Ağalar İDRİSOĞLU

Göz işlədikcə uzanan tarla. Torpaq yenicə şumlanıb. Taxıl əkilib. Günlərlə onun sinəsini cadar-cadar eləyən traktorların səsindən, taxıl səpən əkinçilərin səs-küyündən, ayaq tappıltısından elə bil yenicə dincəlməyə başlayıb bu torpaq. Elə bil fıkrə dalıb ki, görəsən bu il yetişdirdiyi məhsul necə olacaq?.. Görəsən, məhsul əkinində, yığımında taxıl oğurlayanlar yenə də torpağı günahlandıracaqlarmı? Görəsən...

Suallar çox, cavablar az, bəzən də yox.

Bu vaxt tarlaya yenidən səs-küy yayıldı. Torpağı fikirdən ayırdı bu səs. Bu dəfə gələnlər qarğalar idi. Qara qarğalar. Haradansa uçub gəlmişdilər. Ac idilər. Dən axtarırdılar. Tapdılar. Sevindilər... Dimdiklərilə torpağı eşib, buğda dənlərini çıxartdılar. Dən tapdıqlarına görə sevinclə qarıldaşdılar. Onların qar-quru əcaib-qəraib bir melodiyaya çevrildi...

Elə bu vaxt göydə ləzzətlə süzən bir Ala Qarğa həmin melodiyanı eşitdi. Maraqlanıb ora qondu. Qonmağına da peşiman oldu. Özünə oxşar, ancaq rəngləri ala yox qara olan qarğaların dimdiyində buğda dənələrini görəndə bir neçə dəfə təəccüblə qarıldadı Ala Qarğa.

- Qar... qar... qar...

Bu qarıldamaq qara qarğaların xoşuna gəlmədi. Axı, bu qarıltı onların öz qarıltılarından çox-çox uca, hirsli səslənmişdi. Həm də bu qarıltı onların öz qarıltıları deyildi. Elə bil onları ittiham edirdi oğurluqda, talançılıqda... Ala Qarğaya daha yaxın olan bir yastıbaş Qara Qarğa boğazını gah qabağa, gah da yuxarı uzadıb, Ala Qarğaya cavab verməkçün ondan da uca səslə qarıldadı. Elə bil bununla belə demək istəyirdi:

- Bacarana can qurban. Sən kimsən? İnsanlar məgər səni vəkil eləyib özlərinə? Ya torpaq deyib ona qahmar çıxasan? Biz hazırın nazirləriyik!.. Belə doğulmuşuq! Belə yaşamışıq və belə də yaşayacağıq!..

Bunu eşidən o biri qarğalar da onun səsinə səs verdibr. Elə bil bu səslər əvvəldən qurulmuş bir oyun idi. Elə bil belə xorla səs çıxarmağa onlar çoxdan hazırlaşmışdılar. Bu səslər onlara ürək-dirək verdi. Hamısı birlikdə Ala Qarğanın üstünə hücum çəkdilər. Onu gah dimdiklərilə, gah da qanadları ilə vurmağa başladılar. Ala Qarğa əlbəttə ki, tək olduğundan bu qədər Qara Qarğa ilə bacara bilməzdi. Nə qədər özünü qorumağa çalışsa da bacarmadı. Qara qarğalar onu dimdiklərilə, qanadları ilə vurur, qara, yaş torpağa bulaşdırır və bircə-bircə tüklərini yolurdular. Qara qarğalar gördükləri bu işdən ləzzət alırmış kimi əcaib-qəraib səslər də çıxarırdılar. Sonra onlar heç nə olmayıbmış kimi Ala Qarğadan uzaqlaşdılar. Yenidən öz işlərini davam etdirdilər. Bu dəfə torpağı daha hirslə eşələyib buğda dənələrini çıxarır, daha da acgözlüklə, ləzzətlə udurdular.

... Bu mənzərəni seyr eləyən, tükləri yolunmuş, al qana qərq olmuş, sinəsi üstündə torpağa uzanan yarıcan Ala Qarğa tənbəl-tənbəl başını çevirib gah sağdakı, gah da soldakı qara qarğalara baxdı. Sonra... sonra o, boynunu irəli uzadıb, dimdiklərini geniş açıb bir də ucadan qarıldamaq istədi. Amma, amma bu dəfə halsızlıqdan səsi çıxmadı. Elə bil halsızlıqdan, qorxudan səsi batmışdı Ala Qarğanın. O, gözlərini bir neçə dəfə ağır-ağır yumub-açdı. Sonra qürub eləməkdə olan günəşə əyri-əyri baxdı. Elə bil yer üzünü işıqlandıran, bu planetə bir həyat verə günəş də onu günahkar bilirdi…

Sonra... sonra o, özü də tənbəl-tənbəl dimdiklərilə qara torpağı eşib, buğda dənələrini çıxartdı. Bir-bir, iki-bir zorla da olsa, udmağa başladı...

Bu vaxt uzaqdan baxan olsaydı, Ala Qarğanın rəngini qaraların rəngindən heç cürə ayıra bilməzdi. Çünki qara qarğalar Ala Qarğanı dimdiklərilə didəndə, qanadları ilə vuranda, onu bütövlükdə nəm, qara torpağa bulamışdılar... Artıq onda alalıqdan əsər-əlamət qalmamışdı... Təkcə rəngində yox, həm də əməllərində. Çox tez dəyişmişdi Ala Qarğa. Çox tez… Dəyişməmək mümkün idimi Ala Qarğaya qara qarğaların içərisində?.. Dəyişməmək mümkün idimi bu qədər zorun, qorxunun, gücün, qəddarlığın, haqsızlığın içərisində?.. Axı zora, haqsızlığa dağlar da duruş gətirə bilmir… Bir də ki, qorxu, zor gələndə qanun da gizlənməyə deşik axtarar... Çox vaxt da həmin deşiyi tapa bilməyəndə təslim olur…

...Torpağı isə bu vaxt bir təşviş, qorxu bürümüşdü. İnsanları necə köməyə çağırsın? Onun sinəsini didik-didik, cadar-cadar eləyən, bərəkətini, qoynunda əkilən buğda dənələrini acgözlüklə udan qarğaları necə uçursun sinəsindən? Bu qara həşaratları, talançıları necə qovsun? Necə?.. Necə?..

Bu suallara nə torpaq cavab tapa bilirdi, nə də artıq rəngi qaralan, al qana qərq olan Ala Qarğa...

Moskva

aprel, 1985-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə