Anar Hüseynov: "Gəlin, tariximizi olduğu kimi yazaq" MÜSAHİBƏ
Anar İsfəndiyar oğlu Hüseynov 1981-ci ildə Qərbi Azərbaycanın Amasiya şəhərində anadan olub. İbtidai sinfə Amasiya şəhərində gedib. Amma ermənilərin həmin bölgədə yaşayan azərbaycanlılara qarşı apardığı müharibə nəticəsində 1988-ci ildə onların ailəsi məcbur olub ki, dədə-baba yurdlarını tərk etsinlər. Onlar Sumqayıta gəlib və burada məskunlaşıblar. Elə həmin vaxtdan da biz onunla Sumqayıt şəhərindəki 13 nömrəli tam orta məktəbdə bir yerdə oxumuşuq. O, orta məktəbi fərqlənmə ilə başa vurub və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olub. Bu ali məktəbi bitirəndən sonra ordu sıralarında xidmət edib. 2003-cü ildə pedaqoji fəaliyyətə başlayıb. Artıq 13 ildir ki, Sumqayıtın ayrı-ayrı məktəblərində müəllim işləyir.
- Anar müəllim, biz sizinlə keçən yazımızda dərs kitabları haqqında bir neçə kəlmə danışdıq. Bu da çoxminli oxucularımız tərəfindən maraqla qarşılandı. Ona görə də çox istərdik ki, həmin bu fikri davam etdirək.
- Bu yaxşı fikirdir. Ona görə də keçən dəfə toxunduğum mövzuya daha geniş açıqlama vermək istəyirəm. Belə ki, vaxtaşırı dəyişən kitablar beynimizdə yaranan suallar, ən əsası da tarix və tarixi şəxsiyyətlərimizə yönələn mənfi fikirlər məni yenidən tariximizə dərindən baxıb, onu araşdırmağa məcbur etdi. Bir qrup vətənpərvər tarixçiləri ətrafıma yığaraq yenidən tarixi araşdırmaq məqsədi ilə "Tarix Araşdırma Qurumu" adında təşkilat formalaşdırmışıq. Bu məqsədlə də Azərbaycanın tarixi torpaqlarına səyahətə çıxmışıq. Dərbənddən başlayaraq, Təbriz, Ərdəbil, Marağa, Urmiya və sairə qədim şəhərlərimizdə olduq. Müxtəlif şəxslərlə görüşlər keçirib, yeni maraqlı fikirlərlə rastlaşdıq. Oradan çoxlu qiymətli materiallar gətirmişik. Ölkəmizin, xalqımızın tarixinin də torpaqlarımız kimi parça-parça olduğunu, yadellilərin, işğalçıların əlində oyuncağa çevrildiyini və belə adamların tariximizi istədikləri kimi yazıb-pozduqlarının şahidi olduq. Rus imperiyası, sovet şovinizmi, bu millətin özü kimi tarixini də məhv eləyib. Hətta mən bəzi sənədlərdə müşahidə elədim və oxudum ki, onlar Azərbaycan xalqını bütövlükdə tarix səhnəsindən çıxarmaq istəyiblər. Ondan daha betəri odur ki, hələ bu günümüzdə də, müstəqillik qazandığımız bu 25 ildə də lazım olan kimi tariximizin yazılmaması, tarixi şəxsiyyətlərimizə vurulan zərbələr çox acınacaqlıdı. Dərslik kitablarımızda demək olar ki, bütün dahi şəxsiyyətlərimiz zərbə alıblar. Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən biri olan Şah İsmayıl Xətainin ətrafında bir müddət mənfi fikirlərin dolaşması, hətta bu fikirlərin məktəblərə qədər də girməsi, dərsliklərdə yazılması, az qala onu bu xalqın düşməni çıxarmaq istəyənlərə dəyərli, ziyalı ağsaqqalımız, akademikimiz cənab Ramiz Mehdiyevin Şah İsmayıl haqqında yazdığı sanballı kitab, onlara böyük şillə vurdu. Mənə elə gəlir ki, bu kitab çox yüksək səviyyədə kitabxanalarda, məktəblərdə təbliğ olunmalı və bununla bağlı diskussiyalar keçirilməlidir. Eləcə də Şah İsmayıl Xətai ilə bağlı yazılan başqa maraqlı əsərlər də geniş formada təhlil olunmalıdır.
Yəni biz tarixi şəxsiyyətlərimizi qorumasaq, onda onlar da özgənin olacaq. Başqa millətlər belə dahi şəxsiyyətlərimizi özününküləşdirəcək. Necə ki, dahi Nizamini farslar özünküləşdirməyə çalışır. Siz təsəvvür edin ki, dahi şairimiz Məhəmməd Füzulinin qəbrinin üzərində "dahi ərəb şairi Məhəmməd Füzuli" sözləri yazılır. Bu haqda hələ bu günə kimi tarix və filologiya üzrə məşğul olan alimlərimiz susur və heç bir reaksiya vermirlər, nə də tutarlı məlumatlar yazmırlar. Böyük Azərbaycan sərkərdəsi və mənim fikrimcə ilk müstəqil Azərbaycan feodal dövlətinin qurucusu Babəki ərəblər və onların dəyirmanına su tökən bəzi dindarlarımız kafir kimi bizə təqdim edirlər. Bu da bizim tariximizdə olan boşluqlardan biridir ki, ilk müstəqil feodal dövlət kimi Şirvanşahları göstərirlər. Halbuki Şirvanşahlar dövlətinin, əsasını 861-ci ildə mənşəcə türk yox, ərəb olanlar qoymuşdular. Babəkin kafir olması haqqında bilgilərimiz yalnız xəlifə yanında oturan tarixçilərdən gəlir ki, onlar da başqa nə yazmalıydılar ki... Və Azərbaycan xalqının əksəriyyətinin müsəlman olduqlarını nəzərə alsaq, bu günkü gəncliyimizin Babək haqqında necə rəydə olduğunu yəqin ki, anladız.
- Bəlkə oxucularımıza Babək haqqında ətraflı məlumat verəsiniz?
- Bu çox yeni bir mövzudur. Ona görə də gələn yazılarımızda qismət olarsa, daha geniş məlumat verəcəm. Tariximizdə böyük bir konsepsiyasızlıq var ki, bununçün də qədimə qayıtmaq istəyirəm və bu boşluq haqqında qısaca məlumat verim. Belə ki, dərsliyimizdən məlum olduğu kimi yer üzərində insanların qədim məskunlaşmış insan məskənlərindən biri də Şimali Azərbaycan, Quruçay dərəsi, Kür-Araz ovalığı bu günkü Qarabağdır. Bunu deməyə bizə Azıxdan, Qazmadan, Tağlardan, Zar mağaralarından tapılan tapıntılar əsas verir. Yaxşı, necə olur ki, orta məktəb dərslikləri ən qədim insan məskəni kimi məhz bu ərazini göstərir, ilk sivilizasiyasının mədəniyyətin yarandığı yer kimi təqdim edir. Tunc dövründə artıq bərabərsizliyin yarandığı haqqında məlumat verir. İri tayfa ittifaqlarının formalaşması haqqında yazılır. Amma bundan sonra tarix kitablarımızda birdən-birə boşluqlar yaranır.
- O hansı boşluqlardur?
- E.ə. III-II minillikdə yaranan bir boşluq. Bu da e.ə. IV əsrin 20-ci illərindən davam edir. Yazılana əsasən belə başa düşək ki, ən qədim insanlar Şimali Azərbaycanda yaranıb, yaşamışlar. Sonra necə olursa fikirləşilər ki, Urmiya gölü sahilində ilk dövlət qurumlarını Lullubi, Kutini və ən qədim dövlət Mannanı yaratsınlar. Bu arada bir haşiyə çıxım ki, neçə illər ən qədim dövlət qurumu Aratta kimi öyrəndiyimiz bu dövlət qurumunu birdən dərsliklərdən çıxarırlar və məlum olur ki, belə bir şey ümumiyyətcə olmayıb. 500 ildən sonra yenidən qayıdırlar Şimali Azərbaycana və fikirləşirlər ki, burada bir dövlət yaradaq. Bax belə bir gülünc boşluq düşmənə şərait yaradır ki, bu ərazini öz qədim dövləti kimi təqdim eləsin. Deməli, tariximizin 1000 ildən çox dövrü hələ öyrənilməmiş qalır. Bu barədə də Allahın izni ilə gələn yazılarımızda geniş məlumat verəcəm.
Sovet dövründə dinsiz, Allahsız kimi bizə təqdim olunan dahi İmadəddin Nəsimi kimi irfan əhlinin, dini elmləri necə mükəmməl bilməsini dərinliyinə varmış şəxsin Allahsız kimi bizə göstərilməsi sadəcə savadsızlıq və nadanlıqdır. Gələn yazılarımızda biz bütün bunlara da aydınlıq gətirəcəyik. Azərbaycan adının yaranması, bayrağımız onun üzərində, aypara və səkkiz guşəli ulduzun hansı dövrlərə gedib çıxdığı, onun əslində mənalarının nə olduğu haqda maraqlı məlumatlar, xəzər adının yaranması barədə müxtəlif versiyalar haqqında da gələn yazılarımızda oxuculara ətraflı məlumat verəcəyik. Hələ də Qaraqoyun, Ağqoyun adları dərsliklərimizdə əsas mövzu olmaqla, hakim kəsilib. Bir qədər uzaqgörən siyasəti olan millət məgər özünə Qaraqoyun, Ağqoyun, Qaraqoyunlu dövləti, Ağqoyunlu dövləti deyərmi? Sözümün sonunda onu da bildirim ki, bir çox sahələrdə hələ də tariximizə Diyaknov, Petruşefski, Mironiski kimi millətimizə düşmən olan, bizə yuxarıdan aşağı baxan alimlərin pəncərəsindən baxırıq. Gələn yazılarımazda da mən bunlara aydınlıq gətirəcəm. Təəssüflər olsun ki, bu mövzu çox genişdir və bir yazıya sığmaz.
Mən elmlər namizədi, tarixçi alim deyiləm, sadə bir tarix müəllimiyəm. Ancaq ürəyimi ağrıdan bu məsələ barəsində onu demək istəyirəm ki, bu gün müstəqilliyimiz dönəmində niyə hələ bizim tariximiz bu gündədir və bu kökdədir?..
Elnur AĞALAROĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə