AĞALAR İDRİSOĞLU
Əməkdar incəsənət xadimi
Allahın yerdə olan böyük elçiləri, sağlamlığımızın keşiyində dayanan müqəddəs həkimlərə həsr eləyirəm.
Müəllif
Dünyanı lərzəyə salan və insanları qorxu xofunda, stresdə saxlayan, depressiyaya mübtəla eləyən koronavirus xəstəliyi başlayandan Fazil həkimin gecəsi, gündüzü yox idi. Çünki onun baş həkim işlədiyi xəstəxana ölkə başçısının əmrilə Regional Xəstəxana olmaqla koronavirusla bağlı xüsusi xəstəxana kimi qeydiyyatdan keçmişdi və təkcə Günəşli rayonuna deyil, ona yaxın olan iki rayona da xüsusi xidmət göstərirdi. Həmin iki rayondan - Muğanlı və Digahlıdan da koronavirusa yoluxan xəstələri bura gətirirdilər. Və buradakı həkimlər əllərindən gələni eləyirdilər ki, bu xəstəliyə tutulanları sağaltsınlar. Həmin rayonlar İran sərhədinə yaxın olduğundan və həmvətənlərimiz dolanışıq xatirinə ucuz bazarlıq etməkçün tez-tez İrana getdiklərindən koronavirus xəstəliyinə yoluxmuşdular. Bu virusla bağlı bəzi mətbuat da çox şeyi təhlil eləmədən, öz süzgəclərindən lazım olan kimi keçirmədən dünya mətbuatında, televiziyalarında, videolarında gördükləri dəhşətləri əlavə etməklə, çaşqın yazılar yazmaqla, özəl televiziyalarda məntiqə uyğun gəlməyən, boyat və dəhşətli kadrları göstərməklə insanları daha çox qorxuya salırdılar. Ona görə də Fazil həkimin rəhbərlik elədiyi 400 yerlik xəstəxana demək olar ki, bütövlükdə dolmuşdu. Xəstəxanaya düşə bilməyənlər isə artıq təhqirə keçir, Fazil həkimi və orada çalışanları bihörmət eləyirdilər. Bütün bunların səbəbini Fazil həkim məmləkətimizdə tibbi maarifləndirmənin zəif olmasında görürdü...
Əlbəttə, xəstəxanaya gələn xəstələrdən üç nəfərin dünyasının dəyişməsi faktı da olmuşdu. Biri infarktdan, iki nəfər isə onkoloji xəstəlikdən ölmüşdülər. Onlar koronavirusdan ölməsələr də bəzi Kütləvi İnformasiya Vasitələri “yaxalarını cırırdılar” ki, həmin şəxslər koronavirusdan ölüblər, hətta ölənlərin sayı 30 nəfərdir, amma Fazil həkim yalandan üç nəfər deyir. Bəzi qaragüruhçular bu rəqəmi daha da şişirdib, hər yerə car çəkirdilər ki, guya bu xəstəlikdən məhz həmin xəstəxanada yüz adam dünyasını dəyişib. Bu da adamları daha çox qorxuya saldığından ən adi xəstələr belə xəstəxanaya gəlir və özlərini yoxlatmağı həkimlərdən tələb edirdilər. Sadə qripdən, soyuqdəymədən, oynaq ağrılardından və sairə xəstəlikdən şikayət edənlər də Fazil həkimi məcbur edirdilər ki, onları xəstəxanada yatırtsın. Bax buna görə də 400 xəstə üçün nəzərdə tutulan həmin xəstəxana bütövlükdə dolu idi. Hətta koronavirusdan xəstələnənləri belə orada yerləşdirmək çətinləşmişdi. Çünki iki mərtəbəli xəstəxananın 80 xəstə üçün nəzərdə tutulan yoluxucu xəstəliklər şöbəsi də bütövlükdə dolmuşdu...
Artıq iyirmi illk həkimlik təcrübəsinin beş ilini həmin xəstəxanada şöbə müdiri və on ilini baş həkim işləyən, respublikada sayılıb-seçilən həkimlərdən olan, tibb elmlər doktoru, möhkəm iradəli Fazil Hüseynli heç vaxt belə çətinliyə düşməmişdi...
Məhz buna görə də əsəbləri tarıma çəkilmiş, hədsiz əsəb gərginliyi keçirdiyindən onun yuxusu da ərşə çəkilmişdi. Əsəblərinin tarıma çəkilməyilə birlikdə, ürəyinin də ağrıdığını hiss edirdi. Möhkəm səbrə və yüksək mədəniyyətə malik olan Fazil həkimdə axır vaxtlar böyük əsəb gərginliyi yarandığından, səbirsiz olduğundan həkimlərlə, tibb işçilərilə və bəzən isə xəstələrlə də sərt danışırdı. Bir həkim kimi bütün bunların səbəbini vaxtlı-vaxtında yatmamasında və istirahət edə bilməməsində görürdü. Ona görə də özünə söz vermişdi ki, bu gün hökmən 3-4 saat yatacaq. Hətta baş tibb bacısı Gülnar xanıma da tapşırmışdı ki, dörd saat onu oyatmasınlar. Heç olmasa bu gün yata bilsin. O, kabinetindəki bir adamlıq tibbi kuşetkada, əynində xüsusi tibbi geyim, başında kalpak, ağzında maska uzansa da gözünə heç cürə yuxu getmirdi... Dağı-arana, aranı-dağa aparır və bu xəstəliyin bəzi hegemon ölkə başçıları, varlı, milyarder adamlar tərəfindən necə böyük ustalıqla dünya əhlisinin beyninə yeritdiyini düşünürdü... Bəzən də bu vəhşilərin, insan qanına susayanların çox ustalıqla qurduğu bu oyuna “əhsən” deyirdi... Özü də bir həkim kimi çox yaxşı bilirdi ki, bu xəstəlik elə də qorxulu deyil, amma bu əbləhlər onu dünyada ən qorxulu xəstəlik kimi insanlara sırımaq istəyirlər...
Bu vaxt Fazil həkimin kabinetinin qapısı bir neçə dəfə döyüldü.
- Kimdi? Qapı açıqdı.
- Doktor, mənəm Gülnardı, - deyərək o, qapını açdı.
- Nə olub ay qızım?
- Xahiş edirəm, gəlmək olarmı?
- Gəl.
Gülnar çox gərgin və pəjmürdə halda içəri girdi.
- Doktor, qonşu Digahlı rayonundan bir yaşlı qadını çox ağır vəziyyətdə gətiriblər. Həmin qadının əri, sizinlə görüşməyi tələb eləyir. Deyir ki, siz həmin ailəni yaxşı tanıyırsız.
- Mən bir vaxtlar orada işləmişəm və çoxlu adamlar tanıyıram. Nə olsun ki? Qoy onlar növbətçi həkimə müraciət eləsinlər. Bu gün növbədə kimdir?
- Rafiq həkimdir.
- O, təcrübəli həkimdir. Terapiya və infeksiya sahələrini məndən də yaxşı bilir. Çünki bu sahələrdə ixtisaslaşıb. Özü də infeksiya şöbəsinin müdiridi.
- Mən də dedim. Amma həmin yaşlı kişi məni məcbur elədi ki, xəstənin xəstəlik tarixçəsini sizə gətirim. Qadının vəziyyəti doğrudan da ağırdır. Rafiq həkim də əlindən gələni edir ki, xəstəni kritik vəziyyətdən çıxarsın. Bizə elə gəlir ki, kişi özü də koronavirusa yoluxub. Qadının qızı və nəvəsi də koronavirusa tutulublar. Evlərinə göndərdiyimiz həkim briqadası belə deyir ki, onlar da koronavirus daşıyıcılarıdı.
- Gərək bayaqdan gəlib mənə xəbər verəydin. Ayıb olsun sənə.
“Ayıb olsun” cümləsi Fazil həkimin şakəri idi. Özünün də bir səhfi olanda gülə-gülə deyərdi: “Ayıb olsun mənə”. Bu sözləri Gülnar çox xoşlayırdı.
- Hə, ayıb olsun mənə,- deyə Gülnar gülümsündü.
- Xəstəlik tarixçəsini ver görüm,- deyə Fazil həkim Gülnardan kazığı alıb, elə ayaq üstə dodağının altında oxumağa başladı. Sonra birdən-birə əhvalı dəyişdi və özündən asılı olmayaraq, stulda oturdu.
Həkimin bənizinin ağardığını Gülnar elə o dəqiqə hiss elədi. Çünki uca boylu, tökmə bədənli Fazil həkim sarıyanız idi. Çöhrəsinin izləri elə aydın və nurani idi ki, hər bir hadisənin ona necə təsir elədiyini həm ala gözlərindən və həm də sifət cizgilərindən aydın duymaq və görmək olurdu.
- Sizə nə oldu, doktor?
- Heç nə. Deyirsən ki, əri mənimlə görüşmək istəyir?
- Bəli.
- Xəstəni yəqin koronavirus üçün ayırdığımız iki mərtəbəli binada yerləşdiribsiz.
- Xeyr. Hər iki mərtəbə dolub. Orada yer yoxdur, doktor.
- Bəs xəstə haradadır?
- Elə qəbul otağındadır.
- Xəstəni nə vaxt qəbul edibsiz?
- Bir saat olar. Nəfəs alması da çətinləşib,- deyə Gülnar suçlu adamlar kimi Fazil həkimə baxdı.
- Sizin başınız doğrudan da xarabdı? Xəstəni bir saat qeydiyyat otağında saxlamaq olar? Özü də belə ağır xəstəni... Həqiqətən sizə ayıb olsun...
- Doktor, demişdiniz ki, sizi dörd saat narahat eləməyək. Palatalarda yer yoxdur. Amma qəbul otağında xəstəyə nə lazımsa tibbi yardım olunur.
- Qəbul otağında lazım olan şərait yaxşı deyil. Özün də deyirsən ki, xəstənin vəziyyəti ağırdır.
- Qadının əri deyir ki, Fazil həkimin bura gəlməməkdə məqsədi bizdən hayıfını almaqdır ki, arvad ölsün. Vicdanı olan əsl həkim, köhnə umu-küsülüləri belə ağır günə saxlamaz. Əgər arvad ölsə, Fazil həkimdən əl çəkməyəcəm. Mən də, qızım da... Buna görə onu həbs elətdirəcəyik.
- Elə belə də deyir,- deyə Fazil həkim əsəbi Gülnara baxdı.
- Bəli. Belə də deyir,- deyə Gülnar başını aşağı saldı. Doktor, axı biz bilirik ki, siz həyatınız böyu heç kimə pislik eləməmisiz. Bəs bu kişi niyə belə deyir?
- Eh, ay qızım, o kişi yaxşı kişidi. Yəqin hirsindən elə deyir. Nə isə... İkinci mərtəbədəki palatalardan birində gərək ki, üç xəstə tam sağalıb. Biz onları bura, əsas korpusdakı palatalardan birinə keçirə bilərik və sabah da xəstəxanadan çıxararıq. Rafiq həkimə de ki, bu işi tezləşdirsin. O xəstələri başqa palataya köçürün. Həmin arvadı və ərini təcili palatada yerləşdirin. Bütün vasitələrdən istifadə edin ki, arvadın vəziyyəti yaxşılaşsın. Kişiyə də əsəb sakitləşdirici dərman vurun. Həmin arvadın qızını və nəvəsini müayinə edən həkim briqadasını təcili bura göndərin.
- Oldu, doktor,- deyə Gülnar xanım tez otaqdan çıxdı.
Gülnar xəstəxanada baş tibb bacısı olsa da, təbabəti həkimlərdən heç də pis bilmirdi. Tibb texnikumunu əla qiymətlərlə bitirmişdi və bilmədiklərini öyrənməyə həmişə maraq göstərirdi. Tibb personalı və xəstələrlə həmişə mehriban rəftar etdiyindən burada hörməti böyük idi. Məsuliyyətli olduğundan baş həkim tapşırıqların çoxunu ona verirdi. Fazil həkim cəmi 23 yaşı olan Gülnara həmişə “qızım” deyə müraciət etsə də bəzi ağzıgöyçəklər həmişə fikirləşirdilər onların arasında “nə isə” var. Fazil həkimlə Gülnarın arasında isə düz 22 il yaş fərqi vardı. Bir il bundan qabaq, Gülnar ailə qurandan sonra bu söhbətlərin kökü kəsilmişdi... Axırıncı beş ildə Fazil həkimin başına gələn dəhşətli, qəmli hadisələr ona daha pis təsir eləmiş və onu bir az da qocaltmış, belini bükmüşdü. Cəmi 45 yaşı olan Fazil həkimin saçları tamam ağarmışdı, 60 yaşlı kişiyə oxşayırdı...
Fazil həkim xəstəlik tarixçəsini təkrar oxumağa başladı...
Həmin qadın onun keçmiş qaynanası Familə Cəfər qızı Məmmədzadə idi. O qaynanası ki, bir vaxtlar at oynadırdı. Heç nəyin ucbatından beş il bundan qabaq qızı Laləni zorla Fazil həkimdən ayırmışdı. Fazil həkim bu müddət ərzində sevimli qızı Gülçini görə bilmirdi. Baxmayaraq, məhkəmə qərar qəbul etmişdi ki, uşaq heç olmasa həftədə iki gün atası ilə görüşə bilər, amma arvadı Lalə anasının qorxusundan buna imkan vermirdi. Elə Lalə da az aşın duzu deyildi. Ailə qurduqları ilk gündə anası nə çalırdısa, o da həmin hava ilə oynayırdı. Fazillə Lalə on il ailəli olduqları müddətdə anası Familənin ucbatından tez-tez küsməli, dalaşmalı olmuşdular. Lalə dəfələrlə acıq edib anasıgilə gəlmişdi. Fazilin anası rəhmətlik Sona arvad da həmişə məcbur olub, Familəgilə getmiş, onu dilə tutub, bir təhər Laləni evə gətirmişdi. Çünki Familə Sonanın dost-doğmaca əmisi qızı idi. Sona da fikirləşmişdi ki, bircə oğluna elə öz qohumunu alsın ki, onlar xoşbəxt olsunlar. Axı Sona haradan biləydi ki, Familənin və Lalənin “buynuzu” sonradan çıxacaq və Familə Fazili məcbur edəcək ki, onlar ayrı və Sona da ayrı qalsın. Guya onların evinə dava salan məhz Sona arvaddır. Amma Fazil buna qəti razı deyildi. Çünki o, anasını Lalə kimi yüz arvada dəyişməzdi. Fazil hələ uşaq ikən atası öz maşını ilə qəzaya düşəndən sonra anası onu tək böyütmüşü. Elə həmin vaxt Sona da maşında əri ilə birgə qəzaya düşmüşdü. Amma o, sağ qalmışdı. Lakin qorxudan şəkər xəstəliyi tapmışdı. Fazillə Lalənin arasında davalar olan zaman və Familə onların işinə “burun” soxanda Sonanın şəkəri normadan çox yüksək həddə çatırdı. Bir sözlə, on il ərzində “itlə-pişik” kimi yaşamışdılar Fazillə Lalə. Beş il bundan qabaq isə tamam ayrılmışdılar. Sona xanım bu dərdə dözə bilməyib, bir il əvvəl şəkər xəstəliyindən dünyasını dəyişmişdi. Fazil həkim onu ən məşhur həkimlərin yanına aparsa da heç bir xeyri olmamışdı...
Anası vəfat edəndən sonra Fazil demək olar ki, evlərinə çox zaman getmirdi, bütün günü xəstəxanada qalırdı. Ona təsir edən bu idi ki, nə Familə, nə indi gəlib “odlu-alovlu” danışan və əslində arvadı Familənin qorxusundan bir sözünü iki eləmək istəməyən Fikrət, nə də Lalə Fazilə heç başsağlığı belə verməmişdilər. Amma onunla telefonda danışan qızı Gülçin möhkəm ağlamışdı və atasına söz vermişdi ki, orta məktəbi bitirəndən sonra gəlib atası Fazilin yanında qalacaq. İndi Gülçinin 15 yaşı vardı. O, artıq doqquzuncu sinifdə oxuyurdu. Nənəsinin və anasının təpkilərinə baxmayaraq, imkan düşdükcə atası ilə telefonda danışırdı. Hətta bir neçə dəfə bunu görən anası Lalə atasının ona alıb bağışladığı telefonu əlindən alıb, sındırmışdı. Amma bir il əvvəl Sona xanım dünyasını dəyişəndən sonra özü telefon alıb Gülçinə bağışlamışdı. Buna səbəb nənəsi Familənin və anasının əlindən əsəbləşən, böyük stresslər keçirən Gülçinin “özümü öldürəcəm” deməsi olmuşdu. Bundan qorxuya düşən Lalə bir qədər yumşalmışdı və məhz buna görə mobil telefon alıb qızına vermişdi. Lalə ingilis dili müəlliməsi idi. Savadlı və gözəgəlimli xanım idi. Amma anası Familə kimi ağır xasiyyəti vardı. Hər sözü böyütməyi xoşlayırdı. Bu xasiyyətinə görə beş il bundan qabaq Fazildən ayrılsa da hələ heç kimlə ulduzu barışmırdı ki, ikinci dəfə ailə qursun. Onu istəyənlər də çox idi. Həmin adamlar bu qadınla bir qədər söhbət edəndə görürdülər ki, onunla ailə qurmaq çox çətindir. Lalənin bütün varlığı ilə inandığı şaiəyə səbəb, Fazil həkimin hamı tərəfindən “sevgilisi” kimi qələmə verilən Gülnar idi. Onun bir il bundan qabaq ailə qurmasını və həyat yoldaşı ilə çox mehriban yaşamasını biləndən sonra Lalə çox böyük səhv etdiyini anladı. O, Fazili sevirdi. Amma daxilindəki hikkə ona imkan vermirdi ki, bunu tam biruzə versin. Özünün səhv elədiyini və Fazildən onu bağışlamasını xahiş eləsin. Ona evlilik təklif edənlərin hər birində eyib tapması da yəqin bundan irəli gəlirdi...
Lalə Fazili hələ orta məktəb illərindən sevirdi. O vaxt Fazil Tibb İnstitutunda təhsil alırdı və hər dəfə rayona gələndə anası ilə onlara gəlirdi. Anası Sona ərklə Familəyə deyirdi: “Əmi qızı Lalə mənim gələcək gəlinimdi”. Çünki ağır həyat yaşamış Sona arvad, oğlu Fazilin hələ orta məktəb şagirdi olan Laləyə və Lalənin də Fazilə biganə olmadığını onların hərəkətindən, baxışlarından sezmişdi...
Lalə Xarici Dillər İnstitutunda təhsil aldığı vaxtlarda da son kursda oxuyan Fazillə görüşürdü. Artıq bir-birini sevdiklərini dilə gətirmişdilər. Lalə üçüncü kursda oxuyanda onlar nişanlanmışdılar. Həmin illərdə Fazil təyinatla Laləgilin yaşadığı Digahlı rayonunda işləyirdi. Lalə axırıncı kursda oxuyanda Fazilin anası Sona xanımın təkidilə onlar evlənmişdilər. Çünki Sona xanım deyirdi ki, “mən şəkər xəstəsiyəm. Bu gündən sabaha etibar yoxdur. Heç olmasa oğlumun toyunu görüm”. Toyunu gördü. Bir ildən sonra Gülçin anadan oldu və ondan sonra “dığhadığ, küsüşmələr” başladı... Nəticədə də belə “ailə dramı” baş verdi...
- Doktor, gəlmək olar,- deyə üç nəfərlik həkim briqadası və Gülnar otağa girdilər. Gülnar sözünə davam elədi: - Fazil həkim, üç xəstəni siz deyən kimi əsas korpusa keçirdik. Qadını və ərini ikinci mərtəbədəki palatada yerləşdirdik. Qadın intensiv aparata qoşulub. Nəfəs alması bir qədər yaxşılaşıb. Kişinin də hirsi bir qədər soyuyub. İstəyirik ki, onu da intensiv süni aparata qoşaq. Nəfəs almasında bir qədər problem var.
- Fazil həkim, arvadın qızının və nəvəsinin də vəziyyəti yaxşı deyil,- deyə həkim briqadasının rəhbəri Canıbəy həkim dedi. Özü də arvadın qızı qəti razı deyildi ki, anasını bura gətirək. Deyirdi Bakıya aparacağıq. Ona başa saldıq ki, bu rayondan Bakıya 200 kilometr yoldur. Arvad elə yolda keçinər. Sizin rayondan bizim Günəşli rayon xəstəxanasına məsafə isə cəmi 35 kilometrdir. Xəstəni ancaq bizim xəstəxanaya çatdıra bilərik. Kişi, qızına yalvar-yaxar elədi və axırda qızı razılaşdı. Hiss olunurdu ki, çox tərsdir. Özü də müəllimədi... Allah göstərməsin. Belə müəllimə bu tərsliklə görəsən şagirdlərlə necə yola gedə bilir?
- Deyirsiz ki, qız da, anası da xəstədi?
- Bəli, Fazil həkim. Onların vəziyyəti də yaxşı deyil. Hər ikisini təcili xəstəxanaya gətirmək lazımdı. Biz onları da gətirmək istədik, amma müəllimə razılaşmadı. Uşağın danışığından belə başa düşdüm ki, ərilə ayrılıb. Yazıq onun əri... Belə arvadı olan evində gərək bir polis də saxlasın...
- Elə sabah Polis idarəsilə danışarıq və onların vasitəsilə gətirərik.
- Amma mənə elə gəlir ki, bunu bu gün təcili etmək lazımdı. Çünki o müəllimənin 15 yaşlı qızının vəziyyəti daha kritikdir. Özü də çox çəlimsiz uşaqdı. Hiss olunur ki, böyük streslər keçirib. Elə hey ağlayırdı. Özü də tez-tez deyirdi: “Mən atamı istəyirəm. Mən ona oxşayıram. Onun yanına getmək istəyirəm. Sizə nifrət edirəm. Məni atamdan ayırdığınıza görə Allah sizi belə qarğayıb. Bax, belə əzabla da öləcəksiz”...
Bu sözləri eşidən Fazil həkimin elə bil ki, daxili təlatümə gəldi. Ağzından maskasını və başından kalpakını çıxarıb, pəncərənin yanına getdi ki, onun hönkür-hönkür ağlamasını həkimlər və Gülnar görməsin.
Onlar həddindən artıq dözümlü və sərt adam olan Fazil həkimin bu hərəkətindən çaşıb qaldılar. Axı onu tanıdıqları müddətdə heç vaxt ağlayan görməmişdilər. Və hətta bu üç ayda doktor gör nə qədər ağır xəstələrlə rastlaşmışdı... Bu xəstəxanaya rəhbərlik etdiyi dövrdə çoxlu ölüm hadisəsi görmüşdü, amma heç vaxt belə hönkür-hönkür ağlamamışdı. Deyilən sözlər onu niyə belə ağlamağa məcbur elədi?.. Bunun sirri nədir?..
- Sizə nə oldu, doktor? - deyə Gülnar həyəcanla ona baxdı.
- Heç nə... Hamısı yorğunluqdandır. Axı üç aydır ki, mən hər gün səhərdən axşamadək bu xüsusi geyimdəyəm və ağzımda maska var. Streslər keçirirəm... Depressiyadayam. Depressiyaya düşən adamlar da belə kövrək olurlar, ay qızım,- deyə Fazil həkim Gülnarın və həkimlərin üzünə məcburən də olsa gülümsündü...
- Fazil həkim, son vaxtlar sizin də sifətiniz bir həkim kimi mənim xoşuma gəlmir. Siz hökmən bir qədər istirahət eləməlisiniz. O qızcığazın səsi hələ də qulamğımdadır... Mənə elə gəlir ki, onları sabaha kimi evdə qoymaq olmaz...
- Yaxşı, Canıbəy həkim. Mən indi Polis rəisi ilə danışaram. Onlardan bir neçə nümayəndə götürün və gedin, həmin xanımı və qızını məcburən bura gətirin. Qadın razılaşmasa, zorla gətirin. Gülnar xanım, sən də əlavə iki yer təşkil elə. Əgər... - o, bir qədər susdu. Nə isə fikirləşdi və sözünə davam elədi: - Əgər mümkün olmasa mənim kabinetimə çarpayılar yerləşdir və qoy onlar elə bu otaqda müalicə alsınlar.
- Bir boş çarpayı var koronaviruslu xəstələr olan otaqda.
- Onda anasını həmin otaqda və qızı isə mənim kabinetimdə yerləşdirin.
- Oldu, doktor.
- Canıbəy həkim, siz də vaxt itirməyin.
Gülnar və həkimlər briqadası gedəndən sonra Fazil həkim yenidən qızının dedyi sözləri yadına salıb bir daha hönkür-hönkür ağladı. O, qızı Gülçini axırıncı dəfə anası Sona can verən vaxtı görmüşdü. Gülçin öz anası və nənəsilə dalaşmış, babası ilə ata nənəsi Sonanı görməyə gəlmişdi. Elə bu xəstəxanaya. Həmin vaxtı Sona xanım reanimasiya otağında tək qalırdı. Fazil həkim, tibb bacısı Gülnar və digər tibb bacıları onun başının üstündə demək olar ki, əsirdilər. Lakin şəkər xəstəliyi Sona xanımın orqanlarının çoxunu sıradan çıxarmışdı. Hətta gözləri də tutulmuşdu. Fazil həkim anası Sona ilə Gülçinin görüş səhnəsini yadına salıb, təkrar hönkür-hönkür ağladı və həmin səhnəni gözləri qarşısında canlandırdı.
- Nənə...
- Can nənə. Səsinə qurban. Kimsən? Gözlərim yaxşı görmür...
- Gülçinəm, ay nənə.
- Sənə qurban olum, ay bala. Nə yaxşı sən gəldin. Fikirləşirdim səni görməyib, o dünyaya getsəm, qəbrim bu dərddən od tutub yanar. Nənəsinin gül balası. Nənəsinə oxşayan balam. Atan Fazil də, sən də mənə oxşayırsız. Atalar deyib ki, “nənəsinə oxşayanlar həyatda xoşbəxt olur”. Fazil xoşbəxt ola bilmədi, təki sən xoşbəxt ol, ay ömrüm-günüm...
Sona daha heç nə deyə bilmədi. Kövrəldi. Sona, Fazil və Gülçin bir-birinə qoşulub ağladılar. Bunu görən tibb bacıları da ağladılar. Onların da ağladığını görməsinlər deyə otaqdan çıxdılar. Nənə, oğul və nəvə elə ağlayırdılar ki, sanki göydən şimşək çaxır, yer-göy bir-birinə qarışırdı. Kənardan onları görən daş ürəkli adam belə özünü saxlaya bilməzdi... Axır ki, Fazil həkim özünü ələ aldı.
- Ay ana, hər şey yaxşı olacaq. Atamın goru haqqı sən tezliklə sağalacaqsan. Bakıdan gələn professorlar da dedilər ki, “anan tezliklə sağalacaq, Fazil həkim”.
Sona bir qədər arxayınlaşdı. Çünki Fazil atasının goruna cəmi iki dəfə and içmişdi. Bir dəfə beş il bundan qabaq Lalə axırıncı dəfə evdən gedəndən sonra bu sözü demiş və gedib məhkəməyə boşanmaqçün ərizə vermişdi. Sona da bilirdi ki, Fazil tərs adamdır. Əgər bir şeyi dedisə, səhv də olsa onun üstündə duracaq. Ona görə də o vaxt daha heç nə deməmişdi. Bir qədər susub, sonra belə demişdi:
-Ay mənim balam. Dünyada boşanan təkcə sən deyilsən ki... Gör hər il nə qədər adam boşanır... Atalar deyiblər ki, “dişin ağrıyırsa, çək qurtar, arvadın pisdirsə boşa, qurtar”. Özü də sənin hələ nə yaşın var ki? Cəmi qırx yaşın var. Atan elə 30 yaşında ailə qurmuşdu. Tezliklə, qarşına bir halal süd əmmiş çıxar, onunla da evlənərsən...
Fazil ikinci dəfə indi atasının goruna and içirdi... Deməli, Sona tezliklə sağalacaq. O, buna qətiyyətlə inandı. Amma Fazilin atasının goruna and içdiyi bu dəfə özünü doğrultmadı... Sona arvad həmin gecə səhərə yaxın dünyasını dəyişdi...
Fazil və həkimlər əllərindən gələni etsələr də mümkün olmadı. Sona arvadın beyninə qan sızmışdı. Həkimlərin qoyduğu diaqnoza görə belə nəticəyə gəlindi ki, yəqin nəvəsini görəndən sonra çox həyəcanlanıb. Elə bütün gecəni beynində nəvəsinin fikri olub, təzyiqi birdən-birə oynayıb və qanında tromb olub, gedib ürəyində ilişib. Sona ananın son sözləri hər dəfə Fazilin beynində səsləndikcə, o, hər an kövrəlir...
-Ay oğlum, sən ki, nəvəmi gətirdin, mən gördüm, Allah atanla mənim yaşaya bilmədiyimiz ömrü də sənə versin. Sən bir övlad kimi mənimçün çox şey eləyibsən. Allahdan bir şeyi xahiş edirəm ki, sən ikinci dəfə halal süd əmmiş qızla evlənib, övladlar, nəvə-nəticələr sahibi olasan. Sən... sən...
Sona ana, sözlərinin ardını daha deyə bilməyib keçinmişdi. Fazil həkimçün bu gün də sirr olaraq qalmışdı ki, anası sonda nə demək istəyirdi... Anası öləndən sonra da qızı Gülçin gəlmişdi, amma Lalə gəlməmişdi... Əgər Lalə o zaman gəlsəydi, Fazil həkim yəqin onunla barışardı. Çünki anası ölümündən bir gün əvvəl ondan xahiş eləmişdi ki, arvadı ilə barışsın. Hətta belə bir müdrik məsəl də çəkmişdi:
-Ay oğul, əgər Allah özü bütün insanların günahını bağışlayırsa, biz nə karəyik ki, kimlərinsə günahını bağışlamayaq. Böyük Yaradan kin saxlayan adamları sevmir. Özü də kin saxlayan adamlar çox yaşamırlar. Elə öz kinlərinin də qurbanı olurlar...
İndi Fazil həkim iki yol ayrıcında qalmışdı. Qızını yəqin ki, özü müalicə edəcəkdi. Bəs Laləni, anası Familəni və atası Fikrəti kim müalicə etməliydi? Axı Fazil xasiyyətcə tərs adamdır. O, əgər özü istəsə də onları müalicə edə bilməz. Çünki onlarla görüşəndə istəsə də, istəməsə də nifrətini biruzə verəcək. Bu, başqa xəstələrə də pis təsir edə bilər. Həm də onların həyatı faciə ilə bitsə, onlar hökmən Fazil həkimdən şikayət edəcək və deyəcəklər ki, o, bu işilə onlardan qisas alır... Onsuz da onlar buna kökləniblər... Digər tərəfdən axı Fazil həkim ali məktəbi bitirəndə Hippokrat andı içmişdi. İşlədiyi iyirmi ildə həmişə bu anda sadiq qalmışdı. Bütün xəstələri özünün doğması bilirdi. Ona görə də bütün xəstələr onu sevirdi... Ona inanırdı...
Bu vaxt qapı açıldı. Gülçin ağlaya-ağlaya ona sarı qaçdı.
-Ata, ata... qurban olum. Kömək elə, ölürəm...
Fazil həkim müvazinətini itirən və yıxılmaq istəyən Gülçini qucaqladı. Ağzındakı maskasını və başındakı kalpakını çıxarıb yerə atdı. Ağlaya-ağlaya qızını duz kimi yalamağa başladı.
-Atan imkan verməz sən öləsən, ay mənim bircəciyim. Həyatım, ürəyimin parçası mənim. Mən səni heç vaxt ölməyə qoymaram, mənim Gülçinim. İnan mənə... İnan mənə...
Həkimlər briqadası və Gülnar bu səhnədən donub qalmışdılar. Onlar indi aydın görürdülər ki, bu qız Fazil həkimə oxşayır, elə bil bir almadı yarı bölünüb. Sifət cizgiləri, gözləri, baxışı, duruşu Fazil həkimin eynisi idi.
Gülnarın yadına düşdü ki, Fazil həkim həmişə deyirdi: “Mənim qızım özümə oxşayır. Elə bil fırt eləmişəm, burnumdan düşüb”...
Bu zaman Canıbəy həkim sanki birdən ayıldı və Fazil həkimə sarılan qızını ondan ayırmaq istədi.
-Siz nə edirsiz, doktor? Bu qız koronavirusa yoluxub. Sizə onu öpmək olmaz. Olmaz!..
Həkimlər nəhayət, ata ilə qızı bir-birindən ayırdılar.
-Ata, yalvarıram sənə. Anamın da, nənəmin də, babamın da vəziyyəti çox pisdi. Yalvarıram, onları xilas elə. Xilas elə. Axı sən yaxşı həkimsən. Yaxşı atasan... Yaxşı, mehriban insansan. Nənəm Sonanın yanına gələndə görmüşdüm ki, səni buradakı işçilər necə sevirlər...
Gülçinin 15 yaşı olsa da, o, daha mükəmməl düşüncəyə malik idi. Dərslərini beş qiymətlə oxuyurdu. Arzusu atası kimi həkim olmaq idi.
-Yaxşı, qəşəng qızım. Sən sakit ol. Biz nə lazımsa, əlimizdən gələni edəcəyik.
- Mən bilirəm ki, sənin heç nədə günahın yoxdur. Günahkar nənəmlə, anamdır... Onlar bizi bir-birimizdən ayırıblar. Mən həmişə sənə demişəm. Onsuz da mən gec-tez sənin yanına gələcəm. Hökmən gələcəm. Axı sən mənim təkcə atam yox, həm də Allahımsan. Qibləgahımsan... Sən mənim Hoppokratımsan...
Gülçinin bu sözlərindən sonra heç kim özünü saxlaya bilmədi. Hamı dolxusundu. Ata və bala hönkür-hönkür ağladılar. Fazil həkim yenidən qızını qucaqladı. Duz kimi yaladı.
-Mənim qəşəng, gözəl balam. Gülçinim... Bircəciyim... Gül içində gülüm...
Canıbəy həkim cəld onları ayırdı.
-Doktor, xahiş edirəm maskanı taxın. Əgər bir də belə hərəkət etsəniz, onda qızı buradan aparacam. Mənim buna haqqım var. Çünki siz bizə hələ çox lazımsız. Sizsiz biz bu qədər ağır xəstələrlə bacara bilmərik.
Təxminən öz həmyaşıdı və dostu olan Canıbəy həkimin ərkyana dediyi bu sözlərdən sonra Fazil həkim maskasını taxdı və koronavirusla bağlı məxsusi hazırlanmış kalpakını başına qoydu.
- Laləni palatada yerləşdirdiniz?
- Bəli, doktor. O istəyirdi ki, qızı da onunla bir yerdə qalsın, amma dedik ki, uşaqlar üçün ayrıca palata var, ora qoyacağıq.
- Gülçini mənim kabinetimdə yerləşdirin. Bura çarpayı gətirib qoyun. Mən özüm ona nəzarət edəcəm. Çünki hiss edirəm ki, o təkcə xəstə deyil, həm də möhkəm stress keçirib. Onu ilk növbədə sressdən çıxarmaq lazımdı.
- Fazil həkim, əgər qız burada qalsa, siz istər-istəməz maskanızı çıxarıb, yenə də onu öpəcəksiz. Bu sizdən asılı deyil. Çünki özünüz də bilirsiniz ki, tibb elmində belə bir şey var. Eyni qandan olan yaxın insanlar, ən ağır vaxtlarında bir-birinə daha yaxın olurlar. Ona görə də mən məsləhət bilirəm ki, koronavirus xəstələri olan iki palatadan bir nəfəri də çıxarıb, başqa palataya köçürək. Çünki orada olan xəstələrin çoxu artıq sağalıb. Onlardan bəzilərini sabah evlərinə də buraxa bilərik.
-Yox. Mən atamın yanında qalacam,- deyə Gülçin təkidlə bildirdi.
- Onda atan söz versin ki, maskasını daha çıxarmayacaq. Axı atanın koronavirusa tutulmaması təkcə sənə yox, həm də bizə lazımdır. Biz üç rayon əhalisinə xidmət edirik. Bu üç rayonda 500 mindən çox insan yaşayır. Bizdə isə cəmi iki palata koronaviruslu xəstələrçün xüsusi düzəldilib və onlar da cəmi 80 çarpayılıq yerdir. Söz veriblər ki, daha iki palatanı da hazırlasınlar. Fazil həkim üç aydır çalışsa da, bu hələ mümkün olmur. Çünki bəzi şərəfsizlər...
-Yaxşı, Canıbəy həkim. Söz verirəm ki, daha maskamı çıxarmayacam,- deyə Fazil həkim Canıbəyi daha danışmağa qoymadı. Çünki o, axır vaxtlar özünü cilovlaya bilmir və yuxarıların ünvanına çoxlu “artıq-əskik” söz deyirdi...
Canıbəy həkim bilirdi ki, Fazil həkim nə söz verirsə, ona əməl edir.
-Doktor, onda biz Lalə xanımı palatada yerləşdirək. Qəşəng qızımız da bax, bu maskanı taxsın. Onu da elə anasının yanında yerləşdirək. İki ədəd süni nəfəs aparatı da taparam. Çünki hər ikisi süni nəfəs aparatına qoşulmasa vəziyyətləri çətin olar. Əgər o burada qalsa, atası Fazil həkimə təpki çox olar. Axı bura baş həkimin otağıdır. Onsuz da mənə görə ona çox şey deyirlər...
Canıbəy həkimin bu sözlərindən sonra Gülçin atasına baxdı. Onun nə deyəcəyini gözlədi. Canıbəy həkimin verdiyi maskanı da taxdı.
- Qızım, Canıbəy əmi düz deyir. Onun bu xəstəliklə bağlı təcrübəsi daha çoxdur. Amma səni, ananı, nənəni və babanı özüm müalicə edəcəm. Siz palataya yerləşin, mən indi gəlirəm.
-Yaxşı, ata,- deyə Gülçin ala gözlərində yaş, atasına sığındı. Onların bu duruşu nəhəng qartalın qanadının altına yumurtadan yenicə çıxmış balasının sığınmasını xatırladırdı. Çünki Fazil həkim uca boylu, enli kürək idi. Gülçin isə yaşına görə boyca balaca və çəlimsiz idi.
Gülnar, həkimlər və Gülçin otaqdan çıxdılar. Fazil həkim çox çətin, ağır bir imtahan, durum qarşısında qalmışdı... O indi nifrət elədiyi ailənin həyatını xilas etməliydi. Bu ailədə onun gül balası Gülçin də vardı...
Pəncərənin qarşısında dayanıb, xəstəxananın həyətindəki uca palıd ağacına baxan Fazil həkim nələri düşünmədi... Bu palıd ağacını o, Çülçin anadan olan günü öz əllər ilə əkmişdi. Hətta həmin vaxt çalanı necə qazması, ağacların arasından məhz bu palıd ağacını seçməsi də yadına düşdü... Bu on beş ildə palıd ağacı çox böyümüş və nəhəng bir ağac olmuşdu...
... Fazil həkimin ali məktəbi bitirdiyi vaxt - Hippokrat andı içdiyi təntənəli gün qəflətən yadına düşdü... Axı o və bütün tələbə yoldaşları söz vermişdilər ki, ali məqsədləri ancaq xəstələri sağaltmaq olacaq. Bütün həyatları boyu yalnız bu amala vicdanla xidmət edəcəklər. Hippokratın bu sözləri onun beynində bir neçə dəfə səsləndi: “Həkim həmişə yadında saxlamalıdır ki, ona müraciət edən xəstə ondan ibarəli cümlələr, xəstəliklə bağlı uzun-uzadı mülahizələr yox, sağalmaqçün kömək gözləyir. Axı həkim, Allahın Yer üzərində ən təmiz, müqəddəs elçisidi. Əyninə geydiyi ağ xalat isə paklığın, təmizliyin rəmzidi. Həkim, hər əməlində təmiz olmalı və yeri gələndə ən qatı düşmənini belə sağaltmalıdı. Belə böyük ucalıq Ulu Tanrı tərəfindən yalnız və yalnız həkimə verilib. Xəstə, dərmandan daha çox həkimin diqqətindən, xoş münasibətindən şəfa tapır”...
Fazil həkim Hippokratın, İbn Sinanın və digər məşhur həkimlərin həyatını xatırladı... Həmçinin bir vaxtlar ona dərs deyən ağ saçlı, nurani sifətli, müdrik düşüncəli müəllimlərini gözlərinin qarşısında canlandırdı... Sonra... Sanki həmin uca palıd ağacının altında ağ saçlı anasını ağ geyimdə dayanan gördü. İşıq dirəyindən palıdın ətrafına düşən elektrik lampasının işığında o, anasını çox aydın görürdü... Anası ona əlilə işarə edirdi ki, “Fazil get, onları xilas elə”... Fazil, birdən-birə anasının yanında atası Əlihüseyni də gördü. O, on yaşı olanda, atasını axırıncı dəfə geydiyi geyimdə gördü. Ağ köynəyinin boyunluğu qara pencəyinin üstündə idi. Bu geyim, atasının ağ saçlarını daha gözəl göstərirdi... Fazilin atasının saçları çox erkən ağarmışdı. Elə Fazilin öz saçları da atasının saşları kimi tez ağarmışdı... Həmin dəhşətli hadisə baş verən gün Fazilin atası və anası onu gətirib, nənəsinin yanında qoymuşdular. Səhərə yaxın qonşu rayonda olan həftə bazarına gedirdilər ki, oradan ucuz bazarlıq eləyib gətirsinlər. Demə, bu bazarlıq onun atasını ölümə sürükləyirmiş... İrandan gələn beynəlxalq marşrutlu böyük bir maşının sürücüsü rol arxasında yatdığından Əlihüseyn öz maşınını yoldan nə qədər qaçırsa da, həmin maşın yol qırağında onların maşınını vurub, yoldan kənara atmışdı. Əlihüseyn elə oradaca keçinmişdi. Anası da uzun müddət xəstə yatandan sonra sağalsa da, qorxudan şəkər xəstəliyi tapmışdı... Atası Əlihüseyn də anası Sona kimi Fazilə əl edirdi ki, “get, oğlum, onları sağalt”... Sonra Sona və Əlihüseyn bir daha ona əl edib getdilər...
Bu səhnəni xəyalən görən Fazil həkimin alnına soyuq tər gəldi. Gülçinin ağlaması, yalvarışı yenidən yadına düşdü... O, otağından çıxıb infeksiya şöbəsi adlandırılan korpusa getdi...
... Həmin gecə Fazil həkim səhərə qədər koronavirus xəstəliyilə “döyüşdü”. Bu dörd xəstəni sağaltmaqçün çalışdı. Ona bütün həkimlər və tibb bacıları köməklik edirdilər. Uzaqdan baxana həqiqətən bu, bir döyüş səhnəsini xatırladırdı. Hamı hərəkətdə idi. Fazil həkimə sanki bir güc, qüvvə, inam gəlmişdi. O, özünə tam əmin idi ki, bu xəstələrin heç biri ölməyəcək. Baxmayaraq ki, Familə arvadın və Lalənin vəziyyəti çox ağır idi. Hətta onlar həkimlərin arasında hansının Fazil olduğunu belə tam ayırd eləyə bilmirdilər...
Beş gün Fazil həkim səhərdən axşamadək əlindən gələni etdi ki, bu ailəni koronavirus xəstəliyindən sağaltsın. Artıq altıncı gün Lalə, anası Familə və atası Fikrət Fazil həkimi tanıdılar. Gülçin isə artıq üçüncü gün yaxşılaşmışdı. Onlar bütün işçilərin Fazil həkimə necə diqqətlə qulaq asdığını, ona necə böyük hörmət etdiyini görürdülər. Üçü də daxilən bir peşimançılıq hissi keçirirdilər... Ona görə də Fazil həkimin üzünə baxa bilmirdilər. Hətta Familə arvad şirin dilinə salıb Fazilə bir neçə dəfə xoş söz desə də, doktor ona heç bir cavab verməmişdi...
Səhəri gün Fazil həkim onların palatasına gəlmədi. Lalə Gülnardan Fazil həkimi soruşdu. Gülnar ona heç nə demək istəmədi. Lalə bir də israrla soruşanda, tibb bacılarından biri dedi:
- Fazil həkim bir qədər xəstədi. Reanimasiya otağına qoyublar.
- Nə?!- deyə Lalə cəld yerindən dikəldi.
- Atama nə olub,- deyə Gülçin ağladı.
- Heç nə, ay bala,- deyə Gülnar tez dilləndi. Tibb bacısı düz demədi. Sadəcə yorğunluqdan bir az xəstələnib.
- Mən atamı görmək istəyirəm,- deyə Gülçin ucadan ağaladı. - Məni atamın yanına aparın. Yalvarıram sizə...
- Gedib özü ilə söhbət eləyim, icazə versə, gəlib səni apararam,- deyə Gülnar onu sakitləşdirməyə çalışdı.
Həmin gün Gülnar onlar yatan palataya bir daha gəlmədi. Səhəri gün də gəlmədi. Gülçin atasını görməkçün hey ağlayırdı. Fazil həkim koronavirusa qızı Gülçindən yoluxduğuna görə artıq ölümlə əlləşirdi. Bakıdan gələn həkimlər briqadası onun həyatını xilas etməyə çalışırdılar.
... On beş gündən sonra Familə, əri Fikrət, Lalə, Gülçin də koronavirusdan sağaldılar. Həmin vaxtı Fazil həkimi Bakıya Mərkəzi Xəstəxanaya aparmışdılar. Onun həyatını xilas etməkçün tanınmış professorlar var qüvvələrilə çalışırdılar. Amma Fazil həkimi ölümün pəncəsindən xilas eləmək mümkün olmadı... Həmin axşam Azərbaycan Televiziyasında bir xəbər yayımldı. Aparıcı qız dedi:
-Günəşli rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri doktoru Fazil Hüseynli COVİD-19 pandemiyası dövründə yüzdən çox xəstəni sağaldıb. Onun rəhbərliyilə həmin xəstəxanada bir xəstə belə dünyasını dəyişməyib. Amma Fazil həkim ehtiyatsızlıq ucbatından özü xəstəliyə tutulub. Tanınmış professorlar onun həyatını xilas etmək istəsələr də mümkün olmayıb. O, 45 yaşında dünyasını dəyişib. Xeyli xəstəni həyata qaytardığına və bu xəstəlik dövründəki fədakarlığına görə ölkə başçısı Fazil Hüseynlinin ölümündən sonra Milli Qəhrəman adı ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısının sərəncamı ilə o, sabah İkinci Fəxri Xiyabanda dəfn olunacaq. Ölkənin aparıcı qəzetlərində Fazil Hüseynli ilə bağlı nekroloq da çap olunacaq. Allah rəhmət eləsin! Biz, belə həkimlərimizi həmişə uca tutmalıyıq... Var olsun bizim həkimlərimiz!..
Bu xəbəri eşidən Familə, Lalə, Fikrət və Gülçin yerlərindəcə donub qalmışdılar. Gülçin birdən-birə ucadan qışqırdı:
-Nə, nə?!... Ata!... Ata!..
Bu sözlərdən sonra onun ürəyi getdi və yerə yıxıldı. Onu öz halına gətirmək, ayıltmaq heç cürə mümkün olmadı. Tez təcili yardıma zəng vurdular. Həkimlər gəlsə də Gülçinə kömək edə bilmədilər. O, ayılmırdı. Gülçini xəstəxanaya apardılar. O, yalnız üç gündən sonra özünə gəldi. Amma danışa bilmirdi. Dili tutulmuşdu. Həkimlər briqadası məşvərət keçirərək müəyyənləşdirdilər ki, atasının ölümünü eşidən vaxt Gülçin çox möhkəm stress keçirib. Beyin damarlarında, səs tellərində problemlər yaranıb. Ola bilər ki, o, bir daha danışa bilməsin... Ola da bilər ki, dili açılsın...
Gülnar da Fazil həkimin ölümündən sonra çox böyük stress keçirdi. Yeni baş həkimin səylərinə baxmayaraq, daha xəstəxanaya işə getmədi. Çünki bir vaxtlar Fazil həkimin rəhbərlik elədiyi xəstəxanaya daha getmək istəmirdi. Fazil həkimsiz bu xəstəxana ona çox ağır və cansıxıcı kimi görünürdü. Onlar həyat yoldaşı ilə Bakıya köçdülər. O, Bakıda xəstəxanaya işə düzəldi. Dünyaya gələn ilk oğul övladına da özünün və həyat yoldaşının istəyilə Fazilin adını qoydular. Gülnar, demək olar ki, hər gün İkinci Fəxri Xiyabana gəlib, Fazil həkimin qəbrini ziyarət eləyirdi. Və hər gün də ora Fazil həkimin sevdiyi bir dəstə qərənfil gətirib qoyurdu. Ən azından da bir saat qəbirin yanında dayanıb, için-için ağlayır və daxilində Fazil həkimin ruhu ilə danışırdı... Fazil həkim qərənfilləri çox sevirdi və bu gülü dərd, qəm, kədər, təskinlik gülü adlandırırdı. O, həmişə deyirdi: “Bu gül il boyu ona görə bitir ki, insanları dərddən, ələmdən qurtarıb, onlara təskinlik versin. Mən də bu güllərə baxanda dərdlərimi unuduram”.
Məhz buna görə də o, xəstəxanada işləyən vaxt Gülnara pul verirdi ki, ona bu gülləri alıb gətirsin. Ona görə də Fazil həkimin otağında həmişə bu güllərdən olurdu...
... Həkimlərin dediyi kimi həqiqtən də bir ildən sonra, bir möcüzə baş verdi. Atasının ölüm gününü xatırlayan Gülçin, birdən-birə “Ata, ata... can ata...”,- deyib ucadan ağladı. Həmin gün Gülçinin dili açıldı. Amma evdə heç kimlə danışmaq istəmirdi... Hətta anası Lalə ilə də...
Gülçin orta məktəbi bitirib, Azərbaycan Dövlət Tibb Universitetinə ən yüksək balla daxil oldu. Ona ölkə başçısı tərəfindən təaqüd ayrıldı. Artıq Gülçinin maddi cəhətdən də heç kimə ehtiyacı yox idi. O, ali məktəbdə dərslərə başladığı gün İkinci Fəxri Xiyabana gəlib, orada işləyən xidmətçidən atasının harada dəfn olunduğunu öyrəndi. Xidmətçi qadın Fazil Hüseynlinin qəbrini Gülçinə göstərdi. Gülçin atasının qəbrinə yaxınlaşıb, ağladı. Qəbrin üstündə təzə qərənfil güllərini görəndə, bu gülləri kim qoyduğunu xidmətçi qadından soruşdu.
- İki ildir ki, bir cavan xanım, hər gün gətirib, bu qəbrin üstünə qərənfil dəstəsi qoyur. Qəbiri, onun ətrafını da özü silib, təmizləyir.
- Adı nədir,- deyə Gülçin maraqla soruşdu. Axı onların Bakıda yaşayan elə də yaxın qohumları yox idi və hər gün də gətirib, bura gül dəstəsi qoysun.
- Vallah ay qızım bilmirəm. Elə indi, yaxın vaxtlara gələr.
- Onda mən, burda dayanıb, onu gözləyəcəm.
- Özün bil, ay qızım. Amma bura istidi. Keç bu uca ağacların altında, kölgəlikdə dayan.
- Yox, ay ana, elə burda dayanacam.
Xidmətçi qadın da Gülçinin yanıda dayandı. Fazil həkim haqqında Gülçindən bəzi məlumatları aldı. Çünki Gülnar Fazil həkim haqqında ona heç nə deməmişdi. Onlar söhbət elədikləri vaxt Gülnar əlində qərənfil güllər uzaqdan göründu.
-Bax, ay qızım, o gələn yaraşıqlı xanımdır. Vallah heç adını da mənə deməyib.
Gülçin gələnin Gülnar olduğunu tanıdı. Çünki Gülnar Gülçinin yaddaşında əbədilik qalmışdı. Hətta dili tutulan vaxtı da tez-tez Gülnarı yadına salırdı... O, cəld, hönkürə-hönkürə Gülnara sarı qaçdı. Gülnar da onu uzaqdan tanıdı. Ona doğru qaçan balaca Fazil idi... Onlar qucaqlaşıb, ucadan hönkür-hönkür ağladılar... Sonra qəbirə yaxınlaşdılar.
-Yadındadırsa atan, Fazil həkim qərənfilləri başqa güllərdən çox xoşlayırdı. Deyirdi ki, iyi olmayan bu güllərdən elə bil dünyanın xoş ətri gəlir.
- Hə. Yadımdadır. Həmişə onun kabinetində qərənfil gülləri olurdu...
- Elədi. O vaxt həmin gülləri çox vaxt mən alıb, o, işə gələnə kimi kabinetinə qoyurdum. İki ildir ki, gətirib, qəbri üstünə qoyuram. Taleyin işinə bax də...
Onun sözlərindən sonra hər ikisi ağladılar. Sonra Gülnar özünü ələ aldı.
- İndi bu gün bu gülləri sən özün onun qəbrinin üstünə qoy ki, hiss eləsin qızı Gülçin də bura gəlib...
Onlar yenə də hönkürtü ilə ağladılar. Gülnar, qərənfil güllərini Gülçinə verdi. O, gülləri atasının qəbri üstünə qoyub, sonra baş daşındakı şəkilini dəfələrlə öpdü... Bütün bu səhnəni görən, xidmətçi qadın da onlara qoşulub, ağlayırdı. O, bu İkinci Fəxri Xiyaban yaranan vaxtdan ilk dəfə idi ki, belə səhnə ilə qarşılaşırdı...
Sonra Gülnar və Gülçin Fəxri Xiyabandan çıxdılar. Gülçin Gülnarın təkidilə onların kirayə yaşadığı evə gəldi. O, atasının adını daşıdığı balaca Fazili qucağına götürüb, üzündən, gözlərindən öpdü və yenə də ağladı...
Həmin gündən Gülçin Gülnargildə qalmağa başladı. Onlar üç otaqlı mənzildə yaşayırdılar. Həm də Gülnar yeni iş yerində də öz tərbiyəsinə, savadına, bacarığına görə az bir vaxtda böyük hörmət qazanmışdı. O, baş həkimlə danışıb, Gülçini də öz yanında yarımştata işə götüzdürdü. Gülçin ali məktəbdə dərslərini bitirəndən sonra bura, bu xəstəxanaya işə gəlir və sonra tez Gülnargilə gedib, balaca Fazillə oynayırdı. Balaca Fazil və Gülçin bir-birinə çox öyrəşmişdilər. Balaca Fazil axşam da Gülçinlə birlikdə yatırdı. Gülçin ali məktəbdə də dərslərini əla qiymətlə oxuduğuna görə, az bir vaxtda iş yerində də yaxşı işinə görə hamı tərəfindən sevilirdi... Həmin illərdə Gülnar və Gülçin havanın isti, soyuq olmasına baxmayaraq, hər gün Fazil həkimin qəbri üstünə gəlib, qərənfil gülü qoydular.
Ali məktəbi bitirəndən sonra elə həmin xəstəxanada həkim kimi işə başlayan Gülçin, iş günüdən sonra Gülnarla atasının qəbrinin üstünə gəldi. Qərənfil gülünü atasının qəbrinin üstünə qoydu. Şəkilini öpdü.
-Ata, ürəyimin yarısı can ata. Bu gündən qızın həkim kimi sənin işini davam etdirəcək. And içirəm sənə. Mən də sənin kimi həmişə Hippokrat andına sadiq qalacam... Axı mən, hələ uşaq yaşlarından deyirdim ki, sən mənim Hippokratımsan. İndi sənə and işirəm ki, ömürlük də Hippokratım olaraq qalacaqsan...
Sumqayıt şəhəri,
20-29 aprel, 2020-ci il.
Koronavirus dövrü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB