyin elədilər. Elə hər şey də bundan sonra başladı...

Mansur baş aşbaz təyin olunduğu günün səhəri yeməkxanaya bir qız işə düzəldi. Mansurun əvvəlki yerinə. Adı Marina idi. Çox yaraşıqlı qız idi. Elə bil bir növ Marina xalanın cavanlığını xatırladırdı. O da çox yaxşı yeməklər bişirirdi. Adi tərəvzlərdən elə yaxşı, ləzzətli salatlar hazırlayırdı ki, hamının xoşuna gəlirdi. Marina Mansurdan iki yaş böyük idi. Mansurun 21, Marinanın 23 yaşı vardı. Amma Mansur Marinadan yaşlı görünürdü. Marinaya 18-19 yaş vermək olardı. Rəqqaslara məxsus çox yaxşı bədən quruluşu vardı. O, vaxtilə rəqlsə məşğul olmuşdu. Ona görə də Marinanın yanından keçən hər kəs, istər-istəməz mavi, iri gözlərinə, ağ bənizinə, çiyinlərinə tökülmüş xurmayı saçlarına nəzər yetirir və bu qızın gösəlliyinə heyran qalırdı. Onun çox həlim, mehriban xasiyyəti vardı. Yeməkxanada işləyən bütün cavanlar bu qıza vurulmuşdu. Hətta orta yaşlılar belə bu qızı görəndə hayıl-mayıl olurdular. Yanından etinasız keçə bilmirdilər. Amma Marina heç kimə yovuşmur və demək olar ki, heç kimlə ünsiyyət qurmurdu. Həmişə fikirli gəzirdi. Ən yumorlu sözlərə belə çox təsadüfən gülümsünürdu. Belə ciddi olduğundan heç kim ona artıq söz deyə bilmirdi. Az bir vaxt içərisində Mansur öyrəndi ki, Marinanın əri var. Hətta üç yaşlı bir oğlu da var, Marina da anasının yanında qalır. Anası Valentina Vasilyevna bir neçə dəfə bura, qızının iş yerinə gəlmişdi. Onun işi ilə maraqlanırdı. İlk baxışdan da çox tələbkar və ciddi qadın təsiri bağışlayırdı.

Marina özünün həlim xasiyyətinə, tərbiyəsinə və işini yüksək qabiliyyətlə gördüyünə görə qısa müddətdə iş yerində çox böyük hörmət qazandı.

Ən maraqlısı bu idi ki, Mansur və Marina Keşlə qəsəbəsində qonşuluqda yaşayırdılar. Deməli, istəsələr də, istəməsələr də işdən sonra evə bir yerdə getməli olurdular. Mansurda bu qıza qarşı istək yaranmışdı. Özü də qarşısı alınmaz bir istək. Amma Mansur artıq nişanlı idi. Bakıda, yəni Keşlə qəsəbəsində kirayə ev tutmuşdu ki, tezliklə evlənsin və Gülzarı ora gətirsin. Və çox maraqlı olan bu idi ki, Marinagilin Bakının Keşlə qəsəbəsindəki şəxsi evlərindən iki dayanacaq qabaqda Mansurun kirayə tutduğu ev yerləşirdi. Axşam iş saat 11-də, 12-də qurtardığından Mansur Marinanı evlərinə qədər ötürürdü. Gündüz işləri çox olduğundan söhbət eləməyə vaxt tapa bilmədiklərindən, onlar şəhərin mərkəzindən Keşlə qəsəbəsinə avtobusda gəldikləri vaxt söhbət edirdilər. Hamının iş yerində qaraqabaq qız kimi tanıdıqları Marina əslində avtobusda Mansurla çox səmimi söhbətlər eləyirdi. Marina öz doğma rus dilindən əlavə, Azərbaycan dilində də səlis danışırdı. Və onun Azərbaycan dilində danışığı daha şirin və ürəyəyatımlı idi. Adam istəyirdi ki, saatlarla onun danışığına qulaq assın. Onlar yol boyu çox şeylər haqqında danışırdılar. Artıq Marina bilirdi ki, Mansur öz əmisi qızına nişanlıdır. Hətta Mansur nişanlısı ilə birlikdə şəklini ona göstərmişdi. Mansur da bilirdi ki, Marinanın əri YalentinVoronejdəndir. O, Bakıda Neft Mühəndisləri İnstitutunda təhsil alan vaxtı Marina ilə tanış olublar. Elə tanış olduqları bir neçə aydan sonra evləniblər. Marinanın anası bu evliliyə razı deyildi. Amma Marinanın Valentindən uşağa qaldığını biləndən sonra anası razılaşmağa məcbur olub. Valentin institutu bitirib, iki il Bakıda işləyəndən sonra Tümenə gedib. O hazırda Sibirdə neft mədənlərində mühəndis kimi çalışır. İçkiyə meylli adamdır. Bir ildir ki, Bakıda deyil. Əvvəllər Marina və oğlu üçün pul göndərirdi. Onlar heç bir korluq çəkmirdilər. Amma beş aydır ki, pul göndərmir. Marinanın anası Valentina Vasilyevna tibb bacısı işləyir. Onun aldığı əmək haqqı ilə üç nəfərin dolanışığı çətin olduğuna görə Marina da işləməyə məcbur olub. Səhər işə gələndə Marina oğlu Vitalini bağçaya qoyur. Axşam anası işdən qayıdanda gəlib Vitalini bağçadan götürür. Marina oğluna beş il bundan qabaq yol qəzasında dünyasını dəyişən atası Vitalinin adını qoyduğuna görə anası nəvəsini daha çox istəyir. Marina da özünün Valentinlə birlikdə olan şəkilini Mansura göstərmişdi. Valentinin fransızlara oxşar sifət cizgiləri və uzun qara saçları vardı. Həddindən artıq cazibədar idi. Marina ilə bir-birinə çox yaraşırdılar. Marinanın dediyinə görə, onun həyatda ən böyük eybi siqaret çəkməsi və spirtli içkiyə aludə olması idi. Mansur isə siqaret çəkmir və spirtli içki qəbul etmirdi. Bax, bu pis vərdişlərdən uzaq olması və öz işini yaxşı bilməsinə görə hamı tərəfindən sevilirdi.

Bir gün avtobusla işdən qayıdanda Mansurun Marina ilə belə bir söhbəti oldu:

- Marina, sən niyə Valentinin yanına getmirsən?

- Mən Bakını çox sevirəm. Özümü bu şəhərdən kənarda təsəvvür eləmirəm.

- Axı bizdə ataların belə bir sözü var: “ Ər harda, arvad da orada”.

- Mən istəyirəm ki, onu yenidən geri qaytarım. Gəlib burada işləsin. Özü də burada onun işləri yaxşı gedirdi.

- Bəs onda niyə getdi?

- Bir-iki nəfər özü kimi içkiyə aludə olan azərbaycanlı dostları vardı. Onlar onu yoldan çıxardılar. Əvvəl istəyirdi, daha doğrusu yalvarırdı ki, mən də oğlumla heç olmasa bir neçə aylığa da olsa ora gedək. Amma axır vaxtlar heç məktub da yazmır və pul da göndərmir...

- Bəlkə Valentin orada kiminləsə yaşayır, ona görə də sizə pul göndərmir?

- Nə bilim. Siz kişilərdən nə desən gözləmək olar... Bir vaxtlar hansısa bir kitabda oxumuşam ki, “bütün kişilər həmişə ideal arvad axtarır. Bütün qadinlar da həmişə ideal ər axtarırlar. Amma bu yazıqlar başa düşə bilmirlər ki, Yer kürəsində ideal kişi və ideal qadın yoxdur. Sadəcə bu yarımçıqlar birləşəndə və bir-birini başa düşəndə ideal ailə yaranır. Bax, bunu hələ ailə qurmamışdan bütün qadınlar və kişilər başa düşməli və bununla da razılaşmalıdırlar. Əgər belə olsa, onda ailə qurandan sonra boşananlar olmaz”.

- Çox maraqlı fikirdi. Amma şəhər yerində oğlanlar, qızlar daha çox pozulurlar. Görmürsən bizim yeməkxanaya gələn oğlanları, qızları...

- Görürəm. Amma həyatda çox şey insanın özündən asılıdı. Bir də Bakı beynəlmiləl şəhərdi. Bura hər yerdən gələnlər çoxdur. Buna görə gərək birinci növbədə qızlar, qadınlar özlərini qorumağı bacarsınlar.

- Bizim yeməkxanaya gələn qızların çoxuna mən qız kimi baxa bilmirəm. Onlardan elələri var ki, bir həftədə yeddi oğlanla ayrı-ayrı günlərdə bura gəlirlər. Onlardan məgər ana olarmı?

- Əlbəttə, yox. Mən elə qızlara nifrət eləyirəm. Əgər qadının, qızın ləyaqəti yoxdursa, o, öz nəfsini qoruya bilmirsə, onun Yer üzündə yaşamağa haqqı yoxdur. Elə bizim iş yerimizdə mənə bir neçə dəfə yaxşı təkliflər eləyənlər olub. Amma mən, onları öz yerlərində elə oturtmuşam ki, utandıqlarından daha mənə sarı baxmayıblar. Hətta elələri var ki, məni evə qədər ötürmək istəyiblər, amma razılaşmamışam. Demişəm ki, məni qonşum Mansur ötürəcək. Çünki sən yüksək tərbiyəli oğlansan, əsl kişi xarakterin var.

Marina bu sözlərindən sonra Mansurun gözlərində daha da böyüdü.

Beləliklə, onlar hər gün axşan evə qayıdanda xeyli söhbət eləyirdilər. Hətta Marinagilin evlərinə çatmamışdan iki dayanacaq tez düşüb, danışa-danışa gəlirdilər. Valentina Vasilyevana tam arxayın idi ki, Marinanı Mansur evə kimi gətirəcək. Ona görə də onlar gec gələndə narahat olmurdu. Ataların bir maraqlı məsəli var: “Odla pambığı bir yerdə qoymaq olmaz. Gec-tez odun qığılcımı pambığa düşüb yandırar”...

Son vaxtlar Mansur elə dəyişmişdi ki, bəzən Gülzar da yadından çıxırdı. Elə bütün günü Marinanı düşünürdü. Əvvəllər tez-tez potça gedib, Gülzarla telefonla danışan və ona məktublar yazan Mansur işinin çoxluğunu bəhanə gətirib, ona nə zəng vurur, nə də məktub yazırdı. Bakı ilə onların rayonunun arası 450 kilometr idi. Əvvəllər ən azından həftənin bir günü, əsasən də birinci günü Mansura istirahət verirdilər. O, bazar günü axşam qatara minib, səhər tezdən rayonlarında olur, gedib Gülazarı, valideynlərini görür və axşam da qatara minib, səhər tezdən işdə olurdu. Amma son vaxtlar heç rayona da getmirdi. İstirahət olan günü o, Marina ilə şəhərə gəzməyə çıxırdı. Artıq Mansur bir neçə dəfə Marinagildə olmuşdu. Mansur Valentina Vasilyevnanın xoşuna gəlirdi. Marinanın üç yaşlı oğlu Vitali də Mansura isnişmişdi. Mansur Valentina Vasilyevnanın təkidi ilə özünün çirkli paltarlarını onlara gətirirdi və həmin paltarları Marina yuyurdu. Özü də elə təmiz yuyub ütüləyirdi ki, adam heyran olurdu. Marina həm də yaxşı yeməklər bişirirdi. Mansur hər adamın bişirdiyi yeməkdə nə isə bir nöqsan axtarsa da, Marinanın hazırladığı yeməklərdə tapa bilmirdi. Onlar kənarda bir-biri ilə mehriban olsalar da, amma iş yerində çox ciddi idilər. Hətta Marina Mansura iş yerində “siz” deyə müraciət edirdi.

Bir gün onlar iş yerindən çıxıb, maşına mindilər. Yenə də yol boyu söhbət elədilər. Başları söhbətə necə qarışdısa, necə maraqlı oldusa, həmişəki kimi Marinagilin evlərinə iki dayanacaq qalmış düşmək yadlarından çıxdı və hətta Marinagilin dayanacağını da keçdilər. Artıq Mansurun yaşadığı evin dayanacağına çatdılar.

- Ay balalar, siz qabaqda düşməyəcəydiniz,-deyə sürücü onlardan soruşdu. Bura sonuncu dayanacaqdır.

- Hə. Doğrudan ha,-deyə Mansur dilləndi. Siz daha geri qayıtmayacaqsız?

- Yox. Daha bundan sonra maşın işləməyəcək. Artıq gecə saat birin yarısıdır.

Onlar məcbur olub maşından düşdülər.

- Vay. Nə pis oldu, -deyə Marina heyfisləndi.

- Eybi yox, taksi ilə qayıdarıq. Bax mən elə yolun qırağındakı bu evdə yaşayıram. Mən gör neçə dəfə sizdə olmuşam, amma sən heç bir dəfə də bizdə olmamısan.

- Doğrudan ha. Düz deyirsən, Mansur. Axı sən məni heç vaxt evinə dəvət eləməyibsən.

- Onda indi dəvət eləyirəm.

- Yox. İndi çox gecdi.

- Gedək, heç olmasa gör subay oğlan necə yaşayır.

- Gələn dəfə gedərik.

- Elə indi, bura qədər gəlmişik də.

- Yaxşı, gedək. Amma beş-on dəqiqə oturaq, sonra məni taksi ilə evə gətir,- deyə Marinaya qadın marağı güc gəldi.

- Yaxşı. Oldu.

Onlar həyətə girdilər. Mansur birinci blokda, ikinci mərtəbədə, iki otaqlı mənzildə kirayə yaşayırdı. Blokun işığı yanırdı. Onlar ikinci mərtəbəyə qalxdılar. Mansur qapını açdı. Dəhlizin işığını yandırdı.

- Xoş gəlmisən, gözəl xanım,- deyə Marinanı evə dəvət elədi.

Marina evə diqqətlə baxdı. Bu, iki otaqlı, orta təmirli daş ev idi. Otaqlar iç-içə idi. Amma hamam, tualet ayrı idi.

- Heyf ki, mən bu evə əli boş gəldim. Bu dəhliz üçün böyük bir güzgü məndən,-deyə Marina balaca güzgüdə özünə baxdı.

- Çox sağ ol, minnətdaram. Evə özüm heç nə almıram. Çünki Gülzar gələndə özü ilə çoxlu cehiz gətirəcək.

- Allah sizi xoşbəxt eləsin. Mən inanıram ki, biz Gülzarla yaxın rəfiqə olacağıq.

- İnanmıram. O qədər qısqanc qızdır ki...

- Biz qısqanclıq üçün axı ona heç bir şərait yaratmamışıq ? Bilirsən, qadınlar nə vaxt qısqanc olurlar?

- Nə vaxt?

- Kişi yalan danışanda və öz həyat yoldaşına diqqəti az olanda. Axı qadınlar həmişə kişidən diqqət, qayğı və təmiz sevgi gözləyirlər. Biz qadınlar, sizin bir qabırğanızıq. Allah Həvva nənmizi Adəm babamızın qabırğasından ona görə yaradıb, ki, Adəm babamız Həvvaya həmişə özünün bir zərif orqan üzvü kimi qayğı göstərsin, onu əzizləsin, sevsin...

Marinanın bu sözlərindən hər ikisi güldülər.

- Mən rayondan çay üçün çox yaxşı ədviyyatlar gətirmişəm. Bunlar insan orqanizminə müsbət təsir edir. Sağlamlığa xeyri var. Qoy, həmin ədviyyatlardan çay dəmləyim içək, sonra gedək.

- Sənin bizə də gətirdiyin o ədviyyatları anam elə tərifləyirdi ki. Deyirdi, utanıram Mansura deyim, həmin ədviyyatlardan yenə gətirsin.

- Niyə utanır. O da mənim anam. Evə gedəndə verərəm apararsan. Onsuz da mən evdə çay içə bilmirəm. Görürsən ki, bütün günü işdə oluruq.

- Gəl, çayı birlikdə hazırlayaq. Mənə də öyrət hansı ədviyyatı çaya nə vaxt qatmaq lazımdı.

- Lap yaxşı.

Onlar birlikdə mətbəxə keçdilər. Mansur çayniki götürüb, içinə su doldurdu. Sonra yeddi bankadan çox böyük miqdarda otlar götürüb, üç litrlik bankaya qoydu.

- Bunları gedəndə apararsan Valentina xanım üçün. Deyərsən ki, bu otlar düz altı ay sizinçün bəs eləyəcək.

- Çox sağ ol, Mansur, əzizim. Sən doğrudan da çox yaxşı oğlansan. Biz artıq üç aydır ki, tanışıq. Amma mənə elə gəlir, səni lap on-on beş ildir tanıyıram. Sənə səmimi deyim ki, əvvəllər mən Valentin üçün çox darıxırdım. Amma səninlə tanış olandan sonra açığı hərdən heç Valentin də yadıma düşmür.

- Marina, mən də etiraf edim ki, əvvəllər demək olar, hər həftə Gülzarı görmək üçün rayona gedirdim. Axırıncı bir ayda heç rayona gedib, onu görməmişəm.

- Can, -deyə Marina onu qucaqlayıb, üzündən öpdu.

Marinanın dodaqlarının hərarəti və əllərini istisi Mansurun elə bil ki, başını gicəlləndirdi. O da Marinanı qucaqladı. Bunu görən Marina ona qısıldı. Bu da elə bil ki, hər şeyə bir körpü oldu. Mansur onun dodaqlarını öpdü... Və artıq onlar öz hərəkətlərini cilovlaya bilmədilər... Mansur Marinanı qolları üstünə götürüb, yataq otağına apardı. Marina ona artıq heç bir əks təsir göstərmirdi...

Beləcə iki cavan bir saatdan çox intim əlaqədə oldular... Onların artıq danışmağa heç bir sözü qalmamışdı...

Marina bundan peşman deyildi... Onlar heç çay da içmədilər. Artıq gecə saat iki idi. Evdən çıxıb, küçəyə, dayanacaq olan yerə gəldilər. Taksiyə mindilər. Yenə heç biri danışmırdı. On beş dəqiqədən sonra Marinagilin evlərinin yanında düşdülər. Marina özündə olan açarla darvazanı açdı. Anası yatdığına görə darvazanı bağlamışdı. O, Marina gec gələndə darvazanı bağlayırdı və Marina öz açarı ilə açırdı.

- Marina, bağışla. Mən düz hərəkət eləmədim.

- Burada bağışlanası heç bir şey yoxdur. Bu günah təkcə sənin yox, həm də mənim günahımdır. Amma mən bunu özümə günah hesab eləmirəm. Çünki sən mənim xoşuma gəlirsən... Səndən yalnız bir xahişim var. Bizim aramızda olan bu əlaqəni iş yerində heç kim bilməsin.

- Sən nə danışırsan? Mən belə məsələni heç kimə demərəm. Bu, kişi hərəkəti deyil. Bunu sən, mən və bir də Ulu Tanrı bilməlidir.

- Yəqin ki, bizim aramızda bir də belə hərəkət olmayacaq. Biz əvvəlki kimi adicə iş yoldaşı olacağıq. Mən sənə olan məhəbbətimi ürəyimdə boğub, məhv edəcəm,- deyə Marina yenə də Mansurun üzündən öpdü. Və ağladı...

Onun göz yaşlarına dözə bilməyən Mansur onu bağrına basdı və dodaqlarından öpdü. Onlar bir-birndən ayrılmaq istəmirdilər. Marinanın dodaqları göyərmişdi. Həyətdəki işıqda bu, aydın görünürdü. Axır ki, Marina Mansurun qollarının arasından çıxdı.

- Xahiş edirəm, get, Mansur, əzizm. Yoxsa mən yenə də özümü cilovlaya bilməyəcəm,-deyə Marina yenə də ağladı.

- Yaxşı, gecən xeyirə qalsın, - deyə Mansur barmaqlarını dodaqlarına yaxınlaşdırıb, Marinaya bir öpüş göndərib, həyətdən çıxdı.

Marina həyətin qapısını kilidləyib, həyətdəki taxta oturacaqda oturdu. Bədəni çox əzgin idi. Elə bil ki, bütün günü daş daşımışdı. Amma Mansurla olan hərəkətindən Marina heç bir peşmançılıq çəkmirdi. Çünki Mansur həqiqətən də Marinanın xoşuna gəlirdi...

Səhəri gün Marina işə gəlmədi. Mansur çox nigaran qaldı. O, yeməkxananın müdirinə zəng vurub, xəstə olduğunu demişdi. Mansur, işdən çıxandan sonra onlara gəldi. Valentina Vasilyevna evdə deyildi. İş yoldaşlarından kimsə xəstələndiyinə görə, axşam növbədə qalacaqdı. Marina Mansuru elə qapı ağzında qarşıladı. Onun qucağına atıldı. Vitali yatmışdı.

- Səni gözləyirdim. Fikirləşirdim ki, Mansur gəlib məni görəcək, ya yox.

- İnan bu gün işdə elə bil iynə üstündə oturmuşdum. Fikirləşirdim ki, axı sən niyə işə gəlməyibsən. Doğrudanmı mənim hərəkətimdən inciyibsən.

- Yox. Niyə inciməliyəm ki. Bu günah bizim hər ikimizindir. Sənin verdiyin otlardan ətirli çay da dəmləmişəm.

Marina cavab gözləmədən mətbəxə keçib, Mansur üçün çay gətirdi. Çayın ətri otağa yayıldı. Mansur çayı iylədi.

- Çox yaxşı ətri gəlir.

- Müləllimimə əhsən, -deyə Marina onun üzündən öpdü.

Mansur da onu öpdü. Onlar çox söhbət etdilər. Yenə də onlar öz hisslərini cilovlaya bilmədilər... Həmin gecə Mansur onlarda qaldı. Yalnız sübh tezdən öz evlərinə getdi. O, demək olar ki, səhərə kimi yatmamışdı, amma heç yuxusu da gəlmirdi. Əl-üzünü yuyub, üzünü qırxıb, sonra çimdi. Marinanın yuyub ütülədiyi alt paltarlarını və ağ köynəyi geyib, iş yerinə getdi. O, bu gün həmişəkindən işə bir saat gec gəlmişdi. Marina artıq iş yerində idi. Özü də bu gün daha yaxşı geyinmişdi. Paltarı ona çox yaraşırdı. Onu həqiqətən də məlakəyə oxşadırdı. İş yoldaşları da Marinanın bu gün daha gözəl olduğunu təsdiqləyirdilər. Marina Mansura yenə də “siz” deyə müraciət eləyib danışırdı.

Beləliklə, onların məhəbbət macərası başladı. Artıq Gülzar Mansurun demək olar ki, yadına düşmürdü...

Marina Mansurdan uşağa qalmışdı. O, bunu həm anasından, həm də Mansurdan gizlədirdi. Evdə də, işdə də karset geyib gəzirdi. Amma anası nə isə ondan şübhələnmişdi.

- Marina, axır vaxtlar elə bil ki, kökəlmisən.

- Yox. Bu sənə elə gəlir.

- Necə mənə elə gəlir. Axı görürəm ki, kökəlmisən. Bənizin çox ağarıb. Dünən də gördüm ki, axşam hamamda öyüyürdün.

- Soyuq olub yəqin.

- Mən tibb bacısıyam, həkimliyi də pis bilmirəm. Bu, soyuqdəyməyə oxşamır. Mənə elə gəlir burada nə isə başqa bir şey var.

- Başqa nə ola bilər ki, - deyə Marina gözlərini anasından yayındırdı.

- Axır vaxtlar mən növbədə olanda qonşular deyir ki, Mansur axşamlar burada qalır. Səhər sübh tezdən onu bizim evdən çıxan görüblər.

- Hə. Nə olsun ki. Biz onunla dostuq. Həm də iş yoldaşıyıq.

- Dost, iş yoldaşı gecə gəlib, qadın iş yoldaşının evində qalmaz. Özü də mən evdə olmayan vaxtı. Sən, mənə düzün de. Sonra çox şey gec ola bilər...

Marina heç vaxt anasına yalan satmamışdı. Bircə dəfə yalan danışmışdı, o da Valentinlə görüşən vaxtı və ondan uşağa qalanda. Bu da ikinci səhvi idi. O, indi də Mansurdan uşağa qalmışdı. Özü də bu uşağı doğmaq istəyirdi. Bilə-bilə ki, Mansur onunla evlənə bilməz, çünki əmisi qızı ilə nişanlıdır. Mansur əmisi qızı ilə ayrıla bilməz. Çünki bütün nəsil ona nifrət eləyər. Həm də Gülzarın atası da iki ay idi ki, dünyasını dəyişmişdi. Ona görə də toyu bir qədər saxlamışdılar. Gözləyirdilər ki, heç olmasa altı ay keçsin və sonra toy olsun...

Marina hər şeyi açıb, anasına dedi. Və hətta onu da bildirdi ki, artıq altıncı aydır Mansurdan hamilədir... Tərslikdən həmin gün də Valentindən teleqram gəlmişdi və o, həmin teleqramda yazırdı ki, işləri yaxşı gedir, ən geci bir aya gələcək, Marinanı və oğlunu da özü ilə aparacaq.

- İndi bu işlərin axırı necə olacaq,- deyə Valentina Vasilyevna sərt nəzərlə Marinaya baxdı.

- Mən Valentinlə getməyəcəm.

- Sənin başın xarabdı?

- Mən Bakıdan heç yerə getmək istəmirəm. Qoy gəlib burada işləsin.

- Yəqin ki, ora onunçün daha yaxşıdır. İnsanın güzəranı harada yaxşıdırsa, elə orada onunçün xoşdur.

- O, yaxşı mühəndisdi. Ona burada da pis deyildi. İş yerində hamı hörmət eləyirdi. Maaşı da yaxşı idi.

- Deməli, orada daha yaxşıdı. Özü də baş mühəndis işləyir.

Həmin gün ana-balanın söhbəti çox uzandı. Axırda belə qərara gəldilər ki, hökmən uşağı abort eləmək lazımdı. Amma Valentina Vasilyevna tibb bacısı kimi bilirdi ki, vaxt keçdiyindən və uşaq artıq altıncı ayda olduğundan buna heç bir mamaça razı olmaz. Bu, cinayət tərkibli işdir. Və bunun sonu yaxşı qurtarmaz... Amma uşağı götürmək lazım idi. Yoxa Valentin hökmən Marinadan ayrılardı. Sonra Allah bilir Marinanın taleyi necə olacaqdı. Mansur da nişanlıdı. O, bir müddət Marina ilə öz kefini sürəcəkdi və sonra da ayrılacaqdı...

Səhər iş yerində Valentina Vasilyevna özünə yaxın bildiyi tibb bacıları ilə məsləhətləşdi. Amma bu işin məhz onun qızı ilə bağlı olduğunu demədi. Sonra bir tibb bacısı doğum evində olan həkim rəfiqəsi ilə məsləhətləşdi. O, bu işi boynuna götürməsə də, amma hansı dərmanlardan istifadə etməyi dedi. Sonra stolun, ya da stulun üstünə çıxıb, oradan yerə atılsın. Böyük vannaya isti su töksün və içərisində otursun. Yəqin ki, bundan sonra uşaq vaxtından tez düşə bilər. Ola bilər ki, bu proses iki-üç gün çəksin. Bütün bunlar çox çətin və cavabdehli olsa da yalnız belə eləmək lazımdı...

Beləliklə, Valentina Vasilyevna dərmanlar alıb evə gəldi. Marina işə getməmişdi. O, dərmanları iynəyə doldurub, Marinaya vurdu. Sonra Marina anasının köməkliyiilə stolun üstünə çıxıb, bir neçə dəfə yerə atıldı. Vannaya isti su tökdülər və o, vannaya oturdu. İki saat keçəndən sonra Marinanın möhkəm ağrıları başladı. Özünə yer tapa bilmir və dəhşətli dərəcədə zarıyırdı. Təcili Yardıma zəng vurmaq olmazdı. Çünki bu, artıq cinayət tərkibli bir iş idi. Valentina Vasilyevna qızına yalvarırdı ki, bir qədər dözsün, yaxşı olacaq... Amma özü də qorxurdu ki, qızı ölə bilər. Axşam saat 9-da Marinanın ağrıları son dərəcədə artdı. Artıq uşağın ayaqları görünməyə başladı. Valentina Vasilyevna yavaş-yavaş uşağın ayaqlarından tutub çəkməyə başladı. Uşaq doğuldu. Diri idi və zarıyırdı. Deməli, uşağın Marinanın bətninə düşməsindən artıq altı ay keçibmiş. Valentina Vasilyevna bu qız uşağını əvvəlcədən hazırladığı taxta qutuya qoydu. Amma uşağın göbəyini boş bağladı ki, ora hava dolsun və uşaq bir neçə saata ölsün. Marinanın ürəyi getmişdi. Bənizi ağ-appaq idi. Alnında tər damcıları vardı. Asta nəfəs alırdı. Valentina Vasilyevna özü də qorxmuşdu. Uzun illər tibb bacısı işləsə də və işini yaxşı bilsə də, doğma qızına kömək eləməkdə aciz idi. O, beləcə qızını hala gətirmək üçün iki saat çalışdı...

Marina iki gün idi ki, işə getmirdi. Mansur Marinadan nigaran olduğuna görə işdən çıxandan sonra onlara gəldi. Marinagilin həyət qapısı açıq idi. Evlərində işıq yanırdı. Deməli, yatmamışdılar. O, evin qapısını döydü. Amma qapını heç kim açmadı. O, qapını itələdi. Qapı açıq idi. Mansur içəri girəndə bir uşaq zarıltısı eşitdi. Əvvəl çaşıb qaldı ki, bu nə səsdir. Səsin haradan gəldiyini müəyyənləşdirmək istədi. Səs eyvandan, şüşəbəndin yanındakı stolun üstündəki taxta qutudan gəlirdi. Mansur qutuya yaxınlaşdı. Qanın içində zarıyan körpə uşaq gördü. Uşaq elə bil ki, son nəfəsini alırdı. Mansur bu mənzərədən dəhşətə gəldi.

Əti ürpəşdi. Dili tutuldu. Qorxusundan geri çəkildi. Cəld Marinagilin qonaq otağına keçdi.

Valentina Vasilyevna hələ də Marinanın yanında oturub, qızının ayılmasını gözləyirdi. O, Mansuru görəndə çox əsəbləşdi və ayağa durub, onun yaxasından yapışdı.

-Gəldin, əclaf oğlu əclaf?! Əgər Marinaya bir şey olsa, səni həbs elətdirəcəm. İt oğlu, it! Cəhənnəm ol buradan, yoxsa səni öldürərən! Get buradan!..

O, Mansuru itələdi. Mansur səndirlədi, amma yıxılmadı.

- Dedim ki, get buradan, it küşüyü! Yoxsa bu dəqiqə səni öldürərəm!..

Mansur qorxudan geri çəkilib, otaqdan çıxdı. Yenə də uşağın zarıltısını eşitdi. Bu zarıltı indi ona daha dəhşətli bir səs təsiri bağışlayırdı.

Bu vaxt Valentina Vasilyevna da eyvana çıxdı və uşaq olan qutunu götürüb, Mansura sarı atdı.

- Bu küçüyünü də götürüb, özünlə apar!

Taxta qutu böyrü üstə yerə düşdü və uşağın daha zarıltılı və tükürpədici səsi eşidildi. Bu mənzərəni görən Mansur, əcaib səs çıxarıb, dəlicəsinə evdən çıxıb, qaça-qaça həyət qapısına tərəf getdi. Tez həyətdən çıxıb, yol boyu yaşadığı evə sarı qaçdı. Özü də çox möhkəm qaçdı. Az qaldı ki, nəfəsi kəsilsin. Ona elə gəlirdi ki, bu qana bulaşmış uşaq, onun ardınca qaçıb, “ata-ata” deyərək zarıyırdı... Birdən Mansur hiss elədi ki, elə bil ürəyi yerindən çıxacaq. Gözləri qaraldı. Yerə yıxıldı...

O, gözlərini açanda özünü xəstəxanada gördü. Deməli, onu kimsə xəstəxanaya gətirmişdi. Sonra müəyyənləşdirdi ki, bir nəfər sürücü onun yol kənarında yıxılıb qaldığını görüb, əvvəl elə fikirləşib ki, bu oğlanı maşın vurub. Amma görüb ki, sağdır və təcili xəstəxanaya aparıb. Xəstəxanada müəyynləşdiriblər ki, Mansurun sağlamlığı pis deyil. Amma qanda şəkər dozası çoxdur.

O, üç gün xəstəxanada qalandan sonra oradan çıxdı. İş yerinə gəldi. İş yerində artıq bilirdilər ki, Mansur xəstəxanadadır. Çünki o, xəstəxanadan iş yerinə zəng vurdurub dedmişdi. Onu da öyrəndi ki, Marinanın anası dünən gəlib, qızını işdən çıxartdırıb. Deyib ki, ərinin yanına gedəcək. Sevindi ki, Marina sağdır. Artıq Mansur üçün də burada işləmək maraqlı deyildi. Çünki o, xəstəxanada olanda qəti qərara gəlmişdi ki, yenidən rayona qayıtsın. Xəstəxanada olduğu üç gün müddətində həmin iniltili uşaq səsi qulaqlarından getmirdi. Bu səs elə vahiməli bir səsə çevrilirdi ki, Mansur az qalırdı dəli olsun...

Hər gün işdən sonra iş yoldaşları oturub yeyib-içirdilər. Mansur buna çox pis baxırdı. Amma bu gün fikrini dağıtmaq və Marinanı, uşağını unutmaq üçün onlarla bir yerdə oturmağa məcbur oldu, hətta spirtli içki də içdi. Ömründə spirtli içki qəbul etməyən Mansuru yüz qaram araq möhkəm tutdu. Yoldaşları nə qədər eləsələr də, Mansur evə getmədi və iş yerində yatıb qaldı. Amma çox maraqlıdır ki, həmin axşam daha uşağın zarıltısını eşitmədi. Səhəri gün ərizə yazıb, müdirə verdi ki, rayona qayıtmaq istəyir. Müdir razılaşdı ki, onun yerinə yaxşı aşbaz tapan kimi onu işdən azad edəcəklər. O, axşam işdən çıxandan sonra Marinagilin evlərinin yanında düşdü. Kənardan onların evlərinə baxdı. Həyətlərində heç kim yox idi. Evlərində işıq yanırdı. Bu vaxt Mansur yenidən həmin uşaq zarıltısını eşitdi. Bu səs evdən yox, haradansa uzaqdan onun qulaqlarına gəlirdi. Sonra Valentina Vasilyevnanın taxta qutunu ona sarı atması və uşağın qutudan yerə düşməsi səhnəsi və daha vahiməli zarıltı səsi gözlər qarşısında canlandı. Tez oradan uzaqlaşdı. Yeyin addımlarla yaşadığı evə doğru getməyə başladı. Uşaq zarıltısı elə bil onu qarabaqara izləyir, gah artır, gah da azalırdı...

Mansurun yadına düşdü ki, dünən axşam spirtli içki içəndən sonra həmin səsi daha eşitmədi. Evlərinin yanındakı dükandan bir araq aldı və evə gəldi. Həmin araqdan stəkana yüz qram süzüb, ac qarına içdi. Heç beş dəqiqə keçməmiş səs artıq kəsildi. Mansurun çörək yeməyə iştahası yox idi. O, elə paltralı yerinə uzandı. Tez də yuxuya getdi...

Həmin gecə Mansur gedəndən yarım saat sonra uşaq öldü. Valentina Vasilyevna uşağı qutuya qoyub, evlərindən bir kilometr aralıda olan zibil yeşikləri qoyulan yerə gəldi. Artıq gecə saat iki idi. Heç kim yox idi. Valentina Vasilyevna qutunu böyük, dəmir zibil qabına qoydu və başqa zibillərdən də həmin qutunun üstünə tökdü ki, səhər zibilləri aparanda qutunu görməsinlər. Sonra ətrafa bir də diqqətlə baxdı ki, kənardan onu görən yoxdur ki. Valentina Vasilyevna tutduğu bu işdən çox peşman idi. Ona görə də hönkürtü ilə ağlayaraq Allaha yalvarırdı ki, onun günahından keşsin. Axı o, bunu yalnız qızının xoşbəxtliyi və nəsillərinin biabır olmaması üçün eləmişdi. Eyni zamanda Mansura qarşı elədiyi kopud hərəkətindən də peşmançılıq çəkirdi. Çünki günahın çoxunu o, Mansurda yox, öz qızında görürdü. Allaha yalvarırırdı ki, təki qızı salamat qalsın. O, evə gələndə gördü ki, Marina ayılıb. Buna sevindi. Həmin gecə Valentina Vasilyevna səhərə qədər yatmayıb, qızına qulluq elədi. Marinanın vəziyyəti bir qədər yaxşılaşdı. O, eşidəndə ki, doğduğu uşaq ölüb və anası aparıb onu zibil qabına qoyub, yenidən için-için və sonra hönkürtü ilə ağladı. Bu ağlamaq bir növ qadın hönkürtülü harayı təsirini bağışlayırdı. Doğuş səhnəsi Marinanın yadına düşdükcə sanki yenidən nəfəsi daralırdı...

İki gündən sonra Marinanın vəziyyəti bir qədər yaxşılaşdı. İş yoldaşlarından öyrəndi ki, Mansur xəstəxanadadır. Amma xəstəxanaya niyə düşdüyünü öyrənə bilmədi. Sonra öyrəndi ki, Mansur işə gəlib, amma həmin gecə içki içib və iş yerində qalıb. Marina elədiyi hərəkətə görə peşman idi. Axı o, uşağı elə iki aylığında abort elətdirə bilərdi və bunu nə anası, nə də Mansur bilməzdi. O, özünü günahkar sayıdı. Altı aylığından keçmiş dünyaya gələn qızının ölümünə görə özünü bağışlaya bilmirdi. Bütün bunları fikirləşdikcə Marinanın başına hava gəlirdi...

Mansur artıq rayona qayıtmışdı. Marina da əri ilə Tümenə getmişdi. Amma Mansur demək olar ki, hər gün araq içirdi. İçəndən sonra elə bil ki, həmin uşağın vahiməli iniltisnin eşitmirdi. Evdəkilər və Gülzar onun içki içməsinə iradlarını bildirsələr də xeyri yox idi. Ona görə də belə qərara gəldilər ki, toyu tezləşdirsinlər və bəlkə bundan sonra Mansur daha içki qəbul eləməz...

Toy mağarı Mansurgilin həyətində qurulmuşdu. Həmin gün Mansur Gülzarla gəlin maşınında, arxada oturmuşdular. Maşınlar bir-birinin bəhsinə bərk şütüyür və əcaib-qəraib səslər çıxarırdılar. Mansur artıq Gülzargilə gedənə qədər içki içmişdi. Bunu Gülzar hiss edirdi. O, Mansurun bu hərəkətindən çox narazı idi və fikirləşirdi ki, onu bu yoldan döndərmək mümkün olmayacaq. Ona görə də, bu toya sevinməkdənsə daha çox qəmli idi və ağlayırdı...

Bu vaxt arxadan gələn toy maşınlarından biri gəlin maşınına çırpıldı və gəlin maşınını sürən sürücü rolu əində saxlaya bilməyib, böyürdən gələn başqa maşına vurdu. Maşınlarda olanlar tez düşüb, bu maşınlarda olanları çıxardılar. Adamların hamısı yaralanmışdı. Amma Gülzarın boyun damarı qırıldığından o, yerindəcə keçinmişdi. Mansurun ayaqları sınmışdı. Dəhşətli dərəcədə zarıyırdı. Həmin gün toy yasa çevrildi. Rayon xəstəxanasında məsləhət bildilər ki, Mansuru Sumqayıta Travmatologiya Xəstəxanasına, məşhur həkim Yelizarovun tələbəsi Cəbrayıl Əlinağızadənin yanına aparsınlar. Onu Sumqayıta gətirdilər. Ayağının birini dizdən aşağı kəsdilər. Digər ayağını sağaltdılar. Mansur yenidən rayona qayıtdı. Xəstəxanada olduğu müddətdə yenə də tez-tez qulağına həmin uşağın zarıltısı gəlirdi. Həkimindən xəbərsiz araq içirdi ki, bu zarıltını eşitməsin...

Marina istəməsə də anasının təkidilə əri Valentinlə Tümenə getmişdi. Artıq onun Valentinə qarşı heç bir sevgisi yox idi. O, Mansuru sevirdi. Bütün baş verən hadisələrdən sonra da onu daha çox sevirdi. Artıq bir həftə olardı ki, Tümendə idi. Sanki ürəyi patlayırdı. Fikirləşirdi ki, Azərbaycanda, Bakıda olsaydı, Mansurdan bir xəbər bilərdi. Həm də uşağın ölümündən sonra onun elə bil ki, başına hava gəlmişdi. Mağazadan çörək almağa gedəndə fikir verməyib düşüncələr içərisində qırmızı işıqda yolu keçərkən qarşıdan gələn maşın Marinanı vurur. Sürücü onu tez maşına qoyub, xəstəxanaya aparan zaman o, elə yolda keçindi...

Valentina Vasiliyevna Valentindən qızının öldüyü xəbərini teleqarm vasitəsilə alanda dəhşətə gəldi. Çox hönkürdü. Fikri var idi ki, Tümenə getsin. İşdən icazə alıb, evə gəldi. Fikirləşirdi ki, səhəri günü gedib qatara bilet alsın. Axşam qonşular ona təsəlli verməyə gəlmişdilər. Gecə saat ikidə getdilər. Valentina Vasilyevan heç cürə yata bilmirdi. Saat neçədə yuxuya getdiyini bilmədi. Onların evi taxtadan idi. Elektrik naqilləri də çox köhnəlmişdi. Gecə qısa qapanma baş verdi və ev tez də alışıb yandı. Qonşular və Yanğın Söndürmə idarəsindən adamlar köməyə gəlirlər. Alov elə şiddətli idi ki, Valentina Vasilyevnanı oradan çıxarmaq mümkün olmadı. O, qışqıra-qışqıra evdə yandı...

Mansur beş il idi ki, ailə qurmurdu. Artıq Qarabağ hadisələri başlamışdı. Mansurgilin rayonu ermənilərlə sərhəddə olduğundan tez-tez atışma baş verirdi. Axır ki, valideynlərinin təkidi ilə Mansuru kənddə əri ölmüş bir qadınla evləndirirlər. O, işkidən yenə də ayrıla bilmirdi. Toydan üç gün sonra çox dəhşətli hasisə baş verdi. Günün günorta çağı, hamı süfrəyə əyləşib çörək yedikləri vaxt ermənilər tərəfindən atılan bir mərmi düz Mansurgilin evlərinin üstünə düşüb, evi bütövlükdə dağıtdı. Mansurun anası, atası, yenicə ailə qurduğu qadın elə yerindəcə keçindilər. Amma Mansurun ailə qurduğu qadının özü ilə gətirdiyi qız uşağı və Mansur sağ qaldılar. Bu dəhşətli hadisədən sonra Mansur daha kənddə yaşamayıb, həmin uşaqla Bakıya gəldi. Az bir zamanda onların kəndi ermənilər tərəfindən işğal olundu və bütün qohumları Bakıya, Sumqayıta və digər bölgələrə pənah gətirdilər. Mansur Bakıda əvvəlcə kirayə ev tutdu. Qohumları Bakıya gələndən sonra onlarla birlikdə Mərdəkandakı İstirahət - Sağlamlıq Mərkəzlərindən birində yerləşdilər. Uşağa Mansurun bacısı baxırdı. Mansur yenə aşbaz işləyərək, əri Qarabağ müharibəsində şəhid olan bacısını və onun iki körpəsini də saxlayırdı...

Mansur 55 yaşını iş yerində qeyd etdiyi vaxt infakrt keçirdi və onu xəstəxanaya gətirdilər...

O, indi burada həyatının əzablı anlarını kino lenti kimi yadına salıb, acı-acı ağlayırdı. İki gün idi ki, ona spirtli ikçki qəbul etməyə icazə vermirdilər və həmin vahiməli səs onu yenə də rahat buraxmırdı. Bu səs Mansurun iliyinə qədər

işlədiyindən həkimdən xahiş edirdi ki, tez yatmaq və həmin səsi eşitməmək üçün ona ən güclü ağrıkəsici vursun. Dəhşətli hal o idi ki, Mansur yata bilmirdi... Artıq gecə saat üç idi. Reanimasiyada olan üç xəstə yatmışdı. Tibb bacısı da oturduğu yerdə mürgüləyirdi. Mansur birdən ürəyində çox şiddətli ağrılar hiss elədi. Elə bil ki, kürəyindən kimsə çəkiclə vururdu. Ona birdən-birə soyuq tər gəldi. O, yalnız bu sözləri deyə bildi:

-Kömək elə...yin...

Tibb bacısı tez ona yaxınlaşdı. Növbətçi kardioloq həkimi çağırdı... Həkim gəlib onun nəbzini yoxladı. Artıq onun ürəyi dayanmışdı. Döyünmürdü.

Mansurun ürəyini işlətmək üçün toka qoşurlar. Heç bir köməyi olmadı. Çünki o, artıq keçinmişdi və ağzından qan gəlirdi. Ürəyinin damarları partlamışdı...

Həmin vahiməli uşaq səsi indi elə bil ki, reanimasiya otağının divarlarına dəyib, böyük əks-səda verirdi...

Sumqayıt şəhəri,

03-05 Avqust, 2020-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə