Göndərim, göndərməyim?... (Hekayə)

Ağalar İDRİSOĞLU

Səhər evdən çıxanda, arvad barıt çəlləyi kimi partladı:

- Sən necə dünya şöhrətli alimsən, necə kişisən ki, pul da tapa bilmirsən?! Pul tapa bilmirsən ki, biz də Novruz bayramını adam balası kimi keçirək.

- Görüm bu gün neynirəm də...

- Elə neçə gündü belə deyirsən. Heç olmasa halalca maaşını al. Üç aydı müdiriniz sizi dolayıb...

- Müdir neynəsin? Bankdan vermirlər.

- Saxla görüm, sən Allah. Kimin nə ağzı var ona pul verməsin... Bu şəhərdə hamı bilir ki, onun əli böyüklərin ətəyindədi. Özü istəmir. O, sizi aldada bilər, məni yox. Baxmayaraq siz alimsiz mən isə orta məktəbi qutarmışam. Alimlərə bax sən Allah. Mən sizin hamınızı...

Arvad deyinə-deyinə qaldı. Mən də yaşadığımız beş mərtəbəli evin beşinci mərtəbəsindən fıkirli-fikirli düşüb “marşrutkaya” minib işə gəldim.

Budur səhərdən oturub, gözləyirəm müdirimizi. Səhərdən gözüm də qapıda qalıb. Bu zalım balası da gəlmir ki, gəlmir. Yəqin yenə də hardasa kef məclisindədi. Allahdan bir şeyi arzu eləyirəm ki, müdir işə sərxoş gəlməsin. Belə götürəndə xasiyyəti pis deyil. Ancaq ağzına araq dəyən kimi üzünü görmə. Dönüb olur donuz. Quduz it...

Eh... Nə isə... Bütün günü oturub fıkirləşirəm. Yüz fıkir də bir borcu ödəmir... Gör kim idin, Sovetin dövründə, indi gəlib kim olmusan... Dünyada tanınan, böyük elmi kəşflər eləmiş Şahin Alovlu adla deyilirdi. Burda oturma, orda otur. Orda durma, burda dur... İndi isə borcun-xərcin içində itib-batmışam... Heç olmasa bir maaş həcmində borc pul da tapa bilmirəm ki, bu əziz bayramı biz də adam balası kimi keçirə bilək... Uşaqlarımın gözü onun-bunun əlində, ağzında qalmasın. Uşaq dedim yadıma düşdü. Uşaqlar da artıq böyüyüb. Gündə bir şey istəyirlər... Bu dərd-ələmin içərisində olduğum, dağı arana endirdiyim, aranı dağa qaldırdığım vaxt müdirin səsini eşitdim. Söyə-söyə pilləkənləri qalxmasından başa düşdüm ki, yenə də keflidi... Tez qapını örtüb, içəridən açarla bağladım. Mənim kabinetim düz pilləkənin üstündə, birinci qapıdı. Başa düşdüm ki, pilləkəni qalxan kimi də, elə zəhərini birinci mənə tökəcək. Mənim də kefimin yox vaxtında dözməyib cavab qaytaracam. O dəqiqə də mitilimi atacaq bayıra. O qədər bu üsulla “dağdan ağır” alimləri işdən çıxarıb ki... Hamısına da müxalifət damğası vurub. Onların də əlləri heç yana çatmayıb. Çünki arvad deyən kimi müdirimizin əlləri yuxarıdakıların ətəyindədi. Onlar, yəni yuxarıda əyləşənlər də müdirimizə inanırlar, həmin alimlərə yox. Kimin ağzı nədir ona söz desin, ya da kişidən giley eləsin. Bir də ki, adam indiki zəmanəyə çaşıb qalır. Kimin kimdən xoşu gəlmirsə, kim kimi iqtidarın yanında gözdən salmaq istəyirsə, elə o dəqiqə də həmin adama bir müxalifət damğası yapışdırır. Özü də elə-belə müxalifət yox, qatı, radikal müxalifət. Çünki onlar çox yaxşı bilir ki, indiki hökumətin radikal müxalifətçiləri görən gözü

yoxdur. Onlardan zəndeyi-zəhləsi gedir... Onları görəndə ya da adlarını eşidəndə elə bil qutuda ilan görürlər. Əslində belə götürəndə bu ölkədə heç müxalifətçi də yoxdur. Çünki müxalifətdə olanların da çoxu elə iqtidarın oz adamlarıdı. Sadəcə onların adını müxalifətçi qoyublar ki, dünya ölkələri fikirləşsin və başa düşsünlər ki, bizdə də demokratiya, söz azadlığı var… Əslində elə dünya ölkələrinin çoxunda belədi.

Müdir pilləkəni qalxan kimi, birinci mənim qapımı itələdi. Gördü ki, qapı bağlidı. Sonra o biri qapıları itələdi. Gördü ki, onlar da bağlıdı və başladı söyə-söyə öz otağına sarı getməyə. Hiss elədim ki, katibə olan qapını aşdı. Ona da bir biədəb söz dedi. Katibənin də gülüş səsini eşitdim. Sonra səs kəsildi. Deməli, müdir oz otağına girdi. Kefli olanda öz kabinetində götürür xidməti telefonlarını və yadına kim düşürsə ona zəng vurub, başlayır mərtəbəli-mərtəbəli söyüşlərlə onlarla danışmağa...

Çox fikirləşdim. Çox götür-qoy elədim. Gedib müdirdən pul istəyim ya yox. Belə qərara gəldim ki, yox. Birdən hirslənər üstümə. Çıxarıb atar işdən bayıra. Sonra kişisən öz sənətin üzrə rüşvət vermədən iş tap bu məmləkətdə, görüm necə tapırsan... Bu yaşımda, elmlər doktoru, gedib fəhlə kimi işləməyi də özümə sığışdırmırdım. İndi bəs neynəyim, ay Allah? Kimdən pul tapım? Bəlkə həmkarlarımdan kimdənsə pul istəyim? Sonra fikirləşdim ki, o biçarələr də hamısı elə mənim günümdədilər də...

Suyu süzülə-süzülə gəldim evə. Qapını on bir yaşlı qızım açdı. Sual dolu baxışla zənbilsiz əllərimə və üzümə baxdı. Baxışından nə demək istədiyini başa düşdüm.

- Pul tapa bilməmişəm, Məstan qızım. Müdirimiz...

Sözüm ağzımda qaldı. Qızım dönüb mətbəxə sarı getdi.

- Bəs anan hanı,-deyə ardınca səsləndim.

- Yatıb.

- Niyə?

- Ürəyi ağrıyır...

Birdən-birə qorxu hissi məni bürüdü. Arvada bir şey olsa, onda mən tamam bataram. Onsuz da evimiz kiçik aptek dükanıdı. Maaşım çörəkdən çox, dərmana gedir...

Paltarımı dəyişib əl-üzümü yudum. Tərs kimi suyumuz da neçə gündür gəlmir. İşığımız da yoxdur. Allah xasiyyətini kəssin bu işığa, suya baxan rəhbərlərin. Zalım uşaqları qənaət eləməyə vaxt tapıblar də... Heç olmasa bu əziz günlərdə işığı, suyu, qazı versinlər. Nə isə... Səhərdən dəmlənmiş çaydan bir stəkan süzüb, mətbəxdə oturdum. Qızım kağıza nə isə yazırdı. Maraqlanıb dəftərinə baxmaq istədim. Dəftəri tərsinə çevirdi.

- Nə yazırsan, ay qızım?

Cavab vermədi. Üzümə baxdı. Bir də soruşdum. Heç nə deməyib, dəftəri mənə uzatdı.

- Yenə nə yazıbsan?

- Məktub.

- Mənə?

- Yox.

- Kimə?

- Babaya.

- Babaya zəng edib, sözlərini deyə bilmirsən?

- O babaya yox. O birsinə, - deyə əli ilə yuxarını göstərdi. Sonra heç nə deməyib, anası yatan otağa getdi.

Mənim qızımın çox qəribə xasiyyəti var. Çox zaman ürəyindən keçən sözləri dilinə gətirib demir. Lap birinci sinifdə oxuyandan öz ürəyindən keçənləri kağızlara yazıb, mənə, anasına, qardaşına verir. Ya da elə yerə qoyur ki, tapıb oxuyuruq. Mənim pencəyimin cibinə. Qardaşının dərs çantasına. Anasının balışının altına... Nə bilim, vallah bu da bir qəribə xasiyyətdir də. Nə başınızı ağrıdım, dəftəri götürüb, oxumağa başladım.

- Əziz və hörmətli babamız! Mənim adım Qumraldır. Bu yaxınlarda on bir yaşım olacaq. Biz - atam, anam, qardaşım və mən bir otaqlı mənzildə yaşayırıq. Evimiz də neçə illərdi ki, təmir olunmur. Atam heç cürə pul tapa bilmir ki, bu təmiri bütövlükdə qurtarsın. Otağı təmir etdirir, amma hamamı təmir etdirməyə pul tapanda, artıq otağın təmiri köhnəlir... Anam da deyir ki, “burada heç it də yaşamaz, amma biz yaşayırıq”... Atam məşhur alimdi. Çoxlu kitabları var. Evimizdə də mebel əvəzinə çoxlu kitablar var. Anam deyir ki, “bu kitabların tozundan asma xəstəliyi tapmışam”. Atamın dediyinə görə, ona çoxdandı ki, söz veriblər üç otaqlı mənzil versinlər. Amma hələ də vermirlər. Yəqin atamı aldadıblar. Anam deyir ki, “daha bundan sonra mənzil verməyəcəklər. O, Sovet hökuməti idi, hərif olmuşdu. Ucdantutma hamıya ev verirdi. Oğruya da, doğruya da. İndi kimin pulu varsa alacaq, kimin pulu yoxdursa, elə canı çıxıb, bir otaqlı evdə də qalacaq”. Bu sözləri də anam deyir, mən yox. Atamın adı Şahin Alovludur. Siz onu yəqin tanıyırsız. Axı o, məşhur alimdi. Axır vaxtlar anam ona Alovlu yox, Külovlu deyir. Ona görə ki, atam axırıncı dörd-beş ildə evə çox az pul gətirir. Onun maaşı heç bizim on günlük yeməyimizə də çatmır... Eybi yox ey. Buna da dözmək olar. Onsuz da televizorda deyirlər ki, adam hər gün çörək yeməz. Yoxsa kökələr. Əziz babamız, əsas məsələ odur ki, biz iki gündən sonra tətilə çıxacağıq. Tətil vaxtı sinfimizdə oxuyan otuz nəfər uşaq sirkdə keçirilən bayram şənliyinə getmək istəyirik. Biletin qiyməti hədiyyə ilə birlikdə elə də çox baha deyil. Ancaq bizim heç birimizin pulu yoxdur. Ata-anamızın da pulu yoxdur ki, bizə versin. Bu gün doğma babam də bizə gəlmişdi. Ondan pul istədim, çıxarıb ciblərini göstərdi. Gördüm ki, boşdur. Dedi ki, pensiyasını alanda verəcək. O pensiyasını alanda da sirkdə bayram şənliyi olmayacaq. Ona görə də bütün sinfimizin adından sizdən xahiş edirəm, bizə pul göndərin, gedib, sirkdə bayram şənliyinə baxaq. Sinif rəhbərimiz Nuricət müəllimə deyir ki, siz də öz doğma nəvələrinizlə sirkdə bayram şənliyinə gedəcəksiz. Siz nəvələrinizlə parklara gəzməyə, konsertlərə baxmağa gedəndə, televizorda həsrətlə sizə baxıram. Öz nəvələrinizə hər şey alıb verirsiz. Bir dəfə siz yetimlər evinə getmişdiz. Orada uşaqlara çoxlu hədiyyələr verdiz. Nə olar bizə də o hədiyyələrdən göndərin də. Elə bizim sinfin uşaqları da analı-atalı yetimlərdi. Axı, bizim ata-analarımızın da pulu yoxdur bizə verməyə. Bax neçə gündür ki, bizim evdə pul üstündə atamla anam dalaşır. Anam, atamdan pul istəyir ki, biz də Novruz bayramını adam balası kimi keçirək. Atam da üç aydır maaş almır. Müdirləri vermir. Deyir pul yoxdur. Axır çərşənbə bayramında da evimizdə heç nə yox idi. Nə şəkərbura, nə paxlava, nə qoz, nə fındıq... Heç nə. Həmin gün

anam bazara getmişdi. Heç nə ala bilməyib gəlmişdi. Dedi ki, “bazar od tutub yanır”. Hamını söydü. Hətta sizi də... Axı, siz həmişə televizorda çıxış eləyəndə deyirsiz: “Bizdə hamı yaxşı yaşayır. Hamı varlı-dövlətlidi. Hamının xarici maşınları, villaları var. Dünyanın ən varlı ölkələrindən də bizim camaat çox yaxşı yaşayır. Ona sevinin ki, mən sizə heç cürə şərait taratmışam. Demokratiya vermişəm. Kim nəyi fikirləşirsə onu da deyir. Bizdə söz azadlığıdır. Məni tənqid eləyəni heç vaxt incitmirəm”. Həm də deyirsiniz ki, “siz, bizim də babamızsız”. Siz bütün bunları da yalnız bizim gələcəyimizçün eləyirsiniz ki, biz uşaqlar böyüyəndə daha fıravan və varlı yaşayaq. Bu sözləri də müəlliməmiz Nuricət deyir. Deyir ki, ölkəmizdə olan bütün uşaqları siz çox sevirsiz. Əgər elədirsə nə olar onda bizə də pul göndərin də. Qoy evdə atalarımızla analarımız pula görə dalaşmasınlar. Heç olmasa hər birimiz doyun qarnına çörək yeyək. Qoy biz də sirkdə keçirilən bayram şənliyinə gedə bilək. Axı...

Artıq ardını oxuya bilmədim. Qəhərləndim. Başımdan, kürəyimdən bir ağrı tutdu ki, az qaldı nəfəsim kəsilə. Durub, bir təhər eyvana çıxdım:

- İlahi, bu nə gündür biz düşmüşük? Axı bizim günahımız nədir sənin yanında? Niyə sən cəhənnəmi bizə bu dünyada göstərirsən? Bəlkə özümü balkondan atıb öldürüm?.. Gorun çartlasın Lenin. Deyirdin ki, “oxumaq, oxumaq yenə də oxumaq”. Oxudum, oldum alim. Bu da axırı... Bu da mənim günüm, güzaranım...

Eyvanda durub, çorta getmişəm. Siqareti də bir-birinə calayıram. Deyirəm bir dəli şeytan deyir, göndər uşağın bu məktubunu kişinin özünə... Amma vallah qorxuram. Qorxuram ki, bu məktub heç gedib onun özünə çatmasın. Bilirəm ki, qulbeçələri verməyəcək. Kimin şikayət məktubunu ona verirlər ki, mənim məktubumu da versinlər... Göndərəcək bizim müdirimizə. O da bu məktubu oxuyan kimi mənim mitilimi atacaq bayıra. O biri alimlər kimi küçədə “it döyəcəyəm”. İndi heç olmasa işim var. Öz sənətimlə məşğul oluram. Maaşım az da olsa birtəhər başımı girələyirəm.

Siz bilən indi mən neynəyim? Göndərim bu məktubu kişinin özünə, göndərməyim?.. Əgər göndərsəm?.. Əgər göndərməsəm?.. Nə bilim vallah... Bu suallar da deyəsən məni infarkt eləyəcək. Görəcəkli günlərimiz varmış, ay Allah... Axı bizim günahımız nədi?..

Masallı, Digah kəndi - Sumqayıt

18-19 mart 2000-ci il.

Bütün xəbərlər Facebook səhifəmizdə