AĞALAR İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Baharı Təcili Tibbi Yardım Stanisyasının həkimləri koronavirus xəstəliyindən şübhələnərək xəstəxanaya gətirmişdilər. Vəziyyəti ağır idi. Hərarəti qırxı keçmişdi. Çox çətinliklə nəfəs alırdı. Sanki boğulurdu. Sümükləri elə möhkəm ağrıyırdı ki, elə bil küt bıçaqla kəsirdilər. Bədəninin ağrısından özünə yer tapa bilmirdi Bahar. Onunla heç kim gələ bilməmişdi. Çünki Baharla qalan qaynanası da evdə iflic xəstəsi kimi yatırdı. Sol əli, sol ayağı yaxşı işləmirdi. Vəziyyəti ağır olan Baharın ürəyinin yarısı qaynanasının yanında qalmışdı. Yaşadıqları baxçada qonşu olduqları Sənəm arvad Baharı inandırmışdı ki, “arxayın olsun, o, əlindən gələni eləyəcək”. Bahar buna görə bir qədər arxayın idi. Çünki o, hər gün bazara göyərti satmağa gedəndə Bahar bazardan gələnə qədər Sənəm arvad onun qaynanası Sərvinaza baxırdı və qulluq edirdi...

Onlar Qarabağ müharibəsi vaxtından qaçqın idilər. Əri Cavanşir anası Sərvinazı, Baharı və bir qız övladları Gülcanı gətirib Bakıda baxçada yerləşdirmişdi və özü yenidən müharibəyə qayıtmışdı. Altı aydan sonra isə onun şəhid olması xəbərini eşidəndə elə bil yer-göy Baharın başına uçmuşdu...

Cavanşiri Bakıya gətirib, Şəhidlər xiyabanında dəfn eləmişdilər. Qarabağ müharibəsində böyük igidlik göstərdiyinə və 19 nəfər əsgər yoldaşını ölümün pəncəsindən xilas elədiyinə görə ona ölümündən sonra “Azərbaycan bayrağı” ordeni vermişdilər. Bahargil də Bakıda baxçada sığındıqlarına görə tez-tez qaynanası Sərvinaz və qızı Gülcanla Şəhidlər xiyabanına gəlir, Cavanşirin qəbri üstündə xısın-xısın ağlayır və bundan təskinlik tapırdılar. Axı əllərindən daha nə gələ bilərdi? Gör burada nə qədər şəhid qəbirləri vardı... Cavanşirin şəhid olması, elə bil ki, bu ailəyə bir-birinin ardınca çoxlu bəlalar gətirdi. Baharın qardaşı İbrahim də Qarabağ müharibəsində itgin düşdü. Nə öldüsü, nə qaldısı məlum olmadı. Bu dərdə dözə bilməyən Baharın atası və anası da az bir vaxtda dünyalarını dəyişdilər. Bahara ən böyük dərd bu oldu ki, Cavanşirin qəbrini ziyarət eləyib, yaşadıqları baxçaya qayıdanda yolda Gülcanı da maşın vurdu. Elə onun və qaynanası Sərvinazın gözləri qarşısında Gülcan dünyasını dəyişmişdi... Bu dərddən az bir vaxtda Sərvinaz ana beyin insultu keçirdi. Bir tərəfi iflic oldu. Bahar isə həmin gündən şəkər xəstəliyi tapdı. İllərlə müalicə olunsa da heç bir xeyri olmadı... Bu şəkər xəstəliyi də ona yeni bir xəstəlik gətirdi. Koronavirus... Çünki immun sistemi zəif olduğundan və şəkərdən çox əziyyət çəkməsi onu belə bir bəlaya düçar elədi...

Yenicə alovlanan və adına COVİD-19 yoluxucu xəstəliyi adı qoyulan bu xəstəlik adamlarda çox böyük qorxu xofu yaratdığına görə, xəstəxanaya bir-birinin ardınca çoxlu xəstə gətirirdilər. Həkimlər bütün xəstələri diqqətlə yoxlayırdılar. Elə olurdu ki, on xəstədən cəmi ikisində koronavirus aşkarlanırdı. Həmin səkkiz nəfər də qorxu xofundan evə getmək istəmir və həkimləri məcbur eləyirdilər ki, onları da xəstəxanada yatırsınlar. Ona görə də xəstəxana xəstələrlə dolu idi... Adamlar qorxudan çox böyük əsəb, stress keçirirdilər... Əsəb, stres də xeyli xəstəliyin yaranmasına bir körpü olurdu...

İşin belə çox və gərgin olması həkimləri, tibb bacılarını, xidmətçiləri bezdirmişdi... Hədsiz yormuşdu. Onlar bütün günü xəstəxanada olur və hətta istirahət eləməyə, yatmağa vaxt tapa bilmirdilər. Ailələrinin, övladlarının üzünə həsrət qalmışdılar... Şəhərin ən aparıcı xəstəxanalarından biri olan bu səhiyyə ocağının infeksiya şöbəsinin müdiri Cabir Məcidlinin isə işi daha gərgin keçirirdi. Amma hər bir xəstəni səbrlə, diqqətlə dinləyirdi. Həqiqətən koronavirusdan şübhələndiyi xəstələri infeksiya şöbəsinə qoydurur və koronavirusdan şübhələnmədiyi xəstələrin isə başqa palatalarda yerləşdirilməsini məsləhət bilirdi. Amma elə xəstələr olurdu ki, onunla razılaşmır və hətta onu təhqir eləyirdilər... Cabir həkim səbrini basıb, həmin təhqirlərə, sərt sözlərə dözürdü...

Bahar xəstəxanaya gətirilən gün Cabir həkim özü növbədə idi. O, saçları yaşından çox tez ağarmış, sifətində böyük əzabların cizgiləri yazılmış, çətinliklə nəfəs alan Bahara baxdı. Baharın sağlamlıq durumundan həqiqətən koronavirus xəstəliyi olduğu aydın görünürdü. O, xəstənin şəxsiyyət vəsiqəsində yazılanları xəstəlik tarixçəsinə yazanda, Baharın Mahmudlu rayonunun, Mahmudabad kəndindən olduğunu oxuyanda, diqqətlə ona baxdı.

- Bahar xanım, siz Mahmudabaddansız?

- Bəli, - deyə Bahar çətinliklə cavab verdi.

- Oradan bir nəfəri desəm tanıyarsız?

- Kimi?

- Cavanşir Həsənlini.

Bahar, Cavanşirin adını eşidəndə ağladı. O, ağlayanda nəfəs almağı daha da çətinləşdi.

-Cavanşir mənim həyat yoldaşımdır. Qarabağ müharibəsində şəhid olub.

Baharın bu sözlərindən Cabir həkimin yorğunluqdan qapanmış gözləri birdən-birə geniş açıldı, diqqətlə Bahara baxdı.

- Siz nə danışırsız? Cavanşir məni və məndən başqa 18 nəfəri ölümdən xilas eləyib. Özü isə şəhid olub, - deyə o, Bahar Həsənliyə böyük heyrət və maraqla baxdı. Sizin bir qızınız da olmalıdı. Cavanşir ondan çox böyük həvəslə danışırdı.

- Qızımız Cavanşirin ölümündən beş il sonra qəza nəticəsində...

Bahar sözlərinin ardını deyə bilmədi və hönkürtü ilə ağladı. Və vəziyyəti pisləşdi. Ona tez süni nəfəslik qoşdular və təcili palataya apardılar. Cabir həkimin özünün başçılığı ilə bir qrup həkim və tibb bacısı Baharın vəziyyətinin yaxşılaşması üçün bütün gecəni ölümlə döyüşdülər. Səhərə yaxın Baharın vəziyyəti bir qədər yaxşılaşdı...

Həkimlər və tibb bacıları koronavirus xəstəsi olan bütün xəstələrin üstündə həqiqətən “tir-tir” əsirdilər. Onlar var güclərilə bütün xəstələri kritik vəziyyətdən çıxarmağa çalışırdılar. Hətta böyük stress, qorxu hissləri keçirən xəstələri tam inandırmağa çalışırdılar ki, bir qədər dözümlü olsunlar və hamısı tezliklə sağalacaq. Cabir həkimin bütün xəstələrə diqqəti eyni cür olsa da, amma Bahara daha çox diqqət yetirirdi. Axı onun həyat yoldaşı Cavanşir Cabir həkimi və digər

18 nəfər əsgər yoldaşını mühasirədən çıxararaq, təkcə özü 25 erməni gavurunu cəhənnəmə vasil eləmişdi. Çünki o, çox yaxşı snayperçi idi. Necə deyərlər: “Quşu gözündən vururdu”. Amma ermənilər də ölən gavurların qisasını ondan almışdılar. Bu döyüşdə Cavanşir şəhid olmuşdu. Arxadan köməyə gələn başqa azərbaycanlı əsgərləri görən erməni batalyonu qorxudan geri çəkilmişdi. Cavanşirin ölümü onları möhkəm sarsıtmışdı. Hamısı komandirlərinin meyidi qarşısında diz çöküb, zülüm-zülüm ağlamışdılar. Cavanşiri Şəhidlər xiyabanında dəfn eləyəndə and içmişdilər ki, onun yeganə qızını öz övladları kimi böyüdəcəklər. Lakin onlar bu vədə xilaf çıxmışdılar. Çünki üç gündən sonra atəşkəs elan olunmuşdu. Buna çoxlu əsgər etiraz eləmişdi. Həmin 19 əsgərdən on nəfərini heç bir günahı olmadan həbs eləmişdilər. Doqquz nəfərisə bu haqsızlığı görüb, Azərbaycandan köçüb başqa ölkələrə getmişdi. Cavanşir də Rusiyanın Saratov vilayətinə, dayısının yanına getmişdi. Orada Tibb İnstitutunu bitirmiş, bir müddət işləmiş və rus qızı ilə ailə qurmuşdu. Bir oğlu dünyaya gəlmişdi. Sonra həyat yoldaşı Mariya ilə aralarında qısqanclıq zəminində söz-söhbət yarandığına görə Cabir həkim ondan ayrılmışdı. Valideynləri yaşlı olduğuna görə o, iki il idi ki, köçüb Bakıya gəlmişdi. Çox savadlı həkim olduğunu və böyük təcrübəsini görüb onu bu şöbənin müdiri təyin eləmişdilər. O, dörd otaqlı həyət evində tək yaşayırdı. Artıq 50 yaşı vardı. Daha bundan sonra evlənmək haqqında düşünmürdü...

... Bahar Cabir həkimin çox böyük diqqəti və qayğısı sayəsində xəstəliyə qalib gəlirdi. Onlar tez-tez Cavanşir haqqında söhbət eləyirdilər. Hətta Bahar xəstəxanada olduğu altıncı gün söhbət əsnasında Cabir həkim Baharın hansı baxçada yaşadığını və orada qaynanasının da ağır vəziyyətə olduğunu öyrənmişdi. Elə həmin günü axşam baxçaya getmiş, Cavanşirin anasına baş çəkmiş və yaxşı bazarlıq eləmişdi. Amma iki gündən sonra Sərvinazın vəziyyətinin daha ağır olduğunu görüb, xəstəxananın baş həkimilə danışıb, onu da xəstəxanaya yerləşdirmişdi. Artıq Sərvinaz da həkimlərin və tibb bacılarının nəzarəti altında idi. Cabir həkim bunu Bahara deyəndə, o, sevincindən ağlamışdı və bilmirdi ki, Cabir həkimə necə təşəkkür eləsin.

- Ay doxdur, Allah sizi qorusun. Siz, bizimçün əlinizdən gələni eləyirsiz. Bilmirəm sizə necə təşəkkür eləyim. İnanın, yarı canım Sərvinaz ananın yanında qalmışdı. İndi ondan arxayınam ki, siz başda olmaqla həkimlərin nəzarəti altındadır.

- Bahar xanım, əslində mən Sərvinaz anaya və sizə minnətdar olmalıyam. Əgər Sərvinaz ananın bircə oğlu və sizin həyat yoldaşınız Cavanşir bizi düşmən güllərindən qorumasaydı və bizə görə özü şəhid olmasaydı, elə həmin vaxtı mən və 18 nəfər əsgər yoldaşımız da Cavanşirlə birlikdə həlak olacaqdıq.

- Deməli, bu bir tale yazısıdı.

- Ona görə də mən, hökmən, Allahın köməkliyilə sizi və Sərvinaz ananı sağaltmalıyam ki, Cavanşirin ruhu da sakit olsun. Çünki bir neçə gündür, hər axşam Cavanşir yuxuma girir və məyus-məyus mənə baxır. Heç nə deməyib, çıxıb gedir.

- Nə danışırsız, doktor,- deyə Bahar, ala gözlərilə Cabir həkimə baxdı və özündən asılı olmayaraq gözlərindən yaş axdı.

- Sakit olun. Sizə əsəbiləşmək olmaz. Sərvinaz ananın da vəziyyəti yaxşılaşır. Mən təkcə infeksiya həkimi yox, həm də nevropatoloqam. Sərvinaz anaya Alman məhlulları olan dərmanları özüm vururam. Artıq əlini, ayağını işlədir. Deməli, tezliklə sağalacaq. Mənim təcrübəmdə belə xəstələr çox olub və sağalıblar.

- Cabir həkim, o dərmanlar çox bahadır. Axı onların pulunu biz necə verəcəyik?

- O sizlik deyil.

- Necə bizlik deyil?

- O dərmanların pulunu mən özüm vermişəm.

- Axı elə şey olmaz, ay doktor. Siz burada mənə də əlinizdən gələni eləyirsiz. Bütün dərmanların pulunu siz özünüz verirsiz. Axı...

- Bahar xanım. Biz, Cavanşirlə cəbhə yoldaşı olmuşuq. Cəbhə yoldaşları bir-birinə qardaşdan da əziz olublar. Özü də Cavanşir komandirimiz olub. Bizi ölümün pəncəsindən alıb. Məgər mən, öz dostumun, cəbhə yoldaşımın anasını, həyat yoldaşını müalicə eləmək və onlara lazım olan dərmanları almaqçün kimdənsə, nəsə ummalıyam? Onu da bilin ki, təmiz əqidəli, xəstəni özünün əzizi bilən həkimlər həddindən artıq çoxdur. Sadəcə bəzi üzdəniraq, həkimlikdən xəbəri olmayan və Hippokrat andına naxələf çıxanlar var ki, onlar əsl həkimlərin adını batırırlar... Mən özüm də elələrinə nifrət eləyirəm. Bax siz on gündür ki, buradasız. Məgər görmüsünüzmü ki, hansısa həkim, tibb bacısı və ya xadimə kimdənsə təmənna umsun?

- Açığı görməmişəm.

- Heç vaxt da görə bilməzsiz. Axı nə mən, nə də baş həkim heç kimdən pul ummuruqsa, burada işləyən həkimlər və tibb bacıları da xəstədən heç nə ala bilməzlər.

- Hə, vallah açığı bütün xəstələr sizdən çox razılıq eləyirlər.

- Xəstə ilk növbədə həkimə inanmalıdır. Onu özünün ən doğma adamı kimi görməlidir. Həkimin sifətində həmişə təbəssüm olmalıdır. Hər bir xəstə ilə ən əzizi, doğması kimi davranmalıdır. Bu münasibət xəstəyə dərmandan daha çox kömək eləyir.

- Cabir həkim, sizin sifətinizdə bir nur var. Xəstəyə diqqətlə, səbrlə qulaq asırsız və həmişə də danışanda gözləriniz gülür. Xəstə istəyir ki, ürəyində nə varsa hamısını açıb sizə desin. Mən on ildir bazarda göyərti satıram. Ona görə də bazara gələn adamları gördükcə, insanların xasiyyətini yaxşı öyrənmişəm.

- Hə, onu düz deyirsiz,- deyə Cabir həkim ucadan güldü. Çünki bazara gələnlər çalışırlar ki, satıcını dilə tutub, aldığı məhsulu bir az ucuz alsınlar. Mallarını satanlar da çalışırlar ki, alıcını aldadıb, məhsulu baha satsınlar.

- O adamın mənə yaxınlaşmasından başa düşürəm ki, onun qırımı nədir? Göyərti satmaq elə özü böyük problemdi. Hər axşam Allaha yalvarırıq ki, təki ziyana düşməyək.

- Bəs niyə başqa yerdə işləmirsiz, ay Bahar xanım?

- Desəm inanmazsız. Mən Ağdam şəhərində Musiqi Texnikumunun muğam şöbəsini bitirmişəm. Yaxşı səsim olub. Amma on yeddi yaşımda Cavanşirlə ailə həyatı qurmuşam. Bir il sonra övladımız olub. Fikrimiz vardı ki, Qarabağ müharibəsindən sonra Cavanşirlə Bakıya köçək, təhsilimizi Konservatoriyada davam etdirək. Amma bu bizə qismət olmadı... Deməli, Allah bizim taleyimizi belə yazdı...

- Cavanşir yaxşı tar çalırdı. Biz bir kənddə olanda gördü ki, divarda tar asılıb. Ev yiyəsindən xahiş elədi ki, versinlər o tarı çalsın.

- O da elə Ağdam Musiqi Texnikumunun tar sinfini bitirmişdi.

- O, tarı elə gözəl çaldı ki, biz hamımız mat qaldıq. Mən də musiqi məktəbində tar sinfində oxumuşam. Sonra mən tarı götürüb, çaldım. Mənim tar çalmağım onun da xoşuna gəldi. Biz, həmin gündən daha yaxın dost olduq. Musiqi bizi daha yaxın birləşdirdi. Hə. Cavanşir deyirdi ki, müharibədən sonra Bakıya gedib, Konservatoriyada təhsilini davam etdirəcək.

- Hə. Bizim taleyimiz yarımçıq qaldı... Mən Cavanşirin və qızımız Gülcanın ölümündən sonra daha heç vaxt mahnı oxumamışam... Mənim taleyim də belə qara gəldi... Allahın işinə mat qalmışam. Niyə mənim taleyimi belə qara yazdı?

Bahar hönkürtü ilə ağladı. Cabir həkim onu çox çətinliklə sakitləşdirdi. Elə bil o gündən Cabir həkimin Bahara istəyi, hörməti bir az da artdı. Elə tez-tez onunla söhbət eləmək istəyirdi. Baharın da artıq rəngi-rufu qaydasına düşürdü. Həm də Cabir həkimin sayəsində şəkəri tam normasında idi. Çünki Cabir həkim ona şəkərə qarşı Alman preparatı vururdu. Bahar da elə bil Cabir həkimi görməyəndə darıxırdı. Ona ürəyində olanların hamısını açıb danışırdı... Onu özünə ən məhrəm, ən yaxın adam bilirdi. Bahara elə gəlirdi ki, Cabir həkimi lap çoxdan tanıyır...

Bahar onu da öyrənmişdi ki, Cabir həkim iki ildir ki, Rusiyada arvadından ayrılıb, Bakıya gəlib. Həm də xəstəxanada işləyənlər onun çox tərbiyəli, qanacaqlı, mədəni kişi olduğunu deyirdilər.

Cabir həkim də bu müddətdə görmüşdü ki, Baharın yanına heç kim gəlmir. Axı o, cavan və həm də gözəgəlimli, yaraşıqlı xanımdır. Əgər onun kiminləsə bir yaxın əlaqəsi olsa, bu müddətdə xəstəxanaya gəlib, ona baş çəkərdi. Bu, həyatdır, taledir... Ölənlə ölmək olmaz...

- Bahar xanım, siz artıq demək olar ki, tam sağalıbsız. İstəyirəm sizi Sərvinaz ananın yanına aparım.

- Ay doktor, vallah neçə gündür özüm istəyirdim sizdən xahiş eləyim ki, gedib Sərvinaz ananı görüm. Nə yaxşı siz özününz dediniz. Allah sizdən razı olsun.

- Hə. Sabah sizi xəstəxanadan çıxaracağıq. Ona görə də istədim ki, bu gün Sərvinaz ananı görəsiz.

Onlar Sərvinaz ana olan korpusa getdilər. Xəstəxanada olduğu iyirmi beş gündə Bahar ilk dəfə idi ki, həyətə düşürdü. Təbiətin, ağacların yaşıllığını görən Baharda elə bil yaşamağa həvəs birdən-birə daha da artdı. Amma qəflətən başı hərləndi. Cabir həkim tez onun qolundan tutdu.

- Sizə nə oldu, Bahar xanım?

- Elə bil, birdən-birə düşmən tapdağında olan kəndimiz yadıma düşdü. Yay vaxtı Qarabağın bir başqa gözəlliyi vardı...

- Hə. Onu düz deyirsiz. Mən aran rayonunda böyümüşəm. İlk dəfə idi ki, Qarabağı görürdüm. Oranın təbiətinə elə vurulmuşdum ki, fikirləşirdim belə cənnətməkan yerləri erməni gavurlarına vermək olmaz. Amma demə,sən saydığını say, gör fələk nə sayırmış... Heyf. Torpaqlarımızı qoruya bilmədik... O torpaqların verilməsində bir millət kimi bizim günahlarımız daha çoxdur. “Stul davası” apardığımıza görə həmin torpaqları yaddan çıxardıq. Düşmən də öz havadarlarının köməkliyilə bundan istifadə eləyib, cənnətməkan yerlərimizi aldı... Kim bilir? Biz, o yerləri qaytara biləcəyikmi?.. Amma millətin yenə də bir-birini didməsindən görürəm ki, bu, mümkün olmayacaq...

- Elədi. Cabir həkim. Düz deyirsiz. Acı olsa da bu, həqiqətdi. Əgər biz bir olsaydıq, ermənilər heç nə eləyə bilməzdilər... Özləri çoxdan oradan köçüb gedərdilər... Artıq çamadanlarını da hazırlayıb, köçməyə hazırlaşırdılar...

- Elədi. Özləri səsgücləndirici ilə bizə deyirdilər ki, imkan verin buradan köçüb gedək. Amma sonra necə oldusa, bizi üstələdilər... Eh. Nə isə... Çox şeyi deyə bilmirəm... Bizim bir millət kimi alnımızın gülləsi əskikdi...

Cabir daha danışa bilmədi. Kövrəldi. Hiss olunurdu ki, o, çox gizli məsələlərdən xəbərdardır... Amma danışmağa ehtiyat eləyir...

Bu vaxt Bahar özü Cabir həkimin qoluna girdi ki, yıxılmasın. Onlar Sərvinaz ana olan palataya gəldilər. Sərvinaz ana gəlini Baharı görəndə yerindən durdu. Artıq onun qolu və ayağı bir az işlədiyinə görə özü yavaş-yavaş sərbəst yeriyirdi. Gəlinlə qaynana bir birini görəndə, hər ikisi sevincdən ağladı. Cabir həkim onları bir təhər sakitləşdirdi.

- Sağ ol, ay mənim balam. İnan ki, sənə baxdıqca Cavanşir yadıma düşür. Elə bilirəm Cavanşirsən, qarşımda durubsan.

- Sərvinaz ana, mən siz buraya gələn gündən demişəm ki, sizi analığa götürmüşəm. Mənim anam da bir ildir ki, dünyasını dəyişib. Mən, artıq onun iyini sizdən alıram.

- Mən də, gəlinim də ömürlük sənə borcluyuq, ay oğul. Bizi bu dünyaya göydə Allah, yerdə sən qaytardın.

-Elə deməyin. Bundan sonra mənim bütün nəzarətim sizin üstünüzdə olacaq. Bahar xanım da bundan sonra daha bazarda göyərti satmayacaq. Bilin ki, bundan sonra Cavanşir sağdır.

- Allah səni qorusun, ay bala,- deyə Sərvinaz ana yenə də ağladı.

- Sizə ağlamaq, həyəcanlanmaq olmaz,Sərvinaz ana.

- Oldu, ay oğlum.

Onlar birlikdə çox söhbət elədilər. Cabir həkim Rusiyada təhsil almasından, Mariya ilə evlənməsindən, amma aralarında tez-tez söz-söhbətlərin, narazılıqların olmasından, Mariyanın onu çox qısqanmasından, hətta dini zəmində mübahisələrindən və sonda ayrılmalarından danışdı. Atası ağır xəstə olduğuna görə Bakıya qayıtmasından, amma onu onkoloji xəstəlikdən sağalda bilməməsindən və bir il bundan qabaq anasının bu dərdə dözə bilməməsindən və dünyasını dəyişməsindən danışdı. İndi tək yaşamasını da dilinə gətirdi...

Bahar da evlə bağlı Qaçqınlar Komitəsinə dəfələrlə müraciət elədiyini, amma bu vaxta qədər hələ də onlara ev verilməməsindən şikayət elədi. Hətta onun əri Cavanşirin “Azərbaycan bayrağı” ordeni almasını, döyüşlərdə şücaətlər göstərərək şəhid olmasını belə Qaçqınlar Komitəsində heç kimin nəzərə almamasını da yana-yana dedi. Cabir həkim söz verdi ki, onların ev məsələsinə köməklik eləyəcək...

Çünki onun bir qohumunun həmin komitədə işlədiyini də vurğuladı...

Səhəri gün Bahar xəstəxanadan çıxanda Cabir həkim dedi:

- Bahar xanım, bəlkə bizə gedək. Mənim harada və necə yaşadığımla tanış olun. Sonra mən sizi maşında baxçaya gətirərəm.

- Əgər siz belə istəyirsinizsə, olsun. Axı siz bizim xilaskarımızsız,- deyə BaharCabir həkimə baxıb gülümsündu. Artıq onun sifətində gözəl bir təravət, xoş əhval-ruhiyyə vardı. Çox gözəl, yaraşıqlı görünürdü. Elə bil Baharın yaşamağa həvəsi artmışdı. Bunu Cabir həkim də hiss eləyirdi...

Onlar Cabir həkimin maşınına mindilər. Cabir dünəndən bazarlıq eləyib, soyuducuya qoymuşdu. Amma yeməkxanaya girib, bir neçə yemək də sifariş elədi. Onlar Cabir həkimgilə gəldilər. O, dəmir darvazanının kilidini açdı və maşını həyətə sürdü. Cabir həkimin çox xudmani həyət evi vardı. Dörd otaqlı, bir mərtəbəli bu ev, Avropa stilində tikilmişdi.Təxminən dörd-beş sot olan həyətdə çoxlu gül və ağac əkilmişdi. Artıq həyətdəki yasəmən ağacı da güllər açmışdı. Alça ağacının çiçəkləri göz oxşayırdı. Bu ev birdən-birə Bahara öz həyətlərini xatırlatdı.

-Doktor, bizim də belə evimiz və həyətimiz vardı,- deyib o, dolxusundu...

Cabir həkim onu sakitləşdirdi. Onlar pilləkənlə evə qalxdılar. Cabir həkim evin qapısını açdı. Hava yaxşı olduğundan Bahara təklif elədi ki, eyvanda otursunlar. Mətbəxi Bahara göstərdi. O istədi ki, yemək hazırlamaqda və hazır yeməkləri stolun üstünə düzməkdə Bahara köməklik eləsin.

-Doktor, xahiş eləyirəm siz qadın işinə qarışmayın. Hər şeyi mən özüm eləyəcəm.

Cabir həkim razılaşdı. Bahar tez süfrənin üstünü dəyişdi. Çayniki doldurub, qazın üstünə qoydu. O, Cabir aldığı yeməkləri səliqə ilə qablara yığıb, stolun üstünə düzdü. Bahar, bu işi gördükcə dodağının altında bir xalq mahnısını zümzümə edirdi.

- Bahar xanım, sizin necə də məlahətli səsiniz var.

- Dokor, inanın ilk dəfədir ki, Cavanşirin ölümündən sonra mən belə həvəslə süfrə düzəldirəm. Və ilk dəfədir ki, belə zümzümə edirəm.

Baharın çox şirin zümzümə eləməsi və çox zövqlə süfrəni hazırlaması Cabir həkimi sevindirirdi. Bahar mahnını zümzümə etdikcə Cabir həkimə baxıb, gülümsünürdü...

Bu vaxt Cabir həkim özündən asılı olmayaraq ayağa durub, Bahara yaxınlaşdı. O, çox həyəcanlı idi. Baharın çiynindən tutdu və gözlərinə baxdı. Bahar da yerindən tərpənmədən məhəbbətlə özünün çox aydın baxışları olan ala gözlərilə Cabirin qara gözlərinə baxırdı. Bəlkə də o, bu gözlərdə Cavanşiri axtarırdı... Çünki Cavanşirin də gözləri Cabir həkimin gözləri kimi qara idi.

- Bahar xanım, neçə müddətdir ki, ürəyimdən keçən bir fikiri sənə səmimi demək istəyirəm. Biz hər ikimiz yetgin insanıq. Həyatın bütün çətinliklərini, ağrı-acılarını görmüşük. Cavanşirə Allah rəhmət eləsin. Bilirik ki, o, daha geri qayıtmayacaq. Sən də bu müddətdə ona sadiq olmusan. Ailə həyatı qurmamısan. Amma cavan xanımsan. Atalar deyib ki, “ölənlə ölmək olmaz”. Mən istəyirəm sən bu evin xanımı olasan. Hiss eləyirəm ki, mənə bu yaşda tək yaşamaq çətindir. Sən də mənim xoşuma gəlmisən... Sənin fikrin nədir?

- Qaynanam da neçə müddətdir deyir ki, “ ailə qur”. Elçi düşənlər də çox olub... Amma açığı, Cavanşirdən sonra heç bir kişi xoşuma gəlməyib. Lakin xəsətəxanada olanda sizin hədsiz qiqqətinizi, qayğınızı, xoş, təmənnasız münasibətinizi görəndən sonra mənim də qanım sizə qaynadı... Yaxşı, təmiz, mədəni insan olmağınız, əsl kişi xasiyyətiniz xoşuma gəldi...

Baharın bu sözlərindən sonra Cabir həkim özünü saxlaya bilməyib, onun üzündən öpdü. Bahar yenə də ona baxıb, gülümsündü. O, Baharı özünə sıxaraq, dodaqlarından öpdü. Bu öpüşlərdən tam bihuş olan və gözləri qaralan Bahar uşaq atasına sığınan kimi ona sığındı. Cabir həkim yenə də onu öpdü. Onlar uzun illər bir-birini görməyən sevgililər kimi bir-birinə sarınmışdılar... Artıq yemək də yaddan çıxmışdı...

- Mənim Baharım, mənim əzizim... Deməli, bu da bir alın yazısıdı...

...Həmin gecə Bahar, səhərə kimi Cabir həkimin qolları üstündə uzandı və sonra mışıl-mışıl yatdı. Elə bil ki, onun bütün bədəni boşalmışdı. Süstləşmişdi. Axı Cavanşirin ölümündən sonra Bahar heç bir kişi ilə yaxınlıq eləməmişdi... Cavanşirlə də cəmi bir il ailə ömrü sürmüşdü...

Cabir həkim Bahara təklif elədi ki, onun həyat yoldaşı olsun. Bahar razılaşdı. Amma, əsas fikir Sərvinaz ananın idi...

Səhər Cabir həkim bu məsələni Sərvinaz anaya dedi. Və Baharın buna razı olduğunu bildirdi. Bu təklif Sərvinaz ananın da ürəyincə oldu. Axı o, özü dəfələrlə Bahara təklif eləmişdi ki, ailə həyatı qursun. Amma Bahar razılaşmamışdı. Deməli, Bahar özünün ikinci tale yazısını gözləyirmiş... Allah da onun həyatdan küskünlüyünü nəzərə alıb, ona bu tale yazısını göndərmişdi...

Elə həmin gün Cabir həkimlə Bahar ər-arvad olmaq üçün qeydiyyat şöbəsinə getdilər. Sənədlərini ora verəndən sonra Şəhidlər xiyabanına yollanıb, Cavanşirin qəbri üzərinə gül dəstəsi qoydular. Sonra Baharın yaşadığı baxçaya getdilər. Bahar orada özünə nə lazımsa yığışdırdı və Cabir həkimin maşınına qoymaq üçün götürdü. Cavanşirdən yeganə yadigar qalan və divardan asılan tarı götürüb, Cabir həkimə dedi:

- Bu tar Cavanşirdən yeganə yadigardır. O bu tarda çalırdı və mən də oxuyurdum. Cavanşirin ölümündən sonra bu tarı məndən almaq istəyən çox olub, amma verməmişəm. Hətta pula belə hədsiz ehtiyacımız olub, amma satmamışam. Deməli, mənim kimi bu tar da kiminsə yolunu gözləyirmiş... Bizim hər ikimizin yolunu gözlədiyimiz müqəddəs insan deməli, siz imişsiniz... Dediniz ki, siz də tar çalıbsız...

- Hə, Bahar xanım. Amma Rusiyada olanda daha tar çalmadım. Torpaqlarımızı ermənilərə satan əclaflar cəbhə yoldaşlarımı günahsız olaraq həbs etdikləri vaxt məni Vətəndən küsdürdükləri kimi, tardan da küsdürdülər. Azərbaycana qayıdandan sonra arada istəyirdim ki, yenə də tar alım və özümçün çalım. Amma atam və anam öləndən sonra tar da tam yadımdan çıxdı...

- Bu tarı mən Cavanşirin adından sizə bağışlayıram. Qoy bu tar Cavanşirdən sonra onun həyat yoldaşına sahib olan bir kişinin müqəddəs diləyi olsun. O kişi onun həyat yoldaşını qoruyan kimi, tarını da qorusun,- deyə Bahar, tarı Cabir həkimə verdi.

- Bahar, mənim əzizim. Sən elə maraqlı, müqəddəs sözlər dedin ki, mənim daxilimi titrətdin. Bilmirəm sənə necə təşəkkür eləyim. Bundan sonra sənin kimi bu tar da mənimçün çox qiymətli olacaq, - deyə o, Baharı öpdü.

- Bizi ölümün pəncəsindən alan müqəddəs həkim kimi siz mənimçün və Sərvinaz ana üçün Allahın göndərdiyi və qiyməti olmayan müqəddəs bir varlıqsız,- deyə Bahar, Cabir həkimə böyük məhəbbətlə baxıb onun üzündən öpdü.

- Mənim Baharım, - deyə Cabir həkim onu bağrına basdı, möhkəm öpdü.

Onlar yenidən Cabir həkimin evinə getdilər. On beş gündən sonra Sərvinaz ana da xəstəxanadan çıxıb, Cabir həkimin evinə gəldi. Bu on beş gündə Bahar həqiqətən də elə bil ki, bahar çiçəkləri kimi açmışdı. Əhvalı dəyişmiş, rəngi-rufu çox yaxşılaşmışdı... Artıq sıxıntının, problemin nə olduğunu bilmirdi və əsl ev xanımı olmuşdu. Ailə həyatı qurmaqla bağlı qeydiyyat kağızını alandan sonra Cabir həkimlə Bahar yenidən Şəhidlər xiyabanına getdilər və Cavanşirin qəbrinin üzərinə qərənfil dəstəsi qoydular. Elə həmin gün Cabir həkim kiçik bir məclis təşkil elədi. Orada yalnız Sərvinaz anaya və Bahara xidmət eləyən həkimlər və tibb bacıları vardı...

Hətta həmin gün Bahar Cabir həkimin tarda müşayiəti ilə yüksək peşəkarlıqla bir neçə xalq mahnısı və muğam oxudu. Məclisə gələnlər bunu görəndə heyrətlərini gizlədə bilməyib, ifalarını sürəkli alqışlarla qarşıladılar. Bu məclisə gələnlər də gördülər ki, Baharla Cabir həkim bir-birinə çox yaraşırlar və həm də bir-birini yarı sözdən başa düşürlər. Elə bil ki, onlar əsl gənclik sevgisi dövrünü yaşayırlar... Artıq hər ikisi yaşlarından çox cavan, yaraşıqlı görünürdülər...

...Cabir həkimlə Baharın ilk görüş gecəsindən doqquz ay on gün sonra Baharın Cabir həkimdən əkiz uşağı oldu. Bir oğlan və bir qız. Cabir həkimin təklifilə oğlana Cavanşir, qıza isə Gülcan adını qoydular.... Cabir həkimin bu təklifindən Sərvinaz ana da, Bahar da ağlayırdılar. Bu qəm yaşı ilə birlikdə, həm də daha çox sevinc göz yaşı idi...

Bahar beynindən bu fikirləri keçirirdi: “Allahım! Sənə min şükür olsun! Sən məni ikinci dəfə xoşbəxt elədin. Ömürlük Sənə qulam, ey Böyük Tanrım. Bir vaxtlar Sənə asi olduğuma görə məni bağışla, Allahım. Sən məni koronavirus adlı dəhşətli xəstəliklə imtahana çəkməklə, xoşbəxtlik, səadət körpüsünə aparıb çıxardın. O körpüdə mən yenidən öz xoşbəxtliyimi, səadətimi tapdım. Sənin birinci adının Səbr olmasına bir daha inandım. Deməli, insan səbrli olarsa, arzularını gec-tez çin eləyə, reallaşdıra bilər. Bizə də ömür ver ki, bu iki körpəmizi istədiyimiz kimi böyüdə bilək ey Böyük Tanrım”...

Sumqayıt şəhəri,

may, iyun, 2020-ci il.

(Koronavirus dövrü)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...