Böyüklərin gözü, uşaqların sözü ilə (Miniatürlər)

Ağalar İDRİSOĞLU

NİYƏ ÖZÜM YEMƏYİM?

- Ah bu uşaqlar, uşaqlar... Necə də bədzaddılar. Vallah bəzən elə sözlər deyir, elə əməllər eləyirlər ki, adamın matı-qutu quruyur, qalır mat - məətəl. Bilmir nə cavab versin? İnanmırsız? Onda qulaq asın görün bizim uşaqlar başımıza nə oyunlar gətirirlər.

O gün həyat yoldaşım birinci sinfə gedən oğluma hesab dərsini öyrədir. Ona çıxma, üstəgəlmə əməliyyatına aid suallar verir.

- Qəşəng oğlum, de görüm, yeddidən üç çıxanda neçə qalar?

Uşaq maddım-maddım anasının üzünə baxır. Bilmir nə cavab versin. Anası bir də soruşur. Sonra da barmaqları ilə göstərərək deyir:

- Oğlum, qəşəng balam, bax bu yeddi, indi bundan üçünü çıx. Çıx də, çıx! Neçə qaldı?

Uşaq yenə də anasının üzünə key kimi baxır. Bilmir nə cavab versin. Anası yavaş-yavaş hirslənir:

- Ay bala, burda nə var ki, cavab verə bilmirsən? Axı sən ki, qanmaz, key deyilsən. Qanmazsan?

- Qanmaz niyə oluram, e?

- Yaxşı, onda mənə de görüm dördün üstünə üç gələndə neçə eləyər?

Uşaq yenə də anasının üzünə key kimi baxır və susur.

Arvadım tamam əsəbləşir:

- Ay uşaq, diqqətlə mənə qulaq as! Bax, mən sənə yeddi dənə alma verirəm. Barmaqlarınla say, say də! Barmaqların çolaq olub bəyəm? Say demədim! Say!

Uşaq barmaqları ilə birdən yeddiyə qədər saymağa başlayır:

- Bir, iki, dörd, yox ey üç, dörd, dörd, yeddi, yox ey, beş, altı…

Anası sevinclə:

- Afərin, mənim balam. Mən bilirəm axı, mənim uşağım biliklidi, ağıllıdı. Lap anasına oxşayıb. Yoxsa, on bir illiyi on üç ilə qurtaran atasına yox. Mənim kimi də ali təhsilli olacaq. Yaxşı? Balası, bax indi bu yeddi almanın sən üçünü verirsən böyük bacına. Yerdə neçəsi qaldı, hə? Üçünü verdin bacına. Böyük bacındır də. Axı hərdən sənə dərs öyrədir, səni məktəbə aparır, gətirir. Hə... Onda sənin neçə alman qaldı?

Uşaq bu vaxt barmaqları ilə altı göstərir. Anası bir az da əsəbləşir və qışqırır.

- Ay bala, ay qanmaz uşaq... Niyə sən bizim yox, atangilin nəslinə oxşadın?! Sən o almaların üçünü bacına verirsən, birini yox. Hə. Üç almanı verdin bacına.

Uşaq yenə də altı göstərir. Anası lap əsəbləşir. Əlini qaldırır ki, uşağı vursun. Uşaq kövrəlir. Başlayır ağlaya-ağlaya danışmağa.

- Axı mən bacıma üç alma vermək istəmirəm. Onsuz da o, gonbuldur. Sənə oxşayır. Ona bir alma da bəsdi. Onsuz da ata nə alırsa hamısını siz ikiniz basıb, yeyirsiz. Mənə heç nə qalmır. Altı almanı da mən özüm yemək istəyirəm, özüm...

ANAM NECƏ YADINDA SAXLASIN?..

Üç gün bundan qabaq səhər işə tələsirəm. Evdən çıxmaq istəyəndə balaca qızım kəsib qapının ağzını, məni bayıra buraxmaq istəmir. Yastı-yastı deyir:

- Ata , yadına gəlir sən mənə nə söz vermişdin?

- Nə?

- Yadına sal də...

- Yadımda deyil. Nə vaxt? Nə söz vermişdim? Yadıma sal.

- Yox. Sən özün yadına sal. Üç gün qabaq mənə nə söz vermişdin?

- Yadımda deyil, ay qızım, yol ver keçim.

- Yadına salmasan səni qapıdan buraxmayacam.

Uşağın bu tərsliyindən özüm də görürəm ki, əsəbləşirəm. Amma çalışıram ki, səbrimi boğum, hirslənməyim. Uşaqdır də. Özü də çox istədiyimiz sonbeşiyimiz. Anamın adını qoymuşam. Nə vura bilirəm, nə söyə bilirəm, nə danlaya bilirəm. Dəqiqələr də gedir. Xidməti maşınım da həyətdə məni gözləyir. İşə gecikirəm. Uşaq da tərs kimi qapını möhkəm tutub. Bir az da səbrimi basıb, çalışıram ki, özümü mehriban göstərim.

- Yaxşı, qəşəng qızım. Sən özün mənim yadıma sal nə demişəm. Axı atanın o qədər işi var ki, hər şeyi yadda saxlaya bilməz. O boyda idarəyə rəhbərlik eləmək asan iş deyil axı... Sən mənim yadıma sal axşam gələndə sənə üç dənə bax bu boyda, yekə şokolad alacam. Nədi o şokoladın adı?

Uşaq tərs-tərs üzümə baxır:

- İstəmirəm sənin şokoladlarını. Axşam anamın üstünə qışqırırdın ki, bir həftə bundan qabaq sənə demişdim ki, ağ köynəyimi yu. Niyə yumamısan? Deyirdin? Hə soruşuram səndən, deyirdin?!

- Deyirdim.

- Özün üç gün bundan qabaq verdiyin vədəni, dediyin sözü yadda saxlaya bilmirsən, bəs anam bir həftə bundan qabaq dediyin sözü necə yadında saxlasın? Hə? Necə yadda saxlasın?..

NADİNC, TƏRS UŞAQ

Oğlan uşaqlarının çoxu nadinc olur. Bax mənim oğlum da çox nadincdi. Özü də ağlına nə gəldi, ağına-bozuna baxmadan, yanımda kənar adam oldu, olmadı soruşur. Bir sözlə, kəsik baş kimi hey danışır... Dəhşətdi vallah. Tamam dəhşətdi. Əşi heç deyiləsi deyil. Dörd yaşlı uşaq da belə baməzə, belə bədzad, belə hər şeylə maraqlanan olar? Biz də uşaq olmuşuq də... Yoxsa indikilər kimi... Nə başınızı ağrıdım. Keçən həftə bazar günü axşamçağı xəta oldu onu özümlə bulvara gəzməyə apardım. Yay günü ola, bizim bulvar, bizim adamlar ola...

Bir gizli kamera ilə bunların bütün əməllərini, hərəkətlərini çəkəsən, sonra da təzədən göstərəsən özlərinə... Vallah belə başa düşürəm ki, heç birinə, heç cürə sübut eləyə bilməzsən ki, bu sənsən... Nə isə... Bu, onların öz işidi. Bizim xalqla nə işimiz, hökümətlə nə sözümüz... Elə bil adamların beyni çönüb...

Evdən çıxıb, oğlumla gəzə-gəzə gəlirik bulvara. Bizim evimiz bulvardan elə də uzaqda deyil. Dörd yaşlı oğlum ağlına gələn, qarşısına çıxan epizodlarla bağlı

sualları verir, mən istəsəm də istəməsəm də onun suallarına cavab verməliyəm... Çünki cavab verməsəm, bir sualı on dəfə verəcək.

Bu vaxt qarşıdan iki nəfər gəlir.

- Ata.

- Eşidirəm oğlum.

- Bu qabaqdan gələn kök, balaca xala, ucaboy arıq əmidən niyə belə sallanıb?

- Sallanmayıb qoluna girib.

- Elə qola girmək olar?

- O ucalıqda əmi az qalır xalanın üstünə yıxılsın. Ata, əgər o uzunluqda, o yekəlikdə əmi balaca xalanın üstünə yıxılsa nə olar?

- Nə olacaq, heç nə.

- Heç nə? Onda de görüm o əmi, o xalanın üstünə yıxılsa, sonra xala nəfəs ala bilər?

- Baxır o əmi, o xalanın üstünə necə yıxılır. ..

- Axı, əmi necə yıxılsa xala nəfəs ala bilər? De də...

Bu vaxt qabaqdan gələn və biədəb formada bir-birinə suvaşan kök qadınla, uzun, yekə kişi gəlib yanımızdan keçib gedirlər. Oğlum isə diqqətlə arxadan onlara baxıb, yenə də dil qəfəsə qoymayıb soruşdu:

- Ata, bəs o xala əminin üstünə yıxılsa necə olar? Əmi nəfəs ala bilər?..

- Ay uşaq gic-gic danışma! Gəl gedək karuselə minək. Bayqdan karuselə minmək istəmirdin? Böyüyəndə o suallara özün cavab tapacaqsan...

Deyəsən cavabım xoşuna gəlmir. Burnunu sallayır. Bir az keçmir ki, yenə də suallar başlayır sualları yağdırmağa:

- Ata ora bax. O, ağ saçlı əmi öz cavan qızını niyə elə qucaqlayıb öpür?

- O, onun qızı deyil...

- Bəs nəyidi?

Küncdəki oturacaqda bir-birinə suvaşan yaşlı kişi ilə cavan qıza baxıram. Hayasızlığa, tərbiyəsizliyə bax ki, burdan, yanlarından keçib gedən adamlara məhəl belə qoymurlar… Gör nə günlərə qaldıq də… Bilmirəm oğluma nə cavab verəm. Beynimə gələn birinci sözü deyirəm:

- Tanışı...

- Adam tanışını elə möhkəm öpər?

- Baxır necə tanışdır də...

- Bax indi də qız onu öpür. Tanışlar elə öpüşər? Eh, səndə... Bax, bax... Kişi o qıza pul verdi. Kişi o qıza niyə pul verdi?

- Pul verdi ki, qız nə isə alsın.

- Deməli, qız əmini acından öpürdü. Əmi də acdı?..Ata ...

- Nədi?

- Birdən o əminin arvadı onları burda gördü?

Hə. Görürüəm ki, oğlum məni dalana dirəyib. .. Bu sual-cavabdan qutarmaqçün çalışıram onun fikrini dağıdam. Fikirləşirəm ki, onu bu düşüncədən yayındıram. Ona görə də bir tutarlı cavab fikirləşmək istəyirəm. Aha. Deyəsən tapdım.

- Yəqin o əminin arvadı yoxdur. Pulu da qıza ona görə verir ki, qız gedib yemək alıb gətirsin, əmi üçün bişirsin...

- Bəs həmişə bazara yemək almağa sən özün niyə gedirsən? Bəs anamı niyə qoymursan bazara getməyə? Deyirsən arvad bazara getməz. Arvadın işi evdi, mətbəxdi... Onda belə çıxır ki, o qız kişidi, o kişi də arvaddı?..

- Yox. Mən demək istəyirəm ki, o qız o kişinin arvadıdı.

- Bah... Sən də məni aldatma. Elə qoca kişinin belə cavan arvadı olar? Onda elə sən də anamın əvəzinə gedib elə mən yaşında bir qız alardın də.

- Ay uşaq bu nə sözdü sən danışırsan?

- Bəs sən özün nə danışırsan? Niyə mənim başımı aldadırsan? Mən səninçün bəbəyəm?

- Yaxşı kəs. Gəl gedək karuselə. Bir də səni heç yerə aparmayacam.

- Heç aparma. Guya harasa aparırsan? Evə gələn kimi deyirsən işdə yorulmuşam. Nə iş görürsən ki?.. Bütün günü stolun arxasında oturub, çay içirsən də.

- Onu kim deyib sənə?

- Anam. Sən evdə olmayanda deyir. Deyir ki, atan işdən gələndə yalandan tənbəllik eləyir, özünü yorğun kimi göstərir ki, evdə iş görməsin.

- Yaxşı! Qutar ay uşaq, qutar!

O yenə də burnunu sallayır. Ağız-burnunu büzüşdürür. Bir az keçəndən sonra başqa bir oturacaqda tək oturan qıza diqqətlə baxıb, gözlənilmədən deyir:

- Ata, bir söz desəm acığın gəlməz?

- Yenə nə söz demək isləyirsən?

- Onda o qızı da mənimçün al də.

- Nə qız ay uşaq?

-Bax, o, oturacaqda oturan qəşəng qızı.

- O qız səndən çox böyükdü. Ən azı on beş yaş.

- Nə olsun? Bayağkı qız da əmidən ən azı otuz yaş kiçik idi də.

- Ay uşaq, ayıbdı. Kəs səsini!

- Xahiş eləyirəm ata, o qızı al də mənə. Xoşum gəldi ondan. Al də nə olar.

Uşağın bu təkidi məni çox maraqlandırdı. Məcbur oldum ki, ona bir sürüşkən sual verim:

- Yaxşı. Belə denyək ki, o, qızı səninçün aldım. Hə. Sonra nə olacaq?

- Sonra nə olacaq ki? Mən onu təmir eləyəcəm.

- Kimi təmir eləyəcəksən, ay bala?

- O qızı...

- O qız məkər evdi, maşındı, ya stol-stuldu ki, sən onu təmir eləyəsən?

- Bəs onda bizim baxça müəlliməmiz dünən bizim yanımızda o biri qrupun müəlliməsinə nazlana-nazlana niyə bu sözləri deyirdi. “İki gün bundan qabaq evə usta gəlmişdim. Həm evi təmir elədi, həm də məni”... Sonra da müəllimənin qulağına nə isə dedi, hər ikisi ucadan güldülər.

- Nəcə, necə?

- Hə. Sonra da biz tamam yaddan çıxdıq. O biri müəllimənin qulağına nə isə pıç-ha-pıç, pıç-ha-pıç dedi... Sonra o biri müəllimə də dərindən ah çəkdi və dedi: “Mən də neçə vaxtdı pas atıram. Allah elə bir usta mənimçün də yetirsin, gəlib məni də təmir eləsin. Pasımı təmizləsin”... Yaxşı, adamı təmir eləmək olmursa, müəllimələr bizim yanımızda o sözləri niyə deyirdilər?

Mən həm müəllimələrin qarasına, həm də oğluma əsəbləşdim:

- Ay uşaq, ay bala, bu nə gic-gic sözləri sən deyirsən? Ayıbdı. Bir də heç yerdə bu sözləri demə!

- Heç yerdə deməmişəm ki. Anaya demişəm, qonşu uşaqlarına, babaya, nənəyə, bir də sənə deyirəm. Babayla nənəyə deyəndə, nənə dedi ki...

- Nə dedi?

- Babaya dedi ki, gözüvə su vur ey. Görürsən camaat necə ustalıq eləyir? Mən neçə illərdi burda pas atıram, sənin əlindən isə heç nə gəlmir...

- Kəs ay uşaq, kəs! Bir də belə danışma! Belə qələt eləmə! Bu nə sözdü sən danışırsan? Sən artıq böyük oğlansan. Dörd yaşın var…

- Mən demirəm ki, nənə deyirdi də... Buna bax ey. Öz anasına gücü çatmır, məni söyür. Məni daqlayır. Belə ata olar?..

Bu sözlərdən sonra yenə də burnunu salladı və karuselə doğru getməyə başladı. Amma yenə də gözü o yan, bu yanda idi.

Nə… İndi gəl bu uşaqa söz çatdır, görüm necə çatdırırsan.

Bunun hələ dörd yaşı var. Allah bizi sonrasından saxlasın... Bu böyüyəndə nələr danışacaq?..

SƏN NƏ QOYUB GEDƏCƏKSƏN?..

Bir dəfə yenə də evdə oturmuşduq. Televizorda Ərəb ölkələrindən birini göstərirdilər. Bizim arvad da ağzını açıb, maddım-maddım, maraqla mağazalardakı bərli-bəzəkli mebellərə, servizlərə, daş-qaşa, qab-qacağa, pal-paltara baxır. Tez-tez də deyirdi:

- Bax, ay kişi. Gözüvə su ver ey. Gör Allahın ərəbi, qara həbəşi negə yaşayır. Yoxsa biz də yaşayırıq?.. Gündə də televizorda yuxarıda əyləşən böyüklərimiz deyirlər ki, guya yer üzündə bizdən, bizim ölkənin adamlarından yaxşı yaşayan yoxdur. Çox yaxşı yaşayırıq... Acından köpük qusuruq ey, köpük qusuruq...

Arvad hey televizora baxır, elə hey danışır... Mən də divanda uzanıb, yavaş-yavaş xumarlanıram. Gündüzdən vurduğum araq, artıq özünü yavaş-yavaş göstərir...

Bu vaxt televizorda yeni doğulan ərəb uşağını göstərirlər. Aparıcı da deyir ki, hökumət neftdən gələn gəlirlə bu ərəb uşağıyçün əmanət kassasındı guya hesab açdırıb və dövlət otuz min dollar da həmin hesaba pul qoyub, guya o uşağın adına. Hər ay da həmin pulun üstünə guya pul gələcək. Həmin ərəb uşağı guya on altı yaşında olanda bu pulu özü kassadan çıxara biləcək. Yəni ərəb uşağı artıq on altı yaşında milyoner olacaq... Öz-özümə fikirləşirəm ki, yəni belə şey ola bilər?.. Axı Ərəbistan dağılıb gedir… Ərəblər bəs niyə Avropaya, Amerikaya qaçıb gedirlər?..

Oğlum da televizora bayaqdan diqqətlə baxırdı. Bu pul yerində artıq dözə bilmədi. Yenə öz bədzadlığını göstərdi.

- Ora bax ey. Ərəb ataları neftdən gələn pula uşaqlarıyçün dollar yığır, maşın alır... Ata, bəs sən mənimçün nə qoyub gedəcəksən? Niyə bizdə hamı söz verir, pul yox?.. Bəlkə biz də gedib ərəb olaq ata!.. Nə olar de də, ərəb olmaq yaxşıdı?..

Mən indi bu bədzad uşağa nə deyim?.. Nə cavab verim, bilmirəm. Deyim ki, ərəb olmaq yaxşıdı, məni məcbur eləyəcək ki, köçüb gedək ərəblərin yanına. Deyim öz millətmiz yaxşıdı, o dəqiqə başlayacaq məni suallara tutmağa... Yəqin ilk soruşduğu da bu olacaq “Ərəblər çıxardığı neftin pulundan öz uşaqlarına bankda hesab açır. Bəs bizdə niyə belə deyil?” Hə. Kişisən cavab ver bu uşağın suallarına görüm necə cavab verirsən... Bir də ki, özüm də qalmışam mat-məətəl. Bilmirəm bu uşağa nə cavab verim?..

Ah bu uşaqlar, uşaqlar... Doğrudan da yaman bədzaddılar. Allah heç kimi belə bədzad uşaqların suallarına tuş gətirməsin. Yoxsa...

Sumqayıt şəhəri

Bütün xəbərlər Facebook səhifəmizdə