HÜMBƏT HƏSƏNOĞLU
Boğulurdum. Sudan çıxarılmış balıq kimi ağzımı geniş açıb- yumurdum. Hava okeanının dibində bircə nəfəs ehtiyacından çabalayırdım. Son eşitdiyim:- Aparata qoşun, səsi oldu. Digər bir səs, pıçıltı ilə: - Bu çox qalmaz! Huşumu itirdim. Hər tərəf qar idi. Soyuq külək əsirdi. Ayağımı basdığım yer hərəkət edirdi. Bu nədir? Mən buzun üstündə idim. Buz hər ayağımı qoyduqca çatlayır, qəribə səslər ətrafa yayılırdı. Mən gölün, ya da çayın buz bağlamış üzərində olduğumu dərk etdim. Çatlar çoxaldığından ayağımın yerini tez- tez dəyişməyə çalışırdım. Sürüşə-sürüşə yerimi dəyişəndə çatların az əmələ gəldiyini görüb sürüşməyə davam etdim. Sürüşmək hissindən məmnunluq duydum. Sürüşür, dərindən və ləzzətlə nəfəs alırdım. Sürüşməkdən yorğunluq hissim yaranmırdı, əksinə özümü çox yaxşı hiss edirdim. Haraya getdiyimin fərqində deyildim. Belə sürüşə-sürüşə ömrüm boyu yaşamağa hazır idim. Başımı göyə qaldırıb tutqun günəşi gördüm. Dayanıb ona baxmaq istədim. Günəş tutqun olsa da, ətrafında göy qurşağının bütün rəngləri öz təbii ardıcıllığı ilə düzülmüşdü. Bu ardıcıllığı yadda saxlamaq üsulunu mənə nənəm öyrətmişdi: “Qarı nənə saçlarını yuyanda mavi göyə bənzəyir”. Bu cümləni yadda saxlasan, göy qurşağının rənglərinin ardıcıllığı heç vaxt yadından çıxmaz”, - demişdi. Cümləni bəyənmişdim, çünki orada nənəm də vardı. Qarı-qırmızı, nənə-narıncı, saçlarını- sarı, yuyanda- yaşıl, mavi- mavi, göyə-göy, bənzəyir-bənövşəyi. Bu gözəlliyə məftunluqla baxanda buz ayağımın altında qəfil yox oldu və mən guppultu ilə suya düşdüm. Su çöx soyuq idi. İlk olaraq əynimdəki paltarı çıxartmaq qərarına gəldim. Kürkdə olduğumu suda anladım, bu ağır kürk məni aşağı dartırdı. Çətinliklə də olsa kürkü çıxarıb düşdüyüm deşiyi görmək istədim. Yuxarıdakı mənzərə eyni rəngdə idi, görünür su axını məni düşdüyüm dəlikdən uzaqlaşdırmışdı. Yadıma düşdü ki, buz bağlamış su hövzələrində buz qatı ilə su qatı arasında nazik hava təbəqəsi olur. Bu mənim yeganə ümidim ola bilirdi. Mən burnumu buzun altına dayadım. Hə,burada hava var idi, acgözlüklə havanı burnuma çəkməyə başladım. Bir azdan ağzımı da qaldırıb soyuq buza söykədim, indi həm burnum, həm də ağzım ilə nəfəs ala bilirdim. Bunu çox da rahat edə bilmirdim, çünki buza dəyən xlrda su ləpələri hərdən ağzıma da, burnuma da dolurdu. Amma bu su-hava qarışığının içindən havanı tuta bilirdim, üzgüçülük vərdişlərim karıma gəlirdi. Aldığım hava bir qədər yaşamaq şansı verirdi. Amma mən mütləq suya düşdüyüm yeri tapmalı idim. Bunun üçün mən “buz səmasında” fərqli işıqlı yeri tapmalı idim. Niyəsə buz səmasını koronaviruslu xəstələrin ağ ciyərlərində rentgendə görünən “ buzlu şüşə” effektinə bənzətdim. Ağ ciyərlərimə hava yığıb suyun dibinə tərəf baş vurdum, yalnız oradan yuxarı geniş bucaq altında baxa bilərdim.
Belə də etdim. Bütün “səma” eyni rəngdə idi, fərqli ola bilən heç bir işıqlı ləkə gözümə dəymədi. Yenə buzun altına qayıdıb yavaş-yavaş yenidən nəfəs almağa başladım. Buz kimi soyuq suda oduğumdan artıq bədənimi hiss etmirdim, əllərim tam keyləşmişdi. Yuxum gəldi, çox şirin bir yuxu. Bədənim tədricən rahatlığa qərq olurdu. Yuxunun bu qədər ləzzətli olacağını heç düşünməmişdim. Fikirləşdim ki, bir az yatıb dincələrəm, sonra yeni güclə düşdüyüm deşiyi axtararam. Daha yuxuma müqavimət göstərmək iqtidarında deyildim. Gözlərimi bağlayıb tam süstləşdim. Xoşbəxtlik varsa , o, məhz belə olurmuş, düşündüm... Öz gözəl fikrimə gülümsəmək istəsəm də donmuş sifətimdə bir əzələ də tərpənmədi. Birdən səs eşitdim, bu səslə buzun soyuqluğunu təzədən hiss etdim, ayılmış kimi oldum. Səs yaxından gəlirdi. Bütün vücudum tək bir qulağa çevrildi. Səs çox doğma idi. Bu nənəmin səsi idi; “bala sağ tərəfə gəl”. Mən, sağ tərəfimi yada salmaqçün sağ əlimi tərpətdim, deməli, bu tərəfə. Sağa nənəmin səsi gələn tərəfə burnumu buzdan ayırmayaraq yavaş-yavaş hərəkət etdim. Anidən gözlərimə işıq düşdü, buranın buz qatında boşluq olduğunu anladım. Bütün gücümü toparlayıb buzun üstünə çıxdım. Ətrafda heç nə yox idi, qırağı göy qurşağı ilə halqalanmış günəşdən başqa. Yenə səslər eşitdim. Yad səslər idi: - Bu deyəsən, qayıda bildi... Gözlərimi açıb palatanın ağ tavanını gördüm. Tavandakı lampanın ətrafında da göy qurşağının rəngləri öz ardıcıllığı ilə düzülmüşdü, elə nənəm dediyi kimi...
Sumqayıt şəhəri
İyul- 2020- ci il
Bütün xəbərlər Facebook səhifəmizdə