HÜMBƏT HƏSƏNOĞLU

O hələ də inana bilmirdi ki, artıq rahat nəfəs ala bilir. Son bir neçə ilin əzablarını xatırladı. Kiçicik fiziki hərəkət onda təngənəfəslik yaradırdı. 26 yaşında ən uzaq səfəri eyvana olan bir gəncin halını hər kəs təsəvvür edə bilər. Ona kəskin ürək çatışmazlığı diaqnozu qoyulmuşdu və o, bir ildən çox ona uyğun ola biləcək donor ürəyini gözləməli olmuşdu…

Nəhayət, avtomobil qəzasında həyatını itirmiş bir gəncin ürəyi onun orqanizminə tam uyğun gəlmişdi. Gəncin həkim olan atası böyük lütfkarlıq göstərib oğlunun ürəyinin köçürülməsinə icazə vermişdi. Onun professor valideynləri ürəyi köçürülmüş gəncin valideynləri ilə çox isti münasibətlər qurmuşdular. Onu da xəstəxanadan çıxan günü götürüb onlara aparmışdılar.

Oğlanın bəstəboy anası onu qucaqlayıb heç buraxmaq istəməmişdi. Hər dəfə onlara qonaq gedəndə anası onu eyni cür qucaqlayırdı. O, məhz belə qucaqlaşmanın səbəbini əvvəl anlamırdı. Sonradan olayın səbəbini başa düşəndə, o özü bu böyük insanın başını sığallayaraq ürəyinin üstünə qoyurdu: Ana göz yaşları içində oğlunun ürəyi eşitməsin deyə səssiz balasının ürək döyüntülərinə qulaq asırdı!.. Bu gün o, küçənin sonunda yerləşən insituta gedirdi. İki ay öncə məhz bu küçədə onun baxışları bir qızın baxışları ilə rastlaşmışdı. O bir baxış onun bütün varlığına hakim kəsilmişdi. Bu baxış onu hər yerdə təqib edirdi; səhər yuxudan duranda ilk fikri o baxış, axşam yatanda onu yuxuya yola salan o baxış olurdu. Bu, adi baxış deyildi, ona elə gəlirdi ki, ömrü boyu elə bu gözlərə baxmışdı. Bu baxışlar ona çox doğma gəlmişdi. Anasının, bacısının baxışı kimi. Bütün bunları o, özü üçün heç cürə izah edə bilmirdi. Bu, onun həyatının ən böyük müəmması idi. Artıq iki ay idi ki, o, dərslərdən sonra qızın arxasınca düşüb evinə qədər izləyirdi. O, bir neçə dəfə imkan tapıb qızla tanış olmağa cəhd də etmişdi, amma onu əsir etmiş baxışlar şimşək kimi parlamış və onun ağzını açmağa belə imkan verməmişdi.

O, bu gün bir dəfə də, lakin qəti cəhd etmək istəyirdi. Bu da o, rəfiqələri ilə sağollaşıb həmişəki istiqamətdə gedir. O, qızın arxasınca tez-tez addımladı, buna yeni ürəyi nəinki imkan verirdi, hətta bu ürək elə bil onun daha yeyin hərəkət etməsini istəyirdi. O, ürəyinin istəyinə səs verib sürətlə qızın arxasınca getdi! Qabaqda qızın dönəcəyi küçə çox da işlək olmadığından insanlar orda az olurdu. Ümidi həmin küçə idi. Qız küçəyə dönən kimi onu haqladı.

- Bağışlayın, mən sizdən rica edirəm, mənə iki dəqiqə vaxt ayırın. Qız dayandı. Yenə baxışlardan şimşək çaxdı.

- Cavan oğlan, mən sizə vaxt ayırmayacam. Baxıram mədəni insansınız, tərbiyəli oğlan olduğunuzun da iki aydır ki, şahidiyəm. Mən sizi dinləməyəcəyəm, amma sizə bir neçə söz deməyə ehtiyac duyuram. Mənim çox sevdiyim bir insan olub, onu da həyatımın axırına qədər sevəcəm. Böyük təəssüflər olsun ki, o, avtomobil qəzasında həlak oldu. Mən əleyhinə olsam da, onun ürəyini başqa bir gəncə köçürüblər. Mənim sevdiyim insan böyük və saf ürək yiyəsi idi!..

Onu elə bil elektrik vurdu, o, qızın kədərdən yumşalmış gözlərinə diqqətlə baxıb dedi:

- Əmin olun ki, elə həmin saf və böyük ürək sizi ömrünüzün axırına qədər də sevməkdə davam edəcək! - Necə? - Gəlin gedək, bunları sizə danışmaq üçün mənim bir həyat qədər vaxtım var!

Sumqayıt şəhəri.

Aprel 2020-ci il-Koronavirusla bağlı karantin dövrü

Bütün xəbərlər Facebook səhifəmizdə