HÜMBƏT HƏSƏNOĞLU

Parisin mərkəzi, dünyanın ən bahalı və gözəl küçəsi sayılan Şaz-Elizenin başlanğıcında velorikşalar dayanır. Velorikşa qabağı velosiped, arxasında bir nəfərlik, üstü örtülü oturacaqdır. Onlara velofayton da demək olar. Küçə uzun olduğundan avtobus və taksilərlə yanaşı bu xidmətdən də yararlanmaq istəyənlər olur. Bu ekoloji nəqliyyatdan heç vaxt istifadə etmədiyimdən mənə maraqlı gəldi. Bu küçəni bir dəfə başdan-başa keçmişdim. Bir mağazaya da girmək həvəsim olmamışdı.

Amma böyük zövqlə tərtib olunmuş vitrinlərə nəzər salmışdım. Düşünmüşdüm ki, bura bir də gəlib mənə maraqlı olan yerlərə baxaram. Bu gün özümə həmin söz verdiyim dəfə idi. Sözün düzü, mağazalar məni ən az maraqlandıran yerdir. Xarici şəhərlərdə məni ən çox maraqlandıran insanlardır. Binaya bir neçə saniyə baxmaq kifayət edir, sonra nəyinə baxasan ki? İnsanlar başqa aləmdir... Hər biri elə özləri boyda sirdirlər. Geyimləri, görünüşləri, duruşları, baxışları, emosiyaları... Əslində bu küçə podiumdur, küçə-podium. Bütün irqlərin, xalqların, cinslərin gəzdiyi podium. Sən də istəmədən belə bu podiumda özünü nümayiş etdirməli olursan. Fikir vermisiniz, yəqin, metro eskalatoruna ayaq basan hər kəs susur. Hamı elə bil hipnoz olur, hər kəs əks istiqamətdə eskalatorla gələn insanlara maraqla baxmağa başlayır. Hamı dinməz şəkildə bir-birini elə açıqca da süzür. Bu süzmək qarşılıqlı olduğundan baxışlarda elə etiraz da olmur. İnsana elə insan maraqlıdır.

Velorikşaları adətən tələbələr sürür, onlar belə öz xərclərinin bir qismini qarşılaya bilirlər. Qərbdə bu adi haldır. Velorikşanı sürmək güclü ayaqlar tələb etdiyindən bu iş elə tələbə gənclər üçündür. Velorikşa dayanacağına yaxınlaşanda bir neçə gənc mənə tərəf yeridi. Onlardan biri eynəkli idi, eynəklini də seçdim. Göz həkimi olaraq eynəkli insanlara üstünlük verirəm. Bu bir peşə həmrəyliyidir. Fransız dilində yalnız salamlaşmağı və xanımlara deyə biləcəyim bir neçə kompliment bilirəm. Bu dəfə yalnız salamım işə yaradı. Tələbə dostum məni izzətlə arxada oturtdu və sərin hava olduğundan ayaqlarımın üstünə qalın, isti örtük saldı və mənim ayaqlarımı hər tərəfdən kip örtdü. Tələbə dostumun son diqqəti mənə bir müştəri məmnuniyyəti gətirdi və ona içimdə rəğbətim yarandı. Bəxtimdən dostum danışmağa həvəsli idi. İngilis dilim karıma gəldi. Məlum oldu ki, o, Parisin Tibb Universitetində oxuyur və göz həkimi olmaq istəyir. Mən ona göz həkimi olduğumu deyən an biz doğmalaşdıq. Onun eynəyi haqda soruşdum və onu velosipedçi olaraq eynəyinə görə seçdiyimi deyəndə, güldü. Ona tibb universitetinin tələbələrinin peşə seçimi ilə bağlı, bir fenomen danışdım. Tibb universitetinin tələbələri artıq üçüncü kursdan klinik fənləri öyrənməyi başlayırlar. Bu dövr bütün tələbələr özlərini xəstə sayırlar, çünki oxuduqları xəstəlik əlamətlərinin hamısını özlərində tapırlar. Mədə xəstəliklərini keçəndə hamı mədə xəstəsi, ürək xəstəliklərini keçəndə hamı ürək xəstəsi olur və sairə.

Rus yazıçısı Çexovun bir hekayəsini də ona misal çəkdim. Hekayədə tələbə oğlan hamiləlik haqda mühazirəyə qulaq asandan sonra evə halsız gəlir, çünki hamiləliyin bütün əlamətlərini özündə tapır. Beləliklə, hər tələbə oxuduğu dövrdə özündə tapdığı xəstəliyi ciddi cəhdlə hərtərəfli öyrənməyə başlayır. Və təhsilin sonunda peşə seçimi gələndə tələbə başa düşür ki,onun ən yaxşı bildiyi elə öz xəstəliyidir. Ürəyi xəstə ürək həkimliyini, böyrəyində xəstəliyi olanlar böyrək həkimliyin və sairə seçir. Burada fasilə verərək əlavə etdim, gözündə problemlər olanlar, eynəklilər da göz həkimliyini seçirlər. Eynəkli tələbə dostum bu fikrimdən uğunub getdi. Söhbətimin onunla bitəcəyini gözləməsə də fikir onun çox xoşuna gəlmişdi. Başımız söhbətə necə qarışdısa, bir də gördüm ki, artıq küçənin sonuna çatmışıq və mən küçəyə heç baxa bilməmişəm. Təəssüfüm yox idi, mən fransız bir tələbə ilə dostlaşmışdım bu isə yüz cansız küçəyə dəyərdi, hətta o küçə dünyanın ən gözəl küçəsi olsa da belə. Sonda tələbə dostum məndən israrla pul almaq istəmədi və onun bunu səmimi etdiyini gördüm. Ona dedim ki, bir şərtlə onunla razılaşaram, mənimlə birlikdə şam yeməyinə razılıq versin və əlavə etdim ki, ona göz həkimləri haqda məşhur lətifələri danışacağam. Sonuncu arqumentim onda maraq yaratdığından razılaşdı. Düşündüm ki, gələcəkdə Parisə gəlsəm, parisli göz həkimi dostumla bu küçəni tələsmədən, rahat gəzərəm.

Sumqayıt şəhəri

Mart -2020-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə