Görkəmli alim, nüfuzlu ziyalı, xeyirxah insan

(Portret cizgiləri)

Çox hörmətli Musa müəllim!

May ayının 20-də Sizin 81 yaşınız tamam oldu. Belə qərara gəldim ki, Sizin 80 illik yubileyinizə həsr elədiyim yazını yenidən işləyib, Sizi bu ad gününüz münasibətilə də təbrik edim. Ona görə də oxucular Sizi bir daha yaxşı tanısınlar deyə belə qərara gəldim ki, ömür yolunuzu bir daha vərəqləyim... Axı Sizin çox keşməkeşli keçən ömür yolunuz bir neçə kitabların maraqlı mövzusudur...

Siz, mayın 20-də Masallının Xıl kəndində dünyaya göz açmısınız. Məlumdur ki, mayın 20-si təbiətin bakirə, gül bülbülü, bülbül gülü çağıran vaxtıdır. Sizin uşaqlığınızı düşünəndə nədənsə gözlərim önündə bir qış mənzərəsi canlanır. Kənd evi, gurhagurla yanan odun sobası. Sobanın ətrafında sinəsi nağıllı-dastanlı bir ana və qıvrımsaç oğlu. Ata isə müharibədə odun-alovun içində yağı düşmənlə ölüm-dirim savaşına girib vuruşub, faşistləri torpağımızdan qovmağa çalışır...

Qıvrımsaç oğlan nə qədər ki, balacadır, anasının nağıllarını, bayatılarını, dastanlarını dinləyir. Elə ki, məktəbə gedir, kitablardan özü nağıllar, hekayələr, şeirlər oxuyur anasına... Ana oğlunun zehninə, savadına heyran qalır...

Mən, uşaqlıq illəri İkinci Cahan savaşına düşən insanlardan yazanda (əsas qəhrəmanlarım – akademik Sudeif İmamverdiyev, general-mayor Aydın Məmmədov, şair-publisist Şəkər Aslan, ərəbşünas alim Malik Qarazadə, Lənkəranın yarım əsrdən artıq iqtisadi siması Səadət Tağıyev, ilk poliqrafçı alim Şəddat Cəfərov və başqaları) nədənsə həmişə qarlı qış günləri gəlir gözlərim önünə... Əlbəttə, müharibə dövründə də bahar olub, yay da, payız da... Amma nədənsə mənə elə gəlir, müharibə dövrünün qışı yayından uzun olurmuş...

Amma illər də tez keçir. Kənddə yeddiillik məktəbi bitirib başa vurmağınız tez görünür Sizə. Sonra Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil illəriniz. İlk tələbəlik həyatı, Lənkəranın qaynar ədəbi mühiti. Kiçikbazarda kirayə dövrünüz, unudulmaz müəllimləriniz- Səbiyyə Nəsirova, Asəf Talışlı, Əhməd Axundov və başqaları. Texnikumu fərqlənmə diplomu ilə bitirib kəndinizə qayıtmısınız. Qısamüddətli fəaliyyətdən sonra Bakıda yenidən tələbəlik həyatı, paytaxt, böyük auditoriya. O zaman Azərbaycanda yeganə universitet olan Azərbaycan Dövlət Universitetnin İqtisadiyyat fakültəsinin axşam şöbəsinə qəbul olunmusunuz. Əla oxumağınız və ictimai fəallığınız universitet rəhbərliyi tərəfindən diqqətdən yayınmır. III kursdan təhsilinizi gündüz şöbəsində davam etdirmisiniz. Tələbə ikən Kommunist Partiyası sıralarına namizədliyiniz irəli sürülür. Tələbə üçün bu, nadir hadisə idi. Bu gün Xalq yazıçısı olaraq sevilən Elçinlə partiya sıralarına birgə qəbulunuzu hər zaman fəxarətlə xatırlayırsınız.

Universitet diplomu aldıqdan sonra Kurortlar Ticarət İdarəsində inspektor, “Bilik” Cəmiyyətində sədr müavini vəzifələrində işlədiniz. “Bilik” Cəmiyyətinin xətti ilə daha çox tanındınız. Mühazirələr oxudunuz, təbliğat işləri ilə də məşğul oldunuz. Bilik və dünyagörüşünüzü daha da təkmilləşdirmək üçün o zamanın say-seçmə təhsil ocaqlarından olan Marksizm-Leninizm Universitetini də bitirdiniz.

Əzizbəyov (indiki Xəzər) rayonunda təlimatçı kimi fəaliyyət göstərməklə təbliğatçılıq fəaliyyətiniz daha yüksək vüsət aldı.

Həyatda qarşınıza çıxan bütün xeyirxahları bu gün də minnətdarlıqla yad edib xatırlayırsınız. O zaman Siyasi Maarif evinin direktoru, sonralar isə daha böyük vəzifələrə yüksələn, 1991- ci ilin 20 noyabr tarixində Qrakənd üzrində helekopter ( vertalyot) qəzasında həlak olan Vəli Məmmədov Sizi Respublika Lenin Muzeyinə işə dəvət edib. Kiçik elmi işçidən direktor müavinliyinədək yüksəlmisiniz. Elə bilirəm ki, dünyaya pəncərəniz burdan açılıb və dünyaya səyahətiniz burdan başlayıb.

İlk təhsiliniz kənd təsərrüfatı ilə bağlı olub. Sonra iqtisadi təhsil aldınız. Amma əsas peşəniz müəllimlik oldu və bu gün də bu müqəddəs peşədə fəaliyyət göstərirsiniz. Dostunuz Aslan Sərvərov Sizi Pedaqoji İnstituta (APU) dəvət edəndə çox cavan idiniz. Axşam şöbəsində dərs dediniz. Tələbələrinizin əksəriyyəti ilə tay-tuş idiniz. Amma bir pedaqoq olaraq özünüzü də, tədris etdiyiniz tarix fənnini də sevdirə bildiniz tələbələrə. Kafedra müdiriniz, professor Zakir Şıxlinskini Azərbaycan Dövlət Universitetinə kafedra müdiri vəzifəsinə işləməyə dəvət etdilər. O da Sizi Universitetə dəvət etdi. Muzeydə işləyə-işləyə uzun illər Univesitetdə çalışdınız. Daha sonra Sosial İdarəetmə və Politologiya İnstitutunda (Prezident yanında Dövlət İdarəçilik Akademiyası) fəaliyyətə başladınız və pedaqoji fəaliyyətinizi bu gün də orada davam etdirirsiniz. Professor Rafiq Zeynalovun dövründə dosent kimi fəaliyyətə başladınız, akademik Urxan Ələkbərovun dövründə professor olaraq fəaliyyətinizi davam etdirirsiniz. Hazırda akademiyada aspirantura, doktorantura üzrə rektorun müşavirisiniz. 75 illik yubileyinizdə Prezident cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülməyiniz Sizin halal haqqınız idi.

Siz, bədii yaradıcılığa təsadüfən gəldiyinizi deyirsiniz. Bu heç vaxt ola bilməz. Mənə elə gəlir ki, içinizdə qaynar bulaq olmasaydı, heç vaxt yaza bilməzdiniz. Sadəcə bulağın gözü açılmalıymış. Bu da xoş bir təsadüf nəticəsində açıldı...

Belə ki, Azərbaycan Dövlət Televiziyası və Radiosunda uşaqlar üçün yazı müsabiqəsi elan ediləndə Siz də ürəyinizdəkiləri qələmə alıb radioaya göndərdiniz. Xeyli sonra kəndinizdə axşamüstü radioda imzanız elan olunub və hekayələriniz səsləndiriləndə həmin sevincin nə olduğu mənə tanışdır…

Təsadüfi deyil ki, 1974-cü ildə nəşr etdirdiyiniz ilk kitabınız da uşaqlar üçündür. Radioaya göndərdiyiniz hekayələrlə gözü açılan həmin bulaq hələ də çağlayır. Bu qəbildən 16 bədii, 9 elmi kitabın və 200-dən çox elmi-publisist məqalələrin müəllifisiniz.

Elə mövzular var ki, onlara Siz ilk imza atmısınız. Azərbaycanın dövlətçilik tarixini dərslik olaraq Siz yazmısınız. 5 min illik tarixi dövrü əhatə edən bu çox maraqlı kitab böyük əks-səda doğurub.

Dövlət və din münasibətlərini də ilk dəfə Siz işləmisiniz. “Dinimiz – dünən və bu gün” (monoqrafiya), “Müstəqil Azərbaycan Respublikasında din münasibətləri”, “Azərbaycanda dövlət və din münasibətləri” (1920-2000), “Azərbaycan SSR-də dövlət və din münasibətləri” (1920-1991) kitablarınız islam elminə, islamşünaslığa mən qətiyyətlə deyirəm ki, çox layiqli töhfələrdir.

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə haqqında da ilk dəfə Siz yazmısınız. Məzmunlu və bədii çalarlarla onun obrazını çox layiqincə yaratmağa nail olmusunuz.

Ayrı-ayrı dahi şəxsiyyətlərə ithaf etdiyiniz yazılarınız daha şirin, daha səmimidir. Siyasət nəhəngi Heydər Əliyevin obrazı da yaradıcılığınızda mühüm yer tutur. Ulu Öndərin bədii obrazını “Nizaminin yubileyi” hekayəsində çox böyük məhəbbətlə yaratmısınız. Hekayə 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi və Novosibirsk şəhərindəki Heydər Əliyev adına Beynəlxalq Forumun keçirdiyi müsabiqədə I yeri tutmuşdur. Unudulmaz şairimiz Səməd Vurğuna həsr olunmuş “Ad günü” və həmişəyaşar səs mələyi Şövkət Ələkbərovaya həsr olunmuş “Əsgər paltarı” hekayələriniz səmimiyyətlə və maraqla oxunur.

Yaradıcılıq insanın bir növ tərcümeyi-halıdır. İnsan bədii yazılarda özünü əks etdirir. Bu Sizin yazılarda da bariz şəkildə nümayiş olunur. Yazılarınızın dili lirik, rəvan, emosionaldır və sanki kiminləsə söhbət edirsən.

Sizdə olan ən gözəl xüsusiyyətlərdən biri də insanlara sədaqət hissidir. Bu, gözəl cəhət xarakterinizin dəyişməz cizgilərindəndir. Həyatınızda rolu olan, duz-çörək kəsdiyiniz insanların heç birini unutmamısınız. “Söz” jurnalında dərc etdirdiyiniz mənsur şeirlərdən, hekayələrdən onların əksəriyyətini mən də tanıyıram. Gənclik dostunuz Rizvan Hüseynovla bu gün də əvvəlki münasibətdəsiniz. Eləcə də Tofiq Hüseynov, Hamlet Babayev və neçələri ilə həmin səmimiyyəti qoruyub saxlayırsınız. Gənclik dostlarınıza həsr etdiyimiz “Unudulmayan xatirələr” və Dövlət Aviasiya Akademiyasının professoru İbrahim Quliyevə həsr etdiyiniz sənədli hekayələr sevilə-sevilə oxunur.

“Söz”dən söhbət düşmüşkən… Bizim tanışlığımız “Söz”lə yaşıddır. Ötən əsrin 90-cı illərinin sonuna kimi Mətbuat və İnformasiya Nazirliyi fəaliyyət göstərirdi. Yeni yaranan mətbu orqanlar birmənalı şəkildə nazirlikdə qeydiyyatdan keçməli idi. Yeni təsis olunan jurnalın müxtəlif qayğı və problemləri ilə bağlı tez-tez nazirliyə gedirdim. Ən çox narahat edib məsləhət aldıqlarımdan biri nazir müavini, sevimli Xalq şairimiz, dəyərli ziyalı Nəriman Həsənzadə idi. Nəriman müəllimin xasiyyətinə bələd olanlar onun insanlar arasında ünsiyyət körpüsü olduğunu yaxşı bilirlər. Həmin “körpü”də tanış olduqlarımdan biri də Sizsiniz. Şakərim idi- kimlə tanış olurdumsa, jurnalın təsisçisi və ilk baş redaktoru Şəkər Aslana (o, Lənkəranda yaşayırdı) zəng vurub məlumat verirdim. Sizinlə tanış olduğumu deyəndə Şəkər müəllim gülərək - Musa müəllim mənim gənclik dostlarımdandır, - deyə, söylədi.

Elə ilk tanışlığımızdan “Söz”lə əməkdaşlığınız başlandı və bu günə kimi də münasibətlərimiz davam edir. Ən operativ və məhsuldar müəlliflərimizdənsiniz. Redaksiya heyətinin üzvü olaraq arxa-dayağımızsınız, ən xoş günlərimizdə, tədbirlərimizdə həmişə bizimləsiniz.

Siz Dövlət İdarəçilik Akademiyasının və eləcə də Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında həmişə yaxından iştirak etmisiniz və edirsiniz. Dövlət İdarəçilik Akademiyası yaranan gündən akademiyanın Böyük Elmi Şurasının və dissertasiya müdafiə şurasının üzvüsüz. Siz mütəmadi olaraq ötən əsrin 80-ci illərindən Azərbaycan Televiziyası və Radiosunda siyasi, ictimai, elmi və milli mənəviyyatla bağlı maraqlı çıxışlar edirsiniz. Tez-tez rayonlarımızda kütlə qarşısında mühazirələr oxuyursunuz. Əsərləriniz rus, türk, fars və sairə dillərə də tərcümə olunub və həmin dillərdə də maraqla oxunur.

Ötən əsrin 70-ci illərini nostalji hisslərlə yad edirsiniz. Respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Nəsillərin estafet qatarı” ilə rayonları dolaşmısınız. Əksər səfərlərə bələdçilik etmisiniz, yəni “qatar”larda səfərin rəhbəri Siz olmusunuz.

Heydər Əliyevin “Azərbaycan günləri” də unudulmaz xidmətlərindəndir. “Azərbaycan günləri” əvvəl SSRİ məkanında pərvəriş tapıb, sonra dünyanın müxtəlif ölkələrində - Kubada Azərbaycan günlərinin xoş anlarını bu gün də yaddaşınızda yaşadırsınız. Səyahətlər zamanı çoxları ilə tanış olmusunuz. Amma hər tanışlıq dostluğa çevrilmir. Azadlıq adasında unudulmaz günlərin ən əziz yadigarı məhz Xalq şairi, gözəl dramaturq, dəyərli ziyalı Nəriman Həsənzadədir.

Nəriman müəllimin mehriban xasiyyətinə görə hamı onunla dostluğa can atır. O isə “Musa qağam” deyərək Sizə daha çox üstünlük verir. Sizi illərin sınağından çıxan dost kimi, qardaş kimi qəbul edir. Siz də “Bir şair yaşayır bu dünyada” adlı mənsur şeirinizdə şairə olan münasibətinizi yüksək səviyyədə əks etdirmisiniz.

Həyatın amansızlığı da qaçılmazdır. Keçən ilin fevral ayının əvvəlində ömür-gün yoldaşınız Zemfira xanımı itirdiniz. Bu xəbəri mənə deyəndə dekabr ayında Sizə gəlməyimiz acı bir xatirə kimi gözlərim önündə canlandı. Zemfira xanımın bacısı rəhmətə getmişdi. Başsağlığına Sizə gəldik. Ailə üzvlərinizin hamısı evdə idi. Nəriman Həsənzadə, İbrahim Quliyev də Sizdə idilər. Zemfira xanım Cənub nemətləri ilə dolu zəngin bir süfrə açmışdı. Nə yazıq ki, o görüş iki ay keçməmiş acı bir xatirəyə çevrildi. Yarım əsrdən artıq birgə yaşadığınız Zemfira xanıma 40 gün hüzn məclisi verdiniz. Başsağlığına gələnlərin ardı-arası kəsilmirdi. Çətin günün dostlarını bir daha yaxından tanıdınız- Masallı rayonun keşmiş İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, işlədiyiniz akademiyanın rektoru Urxan Ələkbərov, eləcə də kollektivi, Nəriman Həsənzadə və İbrahim Quliyev. Masallı rayon Ağsaqqallar şurasının üzvləri. Masallının üzdə olan ziyalıları…

Zemfira xanımla yaşadığınız birgə ömür hədər getməyib. 3 övlad, 7 nəvə, 4 nəticə… ömür davamçılarınızdır. Oğlunuz - Əməkdar incəsənət xadimi Elçin Musaoğlu dünyaca məşhur rejissordur. Onun “40-cı qapı”, “Nabat”, “Qarı və qartal” və başqa filmləri dünyanı dolaşıb, mükafatlar alıb. Qızlarınız- Şəlalə xanım və Ülkər xanım Bakı Dövlət Universitetinin məzunudurlar, ixtisasca filoloqdurlar. Gəlininiz ixtisasca fizik olan Sevinc xanım, kürəkənləriniz Kamal, Xaqani ailənizə layiq insanlardır. Estafeti nəvələriniz davam etdirir. Soraqları dünyanın müxtəlif ali məktəblərindən gəlir.

Övladlardan söhbət düşmüşkən bir haşiyə: Elçin Musaoğlu dünyanı dolaşan filmlərini əsasən Sizin ssenariləriniz əsasında çəkir. Sevimli Xalq şairimiz Nəriman Həsənzadə söyləyir ki, “Heydər Əliyev Sarayında “Nabat” filminin premyerasına yığışmışdıq. Sarayda Musa qağamla yanaşı oturmuşdum. Elçin Musaoğlu filmin rejissoru olaraq çıxış etdi. Söylədi ki, bu gün mənim atamın doğum günüdür. Bu filmi atama həsr edirəm. Bütün zal ayağa qalxıb Musa Quluzadəni alqışladı”.

Atanın doğum günündə övladın bundan böyük hədiyyəsi nə ola bilər?!

Yaxından tanıdığın, sevdiyin insanlar haqqında yazı yazmağın çətinliyi bir qələm adamı olaraq Sizə bəllidir Musa müəllim. Mən də Sizə olan münasibətimi yazıya gətirəndə çətinlik qarşısında qaldım. Sağlıq olsun. Alimlər son vaxtlar hesablayıblar ki, normal insan ömrü 160 ildir. Bu hesabla deməli, Sizin yaşınızın və ömrünüzün hələ orta yaş dövrüdür. Sizə sağlam canla uzun ömür arzulayıram. Zəkanız aydın, qələminiz iti, ruhunuz cavan olsun əziz yazıçımız, şairimiz və professorumuz. Sağlıq olsun 85, 90 və 100 yaş yubiley yaşlarınızda Sizinlə görüşənədək.

Sevda ƏLİBƏYLİ,

Yazıçı, publisist, jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...