Bir ömür yaşadım felə uymadan,
Bəxtimə dörd övlad, iki yar düşdü.
Gözüm gözəllərdən hələ doymadan,
Ələndi başıma dümağ qar düşdü.

Mən ağa ağ dedim qaraya qara,
Qalxanım-qılıncım oldu düz yolum.
Bir dostum hardasa düşəndə dara,
Can atdım yanında birinci olum.

Sevdim insanları canımdan artıq,
Hər uğur, hər sevinc məni ucaltdı.
Bir mərdi bir namərd dara çəkəndə,
Dərd mənə güc gəldi, məni qocaltdı.

Bir addım gələnə min addım qaçdım,
Aqillər yanında bildim yerimi.
Qəlbimi süfrətək hər kəsə açdım,
Saxlaya bilmədim ürək sirrimi.

Fəqət, kişi kimi bir ömür sürdüm,
Sevgimdən yol çəkdim, mən körpü saldım.
Həyatda hər kəsin mən borcun verdim,
Ürəyim, tək sənə mən borclu qaldım.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli
Rəsul Rza adına Beynəlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə