ARİF ƏRŞAD

Babamın ölümünü yaxşı xatırlayıram. Onda heç məktəbə də getmirdim. Ölüm xəbərini eşidən kimi atam məni də özü ilə kəndə aparmışdı. Babamın xəstəliyi şiddətlənən vaxtdan anam kəndə gedərək, ona qulluq edirdi. Axı, babamın anamdan başqa övladı yox idi. Mən də elə babamın bircə nəvəsiydim. Anam məni çox istədiyi kimi, babam da məni çox istəyirdi. Anam babamı da çox sevirdi, o üzdən bir ayağı kənddəydi. Artıq bir həftə olardı ki, anamı görmürdüm, onun üçün çox darıxmışdım.

Biz kəndə çatanda babamın həyəti adamla dolu idi. Mən babamın ölümünü atamdan eşitsəm də, bu qədər adamın bura niyə yığıldığını anlamırdım. Maşından düşən kimi həyətdəki adamların arasında anamı axtardım. Amma bu qədər insanların içində nə anamı, nə də ki, nənəmi görmədim. Düzünə qalsa, nənəm üçün heç darıxmamışdım da. Nənəm zabitəli, ciddi, namaz qılan bir arvad idi. Nədənsə mən ondan qorxurdum. Nənəmin məni nə qədər çox istədiyini bilirdim, amma mən babamı daha çox istəyirdim. Mən heç vaxt nənəmin nə ağladığının, nə də güldüyünün şahidi olmamışdım. Babam isə əksinə, ürəyi yumşaq, çox mehriban və gülərüz insan idi. Saçı-saqqalı ağ, boyu uca, sağlam bədənli bir kişiydi mənim babam. Nənəm isə bəstəboy, arıq qadın idi. O, həmişə xəstə kimi görünürdü, gözümü açıb, ağlım kəsəndən, nənəmin, -“ölürəm a kişi, ölürəm”, - dediyini eşidirdim. Babamın da ona, - Yatan ölmür, yetən ölür, sən belə tez ölən deyilsən, ay arvad, - deməsini yaxşı xatırlayıram. Bəzən də nənəm, -Deyəsən mən səndən qabaq öləcəm axı, a kişi, - söyləyəndə, babamın ona, - Qorxma ,ay arvad, ölməzsən, pis adama heç nə olmur, sizin nəsil çox yaşayan nəsildi, - deməsini də yaxşı xatırlayıram. Amma babam nənəmi çox istəyirdi. Mən uşaq olsam da bunu hiss edirdim. Nənəmin adı Rəhimə idi, amma babam onu “Qaragöz” və ya “Gözəl” deyə çağırırdı. Nə isə …

Yavaş-yavaş evə doğru gəldim, qapının kandarında tanımadığım bir arvad məni görcək bərk-bərk qucaqlayaraq üzümü sümürdü. Anamın məni öpməsiylə, kənd arvadlarının öpüşlərinin fərqini mən bu cür ayıra bilirdim- sümürdü, yəni öpdü. Şəhərdəki evimizdə, atam xəstələnən zamanlar, anam onun kürəyinə “banka” qoyanda, nədənsə həmişə yadıma kənd arvadlarının məni öpməsi düşürdü.

Hə, həmin qadın anamı axtardığımı anlayıb, məni ağlaşma səsi gələn, babamın dediyi kimi, “qonaq” otağına apardı. Otağa girəndə anam məni görüb yanına çağırdı. Arvadların hamısı qara geyindiyindən , səsini eşitsəm də, anamın üzünü onların arasında seçə bilmədim. Amma uzununa bükülmüş xalçanın baş tərəfində oturan nənəmi o dəqiqə tanıdım. Nənəm həmişə qara paltar geyinib, qara yaylıq bağladığından onu gözüm tez aldı. Anam, key-key ətrafa baxdığımı görüb, mənə əl elədikdən sonra yaxınlaşıb, nənəmlə onun arasında oturdum. Anam səssizcə ağlayırdı, bunu o, məni öpəndə üzümün yaş olmasından bildim. Sonra nənəm də məni sümürdü, amma üzüm yaş olmadı. Bütün qadınlar otağın ortasına uzadılmış bükülü xalçanın ətrafında oturmuşdu. Deyəsən, xalçaya bükülən mənim babam idi, axı o, ölmüşdü. Bu xalça evimizdə babam yatan otağın divarından asılmış yeganə xalça idi. Babam bu xalçanı çox sevirdi. Xalça ona anasından yadigar qalmışdı.

Az sonra kişilər içəri girdi. Arvadların hamısı ayağa qalxdı. Qabaqda dayanan saqqallı bir kişi cibindən çıxartdığı balaca kitabdan nəsə oxumağa başladı. Mən nə qədər çalışsam da, bu saqqallı kişinin nə oxuduğunu başa düşə bilmədim. Amma nəsə vacib bir şey oxuduğunu anlayırdım, çünki hamı diqqətlə ona qulaq asırdı. Hətta bayaqdan ağlamaqda bir-birinə aman verməyən arvadlar da sakitləşmişdi. Saqqallı adam sözünü qurtarıb, sağ əlini üzünə çəkdi, sonra kitabı cibinə qoyan kimi beş-altı kişi xalçanı çiyinlərinə qaldırıb otaqdan çıxdı. Arvadlar yenə də, bu dəfə daha bərkdən ağlaşmağa başladı, aləm bir-birinə dəydi. Onlar kişilərin arxasınca həyətə çıxmağa çalışırdılar. Bu basabasda anamı gözdən itirdim və onu həyətdə axtarmaq üçün çölə çıxdım. Xalçanı çiynində daşıyan kişilərdən biri də mənim atam olduğundan, tez ona yaxınlaşıb, şalvarının ətəyindən yapışdım və beləcə düz qəbristanlığa qədər gəldik. Babamı xalçanın arasından çıxartdılar, ağ parçaya bükülmüş halda məzara qoyub, üstünə çoxlu torpaq tökdülər. Sonra atam bir kənarda qalmış xalçanı büküb, cavan oğlanlardan birinə verdi və mənimlə birlikdə evə getməsini tapşırdı. Biz həyətə girəndə oğlan xalçanı eyvanın kandarına qoyub, çıxıb getdi. Nənəm xalçanı götürüb evə girmək istəyəndə mən ondan soruşdum:

-Nənə, bu xalça babamın xalçasıdır , niyə onu evə aparırsan? Babamın üstünə sərərdik də, axı ona soyuq olar.

-Bəs, öləndə məni nəyə bükəcəklər?

-Bu xalçaya bükəcəklər deyə, ölmək istəyirsən? Hara aparırsan xalçanı, nənə?

-Lazımdır!

Nənəm xalçanı eyvanın məhəccərindən asıb içəri keçdi. Bu vaxt qəbristanlığa gedən kişilər həyətə daxil oldu və təzəcə qurulmuş mağara keçib, çay süfrəsinə oturdular.

Beş-altı gündən sonra atam şəhərə qayıtdı. Mən anamla nənəmin yanında qaldım. Qonaqlar hələ də gəlib gedirdi. Həftədə bir dəfə arvadlar babamın “qonaq” otağına yığılıb ağlaşırdılar. Həm nənəm, həm də anam həmişə onların arasında olurdu, amma daha xalçanı büküb ortalığa qoymurdular. Xalça yenə öz yerindən, babamın yataq otağında divardan asılmışdı.

Atam kəndə qayıdan günün səhərisi yenə də həyətimizə çoxlu adamlar yığılmışdı. Kişilər həyətdə qurulmuş mağarda, arvadlar isə yenə də “qonaq” otağında oturmuşdular. Mağarda babamın şəkli həmin xalçanın üstündən asılmışdı. Mağarda oturan kişilər çay içir, evə yığılan arvadlar isə yerdə oturub ağlaşırdı. Amma bu dəfə də ortalıqda xalça yox idi.

Bir həftədən sonra atam babamın evinin qapılarını bağladı, hində olan toyuq -cücənin hamısını maşının arxasına yığıb bizimlə birlikdə şəhərə qayıtdı. Şəhərdəki evimiz on iki mərtəbəli binanın onuncu mərtəbəsində yerləşən, üç otaqdan ibarət idi. Biri qonaq, digər iki otaq isə yataq otağı idi. Birində atamla anam, o birində isə mən yatırdım. Amma indi mənim otağımda nənəmlə birlikdə yatırdıq. Gecələr nənəm mənə nağıl danışır, hərdən də babamla bağlı xatirələrini söyləyirdi. Bəzən bu əhvalatlar mənə məzəli gəldiyindən gülürdüm, amma nənəm heç vaxt gülməzdi.

Mən yavaş-yavaş nənəmə isinişməyə başlamışdım. Bağçaya gedəndə də evə tez qayıtmaq istəyirdim, artıq nənəm üçün darıxdığımı hiss edirdim.

Bir gün gecə nənəmin səsinə yuxudan ayıldım. Nənəm mənim oyandığımı duymamışdı, onun babamın şəklinin qarşısında oturub, xısın-xısın ağladığının şahidi oldum. Əvvəl gözlərimə inanmadım, amma onun ağladığına əmin olduqdan sonra, yorğanı başıma çəkib yuxulamağa çalışdım. İstəmirdim ki, onun belə sakit-sakit ağladığını mənim gördüyümü nənəm bilsin. Bunun başqa-başqa vaxtlarda da daha bir neçə dəfə şahidi oldum. Həmin gündən sonra mən nənəmi daha çox istəməyə başladım.

Atam o vaxt kənddən gətirdiyi toyuqların beş-altısını kəsdikdən sonra, anamla nənəm onların tüklərini yolub soyuducuya yığdılar. İyirmi-otuz toyuq-cücəni isə atam həyətimizdəki boş qaraja salıb qapısını bağladı. Onların içində bir dənə də xoruz var idi. Nənəm dükanda satılan toyuğu yemədiyindən atam evə daha mağazadan toyuq almırdı. Soyuducuda olan toyuqlardan anam gözəl xörəklər bişirirdi. Soyuducuda toyuq azaldıqca atam yenə onlardan bir neçəsini kəsir, anam da nənəmlə birgə onları yolub soyuducuya yığırdı. Nənəmin bizdə yaşadığı gündən atamın və mənim ləzzətlə yediyimiz kolbasaların nəinki yeyilməsi, alınıb evə gətirilməsi də qadağan olundu. Atam avtobus sürücüsü olduğundan, hər dəfə hansısa rayondan evə qayıdan zaman təzə quzu, dana ətiylə yanaşı, diri toyuq da almağı unutmurdu. Hər dəfə də gətirdiyi diri toyuqları qaraja salıb, əti isə evə qaldırardı. Nənəm də bu zaman onu qarşılayıb, zənbili onun əlindən alırdı. Əti zənbildən çıxardıb masanın üstünə qoyan zaman o, atamı sual dolu baxışlarla süzürdü. Atam da çayını içə-içə, - Narahat olma, Rəhimə xala, yanımda üzü qibləyə kəsilib, halal ətdir, - deyib, hər dəfə də babamın goruna and içirdi.

Günlərin bir günü atam nə səbəbdənsə işdən çıxıb Moskva şəhərinə yola düşdü. On günə qayıdıram, desə də, artıq getdiyi beş ay idi. Düzdür, ara-sıra evə pul göndərirdi, amma bu qədər müddətdə geri qayıtmadığına görə anamın narazı olmasını onun deyinməyindən hiss edirdim. Səfərə çıxmamışdan qabaq atamın soyuducuya doldurduğu ət də yavaş-yavaş azalırdı. Artıq anam qarajdakı toyuqları kəsdirməyə başlamışdı. Anam toyuqları adətən qaraj qonşumuz olan Eynulla kişiyə kəsdirirdi. Bizdən fərqli olaraq, Eynulla kişi qarajında toyuq yox, göyərçin saxlayırdı. Eynulla kişinin hər səhər gün çıxandan axşam gün batana qədər işi-gücü, bu göyərçinləri uçurtmaq olurdu. Eyvandan baxanda onun hərəkətləri mənə gülməli gəlirdi. Quşların hamısını qarajdan çölə çıxardan Eynulla kişi, qəfildən onları hürkürdüb göyə qaldırır, sonradan uzaqlara uçan göyərçinlərə dən səpir və fit çala-çala onları yerə səsləyirdi. Saatlarla boynu yuxarı halda qalan Eynulla kişi, nə vaxt yeyir, nə vaxt içir, bax bu, mənə sirr olaraq qalırdı. Eynulla kişinin qonşuluğundakı qaraj isə Pyotr dayının idi. Onun adı Pyotr olsa da, hamı onu Petya dayı deyə çağırırdı. O, öz qarajından emalatxana kimi istifadə edirdi. Nəinki qonşuların elektrik əşyalarını, hətta kənardan gələnlərin də məişət avadanlıqlarını təmir edir, bütün günü qarajda oturub, işlə məşğul olurdu. Petya dayı Bakıda doğulmuş, burda məktəbi oxumuş və bu həyətdən də əsgərliyə yollanmışdı. Əsgərlikdən gələndə isə özü ilə Valya xalanı gətirmişdi. Valya xaladan fərqli olaraq Petya dayı, hamı ilə Azərbaycan dilində danışırdı, özü də təmiz Bakı ləhcəsi ilə. O, təkcə arvadı Valya xala ilə rusca danışırdı. Onun balaca oğlu ilə mən dostluq edirdim, Ruslan mənim yaşıdım idi, Azərbaycanca da təmiz bilirdi.

O, atası ilə bizim dildə danışsa da, amma anası eyvandan səsləyəndə nədənsə ona rusca cavab verirdi. Onun iki dildə danışmasına heyranlıqla baxırdım və buna görə də, mənim dostdum olan Ruslanı özümdən ağıllı sayırdım. Amma bir gün baş verən hadisədən sonra, heç də onun məndən ağıllı olmadığına əmin oldum. Deməli, məsələ belə oldu…

Bazar günü olduğundan bu gün bağçaya getməyəcəyimi bilib, yatağımdan qalxmaq istəmirdim. Amma çox keçmədi ki, nənəm məni mətbəxdən səslədi. Anam da evdə yox idi, onun bu gün tezdən yarmarkaya gedib bazarlıq edəcəyini hələ axşamdan bilirdim. Mətbəxə gələndə nənəm qarajın açarını mənə uzadıb dedi:

-Nənə qurban, get qarajın qapısını aç, orda bir xoruzumuz var, onu tut, ver Eynulla kişi kəssin, gətir. Al, bu ləyən, bu da bıçaq.

Mən nənəmin tapşırığını yerinə yetirmək üçün liftə minərək həyətə endim. Qarajın qapısını açdım, xoruzu tutub, çölə çıxaraq qapını bağladım. Amma birdən Eynulla kişinin qarajını bağlı görüb, yerimdə donub qaldım. Bu vaxt atasının qarajından çıxan Ruslan, məni görüb yaxınlaşdı. Eynulla kişiyə xoruzu kəsdirmək istədiyimi bildikdə, - dyadya Eynulla getdi, arvadını apardı balnitsaya,- deyib, üzümə baxdı. Mənim pərt olduğumu görən Ruslan, əlimdə tutduğum xoruza işarə edərək, dedi:

-Davay, gəl bura. Mənim atam ki, burdadır, o, kəsər, davay poşli.

Bu, heç mənim ağlıma gəlməmişdi, sevincək onun arxasına düşüb, Petya dayının qarajına girdim. Ruslan atasına məsələnin nə yerdə olduğunu anlatdı. Petya dayı gülümsündü, - Problem yoxdur, petuxu vər bura, - deyib, elə qarajın içindəcə xoruzun başını kəsib ləyənə qoydu. Mən də bıçağı və içində kəsilmiş xoruz olan ləyəni götürüb sevincək blokumuza tərəf qaçdım, axı ilk dəfə idi ki, nənəmin tapşırığını yerinə yetirmişdim. Liftlə yuxarı qalxdığım anlarda özümü kişi kimi hiss edirdim. Mən evə girdikdə artıq anam da bazardan qayıtmışdı. Anam əlimdən ləyəni alıb, -Ay mənim kişi balam, ay mənim kişmiş balam, - deyib, mətbəxə apardı. Sonra bazardan mənim üçün aldığı köynəyi verib, üzümdən öpdü:

-Doğum günün mübarək olsun, kişi balam!

Nənəm, - Hə, böyük kişi ol, nənənin balası! Mən də onda balama döşəmə-plov bişirəcəm, - deyib, qollarını çirmələdi. Nəsə gətirmək üçün eyvana çıxan nənəm, tez əli boş da geri qayıtdı. O, mənə başı ilə anamın ütdüyü xoruzu göstərib soruşdu:

-Eynulla kişinin qarajı bağlıdır, xoruzu kimə kəsdirdin?

Mən də özümü rus dili bilən kimi nənəmə göstərmək üçün dedim:

-O, xoruz deyil ey, petuxdur . Nənə, Eynulla kişi yox idi, Ruslanın atası kəsdi.

Nənəm əsəbi halda soruşdu:

-Ruslanın atası kimdir? O, urus kişisi?

-Hə də, Petya dayı, - deyə, nənəmə cavab verdim.

Nənəm, anamın yolduğu xoruzu onun əlindən alıb, zibil torbasına ataraq, - O, Petya müsəlman deyil, - dedi, sonra soyuducudan ət çıxardıb doğramaq üçün anamın qabağına qoydu. Mənim çaşdığımı görən nənəm, mehribancasına başımı sığalladı və göz vuraraq şən halda dedi:

-Mənim xoruzuma petux deyənə bir bax, petux onun özüdür!

Nənəmin bu sözünə anam qəh-qəhə çəkib gülməyə başladı, mən də ona qoşuldum. Nənəm də gülən anamı dümsükləyərək ona qoşulub gülümsündü:

-Kiri, ay qız, kiri, bəsdi güldün. Yaxşı ki, gördüm ey, yesəydim, ölərdim.

Yay təzəcə girəndə atam Moskvadan evə qayıtdı. Sentyabr ayında məktəbə gedəcəkdim deyə, mənə paltar, dəftər, qələm və çanta almışdı. Bir həftədən sonra nənəmlə ikimiz kəndə yola düşdük.

Artıq bir ay idi ki, kənddə babamın çarpayısında yatırdım. Hər dəfə göydən asılan, babamın büküldüyü xalçanı görəndə pis olurdum. Bir gün nənəmdən xalçanı divardan çıxartmasını xahiş etdim. Nənəm mənə belə cavab verdi:

-A bala, çıxartsam, əl-ayaq altına qalıb kirlənər axı, bəs öləndə nəyə bükəcəklər məni? Bunu göydə elə o günüm üçün saxlıyıram da.

Avqust ayının ortalarında anam atamla birlikdə kəndə gəldi. Axşam vaxtı anamla atam həyətdəki tut ağacının altında çay içərək, söhbət edirdilər. Nənəm isə təndirdə çörək yapırdı. Mən onlara yaxınlaşıb xalça barədə nənəmlə olan söhbəti danışdım. Və sonda da söylədim ki, bu xalçadan zəhləm gedir. Atam mənim uşaq ağlıma güldü, anam isə üzümdən öpüb nənəmə kömək etmək üçün təndirə yaxınlaşdı.

Bir həftədən sonra nənəm qəfildən xəstələndi, qonşu arvadar nənəmin çarpayısının başına yığıldılar. Onun istəyi ilə axşam məni nənəmin yatdığı otağa apardılar. Nənəmin rəngi ağarmışdı, danışmağa taqəti yox idi. Amma məni görüb gülümsədi və güclə hiss olunacaq səslə, - Nənə sənə qurban!-deyib, üzümdən öpdü. Amma bu dəfə sümürmədi. Anam məni qonşuya yatmağa göndərdi və bu, nənəmi gördüyüm sonuncu gecə oldu.

Səhər tezdən ağlaşma səsinə yuxudan oyandım. Paltarımı geyinib nənəmgilə getmək üçün qonşunun evindən çıxdım. Yenə də babamın öldüyü gündə olduğu kimi, həyətimiz adamla dolu idi. Ac olduğumdan anamı axtardım, onun babamın “qonaq” otağında olduğunu isə artıq bilirdim. Yenə otağın ortasında babamın xalçasını uzununa büküb yerə uzatmışdılar, anam da xalçanın baş tərəfində oturmuşdu. Bu dəfə nənəmi onun yanında görmədim. Mən ağlaşan arvadların arasından keçib anama yaxınlaşdım və onun yanında oturdum. Anam qəfildən məni qucaqlayıb hönkürtü ilə ağlamağa başladı. Amma nədənsə bu dəfə məni öpmədi. Mən sakitcə onun qolları arasından bükülmüş xalçaya baxırdım. Özü də babamın, nənəmin ölümünə səbəb olan bu xalçaya nifrətlə baxırdım. Əgər bu xalça olmasaydı, onların ölməyib hələ də yaşayacaqlarına inanırdım. Yenə babamda olan kimi, eyni qaydada saqqallı kişi otağa girdi, nəsə oxudu, sonra nənəmi aparıb basdırdılar və yenə də atam bir cavan oğlana xalçanı evə aparmağı tapşırdı. Mənim isə bu dəfə oğlanla evə getməyimi nədənsə söyləmədi. Mən özüm oğlanın yanına düşüb həyətimizə gəldim. Oğlan xalçanı həyətdəki kötüyün üstünə qoyub getdi. Anam və arvadlar içəridə ağlaşırdılar. Həyətdəki kişilərin isə başı mağar qurmağa qarışmışdı.

Evimizin arxasında yanan xalçadan isə heç kimin xəbəri yox idi. Tüstünü görüb ilk özünü yetirən də atam oldu. O, bir kənarda durub ,yanan xalçaya tamaşa etdiyimi gördükdə, heç bir şey olmamış kimi mənə yaxınlaşıb yanımda oturdu. Atam məni qucaqladı, bu vaxt anam özünü yetirdi. O, təşviş içində bizə baxdı və nəsə yadına düşübmüş kimi, gülümsədi. Sonra bizə yaxınlaşıb mənim yanımda əyləşdi. Biz üçümüz bir yerdə, yanan xalçanı seyr edirdik, həyətə yığılan adamlar isə heç nə başa düşməyərək, çiyinlərini çəkib bizə baxırdılar. Mən çox sevinirdim, gələcəkdə atamı, anamı əlimdən ala biləcək bu xalçanın yanmasına… çox sevinirdim.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...