Ofelya Babayeva

Payızının vurğunu,

Gah hamar, gah nahamvar,

Yollarının yorğunu…

Payızdır. Duyğular kimi təbiət də neçə rəngə çalır. İçi tərpədən, ruhu titrədən qızıl-qırmızı payız Yer üzünü öz ağuşuna alıb. Payızlaşan təbiətin ilıq nəfəsində, küləyin əsimində, yağışın pıçıltısında, yarpaqların xallanıb üzülməsində, xəzəllərin təşvişində qəribə bir ahəng var.

Qulaqlarımda bir şeir səslənir. Misra – misra, söz – söz çırpınır bu boz dünyada və bir gözün giləsinə yığmaq istəyir bu boyda kainatı ağlı – qaralı, taleli – talesiz insanlarıyla birgə.

Gözümün giləsinə

Sıxmışam kainatı

Yumub, açdım bircə an

İtirdim bu həyatı.

Və ya həmin şeirin başqa bəndində:

Dünən yoxdur, bu gün var,

Ömür xəzri, gilavar,

Sabah varmı? Ya qismət,

Sabaha bir ömür var...

Bu həzin, kövrək misraların müəllifi gözəl şairə, Respublikanın Əməkdar müəllimi, "Şöhrət" ordenli, "Araz" Ali ədəbi mükafatı laureatı, "Sevil" Qadınlar Cəmiyyəti Sumqayıt şəhər təşkilatının sədri, hələ gənc yaşından məktəb direktoru,

sonra Maarif müdiri işləmiş, sadalanan-sadalanmayan neçə-neçə titullar, mükafatlar sahibi, neçə-neçə kitablar müəllifi, bütün vəzifələrdən daha çox yuxarıda duran Ofelya Babayevadır.

Ofelya xanım uzun zamandır ki, Sumqayıtda yaşayıb yaradır. Hamı, hər kəs onu tanıyır və sevir. O da yaşadığı şəhərin sakinlərinin problemlərindən kənarda qalmır, qala bilmir. Bacardığı kimi onlara köməklik edir.

Ciddi, zəhmli baxışlarının arxasında həlim, kövrək bir ürək daşıyır bu xanım. Ürəkdən axıb gələn misraların arxasından bənövşə kimi boy verir o ürək. Hisslərini hayqırmadan, həzin-həzin pıçıldayır gecələrin kar qulağına. Gördüklərinə, duyduqlarına rəng verib köçürür ağ vərəqlərə. O kədərə, tənhalığa, ağrıya-acıya yaxa vermir, aciz qalıb gileylənmir. Kədər, nisgil qarşısında mətanətlə, cəsarətlə dayanan bu xanım Vətən, Ana, Övlad sevgisi qarşısında qadınlıqdan, analıqdan qaça bilmir. O, ülvi sevgiyə könüllü təslim olur. Əsl azərbaycanlı qadını kimi.

O, narahatdır – ikiyə bölünmüş vətənin taleyi üçün, itirilən, əsir düşən torpaqlar üçün, vətəndaşlar üçün narahardır. Amma o, bunu heç vaxt pafosla, hay-küylə, çığırtı ilə demir. Sakit, pıçıltıyla və yanğıyla deyir...

Bəzən şeirlərində dünyaya meydan oxuyur: "Dünya, eşit məni...", bəzən isə ağrılı-acılı günlərində Bakımıza üz tutub təsəlli verir, onu ovutmağa çalışır:

Ağlama, ağlama, hünərli Bakım,

Mənim əziz Bakım, kədərli Bakım,

Dolanım başına qəhərli Bakım,

Güllələr sinəni edibdi gül-gül,

Bu dərdi çəkməklə qurtaran deyil.

Uilyam Folkner deyir: "Yazıçı həqiqəti yazmalıdır. Yalan – kitablara yol tapa bilər, amma heç vaxt əsl ədəbiyyat ola bilməz. Yalan – orduları hərəkətə gətirə bilər, bir xalqı aldadıb yolundan sapdıra bilər, hətta özünü "həyat" qələminə verə bilər, amma heç vaxt böyük ədəbiyyata çevrilə bilməz". Saxtalıqdan çox uzaq, öz hissləri, öz yaşantıları, duyğularıdır çevirir sözə Ofelya xanımın. Söz – bu dünyada ilk iki insan olandan sonuncu iki insan qalana qədər mövcud olan Söz. Ən etibarlı dostdur söz, ən gözəl yoldaş – yol yoldaşı. "Yollar gözümdən keçir", – deyir Ofelya xanım. Yollar gözündən keçib onu öz içinə aparır, öz dünyasına çəkir.

Ofelya xanım ədəbiyyata Azərbaycan məkanında qadın üçün söz deməyin heç də asan olmadığı bir zamanda gəldi. Bütün çətinliklərə sinə gərdi, yazdı-yaratdı. Azərbaycan qadınının SÖZ-ün meydanında da aciz olmadığını sınmaz inadıyla, əyilməz qətiyyəti ilə göstərdi. Və hər dəfə hisslərini, duyğularını sözə çevirdikcə, sözlə ünsiyyət qurub doğmalaşdıqca rahatlandı.

Onu daha çox qadın problemləri düşündürür. Qadınlarımızın cəmiyyətdə üzləşdiyi çətinliklərin çözüm yolları, həlli onu Sumqayıtda "Sevil" Qadınlar Cəmiyyətini yaratmağa sövq etdi. O, ziyalı qadınları öz ətrafına topladı. Onlarla birlikdə Sumqayıt qadınlarının problemlərinin bir qismini həll etdi. Onlardan ana-bacı qayğısını əsirgəmədi. Hal-hazırda da Ofelya xanım bu müqəddəs missiyanı böyük uğurla davam etdirir.

Yenə də payızdır. Üstündən-başından tənhalıq yağır bu payızın. Ofelya xanımın şeirlərinin içindən bir qırmızı xətt kimi keçir bu tənhalıq – ruhunun tənhalığı. Və tənhalıqla yanaşı bu kiçik dünyadan çox, yuxarıda durub baxan bir baxış duyulur o şeirlərdən.

O da payızda gəlib dünyaya. Yox, gəlməyib. Alın yazısı çəkib gətirib onu bu dünyaya. Bəlkə elə həyatın özünə də dərs vermək üçün gətirib bu dünyaya?..

Hələ bundan sonra neçə-neçə payız gələcək. Hər payız Ofelya xanımın yaşının üstünə yaş gətirəcək. O da neçə-neçə ilahi söz deyib, söz-söz çiçəkləyəcək.

Ofelya Babayevanı ad günü münasibəti ilə ürəkdən təbrik edir, ona uğurlar, ədəbiyyatda əbədi ömür arzulayıram!

Xatirə FƏRƏCLİ,

şairə, publisist

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə