Nə yaxşı, yaxşı insanlarımız var RAMİZ HÜMMƏTOV – 60

(Portret cizgiləri)

Artıq 60 illik ömrün işığında keçdiyi yol özünün dediyi kimi, qürurvericidir. O, xoş rəftarı, səmimiyyəti, alicənablığı, əsl ziyalılığı ilə həqiqətən də öyünə bilər. Tərifə ehtiyacı olmayan və heç vaxt tərifi sevməyən bu insanı tanıyanların hamısı onun sulardan duru qəlbi, saf əqidəsi, etibarı, savadı ilə fəxarət hissi keçirir. O, müdrikliyi, cəfakeşliyi, işgüzarlığı, zəka aydınlığı, mükəmməl fəaliyyəti sayəsində geniş çevrəyə malik insandır. Minlərlə kitabın, dövri nəşrlərin araya-ərsəyə gəlməsində öz izini qoyan, nail olduğu uğurları ilə, gərgin əməyi ilə haqlı olaraq öyünən Ramiz müəllimin xətrini hamı əziz tutur. Çünki geni, mühiti, tərbiyəsi, şəxsi iradəsi saf və güclü olan bu insan seçilən, sevilən şəxslərdəndir. Ramiz Hümmətov səfalı, gözəl məkanımız Tovuz rayonunda dünyaya göz açsa da taleyini paytaxtımız Bakı şəhəri ilə bağlayıb. Onu peşəkar dizayner kimi uzun illərdir tanıyıram. Mənim “Dərdə açma qapını” kitabımı dizayn edib. Sadə, səmimi rəftarı ilə ürəklərə yol tapan Ramiz müəllim olduqca kövrək və təmiz qəlblidir. Onda əsl insana məxsus gözəl keyfiyyətlər cəmləşib. Ədəbiyyatımızın dərin bilicisi olması, üstəgəl informasiya texnologiyasını mükəmməl bilməsi əmək fəaliyyətinə müsbət təsir edir.

Azərbaycan Nəşriyyatında Ramiz müəllimi tanımayan az adam tapılar. Peşəsinə ürəkdən bağlanan, gecəsini gündüzünə qataraq yorulmadan çalışan bu insan sadiq və sınanmış dost kimi də sevilir. Həmişə eyni amalın, eyni məqsədin yolçusu olub. Bəli, belə insanların diləkləri tükənmir, onlar yeniliklər axtarışında olur, daxilən pak, ibrətamiz hisslərlə işıqlı və müqəddəs amal uğrunda yaşayır, məhsuldar fəaliyyət göstərir, sevimli ziyalıya çevrilirlər.

Ramiz müəllimin ömür yoluna qısa baxış edək: Ramiz Hümbətov, 1960-cı il iyulun 3-də Tovuzun Qaraxanlı kəndində anadan olub. 1977- ci ildə həmin kənddə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1982-ci ildə ali təhsilini başa vurub. Uzun müddət Sənaye Tikinti Nazirliyinin hesablama mərkəzində mühəndis-proqramist vəzifəsində işləyərək şöbə müdiri vəzifəsinədək yüksəlib. Nazirlik 1994- cü ildə məlum hadisələrə görə ləğv olunduqdan sonra müxtəlif vaxtlarda “Assa-İrada” informasiya agentliyində, “Bakinskiy raboçiy”, “Bakı” və “Baku” qəzetlərində kompyuter şöbəsində çalışıb. Hazırda müstəqil kompyuter mərkəzinin rəhbəridir. Respublikamızda dərc olunan bir çox qəzet və jurnala uzun müddətdir dizayn, tərtibat verir. Əsasən minlərlə kitabın nəfis tərtibatla işıq üzü görməsində əməyi olub. Bir çox görkəmli şair və yazıçının – Məmməd İsmayılın, Zəlimxan Yaqubun, İlyas Tapdığın, Vaqif Nəsibin, Nəsir Əhmədlinin, Kəramətin, Zirəddin Qafarlının, Akif Əhmədgilin, Mübariz Məsimoğlunun, Adil Cəmilin, Ağacəfər Həsənlinin, Murad Köhnəqalanın və digər şair və yazıçılarımızın ən məşhur kitablarının dizaynının müəllifidir. Mütaliə etməyi daha çox sevir. Azərbaycanın əksər şair və yazıçılarının yaradıcılığına dərindən bələddir.

Ailəlidir. Bir oğlu, bir qızı, bir nəvəsi var. Hər iki övladı ali təhsillidir. Onlar da ataları kimi xalqına, millətinə xidmət eləyirlər.

Onunla hər dəfə söhbət etdiyim zaman nə yaxşı, təvazökar, istedadlı, gözü-könlü tox, sənətini ürəkdən sevən, Vətənə qəlbən bağlı, təəssübkeş insanlarımız var, -deyə düşünürəm. Təpədən-dırnağacan elinə-obasına bağlı, azman kişilərə xas ağır təbiəti, ləngərli yerişi ilə seçilən Ramiz müəllim sazın, sözün vurğunudu. Saz dillənəndə özünü zirvələrin qoynunda qanad çalan qartal sanır, məğrurlaşır, saflaşır, kövrəkləşir. Şeir oxunanda çox diqqətlə dinləyir, billurlaşır, dəniz kimi gah ləpələnir, gah da sükuta qərq olur. Heç vaxt heç kəsin xətrinə dəyməyi sevmir Ramiz müəllim.

Onunla qısa dialoqumu təqdim edirəm:

- Ramiz müəllim, indiyədək çox məhsuldar işləyirsiz. Yorulmursuz ki?..

- Əksinə, mən deyərdim ki, işləməyəndə yoruluram. Özünü məcbur edərək hər hansı iş görmək olmaz. Yaradıcı insanın ən gözəl yaşaması məhz onun məhsuldar işləməsidir.

- Sizə dizaynla bağlı müraciət edənlər işinizdən razı qalırlar. Siz necə, özünüz də razısınızmı?

- Mən heç vaxt razı olmamışam. Bəxtiyar Vahabzadə də yazıb: “Yalnız ondan razıyam ki, özümdən narazıyam”. Həmişə yaratmaq istədiyimi yaratdığımdan daha yaxşı hesab etmişəm. Sözsüz, əgər işimdən tam mənası ilə qane olmasam, onu oxucunun, sifarişçinin ixtiyarına vermərəm. Hər bir işin əzabı da, sevinci də olur.

- 60 illik həyat yaşamısız. Bu zirvədən baxanda həyatın formulunu nədə görürsüz?

- Platon (Əflatun) deyib ki, “Dünyaya öz istəyimlə gəlmədim, heyrətlə yaşadım, həsrətlə gedirəm.” Bu fikirlə razıyam. Bəli, insan bu dünyaya istəməyərəkdən gəlir. Ramiz Rövşənin də bir şeir parçası var: “Bilsək, dünyaya gəlməzdik. Analar aldatdı bizi.” Yəni bu məcazi məna daşıyır. İnsan həyatda pisliklərlə, çətinliklərlə üzləşəndə ürəyindən keçirir: “kaş ki, bu dünyaya gəlməzdim”. Bəli, həyatın yaxşı da, pis də üzü var. Sevinc üstəgəl kədər, bərabərdir həyat. Bax, həyatın formulu budur, desəm, səhv etmərəm.

- Cəlaləddin Rumi deyib ki: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Siz necə, bu fkirdəsinizmi?

- Allah Rumiyə rəhmət eləsin! Əlbəttə ki, bu fikirlər ürəyimdən xəbər verir. İnsan nəinki başqalarına, özü-özünə də xəyanət etməməlidir. Ən önəm verdiyim xüsusiyyət səmimiyyət və sədaqətdir. Həyatda olduğu kimi görünən, göründüyü kimi olan azlıq təşkil edən insanlar var. Bax, belə dost insanları çox sevirəm. Onların bəzisini itirmişəm. Sağ qalanları ümid yerim, dirəyimdir. Hamısına can sağlığı arzu edirəm. Bir də ki, haşiyə çıxmaq istəyirəm. Bütün halal sevgiləri alqışlayıram. Bu dövrdə hər anlamda sevgi şeirlərinin çoxu yalançı, süni və saxta hisslər üzərində qurulub.

- Hazırda ən ümdə arzunuz nədir?

- İlk növbədə arzu edirəm ki, insanların yaşayış səviyyəsi yüksək olsun. Çünki xalqımız buna layiqdir. Sevinc daim nəsibimiz olsun!

- Ramiz müəllim, Sizə möhkəm can sağlığı, uzun ömür, daha böyük uğurlar əldə etmənizi biz də ürəkdən diləyirik!

İlhamə MƏHƏMMƏDQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə