Xatirə Fərəcli: “Beyin problemlə zəbt olunada şeirə, sənətə yer qalmır”

Yaradıcılığını maraqla izlədiyim şairlərdən biri də Xatirə Fərəclidir. Onun şeirləri tez-tez qəzetlərdə, saytlarda çap olunur və oxucular bu şeirləri maraqla qarşılayır, həvəslə oxuyurlar. Belə qərara gəldim ki, onunla həmsöhbət olum Həm də Xatirə Fərəcli Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər Bölməsinin nəzdində fəaliyyət göstərən "Zərif" Qadın Ədəbi Məclisinə uzun illərdir ki, uğurla rəhbərlik edir və onun xeyir-duası ilə çoxlu gənc qızlar ədəbiyyat aləminə gəlib və bu sahədə öz sözlərini deyirlər.

-Xatirə xanım, mən inanıram ki, bizim söhbətimiz maraqlı, məzmunlu alınacaq, istəyirəm ki, daha əvvələ gedək. Necə oldu ki, siz ədəbiyyat dünyasından məhz şeiri seçdiniz?

-Şeir ömrümün ən xöşbəxt illəri- uşaqlıq illərimdən mənimlə ayrılmaz yoldaşdır. Mən lap erkən yaşlarımdan şeir yazmağa başlamışam. Nəinki başlamışam, başlamaq azdır, mən uşaqlıq illərimdən şeiri, poeziyanı sevmişəm, şeirlə qolboyun olmuşam. Tək mən yox böyük bacım Əlvan da şeir yazırdı...

Atam, əmilərim rayonun sayılıb-seçilən ziyalılarından olublar. Əmim jurnalist idi. O zaman Yardımlı rayonda yeganə dövlət qəzetində müxbir, baş redaktor olub, o biri əmim müəllim, məktəb direktoru, atam Rayon Partiya Komitəsinin katibi vəzifəsində də çalışıb və büro üzvü olub. O, respublikada çap olunan bütün qəzetlərə abunə olurdu, məhz mənə və bacıma görə hətta o zaman "Gənclik" və "Azərbaycan qadını" jurnallarına da abunə yazılırdı.

Mən də həmin qəzetlərdə, jurnallarda ədəbiyyata aid nə çap olunurdusa hamısını oxuyurdum. Məktəbimizin və əmim Höccət müəllimin kitabxanasından kitablar götürüb bədii əsərlər oxuyurdum. Həmin illərdə oxuduğum bədii əsərlər, qəzetlər, jurnallar mənə ədəbiyyatı sevdirib, ədəbi zövqümü formalaşdırıb. O zamanlar qəzetdə, jurnalda nə gəldi çap olunmurdu. Qəzetə, jurnala layiq bilinib çap olunan mövzular həqiqi mənada oxucu zövqünü formalaşdırır, onun mənəviyyatını zənginləşdirirdi.

Heç vaxt yadımdan çıxmaz ki, hələ aşağı siniflərdə oxuyanda atam işdən gələndən sonra xalçanın üstünə mütəkkə atdırıb və mütəkkəyə söykənili uzanardı. Məni qarnının üstündə otuzdurub deyərdi: "Qızım mənə şeir desin görüm?". Mən də kitabdan, qəzetlərdən oxuyub əzbərlədiyim şeirləri böyük həvəslə atam üçün söyləyərdim. Atam da fərəhlənər, məni atub-tutar, sonra bağrına basıb, alnımdan öpər və deyərdi: "Mənim sinədəftər balam". Əmim bizə gələndə nəyi oxuduğumuzu , yaxud hansı kinoya baxdığımızı soruşardı. Baxdığımız kinonun məzmununu, süjet xəttini soruşar, bizə suallar verərdi. Demək olar ki, onun köməkliyi ilə həmin filmi, əsəri təhlil edərdik. Bacım məndən istedadlı idi. Təəssüf, əksər rayon qızları kimi onun da istedadı batıb getdi. Azərbaycanın rayonlarında, kəndlərimizdə o qədər istedadlı qızlar var, onlara şərait yaradan yoxdur ki, oxusunlar, müəyyən sənət sahibi olsunlar. Ümumiyyətlə mənə elə gəlir ki, Şərqdə qadın olaraq doğulmaq bəxti gətirməməkdir.

-Sizin Sumqayıt həyatınız nə vaxtdan başlayıb?

-Mən ailə həyatı qurmağımla bağlı Sumqayıt şəhərinə gəlmişəm. 1990-cı illərdə şəhərimizdə fəaliyyət göstərən "Sevil" Qadınlar Cəmiyyətinə müraciət etmişəm. Cəmiyyətin sədri çox dəyərli xanım Ofelya Babayeva mənim şeirlərimi oxuyub, bəyənib və mənə "Uğurlu yol" yazaraq şeirlərimlə birlikdə "Sumqayıt" qəzetinə göndərib. Elə o zamandan da şəhərin ədəbi mühitinə, ictimai həyatına qarışmışam.

Mənim ədəbiyyata gəlişim köhnənin dağılan, təzənin isə hələ qurulmayan vaxtına düşdü. Mən bilirdim ki, belə bir zamanda sözün qulpundan tutmaq çətin işdir...

-Deməli, siz ədəbiyyata qazanc, şöhrət xatirinə gəlməmisiniz

- Əsla yox, heç bu barədə düşünməmişəm də. Sadəcə, şeir mənim ruhumun ehtiyacıdır. Şeir mənim içimi didəndə, məni rahat buraxmayanda yazıram. Ona görə də az yazıram. Hətta bununla bağlı bu sətirləri də yazmışam.

Fikirə hamilə olanda ürək,

Yazmaq qurtulmaqdır, azad olmaqdır.

Yazanda heç vaxt fikirləşməmişəm ki, kimsə mənim yazdığımı oxuyacaq, tərif yaxud tənqid edəcək. Amma, şeiri çapa verəndə çox diqqət edirəm. Çünki şeir çap olundusa, artıq oxucunundur və sənin imzan, sənin ortaya qoyduğun məhsulun, sənin yaradıcılığın olaraq, həm də sənin tənqidçilərinin və təbliğatçılarınındır.

-Xatirə xanım nə vaxt şeir yazır? Qəmgin olanda ya şad olanda?

- İnsan həddindən artıq problemlə, dərdlə yüksləndə də yaza bilmir, xöşbəxt olanda da. Beyin problemlə zəbt olunanda, orada şeirə, sənətə yer qalmır. Amma, ikisinin arasında bir məqam var, qəmlənəndə, duyğulananda, təsirlənəndə yazıram.

-Bəlkə ona görədir şeirlərinizdə dərd daha çoxdur.

-Çox deyib-gülən adamı dayaz hesab edirəm, tutqun, dərdli adamı da sevmirəm, çalışıram onlardan uzaq olum. Dərdlilik başqa şeydir, dərinlik başqa. Bəzən olur ki, kiminləsə söhbət edəndə o qədər darıxıram birtəhər yola verirəm ki, inciməsin. Baxırsan ki, kifayət qədər yaşı var, amma, elə bil ki, o boyda ömrü bu yaşamayıb. Elə gənc də var ki, özünün dərrakəsi, dərinliyi ilə elə bil 60 yaşı var.

Uşaqlıqdan öz yaşıdlarımı özümdən kisik kimi qəbul etmişəm, mənə elə gəlib ki, mən onlardan müdrikəm. Özümdən böyük qızlarla söhbətim daha yaxşı tuturdu. Hələ 30 yaşım olmamış bir şerimdə yazmışam, "Yaşamadım, yarısıdır ömrümün".

-Ömür demişkən bu il sizin yubiley ilinizdir. Çox sükutla keçir, heç bir yubiley tədbiri, heç bir görüş olmadı, səbəbi nədir? Axı siz həm də "Zərif" Qadın Ədəbi Məclisinin sədrisiniz.

-Görüşü, yubileyi hansısa təşkilat keçirər, mən özüm öz görüşümü təşkil edən deyiləm ki...

Zərif dediniz, mən hansı işə yaxın durmuşamsa, onu ürəkdən etmişəm. Uzun müddət "Zərif" Qadın Ədəbi Məclisinə rəhbərlik etmişəm. Məclisimizin 24 nəfər üzvü olan zamanı da olub. Məclisimizdə özünü təsdiq edən şairələrimiz də olub, ilk addımlarını "Zərif"dən atan qızlarımız da. Mütəmadi yığışmışıq, hər məclisimiz bir tədbir səviyyəsində keçirilib. İmzasını bəyəndiyimiz kişi yazarlarımızı da qonaq qismində dəvət etmişəm, Neçə-neçə tədbirlər, görüşlər təşkil etmişəm. Mənim tərtibatımda məhz, "Zərif"lərin şeirlərindən ibarət bir almanax da çap olunub. Televiziyada "Zərif" Qadın Ədəbi Məclisinə həsr olunan veriliş gedib. Neçə dəfə üzvlərimizin şeirlərindən ibarət səhifələr gedib qəzetlərdə." Zərif"dən boy verib, özünü təsdiqləyən şairlərimiz olub. "Zərif" Qadın Ədəbi Məclisi çox uğurla fəaliyyət göstərib.

İndi üç nəfər oturub çayxanada bir-birinə şeirlər oxuyurlar və deyirlər "filan ədəbi məclis yaratmişıq", mənim gülməyim gəlir.

-Şəhərin ictimai həyatından da danışmağınızı istəyirəm. Artıq bir ildən bir qədər artıqdır ki, Zakir Fərəcov Sumqayıt şəhərinə rəhbər təyin olunub və az müddətdə bu şəhərdə analoqu olmayan böyük işlər görüb. Sizin bir yaradıcı xanım kimi Sumqayıtda gedən işlərə münasibətiniz necədir?

-Hər dəfə şəhərə rəhbər təyin olunanda, sözsüz ki, internetə girib, həmin insanın tərcümeyi-halına baxıram. Zakir Fərəcov haqqında məlumata baxanda gördüm ki, məndən 12 il əvvəl at ilində, dolça bürcündə dünyaya gəlib, soyadı Fərəcovdur. Mən də at ilində, dolça bürcündə doğulmuşam, soyadım Fərəcovadır. Zakir Fərəcovun bu şəhərə rəhbər təyin olunmasına mən də çox sevinmişəm. Çünki onun Sumqayıt Bələdiyyəsinin sədri olanda gördüyü işlər yadımdadır. Sumqayıt Zakir müəllim üçün doğmadır, sevir Sumqayıtı, necə mən sevirəmsə, o da elə. Belə bir maraqlı deyim var: "Sevgi ilə görülən iş gözəl olur". Mən inanıram ki, o Sumqayıt üçün hələ çox işlər görəcək. Bu şəhəri özünün yaxşı ənənələri, gözəlliyi ilə tanıdacaq.

-Sonda istəyərəm ki, Sumqayıta aid bir şeir oxuyasınız.

- Bütün şeirlərimin içində bir Sumqayıt var. Şeir, belə demək mümkünsə duyğuların fotoşəklidir. Şeir tarixdir, düşüncənin, zamanın tarixi. "Sumqayıt" adlı belə bir şeirim var.

Ömür xatirə karvanı,

Eləcə dartıb, daşıdım.

Madar sevinc, bol-bol dərdin

Çoxunu səndə yaşadım.

Səndə qaraldı axşamım,

Səndə açıldı sabahım.

Keçdi havalı çağlarım,

Havana qarışdı ahım.

Əsdim,

əsən yelinə də,

İçim qayğı, çölüm qəhər.

Soyutmadı

soyuq günlər,

Sevdim,

seviləcək qədər.

-Mümkünsə "Qatar gözləyirəm" şeirinizi söyləyin.

- Bu qatar da ötüb getdi

Ünüm yetmədi, yetmədi.

Gedib, gedib gözdən itdi

Güman itmədi, itmədi.

Bir dəli inada qulam,

Könlümdə dağıntı, savaş.

Nagüman qatar gözləyib,

Nə çəkirəm biləydin kaş.

Söykənib tənha söyüdə

Budaqdan bar gözləyirəm.

Qatarlanıb illər gedir

Mənsə qatar gözləyirəm.

P.S. Bu gün öz yaradıcılığını Azərbaycandan kənarda tanıtmaq, ədəbiyyatımızı yüksək səviyyədə təbliğ etmək üçün Xatirə Fərəclinin həqiqətən də mətbuatımız tərəfdən təbliğ olunması vacib olan və ədəbi mənada qatar gözləyən şairələrimizdən biridir. Bu müqəddəs işi də tənqidçilərimiz, mətbuat sahəsində çalışan yazarlarımız və ədəbiyyat sahəsinə rəhbərlik edənlər etməlidirlər. Belə istedadlı insanların kitabları çap olunub, geniş oxucuların ixtiyarına verilməlidir. Onu da vurğulayım ki, Xatirə Fərəclinin çap olunan "Sənin səadətin mənəm" kitabı geniş oxucu kütləsinin marağına səbəb olub. Əgər biz ədəbiyyatımızı uca bir qala etmək istəyiriksə, bu qalanın divarlarına daha möhkəm kərpiclər qoyub, onu gələcək nəsillər üçün saxlamalıyıq. İnanıram ki, bundan, yalnız ədəbiyyatımız qazanar.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə