Yedək qayıq,
yedək qayıq,
Ömrü qısa
gödək qayıq...
Yox cürətin
sahibin gəmidən
keçməyə qabağa.
Gücün də çatmaz paslı
zəncirini qırıb
dal qapıdan qaçmağa.
Min münəccim yığışsa,
tapa bilməz
bu düyünü açmağa.

Çünki qismətinə yedəklik
Yazılıb, yedək qayıq...
Əsirlik, köləlik
Yazılıb,
yedək qayıq...

II

Mən də düz iki əsr
yedək ömrü yaşadım.
Bu zülmü, əzabı
kürəyimdə daşıdım.
Sarı, göygöz div oldu
yol göstərən "qardaşım".
Nələr görmədi gözüm,
Nələr çəkmədi başım.
Qanımı, iliyimi "nuş" eləyib
içdi o.
Varımın, dövlətimin
arxasına keçdi o.
Mənə təzə ad qoyub,
türklüyümü dandı o.
Böyük Turan elini
qatı düşmən sandı o.
Qaçdım haqqın dalınca,
Haqdan kömək dilədim.
Haqq öz dərdin söylədi
yaddan çıxdı
öz dərdim.
Güc toplayıb özümdə
qalxdım, durdum, dikəldim.
Özümü şəhidliyə mən
ölümə köklədim.
Azad olub qurtuldum
bu ac divin əlindən.
İnanmıram, ay qayıq,
mənim etdiyim hünər
gələ sənin əlindən.
III
Vətən torpağı verdi mənə
bu cəsarəti.

Sənin ayaqlarınsa
Sudadı.
Yox odu,
hərarəti.
Məni torpaq doğub
öləndə də alacaq
öz qoynuna.
Səni də torpaq doğub
atıb suya,
salıb min bir oyuna.
Taleyin bəllidir,
suda boğulub ölmək.
Yedək ömrü yaşamaq,
ay qayıq,
axı nəyinə gərək?
Qazılacaq su qəbiristanlığında
məzarın.
qapanacaq yedəklik ömrün
qul, köləlik bazarın.
Sənsiz darıxan balıqlar
Oxuyacaq bu nəğməni:
"Yedək qayıq, yedək qayıq
ömrü qısa,
Gödək qayıq...
Gödək qayıq..."

Ramiq Muxtar,
Prezident təqaüdçüsü, "Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə