və ya Elçinin dünyası

Azərbaycan Yazıçılar Birliyinin katibi kimi mənim "İnan mənə" pyesimi 7 pyesin içərisindən seçib, 1985 - ci ildə Moskvaya, Ümumittifaq gənc dramaturqlar müsabiqəsinə göndərdiyinə və bu pyes həmin müsabiqənin laureatlarından biri olmaqla və məhz Elçin müəllimin sayəsində SSRİ dramaturqları antalogiyasının "Məhəbbət və başqaları" kitabına daxil edildiyinə görə Azərbaycanın Xalq yazıçısı, dəyərli ziyalı, hamımızın sevimlisi Elçin müəllimə həmişə minnətdaram. Ona can sağlığı, yaradıcılıqda daha böyük uğurlar diləyirəm. O, müasir ədəbiyyatımızın klassiki olmaqla özündən sonra gələn bütün yazıçılara bir örnəkdir.

Müəllif

Onunla ilk tanışlığım yadıma gəlmir... Bəlkə "Ağ dəvə" rəvayətini, "Mahmud və Məryəm" dastanını lap uşaq yaşlarımdan kəndimizin qocalarından, ağsaqqallarından, ağbirçəklərindən eşidən vaxtlardan tanımışam onu? Bəlkə Poçt şöbəsində işləyən ilk sevdiyim qızın yanında dayanıb və sevgimi ona deməkdən utanaraq, xəyallara daldığım vaxtdan yaranıb, bu tanışlıq?.. Bəlkə Baladadaş yaşında ilk sevginin acısını daddığım vaxtdan tanımışam onu?.. Bəlkə "Dolça" adlı itimizin özgə çörəyi ilə qudurub, bizi qapdığı vaxtdan yaranıb bu tanışlıq?.. Bəlkə teatr adlı, bu dünyada özümüz-özümüzə gülüb, şəbədə qoşduğumuz vaxtlardan yaranıb tanışlığımız?.. Bəlkə "Bülbülün nağılı"nı oxuyub, yazıçının inci kimi sözləri bir-birinə düzüb, zərli, qiymətli bir boyunbağı yaratdığına mat qaldığım vaxtdan tanımışam onu? Bəlkə bu kiçik bədii əsərin qalın-qalın kitablar qədər olan fəlsəfəsi məni heyran etdiyi vaxtdan yaranıb bu tanışlıq? Bəlkə...

Bilmirəm. Bərcə onu bilirəm ki, bu görüşün tarixçəsi çox qədimdir. O vaxtlar nə "Şuşaya duman gəlmişdi". Nə bu dünyamızdan qatarlar getmirdi... Nə par-par parıldayan Yuqoslaviya ayaqqabımız, nə ox kimi bıçağımız vardı. Nə də "İki çal Papağın və bir Qara Kepkanın nağılı"nı oxumamışdıq ki, bu keşməkeşli dünyada, özümüzü Qara Kepkalardan qorumağı öyrənək... "Ölüm hökmü"nün də nə olduğunu bilmirdik... "Beş dəqiqədə əbədiyyət" də yaşamamışdıq, Mərdan Dadaşlı kimi. Hər şeyə romantik hisslərlə, sevgilə baxırdıq. Lap Baladadaş kimi...

Yazıçı Elçinin hekayələrində, esselərində, povestlərində, romanlarında, pyeslərində və başqa janrlı əsərlərində, El üçün yanan, El üçün düşünən, El üçün həyatını şam kimi əridənlər, dələduzlarla, yaltaqlarla, xəbislərlə, milli mənsubiyyətini satanlarla, millətinə düşmən olanlarla vuruşub, gah müdrik, gah yumorlu sözlərlə, eyhamlı cümlələrlə, fikirlərlə, hadisədən-hadisəyə, zamandan-zamana keçərək yabançıları, naqisləri, nakəsləri ram eləyir, onların əsl simasını müəllifın və öz obrazlarının dili ilə bizə çatdırır, göstərir və inandırır. Bütün yaradıcılığında haqqı, haqq işi, kişiliyi, mərdliyi müdafiə eləyən müəllif Elçin isə ən yüksək zirvədə dayanıb, bu hərc-

mərclik, vuruş dünyasında müsbət qəhrəmanlarının qələbə çalmasını izləyir, gözləyir və onlara məntiqli cümlələri, fəlsəfi fikirləri ilə köməklik edir. Onları mübarizləşdirir, mətinləşdirir. Hər bir əsərində millətin dərdini öz dərdi bilir yazıçı, dramaturq Elçin...

Ömrünün yarım əsrini arxada qoyanlar və onlardan cavan olan yazarlar, ədəbiyyət oxucuları, milli ruh, istək üstündə köklənmişlərçün, Elçinin dili, inci zərgərliyi ilə sözləri-sözlərə, obrazlı fikirləri - fikirlərə ustalıqla calaması və özünün də lap cavanlıqdan sifətindəki nur, gözlərindəki mərhəmət, onu bizə çox yaxın eləyib, sevdirib. Biz cavanlar da ilk yazılarımızda onu təqlid eləyib, onun yaradıcılığından bəhrələnmişik. Onun iç dünyasına baş vurub, yazılarımızda özümüzü ona oxşatmağa çalışmışıq... Onun yaratdığı körpüdən keçmişik... Elçinsə, El üçün yaza-yaza, öz yolunu yaradıb, öz dünyasını yaşayıb, yaşayır...

Əlində tutduğu fanarla, yaratdığı yolu işıqlandırıb, bizi də ardınca aparır. Bizə dünya mədəniyyətindən, ədəbiyyatından inciləri öz dilimizdə təqdim eləyir... Dünyanın ən böyük dahilərinin, dühalarının əsərlərini dilimizə tərcümə eləməklə bizə daha yaxından tanıdır onları... Beləcə, El çin yanan, El çin düşünən müdrik Elçin, öz yazıları, əsərləri ilə, fəlsəfi fikirləri ilə, əlindəki fanarla milləti qaranlıqdan işıqlığa, çamurluqdan laləzara aparır...

Hər dəfə mən, böyük yazıçı, müdrik insan Elçinlə görüşəndə, onunla söhbət eləyəndə neyçünsə yadıma "Qış nağılı" adlı qədim bir el rəvayəti və rəvayətin baş qəhrəmanı, El ağsaqqalı Kərim kişi düşür... Əlbəttə, Bakıda qarlı-çovğunlu qış səhərinin açılmasına pəncərədən məyusluqla baxan və Bilgəhdəki bağında zəncirdə qalan iti Nabran üçün nigaran olan, Elçinin "Qış nağılı" əsərindəki Kərim kişini demirəm. Mən həmin həqiqətə oxşar başqa rəvayəti demək istəyirəm.

Belədir həmin rəvayət.

Belə nəql eləyirlər, belə deyirlər ki, bir elə, bir obaya Ulu Tanrı o qədər qar yağdırır, bu obanın, bu elin başqa obalarla yolları, izləri tamam kəsilir, bağlanır. Bir ay yağan qar bu obada heç kimin evində azuqə qoymur, hamının taxçası, boxçası boşalır... Uşaqlar, xəstələr çörək istəyir... Heç nəyə çarə tapa bilməyən həmin elin camaatı, obanın ağsaqqalının evinə gəlib, ondan imdad, kömək diləyirlər...

Ağsaqqal Kərim kişi hamıya diqqətlə qulaq asıb, özünə məxsus qalın, qaltanlı səsilə, aramla deyir:

- Sizin hamınızın həyəcanını başa düşürəm... Bu bəladan qurtarmaqçün bircə yol var. Bu günün işini sabaha saxlamamaq şərti ilə, elə bu gecə, obanın qoçaq, igid kişiləri hərə bir heybə götürsün, mənimlə birlikdə gedib, qonşu obadan çörək, azuqə gətirək. Onu da bilirsiz ki, bizim obamızla qonşu obanın yolu çox uzaqdır. Və yollar da qurd-quşla, vəhşi heyvanlarla doludur...

İmdada, köməyə gələnlərin, heç biri bu qarlı-çovğunlu gecədə, yolları çaqqal-çuqqalla, qaçaq-quldurla dolu olan bir məmləkətdə həyatını bada vermək, qurda-quşa qismət olmaq istəmir... Və hərəsi bir bəhanə ilə evlərinə dağılışırlar.

Obanın kişiləri dağılışıb gedəndən sonra ağsaqqalın, Kərim kişinin məyus olduğunu görən madar oğlu, Cavanşir dözməyib deyir:

- Gəl mənimlə gedək dədə. Ölməmişəm ki. Mən hazır. Hərəmiz bir heybə çörək gətirsək, heç olmasa uşaqlara, xəstələrə bir günlüyə çatar. Sonrasına da Allah kərimdi...

Özündən sonra, onun çırağını, ocağını yandıracaq, bircə madar oğlunun bu sözlərinə ağsaqqal razılaşmaq istəmir.

- Yox oğlum,- deyə o, oğlunun üzünə heyranlıqla baxıb deyir. Mən tək, özüm gedəcəm. Əgər mənə bir şey olsa, həyatım sona yetsə, qurd-quşa qismət olsam, heç olmasa sən mənim çırağımı, ocağımı sönməyə qoymazsan... Əgər gedib qonşu obaya çıxa bilsəm, orada çətin günlərimin dostları var. Onlar yəqin ki, mənə kömək eləyərlər və biz bu obaya bir neçə heybə çörək gətirərik...

Oğul atası ilə razılaşmaq istəmir və deyir:

- Mən də səni tək getməyə qoymayacam. Sən öz çırağını, öz ocağını hələ əlli il də bundan sonra özün yandırmalısan... Ancaq belə tufanlı gecədə tək getsən...

Ata-oğul çox mübahisə eləyirlər... Axırda çar-naçar qalan ağsaqqal Kərim kişi, oğlu Cavanşirlə razılaşır. Razılaşır ki, oğlu da onunla getsin qonşu obadan çörək gətirməyə. Ona kömək, arxa olsun.

... Heybələri çörəklə dolu ata və oğul alatoranda, qonşu obadan öz obalarına dönürlər. Uzaqdan canavarların, çaqqalların ulaşması eşidilir. Tufan, çovğun onlara yeriməyə imkan vermir. Bir yandan da hər tərəfdən eşidilən vəhşi heyvanların səsləri böyük vahimə yaradır...

Oğluna ürək-dirək verməkçün hərdən müdrik qoca deyir:

- Yorulmamısan ki, oğlum? Bir az da döz, obamıza az qalıb. Çatmışıq...

- Mən sənin oğlunamsa dözümlüyəm dədə. Arxayın ol. Səninlə dünyanın hər çətinliyinə, dərdinə dözüb, hara lazımsa gedərəm. Təki xalqın ağsaqqal kimi sənə olan inamı itməsin, - deyə oğul da öz növbəsində, qabaqda gedən atasına ürək-dirək verirdi.

Beləcə qarlı-çovğunlu qış gecəsində ata ilə oğul yol gedir, hər biri öz iç dünyasında, öz-özünə təskinlik, inam verərək, obalarına tələsirlər...

Ata fikirləşir ki, "bircə qurda-quşa rast gəlməyəydik. Onlara yem olmayaydıq. Belə bir hadisə baş versə, gərək özümü qurban verim, oğlum qaçıb qurtara bilsin. Çırağım sönməsin..."

Oğul da qurdun-quşun səsini qulaq ardına vurub fikirləşir ki, "qabaqda dağ boyda atam gedir. Qurd-quş mənə neyləyə bilər?.. Atamın qorxusundan onlar bizə yaxınlaşmazlar..."

Bu vaxt birdən atanın ayağı büdrəyir və yerə yıxılır. Belində olan heybənin ağzı açılır və çörəklər qarın üstünə səpələnirlər. Oğul cəld atasına kömək eləyib onu qarın üstündən qaldırır. Köməkləşib çörəkləri heybəyə yığırlar...

İndi hər ikisi pərt, pəjmürdə yol gedirlər. Hər ikisi də öz aləmində, öz dünyasında...

Ata Kərim kişi fikirləşir:

- Nə pis oldu. Heç kimin qarşısında yıxılmayan mən, oğlumun qarşısında yıxıldım. Axı o, məni bir dağ bilirdi. Dağsa uçar, ancaq yıxılmaz...

Oğul Cavanşir də öz növbəsində fikirləşir:

- Mənim dədəm niyə yıxılmalıydı? Axı mən onu məğrur, uca bir dağ bilirdim...

Bu vaxt birdən, Cavanşirin gözləri, atasının əlində olan tək fanara sataşır. Sən demə... Sən demə bu qarlı, çovğunlu yol boyu ata, əlində olan tək fanarla, arxasınca gələn oğlunun ayalarının altını, qarlı, çovğunlu, çətin keçidli yolunu işıqlandırırmış. Özü isə qaranlıqda gedirmiş. Demək ata fikirləşirmiş ki, özü yıxılsa da olar. Onsuz da bu keşməkeşli həyatda o, çox yıxılıb, durub və özünün Mənini, kimliyini sübut eləyib. Amma, amma ata Kərim kişi istəmirmiş ki, oğlu Cavanşir yıxılsın...

Bunu görən Cavanşir yenə də atasına dağ vüqarlı, qorxmaz, igid kimi baxır və onun ardınca inamla irəliləyir...

Bax Elçin də ömrünün bu ağsaqqal, müdrik çağında uzun illərdir ki, özündən cavan ədəbiyyat dünyasının yazarlarının ayaqlarını, yolunu həmin tək fanarla işıqlandırır və bu sözlərlə onlara ədəbiyyat aləmində öz yollarını tapmaqda köməklik eləyir və deyir:

- Yazıçı yazarkən yalnız bir insan, bir fərd kimi özünü ifadə etmir. Hərgah yalnız belə olsaydı, onda bəlkə doğrudan da Füzulidən, Balzakdan, Tolstoydan sonra yazmağın mənası yox idi. Lakin hər bir yazıçı özü ilə bərabər, öz xalqını da ifadə edir. Hər hansı bir yazıçının yerinə başqası gəlib onun xalqının hiss və həyəcanlarından, psixologiyasından, əməl və arzularından, gələcəyi naminə keçmişindən və bu günündən yazmayacaq. Bu yalnız həmin xalqın öz doğma oğlunun, yazarının işidir.

Yazıçı o, şəxsdir ki, öz ana dilini yaşadır və inkişaf etdirir. Və bundan da böyük müqəddəs bir vəzifə ola bilərmi?..

Yazıçı həmişə istibdadın, milli hüquqsuzluğun düşməni olmaqla, öz xalqının ən qızğın, sadiq, etibarlı, milli təəssübkeşi olmuşdur.

Milli təəssübkeşlik işığını yaşadan, qoruyan, gələcək nəsillərə aparan YAZIÇI ELÇİN, işığınız mübarək! Ey böyük İNSAN, ziyalı, müdrik şəxsiyyət, filosof, alim, dövlət xadimi, Xalq yazıçısı, El üçün yazan, onun məşəqqətlərini, dərdlərini bədii şəkildə yazıya köçürüb, gələcək nəsillərə ərmağan eləyən ELÇİN müəllim!

Gün o gün olsun ki, sizin əlinizdə tutduğunuz müqəddəs fanar elə bir gur işıq saçsın ki, milləti həmin fanarın işığına səfərbər eləyib, MİLLİ BİRLİK yaratsın və QARABAĞ torpağımızı da işıqlandırsın... Xalqı bu torpaq uğrunda döyüşlərə qaldırsın. Millət məğlubiyyət təpkisindən, məğlubiyyət sərkisindən, başı aşağı gəzməkdən, xəcalətdən qurtarsın. Yoxsa gələcək nəsillərimiz bu səhvi bizə bağışlamayacaq. İnanıram ki, əgər imkan verilsə, millət, tarixlər boyu qazandığı "Ərənlər diyarı", "Odlar yurdu", Babək, Cavanşir, Koroğlu, Şah İsmayıl, Qaçaq Nəbi nəvələri adını doğruldacaq. Başqa cür də ola bilməz. Çünki başqa yolumuz da yoxdur. Şuşaya gələn "dumanı" yalnız biz özümüz təmizləməliyik. Öz gücümüz və öz birliyimizlə. İnanıram ki, ölkəyə rəhbərlik edənlərin qətiyyətli addımı sayəsində, yazıçı Elçin kimi ağsaqqalların, müdriklərin nəsihətləri, ağıllı fikirləri, əllərində tutduqları fanarlar Qarabağa gedən yolumuza işıq saçacaq. İşıqlandıracaq o cənnətməkan torpağımızı. Mən, artıq əllərində silah o yola, o işığa, o torpağa gedən igidlərimizi görürəm... Biz bir millət olaraq, qətiyyətlə, əminliklə başa düşməliyik ki, vuruşla, döyüşlə verilən torpaqları yalnız vuruşla, döyüşlə və böyük igidliklər göstərməklə də geri qaytarmaq olar. Uğurlar, uğurlar sizlərə cəngavər ərənlərin davamçıları. Yolunuz işıqlı olsun igid əsgərlərimiz. Onu da bilməliyik ki, erməni gavurlarına verdiyimiz torpaqları geri qaytara bilməsək, gələcək nəsillərimiz bunu heç vaxt bizə bağışlamayacaq. Bağışlamayacaq!.. Necə ki, biz, Azərbaycanın iki yerə bölünməsində, İrəvanın, Dərəliyəzin, Borçalının, Dərbəndin və başqa bölgələrimizin yağı düşmənlərə verilməsində əli olan ulu babalarımızı bağışlamırıq...

Ağalar İRDİSOĞLU, Əməkdar incəsənət xadimi

Sumqayıt şəhəri

May 2020- ci il

Bütün xəbərlər Facebook səhifəmizdə