Yaradıcılığını çox böyük həvəslə izlədiyim, Gülarə Musa qızı Kərimova 1953-cü il 30 dekabrda Bakıda Buzovna qəsəbəsində doğulub. 1988-ci ildən dövri mətbuatda şeirləri və publisist yazıları dərc olunur.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. On zəkkiz kitab müəllifidir. İİR Urmiya şeir festivalının laureatıdır. Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda azəri-türkcəsində ilk və yeganə "Divan" kitabı yazan qadın şairədir. Qəzəlləri Türkiyədə nəşr olunan "Avrasiya Şairləri Antolojisi" kitabında dərc olunub. "XX-XXl əsr Azərbaycan Yazıçıları" adlı ensiklopediya kitabında yaradıcılığı barədə məlumatlar və şeirləri yer alıb.
BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü, sülh səfiridir.
"Bənövşə yağışı", "Divan", "Təsəlli ver mənə...", "İtkin","Fərman Allahdan gəlib", "Müdriklərdən eşitdiklərim", "Son dayanacaq", "Sahilin arzuları, arzuların sahili" , "Munisin deyimləri" adlı kitabları çap olunub və oxucuların sevə-sevə oxuduğu kitablardır.
Uşaqlar üçün: "Göydən alma düşmədi", "Lalə gülünün sirri", "Söylə mənə, ay nənə...", "Hanı Toplanın topu?", "Gizlənmişəm, tap məni", "Müdrik zeytun ağacı", "Ana dilim, can dilim", "Yad planetdən gələn oğlan", "Böcək yeməz çiyələk" adlı nağıl, şeir, tapmaca və yanıltmaclar kitabları da çap olunub. Əsərləri 2-ci, 4-cü, 8-ci, 9-cu və 10-cu siniflərin dərsliklərinə daxil edilib.
Gülarə Munisin on dörd ilahi qəzəlinə mahnı bəstələnib. Gülarə Munis "Vətənin Sahili" və "At, o qara örpəyi" adlı qısametrajlı filmlərin ssenari müəllifidir.
"Azad qələm" qəzetinin şöbə müdiridir. "İşıq qadın" jurnalının redaksiya heyyətinin üzvdür. Respublika Qadınlar Cəmiyyətinin Diplomla təsdiqlənmiş Fəxri üzvdür. Əmək veteranıdır.
Gülarə Munis Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü və həm də çox böyük ad olan Sülh səfiridir.
Onun yaradıcılığının çox kiçik bir hissəsini oxuculara təqdim edirik və inanırıq ki, hamının xoşuna gələcək.

Ağalar İDRİSOĞLU,
Əməkdar İncəsənət Xadimi
Qəzəllər
Sənə mehman olanı gör nə cəfa çəkdi canım,
İlə nisbətdi, inan, səndən uzaq bircə anım.
Əlini üzdün əlimdən məni tənha qoydun,
Elə bildim başıma uçdu evim, xanimanım.
Verdi əğyar qərarı, səni yad etdi mənə,
Canyanan, yandı canım, ol yenidən pasibanım.
Üzəcək əllərini hicr ətəyimdən bir gün,
Döyəcək vəslin əli lal qapımı, var gümanım.
Solacaq qönçə gülüm, qönçə dodağım kimi, gər
Bağa meyl eyləməsə, düşsə uzaq bağibanım.
Güləcək bağda gülüm, gəlsə həbibim yanıma,
Hələ yol gözləyirəm, yoxdu gülüm, var tikanım.
Gözlədi şama qədər batdı günəş, düşdü gecə,
Munisin bəxti kimi geydi qara asimanım.
14.06.2000
***
Gəldi səfa dəmləri, gəl sənə qurban olum.
Car elə mübhəmləri, gəl sənə heyran olum.
Versə fələk dərdü qəm, gərçi sınaq eyləsə,
Dərd eləmə qəmləri, gəl sənə dərman olum.
Çoxsa da mehrin salıb özgəyə mehman olan,
Gözləmə həmdəmləri, gəl sənə mehman olum.
Sussa dodağın sənin, tutsa qəhər nitqini,
Ağlama, sil nəmləri, gəl sənə loğman olum.
Gözlədi reyhan, süsən, yox hələ şehdən əsər,
Səp gülə şəbnəmləri, gəl sənə reyhan olum.
Gendə qoyub Munisi, özgə bir aləmdəsən,
Gəzmə o aləmləri, gəl sənə sultan olum.
20.04.2000
***
Gəl, elə busə kəramət mənə xəlvət bu gecə,
Ola qoy eşqimizə busə zəmanət bu gecə.
Əyləşib Ay işığında unudaq dünyanı,
Eləyək sübhə kimi üz-üzə söhbət bu gecə.
Yetişib vəslə əlin, tərk elə hicrin ətəyin,
Ney kimi nalə çəkib etmə şikayət bu gecə.
Toxunur isti nəfəs ruhum uçur canımdan,
Edəcək bəndəsinə Tanrı kəramət bu gecə.
Qəflətən Munis oyandı o şirin röyadən,
Bəxtə bax, olmadı bir busə də qismət bu gecə.
17.09.2001.
Heca şeirləri
Qocalıq gəlir
Payız xəzəli tək əsir əllərim,
Gümüşə bürünüb qara tellərim,
Qalaydı dünyada saf əməllərim,
Açın qapıları, qocalıq gəlir.
Ömrün bahar çağı "sona" dedilər ,
Sonra övladlarım "ana" dedilər,
Çək ağ saçlarına həna, dedilər,
Açın qapıları, qocalıq gəlir.
Daha təravətdən əlim üzülür,
Qara kipriyimə qırov düzülür,
Üzümə ahillik nuru süzülür,
Açın qapıları, qocalıq gəlir.
Məni ata evi, ocaq çağırır,
"Ana", "nənə" deyən dodaq çağırır,
Bir gün eşidərəm torpaq cağırır,
Açın qapıları, qacalıq gəlir.
30.12.2006.
Ən uzun gecə
21 dekabr ilin ən uzun gecəsidir
Nə soyuq gecədir ən uzun gecə,
Dondu barmaqlarım, dondu qələmim.
Onu nəfəsimlə isidim necə?
Soyuq bir gecədir bu gün həmdəmim.
Bu gecə oyağam ta sübhə qədər,
Arzu ummanında üzür yelkənim.
Xəyalən göydəyəm sanki bir ülkər,
Ruhlar aləmidir indi məskənim.
Nə soyuq gecədir ən uzun gecə,
Döyur pəncərəni çillənin əli.
Kimsənin xəbəri yoxdu, gizlicə,
Bu gecə yapılır qışın heykəli.
Nə uzun gecədir, açılmır səhər,
Kipriyim darıxır qovuşmaq üçün.
Söz xəzinəsindən dil yığır gövhər,
Şair cərgəsinə qoşulmaq üçün.
Səhər görəcəklər donub bir mələk,
Pərişan saçları üzündə duvaq.
Sağ əlində qələm, gözündə eynək,
Sol əli alnında, önündə varaq.
21.12.2003.
Ay ana
Gəl, üzümü qoyum xal tək üzünə,
Quzu qurban kəsim hər bir sözünə,
Gözümün nurunu verim gözünə,
Gəl, basım bağrıma səni, ay ana!
Canından ayırıb sən can vermisən,
Qanından canıma sən qan vermisən,
Ömrünü ömrümə qurban vermisən,
Qoy yığım saçından dəni, ay ana!
Gözlərin heç zaman yaşla dolmasın,
Ömrün bahar olsun, xəzan olmasın,
Arzun çiçək açsın, gülün solmasın,
Qovum başın üstdən çəni, ay ana!
Qəlbində qübar var, əlində qabar,
Səni çox incitdi acı ruzigar,
Məzarın önündə durdum intizar,
Barı halal eylə məni, ay ana!
14.12.1992.
Miniatürlər
Soxulcan və balıq
Qırmaqda olan soxulcan balığa dedi:
-Heç bilirsən, burada yellənməyin nə ləzzəti var?
Balıq cavab verdi:
-Mən orada yellənsəm, bunun ləzzətini başqaları görər.
Xoruz və toyuq
Xoruz hirslə hinin qapısını çırpıb getdi.
Toyuq onun arxasınca qışqırdı:
-Axşam məndən yumurta gözləmə!
Sabunun dərdi
Sabun darağa dedi:
-Bu şampunlar çıxanı, mən lap gözdən düşmüşəm.
Daraq cavabında:
-Yalan danışma, səni heç vaxt gözə yaxın qoymurlar.
Saat və çilçıraq
Saat çilçırağa dedi:
-Sənə lap yazığım gəlir, gecə yarıya qədər yanırsan.
-Çilçıraq cavab verdi:
- Özünə yazığın gəlsin, butun günü qaçaqaçdasan.
Külqabı
Külqabı papirosa dedi:
-Səni qiyamətə qədər bağışlamayacağam. Hər dəfə səni söndürəndə mənim ciyərim yanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB