LİLPAR CƏMŞİDQIZI

Bülbülün varsa qəmi, naləsi hər yanə düşər,
Eyləyər ahu-fəğan, bəlkə gülüstanə düşər.

Saralar bağçada güllər, yetişər bəhri-xəzan.
Qönçənin halı gedər fəsli-zimistanə düşər.

Gülüzar eşqi-hərəmdən elə fəryad eləyər,
Xar ki sarmış gülünü, qisməti al qanə düşər.

Bu fəna mülkünün əlbəttə ki, öz qanunu var,
Aşiqin qüssə-qəmi zühr eləyər, canə düşər.

Neçə aşiqlər olub əhdinə peymanə ikən,
Vəslə yetməzsə əli, fürsəti hicranə düşər.

Zülməti zəncir edib, Ay gecəni nura salıb,
Kərəmi-sahib ikən zərrəsi səhmanə düşər.

Lilpara, söylə nədən eşqini pünhan elədin?
Bu səbəbdən də sənin bəxtinə qəmxanə düşər.

***

Düşün, ey aşiq olan, gör necə xülyadı Qadın,
Ürəyin ram eləsən, sevməyə Leyladı Qadın.

Həmi namus, həmi qeyrət, həmi aləmdi bilin,
Anadır, həm bacıdir, bizlərə dünyadı Qadin.

O Mühəmməd qızıdır, Kəbədə dünyayə gələn,
Əliyə layiq olan, tək Ana Zəhradı Qadın.

Neçə Adəmləri salmış tora, əfsanə təkin,
Çıxaran Adəmi yoldan, özü Həvvadı Qadın.

Sənə mən gəl danışım sirrini Cəmşid qızının,
Adı Lilpardı onun, yazdığı mə'nadı, Qadın.

***
Yaradan yazmış əzəl taleyini kəm Ananın,
O səbəbdənmi olub dərdü-qəmi cəm Ananın.

Var onun oğlu, qızı olmayıb aləmdə o şən,
Nə zaman gördüm onu, oldu gözü nəm Ananın.

Böyüdüb övladını, sonra itirmiş dedilər,
Eləyib dərdü-qəmi, bax, ürəyin dəm* Ananın.

Oturub bir köşədə, sanki küsüb dünyadan,
Gözünün nurun alıb, ah bu fələk həm Ananın.

Yazıb öz şeirini, Lilpar eləsin çarə ona,
Bu qəzəl bəlkə ola dərdinə məlhəm Ananın?

Dəm*---qan

***

Mən gedəndən, bilirəm, boşdu yeri şəklimizin,
Nə zaman bəs dönəcək bəxti geri şəklimizin?

O zamanlar ki, dayandıq, qoşa çəkdirdik onu,
Utanıb axdı o vaxt, üzdə təri şəklimizin.

Onu asdıq o divardan, bəzəyib mənzili biz,
O yerə, həm də göyə düşdü zəri şəklimizin.

Bizi birlikdə görüb, sanki, divardan o baxır,
Toxunaq ruhuna biz, gəlsə bəri şəklimizin.

Nə qədər biz ki, varıq, şahlıq edər mənzildə,
Bilinər qiyməti həm, çünki diri şəklimizin.

Elə ki, eyləyərik biz belə dünyaya vida,
Vurular baş daşına təkcə biri şəklimizin.

Bizi, Lilpar, ayıran ayrı düşə dünyadan,
Olmaya bir daha heç, dərdü-səri şəklimizin.

***
Vermisən dərdi yığıb, sən yenə üs-üstə mənə,
Sormayıb halımı heç, söyləmisən xəstə mənə.

Tanrıdan mən bu qədər dərdü-qəmi istəmədim,
Nə üçün Tanrı verib dərdi dəstə-dəstə mənə?

Yazmışam gör nə qədər şe'rü-qəzəl yar oxusun,
Niyə bəs yar oxuyur, şe'rimi ahəstə mənə?

İstədim sevdiyimi mən də gedim yarə deyim,
Yolların, bax, ürəyin yar eləyib bəstə* mənə.

Lilparam, neynim axı, könlümə yar eşqi düşüb,
Bu sevən qəlbə şəfa, var axı bir kəstə mənə.

Bəstə*---bağlı

***
Saralıb şamü-səhər, zöhrəsi sənsizliyimin,
Tutulub gülmür axı, çöhrəsi sənsizliyimin.

Budağından qoparıb, atdı fələk odlarə,
Quruyan tər gülü var, pöhrəsi sənsizliyimin.

Bir sevib yanmağ ilən biz ki, günah etməmişik,
Nə üçün olmadı heç bəhrəsi sənsizliyimin?

Nə qədər illər ötüb, yollarımız əyri, yoxuş,
Dolaşıbdır kələfi, cəhrəsi sənsizliyimin.

Lilparam, gözləmişəm, var ümidim yar(i) dönər,
Kəsməsin yar ümidi, dəhrəsi sənsizliyimin.

***
Aləm olub qap-qara, tərk eləyibdir səhər,
Qarə libas geyməyə məhkum olubdur şəhər.

Sanki tutubdur çətir, Göy Yerə əl eyləyir,
Çöldə küləklər əsir, yırğalanır, bax, Xəzər.

Bax, dağıdıb zülmətin saçlarını ruzigar,
Cəngə çıxıb gör necə, sanki, çalıbdır zəfər.

Pəncərələr bağlıdır, zülmətə qərq olmuşuq,
Göz-gözü heç görməyir, yoxdu işıqdan əsər.

Ay da küsüb, gizlənib, Ulduzu yoxdur bu gün,
Göydə buludlar gəzir, sanki çapır boz kəhər.

Göy Xəzərim, bir şəhər, bir də qaranlıq küçə,
Tərk eləyib aləmi, yoxdu, görünmür bəşər.

Gəl bu çətin gündə sən, Tanrı, kömək ol bizə,
Başqa yerə, aləmə eyləməyək biz səfər.

Tanrı, qoru bizləri, sən bu "taclı" bəladan,
Gör nə bəladır ki, bu, aləmi etmiş zəhər.

Aləm özü aləmə çağrış edib, "evdə qal",
Eyləməsək biz əməl, qalmayacaq bir nəfər.

Yüz kərə ölçüb-biçib, doğru yolu dərk edək,
Səhv eləyib kim bu gün, qisməti olmuş kədər.

Çoxdu buna qafiyə, yaz deməyin Lilpara,
Uysa şe'r yazmağa, ömrü əlindən gedər.

***

Satira

Söylədilər bizlərə virus o taydan gəlib,
Kür qovuşubdur çaya, hər nədi çaydan gəlib.

Gah çəkirik dərdini, getdi Vətən torpağı,
Ox ki, dəyibdir bizə, ordakı yaydan gəlib.

Tanrı, günahkarların ver bu cəzasın bu gün,
Bizlərə rəhm eylə sən, il bizə vaydan gəlib.

Biz nə edək, virusu yolladılar bizlərə,
Bizdə olan hər nə var, hamsı Kitaydan gəlib.

Bizdə olan qızları satdı Ərəb şeyxinə,
Gör nə qədər var xala bizdə, Dubaydan gəlib.

Yaxşı, yaman bizdə var, fərqini kimdir bilən?
Hər nə gəlibdir bizə, bizdəki zaydan gəlib.

Biz düşünüb etməsək, aləmə gər çarəsin,
Etməyəcəkdir bizə çarəni, Aydan gəlib.

Gah dedilər virusun istidə vardır sonu,
Yazda keçər, yay gələr, günləri saydan gəlib.

Saldı bu gün təşvişə Lilparı virus yenə,
Bax bu yazıq millətin hər günü haydan gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə