Ay süzülür qoynuna,
İnci düzür boynuna.
Bakı gözəl şəhərim,
Bürünür qızıl dona.

Qız qalası şiş qaya,
Baxır Ulduza, Aya.
Göydən yerə nur yağır,
Yeddi rəng, yeddi boya.

Xəzər coşur, çağlayır,
Sahili qucaqlayır.
Sevgililər yubanır,
Dalğalar haray salır.

Mənə sevgilim qədər,
Şirin əzizsən şəhər.
Sən bəzəkli gəlinsən,
Duvağın mavi Xəzər.

Qürbət ellər çağırdı,
Göydə ulduzum axdı.
İstədim yola çıxam,
Xəzər arxamca baxdı.

Sən anamsan, mən qızın,
Sən diləksən, mən arzun.
Kim çıxsa dönük sənə,
Tutar çörəyin, duzun.

Bakı mənim paytaxtım,
Öz taleyim, öz baxtım.
Qürbətdə şah olmaram,
Qızıldan olsa taxtım.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli
Rəsul Rza adına Beynəlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...