Əli Ələmi və onun qəzəl yazan qələmi

Bu günlərdə işimizlə bağlı yolumuz bir idarəyə düşdü. Sən demə, illərdir bu idarəyə rəhbərlik edən şəxs qəzəlxan bir şair imiş – Əli Ələmi. O, bizi çox mehriban qarşıladı. Onun xoşxasiyyət bir insan olduğunu o saat anladıq. Şeirlərinin çoxunu əzbərdən bilirmiş. İlk tanışlığımızdan sonra şeirlərindən əzbər söylədi. Onun şeirləri bizi elə sehirləmişdi, nə üçün gəldiyimizi belə, unutmuşduq. Onu gec tanıdığıma təəssüf etdim. Sonuncu kitabından hərəmizə birini hədiyyə verdi. Kitabın adı da olduqca maraqlı və poetikdir: “Pıçıldaş mənimlə çiçək dilində”.

Əli müəllimin qəzəllərini oxuyanda yadıma tələbəlik illəri düşdü. Keçən əsrin 60-cı illərində ADU-da (indiki BDU) oxuduğum zaman bizə dərs deyən professorlardan biri deyirdi ki, Əli Fəhmidən başqa qəzəli bilən yoxdu, ondan sonra qəzəli və onun bəhrlərini anladan çətin tapılar. Klassik ədəbiyyatı dərindən bilən və tədris edən Əli Fəhmi də o zaman ADU-da müəllim idi. Allah onlara rəhmət eləsin.

Onu da deyim ki, Əli Ələmi qəzəlləri ilə tanış olandan sonra belə qənaətə gəldim ki, qəzəl yazanlar olub, olacaq da.

Doğrudur, keçən əsrlərdə zaman-zaman Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani qəzəlin müxtəlif bəhrlərində şeir yazsalar da, onlar ərəb və fars sözlərindən istifadə etmişlər. Lakin Ələmi şeirlərinin onlardan fərqi orasındadır ki, o, öz qəzəllərini təmiz ana dilimizdə yazır.
Bir qayda olaraq, bilirik ki, qəzəllər ən çox məhəbbət mövzusunda olur, onlarda güldən, bülbüldən, yardan, əğyardan söhbət açılır. Bunlardan fərqli olaraq, Əli müəllimin qəzəlləri mövzu və məzmun baxımından rəngarəngliyi ilə diqqəti cəlb edir. Məsələn, onun vətənpərvərlik mövzusunda yazdığı “Qarabağda”, “İlham pərisi”, “Durma”, “Döyüş paltarı gey, gəl!”, “Öləm”, rədifli qəzəlləri şirin-şəkər ana dilimizdə yazılmaqla bərabər, xalqımızı qeyrətə, torpaqlarımızı azad etməyə çağırır:
Türk oğlu, ayıl, təzə sınaq var Qarabağda!
Sızlar ürək həsrətlə, qan ağlar Qarabağ da!

Əl tut sənə sadiq olan öz həmvətəninlə,
Çal cəngi, igid, yandır ocaq Qarabağda.

Şeytan bizi ürcah eyləyib xainə, lən’ət,
Kök saldı o mənfur “qonaqlar” Qarabağda...

... Əhsən, Ələmi, qalxmış ayağa, Vətən oğlu,
Qismətdi zəfər, gəldi soraqlar, Qarabağda!

Digər bir şeirində isə o, öz ilham pərisini də döyüş paltarı geyərək cihada
-döyüşə çağırır.Vətənə, doğma torpağa olan məhəbbətini şeir dili ilə şair belə tərənnüm edir:
İlham pərisi, durma, döyüş paltarı gey, gəl!
Düşmənlərə cihad etməliyik sevgidən əvvəl!

Vardır Qarabağ niskili qəlbimdə, əzizim,
Allah və Vətən sevgisidir aşiqə əfzəl...

... Şairləri etsin Ələmi cəngə səfərbər.
İlham pərisi, sən də döyüş paltarı gey, gəl!

“Öləm” rədifli qəzəlində isə şair boş-boş danışmağı tənqid edir, xalqı qeyrətə, torpaqları azad etməyə çağırır:

Vətənim dardadı, mən qotxuram həsrətdən öləm,
Edəm azad onu qeyrətlə, ya qeyrətdən öləm...

Son dövr bir sıra qəzəl yazanlar meydana gəlib, özləri də mənasını belə, bilmədikləri ərəb və fars tərkibli sözlərdən istifadə edirlər. Əgər onlardan soruşsan ki, qəzəlin neçə bəhri var, ana dilimizdə hansı bəhrlərindən istifadə olunur və sənin yazdığın hansı bəhrdədir, bu əcnəbi sözün mənası nədir? Donub qalarlar. Amma Əli Ələmi ilə söhbətimizdə məlum oldu ki o, bəhrləri müəyyən etmək üçün xüsusi açar da tərtib edib. Deməli, bu şair qəzəl vəzninə dərindən bələddir.

Ələmi şeirlərinin cəlbedici xüsusiyyətlərindən biri də odur ki, o, bədii ifadələrdən yerli-yerində bol-bol istifadə edir. Bu da misraları gözəlləşdirir, bəzəyir. Onun “Olur”, “Ləpələndi”, “Düşdü” rədifli qəzəllərində bu, daha qabarıq şəkildə özünü göstərir:

...Əlçatmaz olub qeyrilərə, sanki mələkdir,
Yoxdur nə rəqibim, nə də əğyarım olubdur.

Və yaxud:
Xar bilir bağçada qönçə kimə yar olur,
Bülbül oxur eşq ilə, xar baxıb, xar olur!

“Ləpələndi” şeirində o dünyanı bir dəryaya bənzədir, qəhrəmanın göz yaşlarının bütün dünyanı ləpələndirdiyini söyləyir:
Dəryanı səma seyr eyləyir eşq ilə hər gün,
Göz yaşları tökdükcə bu dərya ləpələndi.

Könlümdə susub durmadı, sevda ləpələndi,
Səs saldı bütün aləmə, dünya ləpələndi.

... Şirin yuxudan xatirələr, neyçün oyandı?
Yatmış idi çoxdan bəri, xülya ləpələndi.

Gördüyümüz kimi yuxarıdakı misralarda bədii təzadlardan, mübaliğələrdın istifadə olunub.
Ələminin şeirlərində ahəngdarlıq, musiqilik, misraların nizamla düzülməsi oxucuda hiss-həyəcan, duyğularının oyadılması məharətlə qələmə alınmışdır. Onun “Oldu” rədifli qəzəlində qəhramanın sevgilisindən ayrı düşməsi, intizar çəkməsi, həsrəti, hiss-həyəcanı oxucunu da həyəcanlandıra bilir:

Hər gün deyirəm, bəlkə bu gün xoş xəbər oldu,
Halım, niyə gəlmir o xəbər, birtəhər oldu!

... İllərdi, unutmuşmu, o, atmış məni, getmiş,
Neyçün o qayıtmır, necə müşkül səfər oldu?!

Şirindi səninlə bu həyatım, gəl, həyatım,
Sənsiz mənə döndü bu şəkər bir zəhər oldu!

Əli müəllimin məhəbbət mövzusunda olan şeirlərində qadın və ya kişi olmasından asılı olmayaraq, aşıiqin öz sevgilisinə olan məhəbbəti emosionallıqla tərənnüm edilir. Onun qəzəllərində məhəbbət lirikası əsas yer tutur. Belə şeirlərində kədərdən, həsrətdən, hicrandan bəhs edilsə də bir sıra qəzəllərində sevgilisi ilə görüşdüyündən, onunla həmsöhbət olduğundan sevinclə söhbət açır. Şairin “Özü gəlmişdi bizə”, “Özü gəldi” rədifli qəzəlləri belə şeirlərindəndir:

Nə əcəb, sevgili canan özü gəlmişdi bizə?
Yol azıb yoxsa bu ceyran, özü gəlmişdi bizə?

Və yaxud:

Seyr etməyə gülzarı bu gün yar özü gəldi,
Naz ilə mənə oldu o həmkar, özü gəldi!

Müəllifin belə şeirləri həsrətdən, göz yaşlarından bəhs edən şeirləri ilə məzmunca paradoks təşkil etsə də hər birində obrazlılıq, emosionallıq oxucuda hiss-həyəcan oyada bilir. Demək olar ki, onun hər bir şeirində obrazlılığa rast gəlinir, əsərin qəhramanı oxucu ilə üzbəüz dayanır.

Müəllif öz qəzəllərində təbiət təsvirinə - peyzajlara da biganə qalmamış, ona da geniş yer vermişdir. Şair öz sevdiyi qəhrəmanını təbiətin gözəl guşələrindən olan bağa, bostana, gülüstana dəvət edir, təbiətdən zövq almağa, çiçəklərdən dəstə bağlamağa çağırır:

Onun “Dəstə bağlarsan”, “Ətri gəlir”, “Nigar ətri gəlir” rədifli qəzəlləri məhz belə şeirlərindəndir:

Tapıb ilham pərisin də çəkərsən bağə, bostanə,
Deyərsən bu gülüstandır, güllərdən dəstə bağlarsan.

Başqa bir şeirində:
Duyub təbiət oyanmış, baharın ətri gəlir!
Çiçək dodaqlar öpən ruzigarın ətri gəlir!

Gülür çəmən, mənə novruzgülü deyir, məni dər,
Birinci sevgisidirmi, nübarın ətri gəlir?!

Ələminin içtimai satirik mövzuda yazdığı qəzəllərində nəsihətamiz, ibrətamiz fikirlərə üstünlük verilir, insanlar doğruluğa, düzgünlüyə, mərdliyə çağrılır, tamahkarlıq, acgözlülük, içki düşkünlüyü satira atəşinə tutulur. Onun “Ol”, “Boş-boşuna” və s. rədifli qəzəlləri belə şeirlərindəndir:
Bu qədər day yalan olmaz, a “kişi”, bir kişi ol!
Elə bil ki, yazılıb taleyivə: nakişi ol!...

... Ələmi, düz yola çək, çox yolun azmış “kişini”,
Yolumuz haqq yoludur, sən bu yolun dərvişi ol!

“Boş-boşuna” rədifli şeirində o, nəfsinin qulu olanları, içki düşkünlərini tənqid atəşinə tutur və doğru yola çağırır.

Nəfsinin olma qulu, acgöz adam, aç gözünü,
Yeyirik, doymayırıq, yallanırıq boş-boşuna.

Nədi mey bilmirik, amma biz onun düşkünüyük,
Əhli-hal olmayırıq, hallanırıq boş-boşuna.

Şair vətənin və doğma, şəhərimizin tərənnümündən bəhs edən bir sıra şeirlərin də müəllifidir. Onlardan “Şəhərim” adlı şeirində mavi Xəzərin qoynunda yerləşən doğma Sumqayıtımızın gözəlliklərindən böyük coşqu ilə bəhs edir. Küləklər şəhərinin vətəndaşı olduğu üçün şükr edir:

Xeyir olsun sabahın, arzu-diləklər şəhərim!
Məni öp badi-səban ilə, küləklər şəhərim!

...Boylanır göydələn evlər Xəzərə, güzgülənir,
Unudur keçmişi artıq gələcəklər şəhərim...
...Ələmi şükr eləyir, oldu bu gün qismətimiz!
Xeyir olsun... sabahın, arzu-diləklər şəhərim!

Əli müəllimin şeirlərində şifahi xalq ədəbiyyatı nümunələri də öz əksini tapır. Belə şeirlərində ya şifahi xalq ədəbiyyatımızdakı qəhrəmanların adı çıkilir, ya da nümunələrindən istifadə olunur ki, bu da müəllifin öz əsərlərinin şifahi xalq ədəbiyyatımızdan layiqincə qaynaqlandığının bariz nümunəsidir. Məsələn, “Səndən” rədifli qəzəlində:

Kəsmə əlimi, canan, əl məndən ətək səndən!
Arzum, diləyim sənsən, imdad ola tək səndən!

...Ənqa quşusan, uç, gəl əfsanə-nağıllardan,
Vaxtında alaydım mən, bir danə lələk səndən!

...Göz yaşları axdıqca bihal Ələmi sızlar!
Kəsmə əlimi, canan, əl məndən, ətək səndən!

Və ya o, “Olsun” rədifli şeirində nağıl qəhramanlarımız olan Məlikməmmədin, Ələddinin, divin adlarını çəkməklə yanaşı, özünü “Minbir gecə nağılları”nın qəhramanı kimi təsvir edir:
Bitsə minbir gecəmiz də, mələyim, çəkmərəm əl,
Hər gecə olmalı bu təntənə qurbanın olum.

Dost olub söylə ki, div indi Məlikməmməd ilə,
Etməsin zülm Ələddin cinə qurbanın olum!

Şairin ürəyi kövrəkdir, onun hətta nağıllarımızın mənfi qəhrımanı olan cinə belə, yazığı gəlir, ona zülm etməməsi üçün Ələddinə yalvarır.
“Baş açmadım, əfsus bu dünya kələyindən” misrarı ilə başlayan qəzəlində isə şair zümrüd quşundan söz açır, onun lələyinin belə, aşiqə kömək etməməsindən şikayətlənir:

... Zümrüd quşutək, arzuladım, gəl bu nağıldan,
Kar aşmadı, neynim, bu nağılda lələyindən,

Ələmi yaradıcılığında belə maraqlı, heç bir şeri təkrarlamayan nümunələrə tez-tez rast gəlmək olur. Folklorumuzdan istifadə etməsi isə onun əsərlərini daha maraqlı və oxunaqlı edir.
Əli Ələminin yaradıcılığı təkcə qəzəl yazmaqla bitmir, onun yaradıcılığında müxtəlif forma və janrda olan şeir nümunələrinədə rast gəlirik. Belə şeirlərinin çoxu sərbəst və ya heca vəznindədir. Bu şeirləri də məzmunca müxtəlifdir. Bəziləri məhəbbətə, bəziləri təbiətin təsvirinə həsr olunub, bəziləri isə tənqidi, satirik şeirlərdir.
Yekun olaraq deyə bilərəm ki,yazarlar sırasında bu gün Əli Ələmi və onun gözəl qəzəllər yazan qələmi var. Alıb oxusanız peşiman olmazsınız. Ona daha böyük yaradıcılıq uğurları arzulayırıq!
Ən böyük sevindirici hal odur ki, bu gün Azərbaycanda müasir şairlər arasında Əli Ələminin heç kimi təkrarlamayan öz yaradıcılıq yolu var. İnanrıq ki, XXI əsr Azərbaycan şairləri arasında Əli Ələmi özünün maraqlı, fəlsəfi, təkrarsız şeirlərilə, qəzəllərilə hökmən qalacaq və birincilərdən biri kimi ədəbiyyat tariximizə düşəcək. Vaxt gələcək ki, biz də fəxarətlə deyəcəyik ki, “biz Əli Ələmi ilə bir dövrdə yaşamışıq, onunla təmasda olmuşuq və onun bədii əsərlərindən bəhrələnmişik”.

Qənirə MEHDİXANLI

Bütün xəbərlər Facebook səhifəmizdə