Ədalət Vəzirov-65

(Sənədli hekayə)

Azərbaycan musiqisinin böyük sənətkarı, musiqi mədəniyyətimizi dünyada tanıdan, təbliğ edən, qədim musiqi alətimiz kamançanın ecazkar səsi ilə özünü və millətindən asılı olmayaraq, ona qulaq asan tamaşıçılarını, məftun eləyən, hər çıxışı ilə ürəyini içəridən yeyən, qəlbində böyük arzular gəzdirən, istəkləri, ümidləri vaxtsız qırılan, millətimizə hələ bundan sonra neçə-neçə musiqi töhfələri verə biləcək, cəmi 51 il 6 ay ömür sürən, virtuoz sənətkarımız Ədalət Vəzirov yaşadı bu dünyada...

Ədalət, öz adını lap uşaq yaşlarından doğrultduğuna görə hamının sevimlisi oldu. Harda oxudusa, işlədisə dostları çox oldu. Ona inandılar, etibar elədilər. Getdiyi Həcc ziyarətini, Hacı Ədalət adını doğrultdu hər bir əməli ilə. Dünyadan belə erkən göçsə də onu tanıyanların, kamançasının, kamanının sehrindən məftun olanların qəlbində yurd saldı, heykəl qoydu özünə istedadlı sənətkar. Əbədi heykəl. O, təkcə kamança çalmırdı. Ürəyini hər çalğısı ilə içəridən yeyirdi. Elə bil ürəyini kamanla çalırdı. Qırx ilə yaxın bir müddətdə kamanla çalınan Ədalətin ürəyi 2002-ci il oktyabr ayının 4-də, Vətəndən çox uzaqda İstanbulda, həm sahibinə, həm də bizə etibarsızlıq elədi... Əgər o ürək sahibinə etibarsız çıxmasaydı, onda biz aprelin 27-də Ədalət Vəzirovla birlikdə onun doğıım gününü, 65 yaşını qeyd edəcəydik...

Onun ölüm xəbəri ildırım sürətilə yayıldı Azərbaycana. Onu yaxından tanıyanlar, heç tanımayanlar, sadəcə Ədalətin musiqisinə qulaq asanlar belə sarsıldılar!.. Mən isə onun ölümünü eşidəndə yadıma qədim bir el bayatısı düşdü:

Bu dəryadan kim keçdi?
Kim qərq oldu, kim keçdi?
Əzrayıl sinən yansın,
Ürəyindən gör kim keçdi.


Ədalətin mənalı ömründən qısa sətirlər

"Kamançada çalır Ədalət Vəzirov". Artıq 30 ildən çox idi ki, radio dalğalarından, televiziya ekranlarından, ən möhtəşəm konsert salonlarından, ən yüksək səviyyəli dövlət və diplomatik tədbirlərə həsr edilmiş konsertlərdən eşidilən və bu elanla başlanan ecazkar sirri hələ də açılmaz qalan, sehri, yorulmaz bir ifa tərzi bütün tamaşaçı və dinləyicilərin qəlbini ovsunlayırdı. Bu ad respublikamızın, eləcə də xarici ölkələrin musiqisevərlərinə çox yaxşı tanış idi. O, bu virtuoz çalğısı ilə hamıya əziz idi. Məhz buna görə ona hamı sadəcə olaraq, "Ədalət müəllim", "Hacı",- deyə, müraciət edir və əzizləyirdilər.

...Uşaq yaşlarından xalq musiqisi ab-havasında boya-başa çatan Ədalət, musiqinin sehrindən xilas ola bilmir və 1963-cü ildə Bülbül adına Orta İxtisas Musiqi

Məktəbinin kamança sinfinə daxil olur. Burada müəllimi, gözəl insan və pedaqoq Elman Bədəlovdan kamança sənətinin sirlərini mükəmməl öyrəndikdən sonra 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qabul olur. Tələbə ikən Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində, 6 nömrəli Uşaq Musiqi Məktəbində pedaqoji işlə yanışı, Azərbaycan Konsert Birliyində, Xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi Xalq Çalğı Alətləri ansamblında solist kimi ifaçılıq fəaliyyətinə başlayır.

1974-cü ildə Konsevatoriyanı bitirərkən artıq 23 yaşlı Ədalət Vəzirov sənət aləmində öz dəsti-xətti, ifaçılıq məharəti ilə həmyaşıdlarından seçilirdi. Artıq cavan musiqiçiyə professional sənətkar kimi baxaraq, onun böyük gələcəyinə hamı ümid bəsləyirdi. Məhz buna görə də 1993-cü ildə vaxti ilə təhsil aldığı konservatoriyaya müəllim kimi dəvət edilir. Təlim-tərbiyə işində, xüsusən də sənətdə təqlidçiliyi, standartlığı sevməyən Ədalət müəllim özünəməxsus tədris üslubu ilə sənətin sirlərini tələbələrinə öyrətməyə başlayırdı. Onun ən orta səviyyəli tələbəsi belə ifa zamanı səhnədə və ya imtahanda özünün savadı, məharəti ilə seçilirdi. Ədalət müəllim zəif tələbə ilə işləməyi daha çox xoşlayırdı. Bu barədə özü delə deyərdi: "Yaxşı müəllim, zəif tələbə ilə işinin nəticəsindən bilinər. Həm də müəllim ən boyük bağban, ikiqat ata deməkdir. Əgər o, öz tələbəsini öz övladı qədər sevməzsə, onda onun qulluq etdiyi ağac yaxşı bar verməz".

Bakı Musiqi Akademiyasının dosenti kimi Ədalət müəllim öz ixtisası sahəsində elmi-metodiki işlə də geniş məşğul olurdu. O, kamança sənətinin təsiri ilə bağlı dəyərli, elmi əhəmiyyətli müxtəlif metodiki tövsiyələrin, rəylərin, işləmələrin, köçürmələrin və məqalələrin müəllifi idi. Bunlardan Zakir Bağırovun, Hacı Xanməmmədovun kamança ilə simfonik orkestr üçün konsertlərin ifasına dair metodiki tövsiyələri, bakalavr dərəcəsi alanlar üçün ixtisas və muğam proqramı və sairəni misal göstərmək olar. Bu işlərindən əlavə, uşaq musiqi məktəblərində, musiqi texnikumlarında, sinif konsertlərinin, solo çıxışların təşkili kimi əyani metodiki işlər də Ədalət Vəzirovun pedaqoji fəaliyyətinin qayəsini təşkil edirdi.

Müxtəlif illərdə Bakı Musiqi Akademiyasında Ədalət müəllimin sinfıni bitirən Məlik Hacıyev, Nigar Həşimova, Aybəniz Rzayeva, Natəvan Həşimova hal-hazırda Sumqayıt Musiqi Texnikumunda öz müəllimlərinin pedaqoji pedaqoji, "Buta" xalq çalğı alətləri üçlüyünün üzvü Elnur Əhmədov, Dövlət Xalq Çalğı Alətləri orkestrinin üzvü Təravət Ağababayeva və bir çox başqaları isə onun ifaçılıq ənənələrini indi də layiqincə davam etdirirlər. Müəllimlik fəaliyyəti ilə yanaşı Ədalət Vəzirov çox geniş və çoxşaxəli ifaçılıq fəaliyyəti ilə də məşğul idi.

Xalqımızın musiqi mədəniyyətini, musiqi alətlərini dünya ölkələrində, məhz ustad, bacarıqlı ifaçılarımız təbliğ etmişlər. O da bu ənənəni layiqincə davam etdirən ifaçı-sənətkarlarımızdan idi. Cəsarətlə demək olar ki, kamança alətini, onun ecazkar səsini dünya səhnələrində Ədalət müəllim qədər səsləndirən, təbliğ edən ikinci sənətçimiz olmamışdır. Ədalət Vəzirovun qastrollarının coğrafiyasını, xəritəsini tərtib etmiş olsaq, təxminən elə dunyanın xəritəsi alınar. Bura Almaniya 4 dəfə, Hollandiya-3 dəfə, Danimarka-2 dəfə, Fransa-4 dəfə, Belçika-2 dəfə, ABŞ-3 dəfə, Kanada-2 dəfə, Yaponiya- 2 dəfə, İran-5 dəfə, Türkiyə-5 dəfə, Yəmən, İraq,

İsrail, İordaniya, İrlandiya, Avstraliya, keçmiş Sovetlər Birliyinin bütün respublikaları və sairə ölkələr daxildir. Bu ölkələrdə Ədalət Vəzirov öz ifa tərzi ilə tamaşaçıları ovsunlamış və onları özünün əsiri etmişdi. Azərbaycan musiqi alətinin, kamançanın ululuğunu, böyüklüyünü hamıya sübut eləmişdi.

Ədalət Vəzirov yüksək ifaçılıq mədəniyyəti, savadı, virtuoz ifa üslubu ilə xarici ölkələrdə musiqi kollektivlərinin də diqqətini cəlb etmişdi. O, dəfələrlə bu kollektivlərlə birgə çıxış etmək üçün dəvətlər almış və ugurla solo konsertlər vermişdi. Xarici mətbuatda bu çıxışlar haqqında, ona və xalqımıza baş ucalığı gətirən çoxlu məqalələr, maraqlı yazılar, resenziyalar dərc edilmişdi. Ədalət Vəzirov hər sənətkara nəsib olmayan müəllimlik, solistlik və müşayiətçilik kimi üç mühüm, müxtəlif səciyyəli, müxtəlif xüsusiyyətli sahələri yüksək məharətlə özündə birləşdirmişdi. Respublikamızın tanınmış xanəndələri, müğənniləri - Zeynəb Xanlarova, Hacıbaba Hüseynov, İslam Rzayev, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abullayev, Mələkxanım Əyyubova, Simarə İmanova, Zabit Nəbizadə və bir çox başqaları onun müşayəti ilə oxumuşlar. Qastrol səfərləri arasında isə onun üçün ən yaddaqalanı Özbəkistan səfəri olmuşdu. Bu haqda o, özü belə deyirdi:

- 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" Beynəlxalq festival-müsabiqəsinə dəvət almışdıq. Mən, tarzən Zamiq Əliyev və xanəndə Simarə İmanova bu tədbirdə respublikamızı təmsil etməliydik. Dünyanın 46 ölkəsindən 500-ə yaxın iştirakçı gəlmişdi. Çox gərgin keçən bu festival-müsabiqədə münsiflər heyətinin yekdil qərarı ilə bizim üçlüyə ən yüksək ad QRAN-PRİ mükafatı verildi. Bundan sonra üçlüyün hər bir üzvünə, o cümlədən də mənə, Azərbaycan hökuməti tərəfindən Əməkdar artist fəxri adı verildi. Bizi ən çox sevindirən mükafat, fəxri ad almağımız yox, musiqimizin dünya xalqlarının musiqiləri içərisində daha rəvan, daha şirin, sevimli, ürəkləri, beyinləri, qəlbləri məftun eləyən olması idi. Belə ulu musiqisi olan qədim bir xalqın gərək torpaqları parça-parça, milləti pərən-pərən düşməyəydi... Axı bizim musiqimiz könül həmdəmidir. Ruhumuza qidadır. Əgər biz musiqimizdən qidalanıb, birləşə bilmiriksə, torpaqlarımızı azad eləyə bilmiriksə, bunun axırı necə olacaq?.. Yəqin, ona görə Ulu Yaradan bizi qarğıyıb...

Sonralar Ədalət Vəzirov İraqda keçirilən "VAVİLYON" festivalında dəfələrlə iştirak edir, İsarilin paytaxtı Yerusəlim şəhərində keçirilən "Aralıq dənizi ölkələrinin musiqi dialoqu" adlı tədbirə dəvət alır, solo konsert və nümunəvi dərs göstərir. Türkiyənin "Qara dəniz oda orkestri" ilə birgə çıxış etməyə dəvət olunur. Həmin orkestrlə o, Azərbaycan bəstəkarları Hacı Xanməmmdov və Zakir Bağırovun kamança ilə simfonik orkestr üçün konsertini ifa edir. Bu əsər və başqa xalq musiqi nümunələri kompakt diskə köçürülür.

Ədalət müəllim mahir ifaçı kimi, Azərbaycan bəstəkarlarının ona ithaf olunmuş kamança üçün əsərlərinin ilk ifaçısı idi. Onun ifasında Respublika Radio və Televiziya Şirkətinin fondunda çoxlu sayda lent yazıları saxlanır ki, onların da içərisində bəstəkar Hacı Xanməmmdovun kamança ilə simfonik orkestr üçün konsertini xüsusi qeyd etmək olar.

Respublikamızın xalq artisti, dünya şöhrətli musiqiçi Habil Əliyev, Ədalət Vəzirovun ifaçılığına yüksək qiymət verərək, müsahibələrinin birində belə demişdir: "Belə bir deyim var ki, ifaçılar səhnə həyatını tərk edərkən, öz müsiqi alətlərini sələflərinə bağışlayırlar. Mən də səhnə həyatımı tərk eləsəm, onda kamançamı Ədalət Vəzirova bağışlayacam. Çünki onun simasında öz ifaçılıq ənənələrimin layiqli davamçısını görürəm".

Sənət yollarında əldə edilən bu uğurların xalqımız qarşısında məntiqi nəticəsi olaraq Ədalət Vəzirova daha bir etimad göstərilir. 23 mart 2000-ci ildən o, Azərbaycan Təhsil Nazirliyi tərəfindən Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumuna direktor təyin edilir. Böyük bir kolletivə rəhbərlik məsuliyyəti ilə tez bir zamanda tədris prosesinin müsbət və mənfı cəhətlərini araşdıraraq, görüləcək işlərin yönümünü müəyyən edərək, "Təhsil islahatları dövlət proqramı"nın tələblərini həyata keçirməklə hazırlanan mütəxəssislərin keyfiyyətini yüksəltmək, onların pedaqoji və ifaçılıq məharətlərinin artırılmasına diqqəti yönəltməyi bir vəzifə olaraq, struktur bölmə rəhbərləri qarşısında qoyur Ədalət Vəzirov. Bunun üçün isə ən əsas və birinci növbədə kollektivdə mehribançılıq, səmimiyyət və işgüzarlıq mühitinə zəmin yaradır yeni direktor.

... Onun böyük arzuları, çoxlu görəcək işləri vardı. Özünün ifaçılıq studiyasını yaratmaq, pedaqoji sahədə öz tədris metodu haqqında vəsait hazırlamaq, solisti olduğu Türkiyənin "Qara dəniz oda" orkestiri ilə Azərbaycan musiqilərindən ibarət proqramla çıxış etmək, Sumqayıt şəhərində solo konsertini təşkil etmək, rəhbərlik etdiyi musiqi texnikumunda son illər tələbə qəbulunun ən aşağı həddə enməsinin qarşısını almaq üçün tədbirlər görmək kimi, qarşıda ən ülvi, müqəddəs vəzifələri dururdu Ədalət Vəzirovun. Lakin ömür vəfa qılmadı... Dənizdən dərin olan ürək, dəniz qədər də Ədalət müəllimin arzularını, istəklərini apardı o dünyaya özü ilə. Onun haqqında dostlarının, sənət yoldaşlarının, tamaşaçıların ürək sözlərini, can yanğılarını, arzularını saxladı bu dünyada.

Vasif Adıgözəlov- bəstəkar, Azərbaycanın Xalq artisti, professor:

- Ədalər Vəzirov sənətinin gücü onun bəstəkar seçimindədir. Hacı Xanməmmədovun kamança ilə simfonik orkestr üçün konsertini ifa etmək istəyi Ədalətin geniş ürəyindən xəbər verir.

Biz dəfələrlə onunla eyni bir imtahan komisiyasının tərkibində tələbələrdən imtahan götürmüşük. Sənətində dəqiq oldüğü kimi, imtahan götürən zaman da dəqiq və obyektivdir.

Hacı Xanmmədov - Xalq artisti, professor:

- Ədalət Vəzirovun yüksək ifaçılıq istedadını və məharətini görməsəydim, bəlkə də kamança simfonik orkestri üçün konsert yazmaq fikrinə belə düşməzdim. Məhz onun sənətinə vurğunluğum məni bu işə sövq etdi.

Arif Babayev - Xalq artisti, professor, Bakı Musiqi Akademiyasının Muğam kafedrasının müdiri:

- Uzun illər onunla sənət yollarında birgə addımlamışıq. O, ən xoş, ən səmimi, ən dəyərli sözlərə layiq dost idi. Ədalət Vəzirovla birlikdə, dünyanın bir çox ölkələrində qastrolda olmuşduq. Gözəl yol yoldaşlığı vardı. Pedaqoji sahədə də fəaliyyəti diqqətə layiq idi.

Ramiz Mirişli - Xalq artisti, bəstəkar, professor, Azərbaycan Radio-Televiziya Şirkəti musiqi verilişləri redaksiyasının baş redaktoru:

- Ədalət Vəzirov, xalq musiqisinin, kamança alətinin incəliklərini dərindən duyan, ifa zamanı zəngin, üslub etibarı ilə dərin milli ənənələrə əsaslanan, eyni zamanda özünəxas, orijinal ifa priyomları ilə digərlərindən seçilən sənətkar idi.

Zamiq Əliyev - Xalq artist, Azərbaycan Dövlət İncəsənət Universitetinin baş müəllimi:

- Ədalət Vəzirov böyük istedada malik olan bir ifaçı kimi nəinki Azərbaycan xalqının, hətta vətənimizdən çox-çox uzaqlarda da musiqisevərlərin geniş kütləsi arasında da hüsn-rəğbət qazanmışdı. Müəllim kimi onun tədris metodikası respublikanın təhsil ocaqlarında tətbiq edilməyə layiqdir. İnanıram ki, onun kamança haqqında dərs vəsaitləri hələ uzun müddət musiqi tədris müəssisələrində, həm müəllimlərin, həm şagirdlərin, həm də tələbələrin karına gələcək. Ondan çox bəhrələnəcəklər.

Ağaxan Abdullayev - Xalq artisti:

- Onunla birlikdə müxtəlif konsert salonlarında, xarici ölkələrdə, efırdə çıxışlarımız sanki dünən başlamışdı. Ədalətin, qədim müsiqi alətimiz olan kamançada ifa etdiyi muğamların təravəti, ətri elə təzə, tər idi ki, bunu ancaq qəlbində cavanlıq odu olan sənətkar ifa edə bilərdi.

Möhlət Müslümov - Xalq artist, professional tarzən:

- Ədalət Vəzirov nə qədər ki, sağ idi, mən elə bilirdim Azərbaycanda kamança çalan çoxdur. O, dünyasını dəyişəndən sonra gördüm ki, bizdə professional, savadlı kamança çalan cəmi bir-iki nəfərdir...

Əbdül Həşimov - Sumqayıt Musiqi Kollecinin şöbə müdiri:

- Onun əlli illiyində biz müəllimlər yaxşı bir təbrik hazırlamışdıq... Onu da deyim ki, XX əsrdə dünyada Ədalət Vəzirovla tərəziyə qoyulan kamançaçalan yox idi. O, həm savadlı, həm də professional kamança çalırdı. Bunu mən cəsarətlə deyirəm. Onda həm də insanlığın bütün müsbət keyfiyyətləri cəmlənmişdi. Hətta yəhudi oğlana, İsraildə yaşayana da gözəl kamança çalmağı öyrətmişdi. Burda direktorlar olub ki, on il də işləyib. İndi heç kimin yadında deyil.

Lakin o, heç üç il də işləmədi, ancaq özünə əbədi heykəl qoydu, müəllimlərin, tələbəlrin arasında.

Yaşar Məmmədov - Sumqayıt Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini:

- O, Azərbaycan Dövlət Konservatoriyasında bizdən iki kurs yuxarıda oxuyurdu. Elə o vaxtdan yoldaşlığımız başlamışdı. Sonra da bu yoldaşlıq dostluğa çevrildi. Bu dostluğun da otuz ildən artıq bir tarixçəsi vardı. Ancaq əsl yaxınlığımız 2001-ci il mart ayının axırından başladı. O, bu Kollecə direktor təyin olunandan sonra. Onunla biz hər gün təmasda olduqca, başa düşdüm ki, Ədalət müəllim, heç kimə bənzəməyən, çox böyük, müdrik insan və yaxşı təşkilatçıdır. Mənim müəllimim Süleyman Ələsgərovdan sonra ikinci belə şəxsiyyət onu gördüm. Biz bir-birimizə təkcə dost yox, həm də yaxın sirdaş idik. Mən ondan çox şeyi - insanlarla necə davranmağın, onlarla tez dil tapmağın, musiqinin, təşkilatçılığın, pedaqogikanın sirlərini öyrənmək istəyirdim, lakin Böyük Yaradan buna imkan vermədi...

Doğrudanda o insanda, öyrənməli çox şey vardı. O, mənə çox məsləhətlər verirdi. Biz boş vaxtlarımızda onun otağında olanda, kamançada musiqilər çalırdı. Doğrusu, mən bu musiqilərə sakit qulaq asa bilmirdim... Və ona ürəyimdən gələn bu sözləri gizlətmədən deyirdim: "Hacı, görəsən sizin dostlarınız bilirmi ki, onlar kiminlə dostluq edir, çörək kəsir, yol yoldaşı olurlar?.. Axı, siz elə-belə adi insan deyilsiz... Sizi tərəziyə qoysalar, bilmək olmaz şəxsiyyətiniz böyükdür, yoxsa ifaçılığınız. Ona görə də dostlarınız fəxr eləməlidirlər ki, sizə əl verib görüşürlər". O, ölümündən iki gün qabaq, Türkiyəyə gedəndə məni otağına çağırıb dedi:

- Götür bu seyfın açarını, qoy qalsın səndə. Mən uzağa gedirəm. Bilmək olmaz, ölüm-itim dünyasıdır...

Açığı mən çox təəccübləndim. O, harasa respublikadan kənara qastrola gedəndə, mənə möhürü verirdi. Çünki hərdən sənədlərə möhür vurmaq lazım olurdu. Ona görə də o, seyfin açarını mənə verəndə, götürmək istəmədim və dedim: "Hacı bu nədi? Mən seyfin açarını neynirəm", - deyə götürmədim. Seyfdən möhürü götürüb, açarları ona qaytardım. Sonra onu texnikumun qapısına qədər yola saldım. Görüşdük, öpüşdük. O, bayıra çıxdı və öz maşınına sarı getdi. Mən də siniflərdə dərslərin gedişini yoxlamağa getdim...

Onun ölümündən sonra qapıçı qadın danışırdı ki, o, maşına minməmişdən əvvəl eynəyini çıxarıb, elə diqqətlə texnikumun qapılarına, pəncərələrinə baxdı, elə bil burdan əbədilik ayrıldığını hiss edirmiş...

Onun ölümü bizi yaman yandırdı... Bizim kollektiv qısa bir vaxtın içərisində ona çox öyrəşmişdi. Onu bir rəhbər kimi çox sevmişdi. O, bir göz qırpımında bizə rəhbər gəldi və göz qırpımıda da getdi... İndi elə bir günümüz olmur ki, onun otuz illik dostu, texnikumun yeni direktoru Hacı Rasim Quliyevlə, Hacı Ədalət Vəzirov haqqında söhbət eləməyək. Çox əfsuslar olsun ki, o, böyük sənətkar, xarici ölkələrdə daha böyük qiymətini almışdı, nəinki burada, öz Vətənində... Ona qısqanclıqla yanaşır və layiq olduğu qiyməti vermirdilər. Deməli, doğurdan da belə çıxır ki, peyğəmbərliyi sübut eləmək üçün hökmən vətəndən kənara getmək lazımdır?.. Onun həyatdan getməsi, Azərbaycan musiqi aləmi üçün çox böyük itki idi. Məhz ona görə də Ədalət Vəzirovun musiqi dünyamızda indi yeri çox görünür. Müəyyən vaxtlara qədər də bu boşluq görünəcək. Türkiyəyə "Qara dəniz oda" orkestri ilə çıxışına getməyə bir həftə qalmış, otağında konsertmeystrlə məşq edirdi. Mən də işlə bağlı, texnikumdan getmək istəyirdim. Otağına girdim ki, ondan icazə alım. Gördüm ki, gözlərini yumub çalır. Konsertmeystr də onu müşayiət eləyir. Dedim: "Hacı mənə icazə ver"... Elə bunu demişdim ki, o, dik atıldı. Özü də qorxdu, mən də qorxdum. Demə o, ifa etdiyi bu lirik musiqini çalanda necə uyubsa, necə yaşayırmışsa, çaldığı musiqi ilə, həyatdan qırılıbmış, yanında adam olduğunu belə hiss etmirmiş. Sonra mənə baxıb dedi: "Yaşar, yaman qorxuzdun məni. Heç belə qorxmamışdım". Mən də peşman oldum ki, onu öz aləmindən, öz dünyasından ayırdım...

- Onun əlli illik yubileyini necə qeyd elədiniz?

- O, təmtarağı, tərifı sevməyən insan idi. Ona görə də əlli illik yubileyini keçirmədi. Heç dostları ilə də qeyd etmədi. Ancaq həmin günü, yəni aprelin 27-də kollektivlə birlikdə kiçik konsert təşkil etdik. Özü də musiqilər çaldı. Sonra da heç

çay süfrəsi arxasına da əyləşmədik. Belə şeyləri, yəni təmtərağı, tərifı, şan-şöhrəti o, xoşlayan insan deyildi.

- Ədalət müəllim, ürəyindən şikayət eləyirdimi?

- Hərdən deyirdi ki, mədəm ağrıyır. Demə ürəyinin ağrısı imiş, ora vururmuş. Sonra mən ürək həkimlərindən öyrəndim ki, bəzən ürək ağrıları qola, mədəyə, kürəyə də vurur və adam inanmır ki, ürəyi ağrıyır.

- Səhər saat 5-də mən və dostumuz Firudin Quliyev, Ədaləti Aeroportdan Türkiyəyə, İstanbula yola salmağa getdik, - deyə Rasim Quliyev, Ədalət Vəzirovla axırıncı görüşlərini belə xatırladı. Firudinlə onun möhkəm zarafatı vardı. Heç vaxt da bir-birindən incimirdilər. Firudin mənə göz vurub dedi: "Ədalət, bəsdi də. Gecənin bu vaxtı adamlar şirin yuxuda olduğu vaxtı sən öldürdün ki, bizi. Gəcənin bu vaxtı sən təyyarəyə minib, kefnən yatacaqsan rahat təyyarədə. Biz isə yuxulu bu qədər yolu hələ geri, şəhərə qayıtmalıyıq. Belə olmaz axı. Bileti bir az gündüzə al də. Heç olmasa səkkizə, doqquza"... Ədalət də hazırcavab idi. O, heç vaxt tutarlı söz demək üçün çox fikirləşməzdi. Elə bil hər söz, hər fikir onda əvvəlcədən proqramlaşdırılmışdı. Özü də hər fikrini müdrik kəlamlarla, atalar sözləri ilə tamamlayardı. O, Firudinə baxıb dedi: "Dostluq həyat vəsiqəsidir. Siz də hər dəfə yuxunuza haram qatmaqla sübut eləyirsiz ki, mənimlə dostsunuz. Sizin kimi dostu olan day taksi tutası deyil ki. Əgər elədirsə, onda taksi sürənlə dostluq eləyərəm də. Day sizi neynirəm?.." Onun çox baməzə formada dediyi bu sözlərə hər üçümüz güldük. O gün Ədadəl Aeroporta qədər zarafat elədi və güldük... Dediyim kimi onda hər bir söz bədahətən duzlu, yumorlu alınırdı. O da bizimlə ayrılanda gülümsünüb dedi: "İlk dəfə səhər sübh tezdən özünüzün şirin yuxunuza haram qatıb, məni yola saldığınıza, bu zəhməti çəkdiyinizə görə zəhmətinizi, əziyyətinizi mənə halal eləyin. Atalar deyib ki, dostsuz insan qanadsız quşdur. Qoy Ulu Tanrı heç vaxt sizin kimi qanadlarımı məndən almasın".

Görünür ona hansısa bir qüvvə dedi ki, halallıq al. Biz də dedik ki, ay qardaş nə zəhmət, nə əziyyət. Dost yolunda boran olar, qar olar. Məgər sən həmişə bizə demirsən ki, dostluq həyat vəsiqəsidir. Bizdə o vəsiqəni otuz ildən artıqdır ki, qazanmışıq. Beləcə, zarafatlaşıb, meyriban ayrıldıq...

-Siz onunla uşaqlıq illərindən dostluq eləyirdiniz. Bəs bir sənətkar kimi onun haqqında nə deyə bilərsiniz?

-Mən onun insani keyfiyyətlərindən, sənətkarlığından, dosta, yoldaşa münasibəti haqqında saatlarla danışa bilərəm. Elə onun sənətkarlığı ilə bağlı qisaca bunu deyə bilərəm ki, sənət aləminə bundan sonra çoxlu kamança çalanlar gələcək. Amma qətiyyətlə deyə bilərəm ki, onların heç biri bu sənətdə Ədalət Vəzirov kimi virtioz, ustad sənətkar ola bilməyəcək. Sizə bir həqiqəti də deyim ki, əgər Ədalə Vəzirov istəsəydi yeni muğamlar da kəşv edə bilərdi. Yeni müğam da yaza bilərdi. Çünki onda bu istedad və təxəyyül də vardı. Onun hissləri və düşüncəsi ozündən bir neçə metrə qabaqda idi. Ədalət həddindən artıq uzaqgərən insan idi. O, dostlarından kininsə vəziyyətinin ağır olduğunu hamımızdan əvvəl görürdü və bizi məcbur edirdi ki, hamımız birləşib ona köməklik edək. Ədalət evdən yox, eldən getdi...

Bu sözlərdən sonra Rasim müəllim özünü saxlaya bilməyib kövrəldi... Beləcə o, bir neçə dəqiqə kövrəldi və mən də heç nə deməyib, bir nöqtəyə baxır, elə bu otaqda Ədalət Vəzirovu, bu texnikuma təzə direktor təyin olunan vaxtı, təbrik eləməyə gəldiyimı xatırlayırdım. Çünki Ədalət müəllimi mən də uzun illər idi ki, yaxından tanıyırdım. Onunla bacanağ olan şair-dramaturq, dostum Camal Yusifzadənin "Səhər qatarı" pyesinə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında quruluş verən vaxtı, ilk tamaşaya Ədalət Vəzirov da gəlmişdi. O vaxtdan bizim onunla yaxın tanışlığımız başlamışdı. Bu tanışlıq, mən teatra rəhbərlik etdiyim vaxtlarda dostluğa çevrildi. Onu direktor təyin olunması münasibəti ilə təbrik etməyə gələndə istəyirdim ki, bir müsahibə hazırlayım, şöbə müdiri olduğum "Azad Azərbaycan" qəzeti üçün. Lakin Ədalət müəllim razılaşmadı. Dedi hələ tezdir. Qoy bir az işləyim sonra... Heyf. Gərək mən təkid eləyəydim. İnanıram ki, o vaxt bizim yaxşı bir müsahibəmiz yaranardı. Çünki elə həmin vaxt biz onunla incəsənət, ədəbiyyat haqqında maraqlı söhbətlər elədik... Çox əfsus ki, mən diktofonu qoşub, həmin söhbətimizi lentə yazmadım. Bax buna çox heyfislənirəm...

- O, gedib İstanbulda, azərbaycanlı, məşhur bəstəkar Musa Mirzəyevgilə. Oturub çörək yeyib, çay içiblər. Axşam saat on radələrində deyib ki, mən gedirəm mehmanxanaya. Hörmət xatirinə ona mehmanxanada ayrıcı otaq veriblərmiş, - deyə Rasim müəllim sükutu pozub söhbətinə davam elədi... Okyabrın 5-də səhər saat on birdə onun orkestrlə məşqi olacaqmış. Gözləyiblər, gəlməyib. Onlar da bilirmişlər ki, Ədalət Vəzirov məşqə gecikən adam deyil. Ümumiyyətlə o, gecikməyi xoşlamırdı. Saat on ikidə mehmanxanaya gəlib, onun qaldığı otağın qapısını döyüblər. Heç kim açmayıb. Onlar da bilirdilər ki, Ədalət müəllim dükan-bazar xoşlayan adam deyil. Əlavə açarla otağı açanda görüblər ki, o, yerdə uzanıb... Yəqin ki, ürəyinin ağrısı tutub. Qapıya gəlmək istəyib və yerə yıxılıb, dünyasını dəyişib... Sonra həkimlər müəyyənləşdirdilər ki, ürək damarlarının geniş infarktı olub. Həmin vaxtı ona ayağa durmaq olmazmış. Həm də otaqda başqa adam olsaydı, tez həkimə xəbər versəydilər, yəqin ki, Ədalət Vəzirov sağ qalardı... Nə bilim?.. Allaha qurban olum. Onun belə də işləri var. Bəlkə də o düz fikirdir ki, Allah sevdiyi insanları tez aparır, özünün haqq dünyasına... Ancaq bizim heç vaxt ağlımıza gəlməzdi ki, Aeroportdakı görüş dostumuz Ədalətlə son görüşümüz imiş... Biz, onun dostları hələ də Ədalətin yoxluğuna inanmırıq. Bizə elə gəlir ki, o sağdır. Harasa qastrola gedib və qayıdacaq...

Rasim müəllim daha heç nə deyə bilmədi və yenidən kövrəldi. Mən isə ona mane olmadım. Çünki bilirəm ki, göz yaşları dolmuş ürəyin boşalması, onun sarsıntı keçirməməsinin, ağrımamasının birinci açarıdır... Əgər Ədalət də mahnıları çalanda ürəyinin yaşını göz qapaqlarına versəydi bəlkə də ürəyi ona və bizə belə vəfasız çıxmazdı...

Belə böyük sənətkarın vəfat etdiyini eşidən çoxlu şairlər, söz ustaları Ədalət Vəzirovun şəninə sözlər qoşub, ağılar dedilər. Şairə Əsli Qarabağlı da, ustad, virtuoz sənətkarın kamançasından qopan nalələrə, ağılara, insanın beyninə, iliyinə işləyən musiqisinə bu sözləri qoşdu.

O gün Ədalət biləydi hardan,
Əbədi ayrılır öz kamanından.
Qisməti beləymiş yəqin Tanrıdan,
Ağla gözlərim, ağla gözlərim.

Ədalət çalırdı yumub gözlərin,
Kamanla deyirdi ürək sözlərin.
Bir kimsə bilmirdi axır diləyin,
Ağla gözlərim, ağla gözlərim.

Bu səs anaların laylay səsiydi,
Bu səs Şuşanın çağırış səsiydi.
Bu səs Xocalının iniltisiydi,
Ağla gözlərim, ağla gözlərim.

Ya Rəb bu boyda eli olan da,
Qardaşı, övladı, dostu olan da.
Tənha can verərmi qürbət diyarda,
Ağla gözlərim, ağla gözlərim.
Ağla gözlərim, ağla...

Bəli, özü böyük ustad sənətkar olan, otuz ildən artıq Azərbaycan musiqisinə böyük töhfələr verən, bu musiqilərlə sərhədsiz bir dünya yaradan Ədalət Vəzirov yaşadı bu dünyada. Öz zəhməti, istedadı ilə yüksəldi və ən əsası da ədalətli ömür sürdü. Bax ona görə də uşaqdan böyüyə kimi hamı deyir: "Allah sizə rəhmət eləsin, Hacı Ədalət Vəzirov. Qəbriniz nurla dolsun. Siz bu millətin böyük sənətkarı olaraq, əbədi yaşayacaqsınız. Artıq sizin adınız Azərbaycan müsiqi tarixinə qızıl hərflərlə yazıldı. Adınız, işığınız, nurunuz mübarək Hacı Ədalət Vəzirov".

Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi
agalar-idrisoglu@mail.ru

Bütün xəbərlər Facebook səhifəmizdə