HÜMBƏT HƏSƏNOĞLU

Uşaq vaxtı hər yay nənəmgilə, kəndə tətilə gedərdim. Ona görə kəndlə bağlı uşaqlıq xatirələrim çoxdur... Birini isə uzun müddətdir ki, yadımdan çıxara bilmirəm. Səbəbi də o xatirəmin qorxu hissimə bağlı olması idi. Axı qorxuyla bağlı xatirələr uzunömürlü olur... Nənəmgildən tez- tez mamamgilə (Qarabağda bibiyə mama deyirlər) gedirdim. Mamagilə getməyə iki yol vardı. Biri qısa, biri də uzun. Qısa yolun üstündə həmişə qazlar olurdu. Onlar mənim yerli olmadığımı elə bil hiss eləyirdilər. Görən kimi bərk fısıltı ilə üstümə cumurdular. Təsəvvür eləyin ki, o fısıltıları dünyanın ən dəhşətli səsi sayırdım. Hər dəfə onlardan qaçıb canımı güclə qurtarırdım...

Çox vaxt da qazların qorxusundan uzun yolu seçirdim. Utandığımdan bu qorxumu heç kimlə, xüsusən də kənd uşaqları ilə bölüşə bilmirdim. Əgər onlara desəydim, mənə yəqin ki, yaxşıca gülərdilər. Heç nənəmə də demirdim. O qorxunu heç kimlə bölüşə bilmədiyimdən idi ki, bu xatirəm yaddaşımın bir guşəsində hələ də bərk oturmuşdu... Keçən ilin payızında dəniz sahilində gəzintidə idim. Sumqayıt dəniz körpüsünün yanında dənizdən çıxmış balıqçıların ətrafına toplaşmış çoxlu insanlar gördüm. Yolumun istiqamətində olduğundan onlara yaxınlaşdım. Bir balıqçı əlində iri çöl qazı tutmuşdu. Yaxından çox iri görünürdü. Balıqçının dediyinə görə qaz balıq toruna düşmüşdü, böyük ehtimalla onu torda çabalayan balıqlar cəlb eləmişdi. Baxdım ki, qazın alveri gedir. Balıqçı yüksək qiymət dediyindən razılaşan olmurdu. Balıqçı məni tanıdı. Dedi: “ Doktor, əla yağlı qazdır, bir məclisi yola verər”... Yadıma kənd qazlarımız düşdü, içimdən bir sızıltı keçdi... Sızıltımın xatirəmdən gəldiyinə şübhəm yox idi. Düşündüm ki, yaxşı olar, özüm qazın başını kəsib içimin lap dərinliyində olan qorxunu çıxararam, həm də məşhur "yeməmisən qaz əti, görməmisən ləzzətini" məsələsinə aydınlıq gətirərəm. Balıqçı ilə qiymətdə razılaşıb qazı aldım. Ətrafdakılar onu hazırlamağın müxtəlif üsullarını mənə təklif elədilər... İndi qaz mənə məxsus idi. O, mənim əsirim idi!

... Əsirlikdə olan kəndim, qazlar yadıma düşdü... Neyçünsə qazları da məhəbbətlə xatırladım!.. Axı qazlar da kəndimə olan məhəbbətimin bir hissəsi idi...

Heç kimə, heç nə demədən qazı götürüb körpünün əks tərəfinə keçdim. Burada dəniz daha geniş idi. Qaz elə bil fikrimi oxumuşdu, heç çabalamırdı da. Qazı dənizə buraxıb dedim: “ Get, mən səni əsirlikdən azad edirəm! Əminəm ki, kəndimizi də, bütün Qarabağımızı da bir gün düşmən tapdağından azad edəcəyik. Mən də kəndimzə qayıdıb, çoxlu qaz alacam. Qoy onlar şəhərdən gəlmiş uşaqları hərdən öz dəhşətli fısıltıları ilə qorxutsunlar!..

Sumqayıt şəhəri

Mart 2020 –ci il

Bütün xəbərlər Facebook səhifəmizdə