Mübarizələrdən keçmiş mənalı ömür Ələşrəf Niftiyev – 75

(Portret cizgiləri)

Ələşrəf Niftiyev: “Heyfislənirəm ki, gəncliyimin və perspektivimin işıqlı çağlarında məni nahaqdan incitdilər və inkişafıma çox əngəllər yaratdılar”...

Ələşrəf müəllimi lap yeniyetməlik illərindən tanıyıram. O vaxtlar, yəni 1960-80-ci illərdə Masallının bir intibah dövrü vardı. Demək olar ki, həmin vaxtı rayonun yeniyetmələri, cavanları təkcə orta məktəbdə təhsil almır, onlar həm də dərslərini yaxşı oxumaqla paralel ədəbiyyatla, incəsənətlə, idmanla da ciddi məşğul olurdular. Həmin vaxtı Masallıda çoxlu yazıçılar, jurnalistlər yetişirdi. İncəsənətin bütün növlərilə məşğul olan çox istedadlı cavanlar vardı. Bu gün onlardan demək olar ki, yüz nəfərindən çoxu respublikada öz sahələrində böyük uğur qazanmış insanlardır...

Masallı Mədəniyyət evində bir-birindən maraqlı kollektivlər peşəkar səviyyədə fəaliyyət göstərirdi. Hətta buradakı Adil Səfərov və Şakir Həsənovun rəhbərli ilə fəaliyyət göstərən Miniətür Tearı, Rafiq Axundovun, Ələfsər Niftiyevin və Abutalıb Sadıqovun rəhbərliyilə fəaliyyət göstərən Xalq çalğı alətləri ansambılı, Atabala Zahidovun rəhbərlik eləbiyi Aşıqlar ansambılı, Ümbülbanu Cəbiyevanın rəhbərlik elədiyi “Halay” folklor qızlar mahnı və rəqs kollektivi təkcə Cənub bölgəsində yox, respublikada çox məşhur idi. Həmin vaxtı bu Mədəniyyət evinin direktoru və bədii rəhbəri də çox istedadlı aktyor, rejissor, yaxşı musiqiçi və təşkilatçı insan Şakir Həsənov idi. Masallı idmançıları futbol, voleybol və güləş üzrə respublikada həmişə öndə gedirdilər. Bax həmin vaxtı Ələşrəf Niftiyev də özünün çox məlahətli səsi, musiqi alətlərində çox məharətlə çalması, yaxşı voleybol, futbol oynaması ilə ən ümid verən gənclərdən biri idi. O, həmin illərdə bir sıra uşaq olimpiadalarının və gənclər festivallarının qalibi olmuşdu. Biz hamımız onu gələcəkdə Azərbaycanın ən məşhur müğənnilərindən, bədii qiraət üstalarından, yazıçılarından, müsiqiçilərindən və idmançılardan biri kimi təsəvvür eləyirdik, amma tale elə gətirdi ki, Ələşrəf Niftiyev müəllim oldu. Açığı bu mənim üçün elə bu günlərə qədər bir sirr olaraq qalmışdı... Elə fikirlərimin bu məqamında istəyirəm ki, çoxminli oxucularımızla Ələşrəf Niftiyevi daha yaxından tanış edim.

Qısa arayış: Ələşrəf Nuru oğlu Niftiyev 1945-ci ilin iyun ayının 21-də Masallı şəhərində anadan olub. 1961-ci ildə 2 saylı orta məktəbi, 1963-cü ildə Lənkəran Pedaqoji Texnikumunu, 1970-ci ildə Mirzə Fətəli Axundov adına Xarici Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini (qiyabi) bitirib. Əvvəllər pedaqoji sahədə çalışıb, müxtəlif fəxri adlara və təltiflərə layiq görülüb. 1968-1974-cü illərdə Masallı rayon komsomol komitəsində təşkilat şöbə müdiri və birinci katib vəzifələrində işləyib. İki il partiya komitəsində təşkilat partiya işi şöbəsinə, 1976-1977-ci illərdə yerli “Çağırış” qəzetində şöbəyə rəhbərlik edib. Masallı rayon və şəhər sovetlərinin deputatı seçilib. 1993-2009-cu illərdə 16 il Masallı rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini işləyib. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2007-ci il tarixli sərəncamı ilə Dövlət qulluğunda uzun müddət səmərəli və qüsursuz fəaliyyətinə görə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Bakı I Avropa oyunlarının məşəldarı olmuşdur. Ələşrəf Niftiyev uşaqlıq illərindən bədii yaradıcılığa həvəs göstərib, yüzlərlə məqalə, elmi-publisist, pedaqoji və ictimai mövzularda müxtəlif yazıların, tərcümələrin, 2010-2020-ci illərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən buraxılmış “Ömür yolu – nur yolu”, “Oğul, bu Qurana and ic ki…”, “Kiçiklərə, böyüklərə və hər kəsə”, “Haqqın gücü”, “Həyatımın həqiqətləri”, “Hər kəs qədrini yaşar”, “Vur-tut bu dünyada bir ömrümüz var”, “Seçilmiş hekayələr”, “Uşaqlar üçün hekayələr”, “Yaxşılığa qoyulmayıb tərəzi”, “Gərək sevəsən, seviləsən və sevindirəsən” kitablarının müəllifidir. Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin qəzetlərində onun məqalələri, kitabları barədə rəylər dərc olunub. O, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Qızıl qələm” və H. B. Zərdabi media mükafatları laureatıdır. Tanınmış ədib və ictimai xadimdir. Masallı Rayon Ağsaqqallar Şurasının sədridir.

75 illik yubileyi ərəfəsində ona elə ilk sualım belə oldu.

- Ələşrəf müəllim, necə oldu ki, ədəbiyyat, incəsənət, idman yox müəllimlik peşəsini seçdiniz?

- Açığını deyim ki, 8 qardaş kasıb bir ailədə ağır maddi güzəranla birtəhər yaşamışıq. Orta məktəbdə yaxşı və əla qiymətlərlə oxumuşam. Ancaq orta təhsildən sonra Bakıya yollanıb ali təhsil almaqdan ötrü imtahan verməyə, əgər qəbul olunsaydım mənzil kirayəsinə, oxumaq, gedib-gəlmək üçün pulumuz yox idi. Yaşadığımız köhnə ev hər an sanki başımıza uça bilərdi. Bir dəfə təsadüfən uşaqlıq yoldaşım (o da kasıb ailədən idi) Şərafət Əzimov təklif etdi ki, “Lənkəran yaxındır, orada rus dili müəllimi hazırlayan pedməktəb var. Gedək ora qəbul olaq”. Onun bu təklifi beynimə batdı. Ona görə də iki-üç ay hazırlaşıb həmin məktəbə daxil oldum. Sonradan peşəm üzrə Mirzə Fətəli Axundov adına Xarici Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsində də ali təhsilimi başa vurdum. Deyirlər ki, pis müəllim də olmamışam. Şagirdlərimdən elmlər doktoru, professor, dosent, onlarla rus dili müəllimi və ali təhsilli digər mütəxəssislər yetişib.

- Bəs hansı səbəblərdən müəllimlik peşəsini dəyişdirərək komsomol, partiya işinə keçdiniz?

- Uşaqlıqdan təşkilatçılığı sevirəm. İctimai işləri qəlbən xoşlayıram. Musiqi, poeziya, mütaliə, idman gündəlik qayğılarımdan olub. Müəllim işlədiyim dövrdə məktəb direktorum, savadına, düzlüyünə qibtə etdiyim, nümunəvi rəhbərlik prinsiplərinə sədaqətli, şəxsiyyətinə hamının rəğbəti və hörməti olan Məmməd Məmmədov idi. Müəllim işləyə-işləyə əvvəlcə Təklə kənd orta, sonra Masallı şəhər 1 saylı məktəbdə komsomol təşkilatı katibi oldum. Keçirdiyim çoxlu tədbirlər və təşəbbüslərim hətta rayon rəhbərliyinin də diqqətini çəkmişdi. Bir gün Masallı rayon partiya komitəsinin katibi, gözəl və təmiz insan Ruhulla Ruhullayev məni qəbuluna çağırtdırdı. Onu da vurğulayım ki, Ruhulla müəllim də ixtisasca rus dili müəllimi olmuşdu. Həm də məni yaxından tanıyırdı. O, mənə rayon komsomol komitəsində təşkilat şöbə müdiri vəzifəsində işləməyi təklif etdi. Təbii ki, mən doğma və sevdiyim işdən ayrılmaq istəmədiyimi, həm də müəllimlikdə maaşım yüksək olduğundan təkidlə bundan imtina etdim. O da çox sakit, ədəbli, savadlı şəxsiyyət idi. Razılaşdı.

Beləcə məktəbə qayıtdım. Bir həftədən sonra direktor Məmməd müəllim məni otağına çağırıb dedi: “ Nə şuluq iş qayırıbsan? Hazırlaş, rayon partiya komitəsinin birinci katibi Əlövsət Baxışov bizi birlikdə qəbul edəcək”. Biz, Məmməd müəllimlə Əlövsət Baxışovun yanına getdik. O, yüksək səviyyəyə malik, sakit təbiətli böyük şəxsiyyət idi. Mənə özünün timsalında inkişaf mərhələlərindən danışdı. Qeyd etdi ki, əksər rəhbər işçilər məhz komsomoldan vəzifələrə irəli çəkilir. Yenə də bir ağsaqqal kimi bir neçə maraqlı fikirlərini danışdı və sonda isə belə dedi: ”Səni komsomola şöbə müdiri göndərmək istəyirik”.

Mən isə ailəmizin ağır güzəranını, imkansızlığımı danışıb atmın müharibə əlili olduğunu dilə gətirdim. Komsomolda əmək haqqının az olduğunu bildirdim. Əlövsət müəllim elə oradaca zəng vurub aylıq maaş barədə məlumat aldı. Birdən Məmməd müəllim cəsarətlə və ürəkdən təklif etdi ki, mənim üçün məktəbdə yarım stavka dərs yükü ayırar, onda həmin fərq aradan götürülər. Onların bu fikrindən sonra mən də razılaşdım. Hər ikisinə Allah rəhmət eləsin ki, mənim sonrakı irəliləyişlərim üçün xeyirxahlıq göstərib düzgün məsləhət vermişdilər.

- Bəs necə oldu ki, komsomolda şöbə müdirliyindən birinci katibliyə, bir az keçməmiş partiya komitəsində təşkilat-partiya işi şöbəsinə müdir seçildiniz. Bəs bunlar necə baş verdi?

- Allah rəhmət eləsin o vaxt çox hazırlıqlı, prinsipial şəxsiyyət olan birinci katib Zöhrab Ömərova və rayon İcraiyyə Komitəsinin sədri Cavanşir Əsədova, onların sayəsində bu vəzifələrə namizədlər çox olsa da, tərəddüd etmədən məhz mənim üzərimdə dayanmışdılar. Mən də az bir vaxtda onların bütün ümidlərini doğrultdum.

- Həyat mübarizədir. Sizə qarşı insafsızcasına o vaxtın dərəbəylik qanunlarına arxalanıb Zöhrab müəllimdən sonra Masallıya rəhbərlik eləyən birinci katib, sizin məhkəmə məsuliyyətinə cəlb olunmağınızdan ötrü ciddi-cəhdlə əlini çirkaba buladı. Bu məsələ hələ də hamı üçün sirdir. Axı niyə belə oldu?

- Həmin birinci katib rayona Mərkəzi Komitədən göndərilmişdi. İlk baxışda məlumatlı, işgüzar, bacarıqlı görünən rəhbərə oxşayırdı. Ona Mərkəzi Komitədə Masallı üzrə kurator demişdi ki, “Ələşrəf Niftiyev yaxşı kadrdır. Təşkilatçı, savadlı, mübariz və təmiz işçidir. Konfransda onu ikinci katibliyə nəzərdə tutmaq olar”…

Elə oldu ki, rayona rəhbərlik elədiyi ilk günlərdən həmin birinci katibin özündən müştəbehliyi aydın göründü. Bu rayon rəhbəri çığır-bağır, hədə-qorxu və kobudluqla yığıncaq və tədbirlərdə ona-buna cumur, yumruqlarını stola çırparaq şou düzəltməyə adətkar olurdu. Çalışırdı ki, bu yollarla, hədələrlə və təhqirlə hamını özünə tabe etdirsin. Mən isə belə şeylərə öyrəşməmişəm. Bir dəfə haqsız yerə mənə irad tutanda yığıncaq iştirakçılarının hüzurunda ədəbli qaydada ona sərt mesaj göndərdim. Hamı bu qətiyyətimə birtəhər baxdı. Sanki ətəyimdən tutub aşağı dartmaq istəyirdilər ki, o rəhbərdir, lazım deyil. O isə “Nu, xoroşo, posmotrim s toboy…” (Moskvada rus dilində ali partiya məktəbini bitirmişdi).

Həmin adam Masallıya gəldiyi 3-4 ay ərzində və sonralar hərəkətlərindəki nadürüst əməllərini, sərxoşluğa qurşandığını və başqa əngəllərini görüb və şahidi olub bunlara dözməyərək ehtiyatsızlıq və dözə bilmədiyindən şöbəmin işçilərinin hüzurunda dilimi dinc qoymadım. Onlar da dərhal xəbərçilik edib öz yerlərini bərkitmək üçün məni ona satdılar. Beləliklə, katib həmin gündən və sonralar dəfələrlə məni çağırıb öz xahişimlə işdən çıxmağım barədə ərizə yazmağımı tələb etdi. Mən isə kəskin etirazımı bildirərək imtina etdim. Ancaq vaxtaşırı təqiblər, həmlələr və ünvanıma yersiz iradlar davam edirdi. Günlərin bir günü o, mənə “kişi sözü” verdi ki, 10-15 gün başqa sahədə işlə, təzə struktur yaranacaq, səni oraya təyin etdirəcəyəm. Demə xəbərçiləri və dedi-qoduçuları, yaltaqları və kuryerlərini ələ alıb, onlardan bu fikirləri öyrənib ki, “Ələşrəf təslimçiliyi xoşlayan deyil, hazırcavab və qorxmazdır, onu buradan kənarlaşdırmasam səni işləməyə qoymayacaq”. Ona görə də həmin katib son nəticə olaraq qulbeçələrinin xidməti ilə tor quraraq məni tutdurmaq istədi. Hətta qisasçı rəhbər mənim məhkəmə məsuliyyətinə cəlb olunmağıma, partiyadan xaric edilməyimə də nail oldu. Lakin belə bədxahlıq, ədalətsizlik iradəmi qıra bilmədi. Moskvanın səlahiyyətli orqanları işi aparıb, hərtərəfli tədqiq edib yoxlayandan sonra mənə tam bəraət verdilər. Hətta işləmədiyim müddət üçün mənə pul kompensasiyası da verildi. Partiya sıralarına bərpa olundum. Lakin əvvəl tutduğum vəzifə seçkili olduğundan, Sov. İKP-nin və SSRI-nin süqutu yaxınlaşdığından başqa işlərə getmədim, yenidən sevimli müəllimlik peşəsinə qayıtdım.

- Azərbaycanımızın müstəqilliyinin yenidən bərpası dövrünü necə qəbul etdiniz? Bilirsiniz ki, o vaxtlar çətin dövrlər idi.

- Çox yaxşı yadımdadır: özbaşınalıqlar, parçalanma, separatçılıq, idarəetmənin məhvi açıq-aydın görünürdü. Talış-Muğan Respublikasını qurmaq xülyaçıları Masallıda da tüğyan etməyə başladı. Rayonumuzdan Bakıda çalışanlardan ziyalı və alimlərimiz Musa Quluzadə, Vəsadət Əzizov, Cəlil Xəlilov, Əsədulla Cəfərov, Zeydulla Ağayev və qeyriləri, habelə Masallının qeyrətli ziyalı və ağsaqqalları bu iyrənc hərəkət sahiblərinə Masallı İcra Hakimiyyəti binası qarşısında aparıcısı olduğum fasiləsiz mitinqlərlə, KİV-dəki çıxışlarımızla şər qüvvələri dəf etmək üçün var-qüvvəmizi sərf etdik. Respublikanın yuxarı rəhbər orqanlarında qəbullarda olduq. AXC-Musavat hakimiyyəti rəhbərlərinə bu barədə etirazlarımızı bildirdik. Nə yaxşı ki, 1993-cü ilin ortalarında xalqın təkidi, tələbi və xahişi ilə ulu öndər Heydər Əliyev respublikanın rəhbərliyinə dəvət olundu. Sonrakı olaylar da hamıya bəllidir...

- Uzun müddət, əvvəllər də, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da tutduğunuz vəzifələrdə və təqaüdə kimi Masallı rayon İcra Hakimiyyəti başçısının müavini kimi, bilirik ki, çox fəal iş aparıbsınız. Yadımdadır ki, idarəetmə sahəsində ən məsul işlər, tədbirlər sizə tapşırılırdı. Həmin illərdən yaddaqalan bir neçə epizodu necə xatırlayırsınız?

- 1990-93-cü ilin yayına kimi çətin sınaqlar dövrü oldu, naşı, körtəbii qüvvələr vəzifələrinin öhdəsindən gələ bilmədilər. Xalqın etimadını doğrultmadılar. Xaos və böhran yaratdılar. Döyüş bölgələrində yaranmış vəziyyət üçün məsuliyyətlərini dərk etmədilər. Həmin dövrdə dövlət büdcəsi talan edildi, dərəbəylik yarandı. İşçilər və təqaüdçülər maaş və pensiyalarını aylarla ala bilmirdi. Təxribat, silahlı dəstələr yaradılması, şəhidlər və yaralıların, məcburi köçkün və qaçqınların qayğıları unudulmuşdu. Ən çox yadda qalan epizodlardan başlıcası budur ki, Heydər Əliyevin gəlişindən – Milli qurtuluşdan sonra sadaladığım tədbirlərin çoxu mənim kurasiyamda olub və çalışmışam ki, bu mürəkkəb şəraitdə əhalimizə bacardığım məmur xidmətini göstərim. Bir də döyüş bölgələrində yaranmış vəziyyətlə əlaqədar Ümumilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və dahiliyi ilə strateji əhəmiyyətli hərbi əməliyyatlar keçirilməsi zamanı dahi rəhbərlə telefon danışığımı heç vaxt unutmaram...

- Ömrünüzün 75 illiyi ərəfəsindəsiniz. Mənalı keçən həyat yolunuzdan geriyə baxanda nəyə heyfislənir və nədən razısınız?

- Heyfislənirəm ki, gəncliyimin və perspektivimin işıqlı çağlarında məni nahaqdan incitdilər və inkişafıma çox əngəllər yaratdılar... Bu və digər sahələrdə üzləşdiyim ədalətsizliyə, haqsızlığa qarşı amansız tənqid və barışmazlıq bütün həyatım boyu və gündəlik işlərimdə yadımdan çıxmır. Bir də əsasən dövlətçiliyimizə və milli-mənəvi dəyərlərimizə xəyanət edənlərə qarşı dözülməz mövqe nümayiş etdirməyi özüm üçün şərəfli iş və borc hesab edirəm. Bir müqəddəs məsələyə də çox razıyam ki, Quran əhli olmuş, təmiz və pak insan, müharibə əlili atam Nuru kişinin halal çörəyi ilə yaşamışam. Həmişə haram və naqis işlərdən kənar durmağa çalışmışam. Güclü arxam, sərvət və maddi imkanım olmadığı halda bura, bu mərtəbəyə qədər gəlib çıxmışam. Elə 15-20 il əvvəl birlikdə çalışdığımız dostlarımızdan çoxu respublikanın məsul aparıcı vəzifələrində eyni sistemdə işləməklə çoxluq təşkil edib. Düzdür, indi bəzi dəyərlərin parametrləri və yeri, istiqaməti və meyarları dəyişib, ancaq şükr edirəm ki, hörmət və nüfuzumu itirməmişəm, ictimai mövqeyim qaydasındadır, fəallıq və xidmətimi təmsil etdiyim məclislərdə heç kəsdən əsirgəmirəm.

- Masallı kimi böyük bir rayonda Ağsaqqallar Şurasına rəhbərlik edirsiniz. Əfsus ki, bəziləri ictimai işlərə, vətəndaş cəmiyyətində fəal mövqe tutanlara hərdən dodaq büzür və bir cür baxırlar. Bəs siz bunu necə qiymətləndirirsiniz?

- Məruzə və çıxışlarımda, kitablarımda və yazılarmda dəfələrlə səsləndirdiyim kimi bir daha bildirirəm ki, lap yaxın keçmişdə və tarix boyu aqil insanlara, böyük istedad sahiblərinə nüfuz, qiymət və dəyər verərkən marağım böyük olub. Yaşadığım bu illərdə həmişə ağsaqqallardan çox şeyləri əxz eləmişəm. Belə bir hədis də eşitmişəm ki, bir neçə nəfər günlərin birində belə yüksək qiymətə, hörmətə sahib olmaqdan ötrü nə etməyi bir ağsaqqaldan soruşurlar. Onu da soruşurlar ki, “bunları haradan əldə etmək olar?” Həmin ağsaqqal da məsləhət görür ki, “məzənnə, meyar, vəzn, çəki-ölçü, müqayisəli dəyərlər bazarlarda bilinər”. Beləliklə, ağsaqqaldan bu sözləri eşidən həmin adamlar öz dəyərini almaqdan ötrü bazara yollanırlar. Hər kəs layiq olduğu paya yiyələnir və öz layiq olduğu qiyməti alır. Deməli, hər kəs həyatda öz ağlına, təfəkkürünə, məşğuliyyətinə uyğununu əldə edir. Belə ki, cəmiyyətin təbəqələri müxtəlifdir. Fikirlər, baxışlar, rəylər, cavablar fərqlənir. Hərə öz dəyərinə, səviyyəsinə, tutumuna, təfəkkürünə görə başqasına qiymət verir. Ancaq yaddan çıxarmaq olmaz ki, həqiqi ağsaqqal, dəyərli nümunə göstərən belələri həmişə və hər vaxt hörmət və nüfuza malik olmalı və sayılmalıdırlar. Təsadüfi deyil ki, Məhəmməd Peyğəmbərimiz göstərmişdir ki, “ümmətimin ağsaqqalları bizim çevrəmizdə və yanımızdadırlar”. Qaldı ki, Masallı rayon Ağsaqqallar Şurasının fəaliyyətinə qiymət verməyə, onu deyə bilərəm ki, təşkilatımız Respublika Şurasının və Masallı rayon İcra Hakimiyyət başçısının və onun aparatının qayğısı və diqqəti ilə həmişə əhatə olunub. Cəsarətlə deyə bilərəm ki, bu sahədə qabaqcıl təcrübəyə malikik.

Fürsətdən istifadə edib sual-cavablarda toxunduğumuz bu və digər məsələlərin oxuculara operativ çatdırılmasında, cəmiyyəti düşündürən aktual məsələlərdə fəal mövqe tutan “Azad Azərbaycan” qəzetinin rəhbərliyinə və bütün əməkdaşlarına minnətdarlığımızı çatdırmağı özümə borc hesab edirəm. Bu qəzet Azərbaycan dövlətinə və dövlətçiliyinə layiqincə xidmət eləyir. Qəzetin hər bir yazısını oxuyanda biz bunun tam şahidi oluruq.

P.S. Ələşrəf müəllim, maraqlı müsahibəyə görə mən də sizə dərindən razılığımı və təşəkkürümü bildirirəm. Məşəqqətli keçən həyatınızda sizdə olan inadkarlıq, öz işinə vurğunluq, qarşınıza qoyduğunuz bütün məsələləri böyük uğurla yerinə yetirməyiniz, məqsədyönlü olmağınız, sizdən sonra gələn bizlər üçün də bir örnək olub. Deməli, bizim də həyatda uğurlar qazanmağımızda sizin payınız olub. Elə buna görə də çox sağ olun. 75 illik yubileyiniz mübarək!

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə