GÜLNAR TACLI
Həkimlərə və onların şərəfli peşəsinə ithaf edirəm
Müəllif
Gecə saat üç idi. Gülzar çox dəhşətli bir yuxu görürdü. Yuxuda görürdü ki, o, ağ paltarda göydə uçur. Qarşı tərəfdən də ona doğru ağ geyimdə Uğur uçaraq gəlir. Bu vaxt Gülzarın qarşısını iki nəfər qara geyimdə, əcaib sifətli və başlarında tac olan adamaoxşar məxluqlar kəsib, hərəsi bir qolundan tutub, öz ardlarınca aparmaq istəyirlər. Eləcə də iki eybəcər sifətli məxluqlar Uğurun da qollarından tutub, onu əks tərəfə aparırlar...
Elə bu vaxt göydən pullar tökülür. Həmin eybəcər məxluqlar pulları görəndə onları buraxıb pullara sarı cumurlar... Acgözlüklə pulları yeməyə başlayırlar...
Bu vaxt Gülzarın əl telefonu zəng vurdu. Gülzar əcaib-qəraib yuxudan hövlnak oyanıb, telefonunu götürdü. Zəng vuran Uğur idi. Tez telefona “allo” dedi. Telefonda qadın səsi eşidildi.
- Bağışla ay qızım. Gecənin bu vaxtı zəng vururam. Sən Gülzarsan?
- Bəli. Bu, Uğurun telefonu deyil,- deyə Gülzar dilləndi.
- Onun telefonudur. İstəmirən səni qorxudam, amma məcburam soruşum. Sən Uğurun nəyisən?
- Nişanlısıyam. Uğur özü hardadır?
- Mən Qasımlı xəstəxanasının baş tibb bacısıyam. Baş həkim dedi ki...
- Ay xala Uğura nə olub?
- Qızım, Uğur xəstəxanadadır. Telefonu götürüb baxdım ki, ekranında bir qızla Uğurun şəkili var. Altından da bu sözlər yazılıb. “Uğur və Gülzar dastanı”.
- Ay xala, Uğura nə olub,- deyə Gülzar çox səbirsiz soruşdu.
- Qızım, elə də qurxulu bir şey yoxdur. Amma səbrini basıb, mənə qulaq as. Şəkilə baxandan sonra başa düşdük ki, Gülzar kimdisə Uğura yaxın adamdır. Telefonda sənin nömrəni tapıb, zəng vurdum.
- Uğur niyə xəstəxanaya düşüb? O, Rusiyada idi. Bəs necə olub ki, gəlib Qasımlı xəstəxanasına düşüb?
- Rusiyadan deportasiya eləyiblər. Gəlib Azərbaycan sərhəddinə. Oradan da bütün deportasiya olunanları tibb məntəqəsinə aparıblar. Məlum olub ki, Uğur koronavirusa yoluxub.
- Necə? Koronavirusa yoluxub?
- Bəli. Onu və başqa 50 nəfəri bizim xəstəxanaya yerləşdiriblər. Hələ çoxlu həmvətənlərimiz sərhəddin o üzündə qalıb, Vətənə gələ də bilmirər...
Bu sözləri eşidən Gülzar hönkürtü ilə ağladı.
- İndi vəziyyəti necədir?
- Qorxutmaq üçün demirəm. Vəziyyəti elə də yaxşı deyil. Siz harada yaşayırsız?
- Mən Bakıdayam.
- İmkan varsa təcili Qasımlıya gəlmək lazımdır. Bizim xəstəxana Azərbaycan-Rusiya sərhəddindən 40 kilometr aralıdadır.
- Bilirəm. Biz özümüz Qədirlidənik. Qasımlıdan 50 kilometr aralıda olan rayondan.
- Lap yaxşı. Burada, xəstəxanada koronaviruslu xəstələrlə bağlı elə də lazım olan şərait yoxdur. Biz, xəstələrin yaxınlarına zəng vurub, deyirik ki, gəlib, özləri bir çarə tapsınlar. Ona görə də baş həkimin tapşırığı ilə sənə zəng vurmuşam.
- Oldu. Biz bir neçə saata sizin xəstəxanada olacağıq,- deyə Gülzar təcili cavab verdi. Adınız nədir?
- Mən, xəstəxananın baş tibb bacısı Gülayə xanımam.
- Mən indi valideyinlərimə zəng vuracam və özüm də Bakıdan çıxacam.
O, telefonu söndürdü. Bir neçə dəqiqə nə edəcəyini bilmədi. Sonra hönkürtü ilə ağladı. Və sonra çalışdı ki, özünü ələ alsın. Çünki müəllimləri belə kritik vəziyyətlə bağlı, gələcəyin həkimləri olan onalara məsləhətlər verirdilər ki, “həkim heç vaxt özünü itirməməli və ən ağır vəziyyətdə belə bir çıxış yolu tapmalıdırlar. Bu, həkimin birinci ən böyük uğurudur”...
Gülzar Azərbaycan Dövlət Tibb Universitetinin üçücü kursunda təhsil alırdı. Koronavirusla bağlı universiteti də bağlamışdılar. Dünən otaq yoldaşları öz rayonlarına getmişdilər. Gülzar da sabah öz rayonlarına qayıtmağı planlaşdırmışdı. Telefon zəngi onun istəyini tam reallaşdırdı. Qərara gəldi ki, təcili rayona qayıdıb, atası ilə Qasımlıya getsin. Çünki Uğurun valideyinləri Azərbaycanın Cənub bölgəsində yaşayırdılar. Gülzar, Uğurla iki il bundan qabaq təsadüfən avtobusda tanış olmuşdu. Bir avtobusda Bakı kəndlərindən şəhərə gəlirdilər. Uğur ali təhsilli energetik idi. Ali məktəbi təzəcə bitirmişdi. Amma öz işinə uyğun lazım olan iş tapa bilmirdi. Onlar ilk tanışlıqdan bir-birinin xoşuna gəlmişdilər. Az bir vaxtda da nişanlanmışdılar. Uğurun qohumları Moskvada bazarda işləyirdilər. Onlar təklif eləmişdilər ki, Uğur da gəlib onlarla işləsin. Həm toy üçün və həm də Bakıda ev almaq üçün pul qazansın. Çünki hər ikisinin valideyinləri kasıb yaşadığından onlar özlərinə lazım olan şərait yarada bilməyəcəkdilər. Beləliklə, o, Gülzarla razılaşıb, bir il bundan qabaq Moskvaya getmişdi. İşləri heç də pis getmirdi. Gülzar üçün də tez-tez pul göndərirdi. Çünki Gülzarın da valideynləri kasıb idi. Hər axşam da Gülzarla danışırdı Uğur. Amma bir həttə idi ki, Uğurdan xəbər yox idi... Gülzar bundan çox təşvişə düşmüşdü. Uğurun Moskvada olan qohumlarına zəng vurmuşdu. Onlar da demişdilər ki, “koronavirusla bağlı Moskvaya qeydiyyatı olmayanları oradan deportasiya ediblər. Uğuru da deportasiya ediblər. Bəs nə əcəb indiyə kimi gəlib çıxmayıb?” Ona görə də Gülzarın gecəsi-gündüzü yox idi... İndi də zəng vurub, dedilər ki, koronavirusa yoluxub və artıq Azərbaycandadır. Gülzar bir tərəfdən sevindi ki, artıq Uğurdan xəbər var. Amma koronavirusa yoluxmağı onu çox pəjmürdə elədi. Çünki bu ölüm kabusu haqqında çox yazılır və çox deyilirdi. Artıq az bir vaxtda dünyanı lərzəyə salmışdı. Və hər gün Yer kürrəsində çoxlu adamların bu virusdan dünyasını dəyişməsi, artıq insanlarda böyük qorxu xofu yaratmışdı. Azərbaycan da İranla və Rusiya ilə həmsərhəd olduğundan və həmin bölgələrdə yaşayan həmvətənlərimizin vəziyyətləri ağır olduğundan tez-tez alver eləmək üçün Rusiyaya və İrana getdiklərindən orada bu xəstəliyə daha çox
yoluxurdular. Ona görə də az bir vaxta hər iki sərhəd bağlanmış və həmin ölkələrdən gələn həmvətənlərimizi də heç bir şəraiti olmayan səyyari xəstəxanalarda yerləşdirmişdilər. Bundan qeyzə gələn adamlar tez-tez həmin yerlərin video lentlərini çəkib, sosial şəbəkələrdə paylaşırdılar. Bu da ölkədə çox pis rezonans yaratmışdı...
Axır ki, ölkə başçısının bu işə ciddi münasibətindən sonra vəziyyət yavaş-yavaş dəyişirdi... Amma adamlara hələ də böyük narazıçılıq yaradırdılar... Açığı onlarda inamsızlıq yaranmasına səbəb, yüksək rütbəli məmurların, ölkə başçısına və xalqa tez-tez yalan məlumatlar verməsi idi...
Gülzar, elə bil birdən ayıldı və başa düşdü ki, Uğurla bağlı elə indi qərar çıxarmaq lazımdır. Sabah gec olacaq. Tez telefonu götürüb, atasına zəng vurdu və vəziyyəti dedi. Onu da vurğuladı ki, indi taksiyə minib, rayona gələcək. Bakı ilə onların rayonu arasında 100 kilometr məsafə vardı. İki saat yarım vaxtda rayonda ola bilərdi. Atası da həmin vaxta yola çıxsın və onlar xəstəxanaya getsinlər.
- Pula görə narahat olma. Uğur mənə pul göndərib. Pul var. Biz onu təcili Bakıya gətirməliyik.
-Yaxşı, qızım. Maşına minəndə və yol gələndə mənimlə tez-tez əlaqə saxla.
- Oldu ata,- deyə Gülzar telefonu söndürdü və tez-tələsik geyinməyə başladı. Uğur göndərən pulları çantasına qoydu. O, bu pulları Gülzara ona görə göndərmişdi ki, Uğurun adından özünə gəlinlik paltarı, qızıl-günüş alsın. Taleyin hökmünə bax ki, bu pullar indi Uğurun müalicəsinə xərclənməliydi...
Gülzar təcili sifarişli taksiyə zəng vurub, öz ünvanını dedi. Maşının Qədirliyə və oradan da Qasımlıya gedəcəyini bildirdi. Oradan yol pulunu dedilər. Gülzar həmin dəqiqə razılaşdı. Bir də ona sevindi ki, yaxşı ki, Uğurun göndərdiyi pul var. Əgər bu pul olmasaydı, o, nə eləyə bilərdi... Tələbə qızın nə özünün, nə də valideynlərinin pulu olmadığı bir vaxtda deməli, Uğurun vəziyyəti Allah ümidinə qala bilərdi...
Bu vaxt telefonuna zəng gəldi ki, maşın həyətdə onu gözləyir. Gülzar tez həyətə düşdü. Maşını sürən yaşlı bir kişi idi. Gülzar salam verdi. Yaşlı kişi salamı aldı. Artıq gecə saat dörd idi.
- Qızım sən özün tək gedəcəksən?
- Bəli, dayı. Maşının nasaz deyil ki?
-Yox, qzıım. Gecənin bu vatxı Qədirliyə və oradan da Qasımlıya getməkdə xeyir ola?
- Nişanlım Qasımlıda xəstəxanadadır.
-Yəqin koronavirusla bağlı olan xəstəxanadadır.
-Bəli. Siz haradan bilirsiz?
Maşın hərəkətə gəldi.
-Dünən ora bir ailə aparmışam. Oğlanları Rusiyadan gələndə koronavirusla bağlı həmin xəstəxanada yerləşdirilib. Orada da vəziyyət elə pisdir ki... Həmin adamların da vəziyyəti, maliyyə durumu elə də yaxşı deyildi. Yazıqlar bilmirdilər ki, övladlarını Bakıya necə gətirsinlər. Orada olanda bir daha başa düşdüm ki, əgər pulun yoxdursa deməli, bu ölkədə yaşamaq elə də asan deyil... Müdrik adamlar deyib ki, “ bu ölkədə gərək ölünün də, dirinin də yiyəsi olmalıdır ki, ona
münasibət yaxşı olsun”. İmkanlı adamlar tez öz xəstələrini oradan çıxarıb, Bakıya gətirirlər... Orada olanları görəndən sonra özümü söyürəm ki, niyə cavanlıqda özümə lazım olan şərait yarada bilməmişəm. Səkkiz nəfər ailə üzvümlə üç otaqlı mənzildə yaşayıram. Belə yaşlı vaxtımda taksavatlıq eləyirəm... Əgər xəstələnsəm, müalicə olunmağım problem olacaq. Çünkü arxada və həkimlərə verməyə, hətta dərman almağa belə pulumuz yoxdur.
- Bu gün məmləkətimizdə yaşayanların elə çoxu sizin vəziyyətinizdədir dayı.
- Bilirəm. Amma torpağının altı da, üstü də var-dövlət olan ölkədə adamlar belə yaşamamalıdır.
- Elədi, dayı. Elə mənim nişanlım da ali təhsilli energetik olduğu halda burada özünə iş tapa bilmədiyinə görə Moskvaya gedib, bazarda alver eləyirdi.
- Mənim də iki oğlum ali təhsillidir, amma heç biri işləmir. Lakin Sovetlərin vaxtında mən də ali təhsil alıb, mühəndis olmuşam. Öz sənətimlə də həmişə fəxr eləmişəm. Hətta böyük bir müəssisədə baş mühəndis işləmişəm. Elə mənə də üç otaqlı evi həmin müəssisədən işləyəndə vermişdilər. İndi öz oğlanlarımı isə işə düzəldə bilmirəm. Hər ikisi mühəndisdir. Hər ikisi də əla qiymətlərlə ali məktəbi bitirib. Bax belədi işlər qızım... Sən nə sənətin sahibisən?
- Mən Tibb Universitetinin üçüncü kursunda oxuyuram.
- Deməli, gələcəyin həkimisən. Amma əvvəllər həkimlərə çox yaxşı şəraitlər yaratmışdılar. İndi onların da vəziyyəti çox pisdir. Əgər onlara yaxşı maaş versələr, axı onlar heç bir xəstədən pul almazlar... Bax bu koronavirus dövründə məlum oldu ki, bütün dünyanın yaxşı həkimə necə böyük ehtiyacı var. Ona görə də deyiblər ki, bir milləti məhv eləməkçün onun təhsilini və səhiyyəsini məhv eləmək kifayətdir.
- Elədi, dayı.
... Söhbət elə maraqlı idi ki, onlar artıq Qədirliyə yaxınlaşırdılar. Gülzar telefonla atasına zəng vurdu. Atası Məzahir artıq yolun qırağında dayanıb, onu gözləyirdi. Artıq saat yeddiyə işləsə də hələ də hava qaranlıq idi. Mart ayının soyuğu da özünü göstəririrdi... Gülzar atasını gördü. Maşını saxlatdırdı. Tez yerə düşdü. Atası ilə qucaqlaşdı. Məzahir kişi sürücünün yanında əyləşdi. Gülzar arxada, əvvəlki yerində oturdu.
-Sabahınız xeyir. Allah özü kömək olsun, - deyə sürücü Məzahirə salam verdi. Çox ağıllı, tərbiyəli qızınız var.
Qədirlidən Qasımlıya olan 40 kilometrlik yol boyu Məzahirlə sürücü söhbət elədi. Məlum oldu ki, sürücünün adı Rzadır. O, Qasımlı xəstəxanasının pis şəraiti haqqında ona da məlumat verdi. Və məsləhət bildi ki, xəstəni təcili Bakıya aparsınlar. Özünün telefon nömrəsini də Məzahir kişiyə verdi...
Onlar gəlib xəstəxanaya çatdılar. Bu, iki mərtəbəli xəstəxana idi. Həyətdə çoxlu adamlar dayanmışdı. Məlum oldu ki, bu adamlar xəstəxanada olan xəstələrin adamlarıdır. Hamısının da sifətində bir qorxu xohfu, pərişanlıq, nigarançlıq, əsəb gərginliyi vardı. Xəstəxananın həyətində isə 10-dan çox təcili tibbi yardım maşını və həmin maşınların içərisində də xəstələr vardı. Onlar üçün xəstəxanada yer düzəldirdilər ki, onları da orada yerləşdirsinlər....
Baş tibb bacısı Gülayə xanım, onları qapının yanında qarşıladı. Çünki Gülzar artıq onunla bir neçə dəfə yol boyu əlaqə saxlamışdı. Gülzar Rza kişinin pulunu verdi və razılaşdılar ki, əgər lazım olsa onunla əlaqə saxlayacaqlar. Gülayə iki maska tapıb, onlara verdi. Və onları baş həkimin yanına apardı. Baş həkim orta boylu, yaşı 60 olan, ağ saçlı, sifətində bir nur olan kişi idi. Həm də sifətindən çox yorğun və yuxusuz olduğu hiss olunurdu. Xəstəxananın daxilində çox böyük bir gərginlik hiss olunurdu. Elə bil həkimlər də, tibb bacıları da, xadimələr də tez-tez ora-bura gedir, daha doğrusu iti addımlarla hərəkət eləyirdilər. Tez-tez danışır və əsəb gərginliyi keçirirdilər. Hiss olunurdu ki, onların işi çox olduğundan çatdıra bilmirdilər və həm də böyük gərginlik keçirirdilər. Bunu Gülzar daha aydın hiss edirdi. Çünki o, özü də artıq bir il idi ki, xəstəxanada təcrübə keçirdi. Və işin öhdəsindən gələ bilməyən belə həkimləri, tibb bacılarını çox görmüşdü. Həkimlərin və tibb bacılarının əynində hələ də infeksiya xəstəliyilə bağlı xüsusu geyimlər demək olar ki, yox idi. Bütün bunları görən Gülzar tam qəti qərara gəlmişdi ki, Uğuru hökmən Bakıya aparsın. Artıq atası Məzahir kişi də Uğurun atası Nadir kişi ilə danışmışdı. O da artıq rayondan çıxıb, Qasımlıya gəlirdi...
- Uğur Həsənlinin vəziyyəti elə də qənaətbəxş deyil,- deyə xəsəxananın baş həkimi Eldar Məmmədli dedi. Dərman sarıdan bir qədər korluğumuz var.
- Doktor, mən Tibb Universitetinin üçüncü kurs tələbəsiyəm. Uğur mənim nişanlımdır. Mənə açığını deyin, Uğurun vəziyyəti necədir?
- Deməli, səninlə açıq danışmaq olar ay qızım. Vəziyyəti elə də yaxşı deyil. Nə gizlədim. İnfeksiya, immun sistemi və qızdırma salmaqla bağlı dərman sarıdan problemimiz var. Hətta bu rayondakı apteklərdə adicə maska tapmaq belə müşkül məsələdi. Bax bütün bunlar da böyük narazıçılıq yaradır. Özü də bilirəm ki, bu xəstəlik heç də onkoloji, ürək xəstəliklərindən qorxulu deyil. Yəni onlardan çox deyil. Sadəcə dünyada bilmirən neyçünsə insanlarda böyük qorxu xohfu yaradıblar. Əsas odur ki, bu xəstəliyi dəqiq təyin edib, ona qarşı da müalicə aparmaq lazımdır.
- Biz də həyətdəki adamlardan eşitdik ki, burada çoxlu problemlər var. Adamlar çox narazıdırlar,- deyə Məzahir kişi dilləndi. Həm də deyirlər ki, həkim sarıdan da burada problem var.
- Düz deyirlər. Savadlı həkimlərimiz, tibb bacılarımız maaş azlığından özəl klinikalara gedirlər. Bax bunu gərək əvvəldən fikirləşmək lazım idi. Yaxşı həkimi yetişdirmək, dövlət xəstəxanasında saxlamaqçün gərək ona lazım olan şərait də yaradasan. Mən bunu həmişə demişəm. Düzünü dediyimə görə pis adam oluram...
- Doktor, mən belə başa düşürəm ki, Uğurla bağlı vəziyyət elə də yaxşı deyil.
- Elədi qızım. Bir də Uğurun burada pulu var. Rusiyadan gələndə cibində olub. Gülayə xanıma başa salıb ki, bu pulları sənə, ya da atasına çatdıraq, - deyə Eldar həkim seyfini açıb, üstündə Uğur Həsənli yazılan bağlamanı çıxardı. Gülayə xanımla birlikdə iki tibb bacısı da pulu bir yerdə sayıblar. Siz də sayın və götürün. Amma mənə yazılı kağız verin ki, bu pulları siz götürübsüz. Allahın köməkliyilə Uğur sağalanda bir də soruşarsınız, kağızda yazılan məbləğ düzdür ya yox.
- Biz sizə inanırıq doktor,- deyə Məzahir kişi dedi. Bir də indiki zəmanədə kişi-kişiyə inanmadığına görə bütün bu həngamələr baş verir... Çox sağ olun ki,
xəstəxanadakı şəraitlə bağlı da əsl həqiqəti deyirsiz. Amma biz Uğuru Bakıya aparmaq üçün lazım olan səviyyədə maşınınız varmı?
- Açığı elə də müasir tipli maşınımız yoxdur. Xəstələrin valideynləri, qohumları müasir tipli “Ambulanslar” sifariş edib, xəstələrini aparırlar.
- Ata, qoy mən Bakıya, təcrübə kiçdiyim Mərkəzi Klinikaya zəng vurum. Orada müalicə üçün lazım olan hər gürə şərait var. Həm də yaxşı, müasir maşınları var. Onsuz da yol boyu fikrim vardı ki, Uğuru elə Bakıya Mərkəzi Klinikaya aparaq.
- Zəng vur. Bir saata atası da gələcək. Elə imkan varsa təcili “Ambulans” maşını da göndərsinlər.
Mərkəzi Klinikanın baş həkimi, professor Cəbrayıl həkim Gülzarın xətrini çox istəyirdi. Savadına, tərbiyəsinə və həkimlik sahəsində hər şeyi öyrənmək istədiyinə görə hörmət eləyirdi. Gülzar zəng vuran kimi telefonu götürdü. Gülzar nişanlısı Uğurun vəziyyətini ona bildirdi. Onu da vurğuladı ki, bu məsələ nə qədər tez həll olunsa yaxşıdır. Çünki Uğurun vəziyyəti çox pisdir. Onu da vurğuladı ki, maşının və gələn həkimlərin də bütün xərcini onlar özləri ödəyəcəklər. Cəbrayıl həkim, ona söz verdi ki, ən geci iki saata “Ambulans” maşını Qasımlıda olacaq. Məzahir kişi Eldar həkimin yazdığı dərmanları almaq üçün Qədirli mərkəzi aptekinin müdirilə danışdı. O da söz verdi ki, özündə yoxdur, amma hardansa bu dərmanları tapar. Məzahir kişi təcili taksi ilə öz rayonlarına getdi və dərmanları alıb, geri qayıtdı. Tez bir neçə smes dərmanları Uğura vurdular. Bu işdə Gülzar da onlara kömək elədi. Çünki o, iynəni damara çox yaxşı və asanlıqla vururdu. Tibb bacısı az olduğundan Gülzar başqa xəstələrə də dərman vurdu. Onun iynə vurması və smesləri çox asanlıqla qoşması Eldar həkimin də xoşuna gəldi. Uğurun vəziyyəti bir qədər yaxşılaşdı. Çünki o, artıq yanında Gülzarı görmüşdü və özünə inamı da artmışdı. Eldar həkim bütün gücünü sərf eləyirdi ki, Uğur Bakıya gedənə qədər onu lazım olan səviyyəyə gətirsinlər ki, yolda bir problem olmasın. Artıq Uğurun atası Nadir kişi də gəlmişdi. Onlar Məzahir kişi ilə həyətdə söhbət eləyirdilər. Bu vaxt Bakıdan “Anbulans” maşını gəldi. Təcili Uğuru maşına qoydular. Gülzar da Bakıdan gələn həkimlərlə bir yerdə oturdu. Uğur süni nəfəs aparatına qoşuldu ki, nəfəs alması çətinləşməsin. Gülzar yol boyu onlara köməklik eləyirdi ki, hər şey yaxşı olsun. Bunu görən Uğur da özündə böyük təpər tapırdı ki, ölümə qalib gəlsin. Çünki o, Gülzarın nəzərini, xoş münasibətini hər an öz üzərində hiss eləyirdi. Nadir və Məzahir kişi də başqa maşınla onların ardınca gəlirdilər...
Artıq onlar Bakıya, Mərkəzi Klinikaya çatdılar. Hər şey yaxşı idi. Elə bil Allah Uğurun işlərini uğurlu eləyirdi... Onu tez, ayrıca palataya yerləşdirdilər. Çünki Gülzar xahiş eləmişdi ki, Uğur üçün ayrıca palata ayırsınlar. Pulu nədirsə ödəniləcək... Uğurun sağalması üçün atası Nadir kişi onun Rusiyada qazandığı son pullara və hətta lazım olsa rayondakı evlərini belə satmağa hazır idi. Valideyn övladın sağalması üçün öz canını belə verməyə hazır olur. Gülzar isə bütün günü Uğurun yanında idi. O, demək olar ki, gecə də yatmır və əlindən gələni eləyirdi ki, Uğur tez sağalsın. Gülzar koronavirusla bağlı çoxlu videolara baxır və bu xəstəliyi necə sağaltmaqla bağlı çoxlu tibbi ədəbiyyat oxuyurdu. O, artıq tam əmin olmuşdu ki, gələcəkdə infeksiya həkimi işləsin. Çünki dünyada gedən bütün bu vuruşlardan başa düşürdü ki, XXI əsr bioloji müharibələr əsri olacaq. Bu sahədəki
xəstəliklər heç də infakt və onkoloji xəstəliklərdən az olmayacaq. Deməli, bu sahədə yüksək savadlı həkimlərə ölkəmizdə böyük ehtiyac olacaq...
Uğur “ölüm-qalımla” əlləşdiyi bir vaxtda nişanlısının ona necə böyük qulluq etdiyini, təkcə tibb bacılarının yox, hətta xadimlərin də gördüyü bütün işləri o, özü gördüyünə görə, tam əmin olmuşdu ki, Gülzarı özünün gələcək həyat yoldaşı seçməkdə yanılmayıb...
Həkimlər Uğurun koronavirusa yoluxmasını belə ağır vəziyyətə düşməsini onun az yatmasında, çox işləməsində, Moskvanın soyuq havasından özünü qorumamasında, immun siteminin aşağı düşməsində görürdülər. Yaxşı ki, Uğur siqaret çəkmirdi və spirtli içkidən uzaq idi. Bəlkə vəziyyəti daha ağır ola bilər və ölümlə nəticələnərdi...
... Uğur artıq sağalırdı. Saatlarla Gülzarı eşitmək, onun xoş sözlərini dinləmək istəyirdi. Xəstəxanada olan həkimlər və tibb bacıları da bu iki gəncin sevgi dastanından danışırdılar. Hətta bir neçə dəfə Gülzar yuxusuzluqdan və halsızlıqdan özünü çox pis hiss eləmiş, amma bunları Uğurun görməməsi üçün tez otaqdan çıxmışdı. Hətta halsizlıqdan bir dəfə ürəyi gedib, yerə də yıxılmışdı. Amma bütün bunlardan Uğur xəbərsiz idi. Bunu Uğurun anası Zenfira xanım, atası Nadir kişi görmüşdülər. Əvvəllər öz bacısı qızını Uğura almaq istəyən Zenfira xanım indi yanıldığını və oğlunun düzgin seçim etdiyini başa düşürdü. Zenfira xanım tam inanırdı ki, Gülzar ona yaxşı gəlin və Uğura da yaxşı həyat yoldaşı olacaq. Çünki bu koronavirus onların nışanlı dövrundə böyük bir imtahan olmuşdu. Xəstəxanada olanlar da Zenfira xanıma deyirdilər ki, “belə bir gəlini həmişə əl içində saxlamaq lazımdır”...
Xəstəxanada yatdığı iyirmi birinci gün Uğur tam sağaldığına görə oradan çıxdı. Onu baş həkim, professor Cəbrayıl həkim başda olamaqla bütün tibb personalı yola salırdı. Onlar hamısı sevinirdilər. Axı, göydə Allahın və yerdə həkimlərin sayəsində Uğur tam sağalmışdı. Bu, onların da qələbəsi idi. Uğurun anası Zenfira, Güzların anası Nərgiz və Gülzar sevincdən ağlayırdılar...
Nadir və Məzahir əvvəlcədən ev kirayə eləmişdilər və Uğuru həmin evə gətirdilər. Onun vəziyyəti hələ tam yaxşı olmadığından anası Zenfira və nişanlısı Gülzar da onunla həmin evdə qalırdılar. Uğurun Rusiyadan gətirdiyi və Gülzara göndərdiyi pullar demək olar ki, qurtarmaq üzrə idi. Gülzar Uğurun ona göndərdiyi pulla özünə aldığı brilyant qaşlı üzüyü Lombarda qoyub pul görütmüşü. Amma bunu heç kimə deməmişdi. Bir gün bunu Uğur hiss elədi ki, üzük Gülzarın barmağında yoxdur.
- Əzizim, üzüyün hanı?
- Sonra deyərəm canım, - deyə Gülzar ona baxıb, gülümsündü.
-Xahiş edirəm indi de.
- Mən o üzüyü Lombarda qoyub, pul götürmüşəm ki, sənin tam sağalmağınçün bizim heç kimə ehtiyacımız olmasın.
- Əslində mən Moskvada, bazarda qazandığım pullar, bilirdim ki, haram pullardır. Çünki mən adamları aldadıb, məhsulları baha satmaqla, çəkidə aldatmaqla bilirdim ki, günah işlədirəm. Hətta bir neçə dəfə adamların “ bu pulları dərmana xərcələyəsən” dediyi sözlərini də eşitmişdim. Allah da deməli, məni belə
cəzalandırdı. Həmin pullara mən istəyirdim ki, toy eləyim və Bakıda ev alım, amma dərmanlara, həkimlərə qismət oldu... Elə bahalı üzük də Lombarda düşdü...
Bu sözlərdən sonra Uğurun gözləri doldu...
-Bütün dünyanın var-dövləti yığılsa belə səni əvəz eləyə bilməz mənim əzizim. Əsas odur ki, sən sağaldın. Sənin sağlamlığın mənimçün dünyanın bütün var-dövlətindən əzizdir,- deyə Gülzar onun gözlərinin yaşını əlindəki dəsmalla sildi.
Həmin vaxtı Zenfira xanım mətbəxdə idi. Otağa qayıdanda Gülzarın Uğurun göz yaşlarını sildiyini gördü.
-Sənə nə olub oğlum?
-Heç, - deyə Uğur yenə də ağladı. O, xəstəlikdən sonra depressiya keçirdiyinə görə tez-tez kövrəlirdi.
- Ay qızım nə olub,- deyə Zenfira Gülzarın üzünə baxdı.
- Ana, biz təzə nişanlanan vaxt mağazada bir briliyant üzük görmüşdük. Mənim çox xoşuma gəlmişdi. Amma çox baha idi. Uğur da demişdi ki, həmin üzükdən mənə hökmən alacaq. Uğur, Moskvadan ad günüm münasibətilə mənə pul göndərmişdi və məni məcbur eləmişdi ki, gedim həmin üzükdən alım. Mən də gedib almışdım. Görürəm ki, pulumuz qurtarıb, mən həmin üzüyü aparıb Lombarda qoyub, pul götürmüşəm. Bu da Uğura pis təsir eləyib...
-Ataların məsəli var ki, çirkli, haram pulla alınan qızıl heç vaxt yiyəsinə qismət olmur. Mən istəmirdim ki, Uğur Moskvaya, qardaşımın yanına gedib, alverlə məşğul olsun. İstəyirdim ki, elə burada öz sənətilə məşğul olub, pul qazansın. Qardaşımın şirin dilinə və özünün də pula hərsiliyinə aldanıb, Moskvaya getdi... Elə qardaşım da alverdən qazandığı pulları özü yeyə bilmir. Bir neçə dəfə bütün var-yoxunu tutub əlindən alıblar. Deməli, o üzük də qismət deyilmiş. Bax bu üzük mənə rəhmətlik qaynanamdan yadigardır. Ona da öz qaynanasından yadigardır. İndi bu üzüyü nəslin davamçısı kimi mən də sənə bağışlayıram. Açığı, mən əvvəl sizin nişanlanmağınıza narazı idim. Amma bu müddətdə gördüm ki, sən, mənə əsl layiq olan gəlin və oğluma da layiq olan həyat yoldaşı olacaqsan. Çünki əgər qadın öz həyat yoldaşını sevsə, bütün çətinliklərə sinə gərib, xoşbəxt ailə yarada bilər. Allah sizi xoşbəxt eləsin. Bu sözlərdən sonra Zenfira xanım barmağından üzüyü çıxarıb, Gülzarın barmağına taxdı. - Həmin üzüyü də yaddan çıxarın. O üzük təmiz pulla qazanılmamışdı, - deyərək Gülzarı öpdü.
Uğur da artıq başa düşürdü ki, gərək böyük pul həvəsilə Moskvaya getməyəydi... O, orada olan azərbaycanlıların necə Vətən həsrətilə yaşadıqlarını və pul qazanmaq üçün özlərini necə oda-közə atdıqlarını, tez-tez dava-dalaşa düşdüklərini, hətta bir neçəsinin qətlə yetirildiklərini də görmüşdü. Axı o da Moskvada bazarda olduğu müddətdə hər gün cəmi 3-4 saat yatıra bilirdi. Vaxtlı-vaxtında çörək də yeyə bilmirdi. Pul qazanmaq hərisliyi ona elə güc gəlmişdi ki, elə bilirdi pul hər şeyi həll eləyir. İndi başa düşürdü ki, insan üçün dünyada ən böyük var-dövlət can sağlamlıdır...
... Uğur tezliklə tam sağaldı. O, imtahan verib, Neft Şirkətində elektrik vəzifəsinə təyin olundu. Yaxşı maaş alırdı. Gülzarla onun toyu oldu. Valideyinləri toyu rayonda bütün dəbdəbədən kənar, xudmani bir məclislə keçirdilər. Uğur tezliklə İpoteka ilə üç otaqlı mənzil aldı.
Uğurla Gülzarın sevgisinə bütün qohumlar həsəd aparırdılar. Gülzar da işə düzəlmişdi. O, ali məktəbdə dərslərini qurtarandan sonra Mərkəzi Klinikaya işə gəlirdi. Klinikada hələ də hamı onların sevgi dastanından danışır və bütün cavan qızlara onları nümunə göstərirdilər. Cəbrayıl həkim onu yarım ştata tibb bacısı götürmüşdü. Gülzar lazım olanda həkimlərin də işini görürdü. Professor Cəbrayıl həkim tam əmin idi ki, Gülzar gələcəkdə çox savadlı infeksiya həkim olacaq. Belə bir savadlı həkim respublikada adla deyiləcək. Axı yaxşı həkimlər həqiqətən də Allahın yerdə elçiləridirlər. Əfsus ki, bunu bütün həkimlər tam dərk eləyə bilmirlər...
Koronavirus pandemiyası vaxtı bu, bir daha öz təsdiqini tapdı...
Bakı şəhəri.
16- 18 may- 2020- ci il
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB