AĞALAR İDRİSOĞLU
Əməkdar incəsənət xadimi
(Məşhur rus yazıçısı Anton Pavloviç Çexovun əziz xatirəsinə ithaf edirəm)
Gündüz günəşin təbiətə verdiyi “isti payından” bir hissəsi qara, boz qayaların, dağların payına düşmüşdü. İndi onlar böyük sevinclə bu lazımsız payı gecəyə qaytarırdılar. Bu da sakit havanı çox bürkülü edir, nəfəs almağı çətinləşdirirdi...
Elə bu bürkülü havada şəhərdən yenicə ayrılan bir yekə avtobus tək projektoru ilə qaranlığı yararaq, nərildəyə-nərildəyə şəhərin mərkəzindən qəsəbələrdən birinə tələsirdi. Uzaqdan baxanda elə bilirdin ki, avtobus bu dəqiqə böyrü üstə aşacaq. Çünki içəridə yer olmadığından sərnişinlərdən bir neçəsi vedrə mancanaqdan sallanan kimi qapıdan sallanıb avtobusu özlərinə tərəf əymişdilər. Avtobusun içində isə maraqlı bir tamaşa gedirdi....
Sürücü yanında oturan qadına məhəbbət qəzəli oxuyur, qadınsa bundan feyziyab olub gülümsünür, oturduğu yerdə yayxanırdı.
Arxa sırada oturan sərnişinlərdən biri gözlərini qıyaraq sifətini gülümsəyən adamın vəziyyətinə salmışdı. Və onun qıyıq gözləri yanında oturan yeniyetmə qıza dikilmişdi. Hərdən də qıza nə isə deyib, bic-bic gülümsünür və tez-tez dili ilə dodaqlarını yalayırdı...
Kişinin bu hərəkəti, deyəsən, qızın xoşuna gəlmirdi. Çünki qız hərdən qaşqabaqlı nəzərlə şıq geyinmiş bu şəxsi süzür və yenə də başını çevirib, pəncərədən bayıra baxırdı. Ancaq kişi qızın bu baxışlarını naz eləmək kimi başa düşürdü. Lakin bu naz eləyənin – “barı yaşınızdan utanın. Qızınız yaşında bir adama məhəbbətdən dəm vurursunuz”, - deməsi kişiyə təsir elədi. Deyəsən o, bir qədər utanan və qızaran kimi də oldu. İstər-istəməz özünü yığışdırdı. Yavaş-yavaş başını yana çevirib, sonra da yuxarı qaldırdı ki, görsün ona baxan var, ya yox. Ancaq bu sözləri sərnişinlərdən eşidən olsa da, ona baxan, fikir verən yox idi. Çünki, hərə öz işindəydi... Ailə, millət, Vətən, torpaq qeybətindən tutmuş siyasətə kimi. Siyasətdən tutmuş lap Allahın özünə kimi söhbət gedirdi avtobusda. Hərə bir rol oynayırdı... Hamı ağlını, savadını, biliyini nümayiş etdirirdi. Yaxşı deyiblər ki, insanlar həyatda hər şeydən giley eləsələr də, amma ağlından heç kim giley eləmir. Ancaq iki sərnişinin söhbəti başqalarından tamam fərqlənirdi. Onlardan biri arıq, balacaboy, bığlı, o biri isə kök, ucaboy, bığsız, ikisi də qarayanız idi.
Dayanacaqlarda avtobusa minən sərnişinlər ilk dəfə onlara nəzər yetirirdi. Çünki onlar çox bərkdən danışır, mənasız şeylərə gülürdülər. Onlar bir adam haqqında danışdıqları söhbəti qurtarmamış, başqa birisinə keçirdilər. Bu söhbətlərində də ya həmin adamlara lağ edir, ya da danışıqlarını, hərəkətlərini yamsılayırdılar. Bəzən özləri haqqında da danışırdılar. Tez-tez özlərini tərifləyirdilər. Tərifləri də bundan ibarət olurdu - ya hansı qızasa sataşdıqlarını deyir, ya da hansı oğlanısa döydüklərini dil qəfəsə qoymadan danışırdılar.
Hərdən, ya ikisi birdən, ya da tək-tək başlarını qaldırıb kinayəli baxışla yanlarında ayaq üstə duran ağ saçlı qadına və müharibə əlili olan kişiyə baxırdılar. Bir sözlə, bu iki cavan, arıq və kök avtobusda gedən tamaşanın baş qəhrəmanları, aparıcı aktyorları idilər.
Avtobus döngəni dönən zaman az qaldı ki, qarşıdan gələn maşınla toqquşsun. Amma qarşıdan gələn maşının sürücüsü cəld rulu sağa burdu. Avtobusun sürücüsü də böyük çətinliklə rulu sağa hərəkət etdirdi. Əyləci basıb maşını saxladı. Əgər bir qədər də gec tərpənsəydi, yəqin maşın yolun kənarındakı neft tullantılarından yaranmış bataqlığa düşəcəkdi və böyrü üstə aşacaqdı. İynə atsaydın yerə düşməyən bu avtobusdakı sərnişinlərin çoxusu şil-küt olacaq və hətta ölənlər də olacaqdı...
Təhlükə sovuşdu. Sürücünün yanında oturan qadın əlindəki dəsmalla, onun alnının tərini sildi. Təsvişdən sərnişinlərin arasına çaxnaşma düşdü. Çoxu canının qorxusundan haray-həşir qopardılar...
Bayaqkı iki cavan sərnişindən küncdə əyləşən arıq, donuz səsinə oxşar böyürtü ilə sağa hərəkət elədi. Qıraq tərəfdə əyləşən kök də civiltili səsini çıxarıb o istiqamətə atıldı. Az qaldı ki, ayaq üstə duran ağ saçlı qadını yıxsın. Sərnişinlərdən biri tez əlini uzadıb arvadı tutdu. Yaşlı arvadın əlində tutduğu zənbildəki qablar bir-birinə dəyib taqqıldadı. Arvad tez əlini zənbilə salıb qablardakı yeməkləri yoxladı. Deyəsən, yeməklərdən biri dağılmışdı. O, kinayəli nəzərlə oğlanı süzdü:
- Ay bala, bir az yavaş. Nə qorxursan?
Kök oğlan arvaddan üzr istəmək istəyirdi ki, arıq cavanın səsi eşidildi. O, zürafə kimi boynunu irəli uzadaraq, hətta qadını borclu da çıxardı:
- Canın çıxsın, evində otur. Bir ayağın gordadı, biri burda. Axşamın bu vaxtı sənin avtobusda nə ölümün, hə?
- Bala, danışığını bil. Xəstəxanaya oğlumun yanına gedirəm.
Arıq sifətini turşudub, nə isə pis söz demək istəyirdi ki, o biri dostu onun sözünü kəsdi.
- Əəə, işin olmasın. İtə oxşayana da baş qoşacaqsan?
Bu söhbətə qulaq asan və ayaq üstə duran yaşlı kişi özünü saxlaya bilməyib, dilləndi:
-Mərhəba! Bu sözləri sənə atan öyrədib, ya anan?
Arığın zürafə boynu yenə irəli uzandı.
- Sən səsini kəs! Səninlə danışmırıq. Sənə aid olmayan işə burnunu soxma.
- Əhsən sənin tərbiyənə...
- Bəxtin gətirdi ki, yaşlısan. Cavan olsaydın yaxşı dərsini verərdik, - deyə arıq ayağa durub, boynunu bir az da irəli uzatdı.
- Döyəcəksən məni, küçük, - deyə kişi onun üstünə çımxırdı.
- Səni Allah döyüb də. Gör nəyə oxşayırsan... Sadəcə dilini bir az kəsmək lazımdı. Çünki çox uzundu.
- Sənin kimi küçüklərin dilini mən müharibədə, 1941-45-ci illərdə, çox kəsmişəm...
- Ay sənin belə lap..., - deyə kök oğlan qocaya biədəb söyüş söydü. Və ayağa durub qabağa dartındı ki, onu vursun. Zürafə boyun arıq da söyüşlə qabağa, qocaya sarı hərəkət eləmək istədi. Lakin sərnişinlər onlara imkan vermədi.
Bu zaman avtobus dayanacaqda dayandı. Onlar deyinə-deyinə bəzi sərnişinlərin gülümsər, bəzilərinin isə kinayəli baxışları altında avtobusdan düşdülər. Avtobus isə yoluna davam elədi.
İndi isə onlar qoca kişi ilə qadının ardınca deyinməyə başladılar...
Bu vaxt küçənin qaranlıq yerində qışqırtı qopdu.
- Kömək edin! Kömək edin!..
Səs gələn tərəfə baxdılar. Orada iki nəfər bir nəfəri döyürdü. Bu mənzərə onların xoşuna gəldi. Dayanıb uzaqdan tamaşa eləməyə başladılar. Və təsəvvür elədilər ki, onlar da qocanı döyürlər…
Arxadan gələn bir şəxs kinayəli nəzərlə onları süzdü:
- Ay cavanlar, nə durub baxırsız? Görmürsüz yazığı öldürürlər?! Ayırın də?!
Cavanların tərpənmədiyini görüb, özü dalaşanların yanına qaçıb onları ayırmağa çalışdı. Kök də istədi gedib onları ayırmağa kömək eləsin. Ancaq arıq onun qolundan tutub dedi:
- Əşi, işin olmasın. Yəqin bir zibili var ki, döyürlər də. Bayaq görmədin avtobusdakı meymunu. Belələrinə hələ bu da azdı...
Onlar evlərinə tərəf getməyə başladılar.
Həmin vaxt yaşlı kişi yeniyetməni döyən gənclərdən birini tutub kənara çəkmək istədi. Döyülən oğlan bündan istifadə edərək kişinin tutduğu oğlana qüvvətli bir yumruq vurdu. Sifətinə dəyən bu zərbədən oğlan hirslənərək, cəld kişinin əlindən çıxdı. Yeniyetməyə sarı hərəkət elədi. Sağ əlini cibinə salıb tez də çıxartdı. Yeniyetmə qaçmaq istədi. Ancaq kürəyindən dəyən zərbə onu yerə yıxdı. Kürəklərini bir-birinə sıxaraq tozlu asfaltın üstündə çapalamağa başladı.
Əlində qanlı bıçaq tutan oğlan bircə an heç nə hiss eləmədi. Sonra onu elə bil ilan sancdı. Əlində tutduğu bıçaq yerə düşdü. O, gözlərini geniş açaraq, dəhşətli qışqırtı ilə geri çəkilməyə başladı:
- Vay... Mən neynədim...
Qaçmaq istədi. Kişi cəld irəli atılıb onu tutdu.
- Aradan çıxmaq istəyirsən? Yox, bu baş tutmayacaq! Kömək edin, ay camaat, - deyə kişi var səsi ilə qışqırdı.
Yoldaşının dara düşdüyünü görən o biri oğlan cəld ağacların arasına girib görünməz oldu.
Uzaqdan bu mənzərəni seyr eləyən arıq da öz növbəsində dostunu dümsüklədi.
- Gəl, biz də qaçaq. Yoxsa, ağrımaz başımızı ağrıdarıq. Qabaqda “itlərin” idarəsi var. İndi eşidən kimi tökülüşüb gələcəklər. Başlayacaqlar hamını sorğu-suala.
- Hə, düz deyirsən.
Onlar iti sürətlə hadisə yerindən uzaqlaşdılar.
Kişinin səsinə bura adamlar toplaşmağa başladı. Dostlar isə artıq hadisə yerindən çox uzaqda idilər. Xəlvət küçələrdən biri ilə hərəkət edir, heç bir şey olmamış kimi deyib-gülürdülər. İndi isə söhbət bu haqda gedirdi.
- Mən belə cəld adam görməmişəm. Arıq onun sözünə qüvvət verərək:
- Gördün, bıçağı onun kürəyinə necə dürtdü. Lap ildırım sürəti ilə.
- O zalım oğlu da elə qışqırır ki, elə bil dərisini soyurlar.
- Amma yaxşı ki, aradan çıxdıq. Yoxsa, bir də get itxanaya, kiməsə şahid ol. Nə var, nə var filankəs filankəsi öldürüb. Əşi, cəhənnəmə öldürüb, gora öldürüb. Bizə nə var?
- Hə də, bizə nə. Elə bu dünyanın dərdi bizə qalıb?.. Onlar sarı rəngli qapının yanında dayandılar. Sonra “Çao” deyib ayrıldılar. Kök oğlan dörd tərəfı hasara alınmış həyətə girdi. Həyətdən isə bu sözləri qışqırdı:
- Sabah gəl, yenə gəzməyə gedək. Bəlkə yenə bir maraqlı hadisənin şahidi olub, keyf elədik.
Yolun o biri tərəfindəki qapıya yaxınlaşan arıq, kök oğlanın cırcırama səsini eşidərək dayandı. O da öz növbəsində donuz səsinə oxşar səsini çıxartdı:
- Mütləq gələrəm... Ölmürəm keyf üçün...
Ayağı ilə dəmir qapını itələyib açdı. Həyətə keçib, qapını örtmək istəyirdi ki, gülüşlə qarışıq, çox ucadan səslənən nalayiq söyüş eşitdi. Diksindi. Çevrilib səs gələn tərəfə baxdı. Eyvanda oturan atası ilə dostu kökün atasını gördü. Nərd oynayırdılar. Həmişəki kimi bu gün də alverdən qazandıqları pulu nərd taxtasının altına qoymuşdular. Biri o birinə sübut eləmək istəyirdi ki, şeş-çahar yox, şeş-qoşa atıb. Buna görə də hirslənir, yanlarında oturan qadına və uşaqlara əhəmiyyət verməyərək iyrənc söyüşlər söyürdülər. Arıq onlara fikir verməyib mətbəxə keçdi. Çünki o, atası ilə dostunun atasının belə “səhnələrini” hər gün eşidirdi, görürdü. Öyrəncəli idi. Çörəyini yeyib atası ilə dostu kök oğlanın atasının butulkanın dibində onun üçün saxladıqları arağı içdi. Gedib yerinə uzandı. Axı o, dostuna söz vermişdi ki, sabah yenə maraqlı bir hadisənin şahidi olmaqçün gəzməyə çıxacaqdılar. Ona görə də tez yatmalı idi ki, sabah günortaya kimi oyana bilsin.
Kök oğlan isə həyətlərinə girəndə anasının evin gün batan tərəfindəki ağacların arasından çıxıb, ona doğru gəldiyini gördü. Anasının sifəti qıpqırmızı qızarmış, saçı pırtlaşmışdı. O, hirsli görünürdü. Deyəsən, oğlunun səsi onu məşuqunun nəvazişindən vaxtından tez ayırmışdı. Ona görə ağzından çıxanı oğluna dedi. Oğul da borclu qalmadı... Sonra evə girib, paltarını çıxartmadan yoğun bədənini çarpayıya yıxdı. Üstünə düşən yükün ağırlığından çarpayının yayları ətürpədici bir səslə dartıldı. Elə bil yaylar da üstlərinə düşən bu ağırlıqdan bezmişdi.
Mədinə xanım isə hələ də deyinirdi:
- ... Bir bunun forsuna bax. Görüm sizi sağır qalasız. Guya atanız batmışdan artıq olacaqsız? Nərd oynamaqdan başqa heç nə bilmir... Belə də kişi olar?.. Bilmir arvad hardadı, uşaqlar harda... Kiçiyi sağır qalmış hələ də küçədə veyillənir. Gəlib zəhərini də yemək istəmir. Görüm sizi atalı balalı yox olasız. Barı mən də sizdən sonra bir xoş gün görərdim... Siz…
Bu vaxt küçə qapısını kimsə var qüvvəsi ilə döyməyə başladı:
- Mədinə xala, Mədinə xala...
Mədinə söyüşünü yarımçıq kəsib, küçə qapısına yaxınlaşıb açdı. Qonşuları Fatma arvadın oğlu idi. Uşaq bərk qaçdığından tez-tez nəfəs alaraq, tövşüyürdü. O, əllərini, ayaqlarını oynadaraq nə isə demək istəyir, ancaq deyə bilmirdi.
- Nə olub, ay uşaq, nöş belə həyəcanlısan?
- Burda... irəlidəki küçədə... Kamranı... Kamranı bıçaqlayıblar. Kamran ölüb...
Bu sözlər elə bil top səsi olub arvadın qulağının dibində partladı. O, qorxaraq geri çəkildi. Gözlərini geniş açaraq, təşvişlə dilləndi:
- Necə?.. Harada?..
- Bağın yanında. Apardılar xəstəxanaya. Deyirlər ki, Kamran oğlanlardan birinin cibindən pul götürübmüş.
- Vay... Evim yıxıldı! Bu nə işdi düşdüm, ay Allah?! - deyə Mədinə vahiməli səslə qışqırdı. Allah evini yıxsın, Nəcəf! Yurdun dağılsın, Nəcəf. Necə ki, dağılır, Nəcəf!.. O bıçaqla gərək səni vuraydılar ki, pyanskalığdan, qumarbazlığdan, nərddən başın ayılaydı, heç olmasa bu uşaqlara bir tərbiyə verəydin. Bunları da özün kimi avara, biqeyrət, oğru böyütməyəydin... Nəcəf!...
Mədinənin bu sözlərini və haray-həşirini eşidən Nəcəf nərd oynayan dostu ilə tez küçəyə çıxdı. Qonşular da səsə yığışdılar...
Kök oğlan da evdən bayıra çıxdı ki, görsün anası niyə belə qulun kimi qışqırır. Haray çəkir.
Həyət qapısının yanına çoxlu adam toplaşmışdı. Tez-tez də “bıçaq”, “ölüm”, “xəstəxana” kimi sözlər eşidilirdi. O, maraqla pilləkəndən yerə düşüb həyət qapısına yaxınlaşdı.
Xəbər gətirən oğlan yenə də əvvəlki sözləri təkrar edirdi. Bu sözləri eşidəndə kok oğlan durduğu yerdə mıxlanıb qaldı. Bayaq gördüyü mənzərə gözləri qarşısında canlandı: “Bağın kənarı, işıqları aylarla yanmayan telefon dirəyinin yanı. İki pəzəvəng oğlanın bir cılız uşağı döyməsi, sonra...”
- Deməli, bu mənim qardaşım Kamran imiş...
... Tamam ayıldı. Bədəni süstləşdi. Qıçları bədəninin ağırlığını saxlaya bilməyib bükülməyə başladı.
Birdən adamlardan ayrılıb ona yaxınlaşan arıq dostu gözlərinə sataşdı. Hamıdan çox sevdiyi bu arıq dostu indi onun üçün ən iyrənc bir adam, düşmən idi...
Kök oğlan ildırım sürətilə irəli atılıb kobud barmaqları ilə onun zürafə boğazından yapışdı. Bir göz qırpımında arığı yerə yıxıb boğmağa başladı. Sərf elədiyi qüvvədən eybəcər şəklə düşmüş ağzından bu sözlər tökülürdü:
- Sən... sən... təq...sssirr...karr...san!
Əgər camaat onları ayırmasaydı, yəqin ki, arıq oğlan o dünyalıq olacaqdı... Daha doğrusu kök oğlan onu boğacaqdı...
Bakı şəhəri
Yanvar 1972-ci il
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB