AĞALAR İDRİSOĞLU

Həmin il bu mahala qış çox sərt gəlmişdi. On gün idi ki, qar-çovğun ara vermir, külək ağacları elə bil ki, yerindən çıxarmaq üçün onlarla “güləşirdi”. Küləyin bu gücünə tab gətirməyən yaşlı, kökləri çürüməkdə və üzdə olan ağaclar gurultu ilə yerə dəyirdilər. Bu qardan, tufandan vəhşi heyvanlar da çox qorxuya düşmüşdülər. Həmişə bir-birini görəndə didib-parçalamaq istəyən vəhşi heyvanlar, indi instinktlə bir yerə yığışıb, mehribanlaşıb, bir-birini qorumaqla bu tufana, qasırğaya, lopa-lopa yağan qara, buz parçalarına güclə də olsa sinə gərərək, ölüm-dirim uğrunda döyüşürdülər…

Amma bir canavar sürüsü başqa heyvanlara qarışmayaraq, özləri qarlı, şaxtalı meşədə yemək axtarmaq, acından ölməmək üçün on gün idi ki, ov axtarırdılar, amma heç nə tapa bilmirdilər… Başqa heyvanlara hücum edib, onlardan ən zəiflərini özlərinə ov etmək istəsələr də indi heç nə tapa bilmirdilər…

Çünki havanın belə sərt olmasından bütün heyvanlar, ayılar, şirlər, çaqqallar, tülkülər, hətta ən zəif heyvanlar, quşlar belə instinktlə biri-birinin ətrafına sığınmışdılar. Belə ki, onlar instiktnən başa düşürdülər təbiətin bu şıltaqlığına yalnız birikdə qalib gələ bilərlər. Ona görə də bu heyvanlar ayıların yaşadığı böyük bir mağaraya sığınmışdılar. Əlbəttə, həmin canavar sürüsünün bundan xəbəri yox idi. Əgər xəbərləri olsaydı bəlkə onlar da həmin heyvanların yanına “təşrif “ buyurardılar. Beləliklə, meşədə heç bir canlıdan ins-cins olmadığınadan həmin canavar sürüsü özlərinə ov tapa bilmirdilər. Heç bir qarğa, saxsağan, tısbağa da gözə dəymirdi…

… Artıq bu canavar sürüsünün aclıqdan öləcəyini görən bir canavar özünə belə qərar verdi ki, sürüdən ayrılıb, bir kəndə, insanlar yaşayan yerə getsin. Həm də bu sürü ilə onu daha heç nə bağlamırdı. Çünki iki gün bundan qabaq onlar yol gedən vaxtı həmin canavarın dişisi qayadan dərəyə uçmuşdu. Erkək canavar onu xilas eləyə bilməmişdi. Həmin canavar sürüsü də ona köməklik eləməmişdi. Buna görə özünü qınayırdı ki, uzun illər bu sürüyə arxa-dayaq olmuşdu. Onları həm insanlardan, həm də vəhşi heyvanlardan qorumuşdu. Amma iki gün bundan qabaq onun dişisi qayadan dərəyə düşəndə, heç bir canavar ona kömək edib, qayadan dərəyə düşüb, onun dişisinin sağ qalıb-qalmadığını öyrənmək istəməmişdi. Məhz buna görə də onda artıq bu sürüyə qarşı nifrət yaranmışdı. O özü dərəyə düşmək istəyəndə də onu qoymamışdılar və məcbur eləmişdilər ki, onlarla birlikdə ov axtarmağa getsin. Axı sürüdə olan canavarların çoxu məhz ona, onun qoçaqlığına güvənirdi... Bütün bunları beynindən keçirən və bu canavar sürüsünə artıq nifrət eləyən erkək canavar, o biri canavarlardan bir qədər arxada qalıb, onlar gözdən itəndən sonra, böyük bir ümidlə son gücünü toplayıb, başqa bir səmtə getdi.

Beş-altı kilometr bu ümidlə, inamla yol gedəndən sonra bir işıq gördü. Meşənin kənarında olan həmin işığa doğru getmək qərarına gəldi. Belə də etdi və son gücünü torlayıb, qarda sürünə-sürünə həmin işıq gələn yerə çatdı. Artıq gecənin yarısı idi. Evdən səs-səmir gəlmirdi. Deməli, evdəkilər yatmışdılar. Bir az kənarda isə başqa evlər görünürdü. Amma həmin evlərə tərəf getməyə canavarda hey qalmamışdı... Canavar həyətin ağac budaqlarından hörülmüş hasarının yanında dayanıb ucadan ulamağa başladı. Artıq heydən düşdüyünə görə səsi elə də ucadan çıxmırdı. Canavar bir neçə dəfə ulayandan sonra, bu vaxt evdən əlində beşaçılan tüfəng bir kişi çıxdı. Əlindəki fanarı hasarın yanındakı qaraltıya tuşladı. Gördü ki, canavardır. O, ömrü boyu burada yaşadığından və heyvanların da dilini bildiyindən başa düşdü ki, bu canavar bura ziyan verməyə gəlməyib. Yəqin sürüsündən ayrı düşüb və acdır. Ondan kömək istəyir.

Canavar isə elə başa düşdü ki, əlində silah olan adan onu öldürəcək, ona görə də həmin adama yalvarmağa başladı.

-Ey insan! Sizə yalvarıram. Məni öldürməyin. Mən bura sizin mal-qaranı oğurlamağa, sizə ziyan verməyə gəlməmişəm. Məni bura gəlməyə aclıq məcbur eləyib. On gündən çoxdur ki, acam. Mənə nə isə verin yeyim, acından ölməyim.

Kişi canavarın həqiqətən də ac olduğunu başa düşdü və evə girib, bir parça ət götürüb, yenidən bayıra çıxdı və canavara sarı atdı. Canavar cəld qarın üstünə düşən ətə yaxınlaşıb, onu acgözlüklə yeməyə başladı. Əti yeyəndən sonra bir qədər də kişiyə yaxın gəlib, qarın üstündə uzandı.

-Sağ ol ey insan. Sən məni ölümdən qurtardın. Bundan sonra mən sənə qul kimi, sənin sadiq itin kimi qulluq eləməyə hazıram.

-Siz canavarlara etibar yoxdur.
-Düzdür. İnsanlar bizim haqqımızda belə deyir. Əslində belə deyil.

-Mən əlli ildir ki, lap uşaqlıqdan bu meşənin kənarında yaşayıram. Bu vaxta qədər siz canavarların bizə necə ziyanlar vurduğunu çox görmüşəm. Ulularımız da deyib ki, “canavarla dostluq eləyənin silahı yanında olmalıdır”.
-Onu düz deyirsiniz. Biz canavarlar sizlərə çox ziyanlar vurmuşuq. Ona görə etibarımızı itirmişik. Amma mən söz verirəm ki, onlar kimi olmaram. Sizin etibarınızı qazanaram.
Bu vaxt kişi eyvanın üstündəki dəmir məftillərlə toxuduğu qəfəsi götürüb, həyətə düşdü. Hasara yaxınlaşdı və cəld hərəkətlə canavar olan yerə atdı. Canavar dəmir qəfəsin ortasında qaldı. O qəfəsdən çıxmağa da heç bir hərəkət eləmədi.

-Qoy siz deyən kimi olsun. Məni elə bu qəfəsin içərisində saxlayın. Əgər sizin etibarınızı qazansam çıxararsız. Amma söz verirəm ki, sizə sadiq itlərinzdən daha yaxşı xidmət eləyəcəm.
-Təki sən deyən kimi olsun. Yaşayarıq, görərik,-deyə kişi cavab verdi. O, həmin dəmir qəfəsi sürüyüb, kürsülü evin altına atdı ki, canavar səhərə kimi qarın altında qalıb donmasın.
Sübh tezdən kişi yuxudan durandan sonra həyətə düşüb, evin altında dəmir qəfəsin içində olan canavara baxdı. Canavar soyuqdan donub öləmişdi. Büzüşüb yatmışdı.

-Deyəsən soyuqdan donubsan?
-Hə. Donmuşam. Amma ac olmadığıma görə bir təhər soyuğa dözmüşəm. Bilirəm siz mənə inanmırsız. Amma möhlət verin əməllərimlə özümü doğruldum.

-Lap yaxşı. İndi səni istlər olan isti tövləyə aparacam. Amma onlarla bir yerdə saxlamayacam. Elə dəmir qəfəsdə qalacaqsan. Yoxsa onlar səni parça-parça eləyərlər.
-Necə istəyirsiniz, elə də olsun.

Kişi dəmir qəfəsi canavarın üstündən götürdü. Amma itlər üçün həmişə hazır saxladığı bir dəmir boyunduruğu canavarın boynuna bağladı və həmin boyunduruğa da bir zəngir bağlayıb, dəmir qəfəsi bir əlində, canavarın ipi də o biri əlində isti tövləyə, itlər üçün olan dama gətirdi. Bunu görən itlər hürməyə, haray-həşir salmağa başladılar.

-Haray-həşir salmayın! Bu canavar bundan sonra burada, sizin yanınızda, sizin damınızda, amma qəfəsdə qalacaq. Əgər ona hansı biriniz toxunsanız, hamınızı güllələyərəm!

İtlər ev yisəsinin dediyi sözü eləyən, cod adam olduğunu bildiklərindən və ondan qorxduqlarından susdular.
Beləliklə, canavar bir müddət həmin qəfəsin içində, itlərin damında qaldı. Kişi hər gün itlərə verdiyi yaldan bir az da artığını camavara verirdi ki, özünə gəlsin. Canavar da bu yalı həvəslə yeyirdi.

Artıq kiçik çillə qurtarmışdı. Qarlar da ərimişdi. Yalnız dağların ətəklərində gün düşməyən yerlərində və başında qar qalmışdı. Az bir vaxtdan sonra havalar da isinməyə başladı.

İtlər həyətdə gəzir və yeri gələndə həmin kişinin qoyun sürüsü və mal-qarası ilə birlikdə meşəyə gedirdilər. Amma canavar hələ də itlərin damında qəfəsdə qalırdı. Hərdən kişinin ən çox sevdiyi qancıq iti, kənardan durub, bu canavara baxırdı. Canavar, həyətdəki itlərdən daha böyük və yaraşıqlı idi. Hətta alnında ağ bir qaşqa vardı. Ev yiyəsi də canavarın alnında ağ olduğuna görə, ona Alabaş adı qoymuşdu.
Kişi qancıq itin kürsəyə gəldiyini başa düşüb, onu canavarla cütləşdirmək istəyirdi. Amma canavar heç cürə cancıq itə yaxın getmək istəmirdi. Bu, kişini çox qeyzləndirirdi. Axırda dözməyib canavara dedi:

-Sən niyə bu itə yaxın getmək istəmirsən?

-Biz meşədə yemək axtaran vaxtı mənim cütüm olan dişi canavar qayandan dərəyə düşüb öldü. Siz bilirsiniz ki, biz erkək canavarların dişisi öləndən sonra o heç bir dişi canavarla cütləşmir. Hətta bir dişi canavarın doğduğu dişi və erkək canavarlar da bir-birilə cütləşmirlər.

-Onu bilirəm. Axı bu canavar deyil, itdi.

-İtlər üçün bunun fərqi yoxdur. Amma biz canavarlar heç vaxt belə şey eləmirik.

-Mən istəyirəm ki, sən bu qancıqla cütləşəsən. Onda onun doğduğu küçüklər də sənin kimi güclü, yaraşıqlı olacaq.

-İstəyirsiniz məni vurub öldürün. Amma mən sizin bu istəyi, arzunu eləməyəcəm... Eləyə bilməyəcəm…
Kişi daha heç nə demədi. Bir gündən sonra gördü ki, həmin qancıq it, öz həyətlərində olan iki erkək itlə yox, qonşunun erkək iti ilə cütləşib. Bu, ona pis təsir etsə də üzə vurmadı…

… Adı Alabaş qoyulan canavar az bir vaxtda ev yiyəsinin də, onun uşaqlarının da etibarını qazandı. Kişi zənciri açıb, onu çölə buraxdı. İtlər də kişinin qorxusundan ona dəyib-dolaşmırdılar. Amma qancıq it, daha ona yaxınlaşmırdı. Həmişə ona nifrətlə baxırdı. Hər dəfə də ona hürürdü ki, ev yiyəsi canavara inamını itirsin və onu burdan qovsun. Alabaş da həmin qancıq itə heç fikir vermirdi. Kişinin meşəyə gedən mal-qoyun sürüsünü itlərlə birlikdə qoruyurdu.

Bir dəfə yenə meşəyə gedəndə qonşunun erkək iti də gəlib ora çıxdı. Həmin it neyçünsə birdən-birə Alabaşın üstünə cumdu. Əvvəlcə Alabaş ona fikir vermək istəmədi. Qonşunun iti Alabaşın ondan qorxduğunu hiss edib, onun üstünə cumdu. Alabaş qonşu itinin onu parçalayacağını başa düşüb, cəld onun qulağından tutdu və möhkəm sıxmağa başladı. Alabaşın dişləri qonşu itinin qulağını bıçaq kimi kəsdi. Qonşu itinin bir qulağı canavarın dişlərinin arasında qaldı. Qonşu iti fəryad qopararaq zingildəməyə başladı. Kişi cəld onlara yaxınlaşıb, Alabaşı vurmağa başladı. Amma özü də görürdü ki, günah Alabaşda yox, qonşunun itindədir. Alabaş qonşunun itindən uzaqlaşdı. Qonşunun iti qulağından qan axa-axa, tayqulaq və fəryadla zingildəyə-zingildəyə tez oradan qaçdı. Yəqin fikirləşirdi ki, Alabaş onun o biri qulağını da qoparacaq. Bu, kişiyə çox pis təsir elədiyinə görə yenə də əlindəki çomaqla canavarı vurdu və əsəbi dedi:

- Bax, görürsən? Siz canavarları əhilləşdirmək mümkün deyil. Deyirlər sizi heç sirkdə də əhilləşdirə bilmirlər. Bu hərəkətinə görə də mən səni cəzalandıracam!

Kişi axşam qoyun sürüsü və mal-qara ilə meşədən qayıdandan sonra canavarı yenə həmin dəmir qəfəsə saldı. Dəmir qəfəsi həyətdəki böyük ağacının altına qoydu. Qonşunun iti isə qorxusundan bir neçə gün heç öz həyətlərinə də getmədi. Qulağının ağrısından zingildəyə-zingildəyə küçələrdə veyil-veyil gəzdi.

Səhəri günü kişi özü mal-qoyun sürüsü ilə, uşaqları və itləri də ona köməklik etməklə meşəyə getdilər. Hətta kişi acığından Alabaşa yal da qoymamışdı. Onu aclıqla imtahana çəkirdi. Bu yolla da ona zülüm verirdi…

Artıq günortaya yaxınlaşırdı. Aclıq canavara təsir eləyirdi. Çünki axşamdan ac idi. Bu vaxt kişinin xanımı əlində bir padnos yemək evdən çıxıb, qonşunun hasarına yaxınlaşıb, bir fit işarəsi verdi. Evin iyəsi, cavan kişi eyvana çıxdı. Qonşu qadını görüb, tez eyvandan düşüb, onlarla aralarında olan həyət qapısını açdı.

-Getdilər,- deyə qonşu kişi soruşdu.

-Hə. Getdilər. Uşaqları da məcbur elədim ki, onunla getsinlər.

-Nə yaxşı,-deyə kişi yemək padnosunu qadından aldı və qadın da onun qoluna girib, qonşunun evinə girdilər.
Bunu görən canavar çaşıb qaldı. Başa düşdü ki, bu qadınla kişinin arasında uzun müddətdi ki, bir sevgi macərası var. Əvvəl fikirləşdi ki, dəmir qəfəsi sındırıb, hasardan atılıb, evə girib onların hər ikisin parçalasın. Amma səbrini basıb bir qədər gölzədi.

… Bir müddət keçəndən sonra onlar pörtmüş bir vəziyyətdə evdən eyvana çıxdılar… Qonşu kişi qadını qucaqlamışdı və qadın da balaca quş anasına sığınan kimi ona sığınmışdı və başını sinəsinə qoymuşdu.
Bundan qeyzlənən canavar möhkəm uladı və qeyzlə qəbəsi sındırmaq istədi ki, oradan çıxıb, onları parçalasın. Canavar qeyzlə qəfəsi qonşunun hasarına sarı sürüyüdü. Qonşu yekəpər kişi və qadın bundan möhkəm qorxdular. Kişi cəld evə girib, tüfəngi götürdü və bayıra çıxdı. Canavar başa düşdü ki, qonşu kişi onu vurub öldürəcək. Tez sakitləşdi. Yenidən qəfəsi əvvəlki yerinə tərəf sürüdü. Qadın qorxu ilə qonşunun həyətindən çıxıb, tez öz evlərinə qaçdı. Və bütün günü daha evdən çıxmadı…

Axşam kişi evə gələndə, arvadının çox əsəbi olduğunu gördü.

-Nə olub? Niyə rəngin-rufun ağarıb?

-Sənin bu vəhşi canavarın az qalmışdı ki, məni parçalasın. Axı mən sənə neçə müddətdi ki, deyirəm bu canavarı itir getsin, sən isə mənə qulaq asmırsan!

-Axı canavarın səninlə nə işi?

-Həyətə düşüb, toyuq-cücəyə dən atmaq istəyirdim, cümdu mənim üstümə. Az qalırdı ki, dəmir qəfəsi sındırıb, məni parça-parça eləsin.

- Axı o səkkiz aydan çoxdur ki, buradadır və heç vaxt belə hərəkət eləmir. Hətta…

-Sənə əmr eləyirəm, -deyə qadın onun sözünü kəsib daha uca sələ dedi:- Ya elə indi onu vurub öldürməlisən, ya da apar meşəyə burax qoy çıxıb getsin! Bu evdə ya o canavar qalacaq, ya da mən!

Kişinin arvadı özündən çox cavan idi. Arvadını çox istəyirdi və onun hər əmrini də həmişə yerinə yetirdi. Bu evdə böyüklük də qadının əlində idi. Uşaqlar analarına etiraz etmək istəyəndə qadın onların başına elə çımxırdı ki, hər iki uşaq, qorxularından daha heç nə demədilər.

-Eşidirsən məni,- deyə qadın yenidən ərinin üstünə çımxırdı. O canavar elə indicə bu evdən getməlidi!
Kişi heç nə deməyib, həyətə düşdü. Əsəbi canavara yaxınlaşdı. Canavar artıq hər şeyi başa düşmüşdü. Çünki qadının bayaq dediyi sözləri eşitmişdi.

-Gördün ki, siz canavarları əhilləşdirmək olmur. Deməli, sən neçə müddətdir ki, mənim evimdə yediyin yeməyə də qiymət vermədin. Deyirdin ki, mənə sadiq olacaqsan. Bəs nə oldu?
Canavar kişinin üzünə bax, ona heç nə demədi. Çünki bilirdi ki, əsl həqiqəti ona desə, kişi inanmayacaq. Qadın da məcbur eləyəcək ki, kişi canavarı güllələsin.

-Bağışla. Mən sənə sadiq ola bilmədim,-deyə canavar günahkar kimi başını aşağa dikdi. Yalvarıram. Məni öldürmə. Burax gedim öz canavar sürümüzün yanına.

Kişi dəmir qəfəsi açdı. Canavar oradan çıxdı. Kişiyə və səkkiz aydan çox qaldığı bu həyətə baxdı və meşəyə sarı getdi. Kişi canavarın ardınca baxıb, donub qalmışdı. Bilmirdi düz hərəkət elədi ya yox…
Beləliklə, canavar meşəyə getdi və yenidən sağ qalan bir neçə canavara qoşuldu. Canavarlar onu qəbul elədirlər. Amma özlərinə başçı təyin eləmədilər. Çünki etibarı itirmişdi…

Kişi elədyi hərəkətdən peşiman idi və bir neçə gün gözlədi. Fikirləşdi ki, boynuna dəmir xalta taxdığı həmin canavarı sürüsü qəbul etməyəcək və o yenidən geri qayıdacaq. Amma həmin canavardan bir xəbər-ətər olmadı…

Həmin il yenidən qış sərt gəldi. Canavarlar meşədə heç nə tapa bilmədiyindən artıq kəndlərə hücum eləyirdilər, kəndlilərin mal-qarasına, hətta özlərinə də hücum eləyirdilər və ziyan vururdular. Ona görə də kənd adamları silahlarını hazır saxlayıb, tövlələrin də deşik yerlərini möhkəm suvayırdılar. Gecə səhərə qədər tövlənin yanında öz itlərilə birlikdə keşik çəkirdilər.

Həmin kişinin də qoyun sürüsü, mal-qarası çox idi. Bu ağzıqaralara heç nə verməmək üçün bütün gecəni tövlənin yanında keşik çəkirdi. Onun beş köpək iti vardı. Kişi inanırdı ki, bu itlərin hər biri on canavara dov gələ bilər. Ona görə də tam arxayın idi ki, canavarlar onun sürüsündən heç nə apara bilməzlər…
Fevralın son günləri olduğuna görə kiçik çillə özünü daha yava göstərirdi. Bütün günü lopa-lopa qar yağmışdı və gecə də səngimək bilmirdi. Hava çox soyuq olduğundan kişi nə qədər çox geyinsə də artıq üşüyürdü. Və qorxurdu ki, ayaq barmaqlarını don vursun. Ona görə də sübhə yaxın evə girib, ayaqlarını isitmək istəyirdi. Gecə yuxusuz qalması və otaqda havanın da isti olması, arvadının, uşaqlarının mışıl-mışıl yatması ona da yuxu gətirdi və özündən aslı olmayaraq mürgüləməyə başladı. Bu mürgüləməyin nə qədər davam eləməsini bilmədi və bir də onda eşitdi ki, bayırdan çox dəhşətli səs-küy gəlir. Bir it ucadan hürür, ulayır və hərdən də onun xırıltısı gəlir. Kişi tez bayıra çıxdı. Artıq hava işıqlanmışdı. İtlərinin ikisinin qar üstə sərildiyini və həmin qarın qan ləkələrindən qıp-qırmızı olduğunu gördü. Qalan üç itin orada olmadığını görüb, onların canavarların qorxusundan canlarını götürüb qaçdıqlarına əmin oldu və çox təəssüfləndi…

Qoyun tövləsinin qarşısında isə bir canavar var-qüvvəsilə qapını qoruyur və o biri canavarların tövlənin içərisinə girməsinə imkan vermirdi. On canavar isə onu dövrəyə alıb, didib-parçalamaq istəyirdilər. Hətta böyük bir canavar onun boğazından yapışsa da heç cürə boğa bilmirdi… Və tövlənin qapısından dartıb, uzaqlaşdırmağa çalışırdı ki, o biri canavarlar tövləyə girsinlər…

Kişi cəld beş açılan tüfənginin tətiyini çəkib, canavarlardan ikisini vurdu. Onlar zingildəyib, yerə yıxıldılar. Bunu görən o biri canavarlar tez qaçmağa başladılar. Bayaqkı canavarı boğmaq istəyən canavar da bunu görüb tez o canavarın boğazını buraxıb, qaçmaq istədi. Bu vaxt kişinin sərras gülləsi ilə yerə sərildi. Kişi bayaq yekə canavarın boğduğu canavara yaxınlaşdı. O ayağa durmaq istəsə də dura bilmirdi və zingildəyirdi. Boynundan axan qan isə ağ qara qarışır və qarın üstündə əcaib-qəraib rəng yaranırdı… Kişinin ona yaxınlaşdığını görən canavar da ona yaxınlaşmaq və elə bil ki, imdad diləmək istəyirdi. Amma yaxınlaşa bilməyib, qarın üstünə sərildi və xırıltı ilə can verməyə başladı.

Kişi ona yaxınlaşanda canavarın boynundakı dəmir xaltanı gördü və birdən heyrətə gəldi. Özündən asılı olmayaraq, diz üstə onun qarşısında çökdü. Başa düşdü ki, bir vaxtlar acından ölməyə qoymadığı “Alabaş” adlandırdğı bu canavar onun qoyun sürüsünü qoruyub ki, mal-qarasına canavarlar xətər yetirə bilməsinlər…
Canavar artıq son nəfəsini yaşayırdı. Gözlərindən yaş axırdı. Kişi onun qanlı başını yuxarı qaldırıb, bağrına basdı və özündən aslı olmayaraq hönkür-hönkür ağladı. O, indi sevimli itlərinin ölməsindən çox canavarın can verməsinə daha çox heyifislənirdi…

-Məni bağışla Alabaş. Deməli, sən mənə sadiq olubsan, amma mən bunu bilməmişəm. Arvadımın sözlərinə qulaq asıb, səni buradan uzaqlaşdırmışam…

-Sənin o sevimli qancıq itin, balalarını da götürüb qaçdı. Əgər o da balaları ilə bizə kömək eləsəydi, o biri itləri canavarlar boğa bilməzdi. Sən həmin vaxtı mənə çox qeyflənib, məni qovdun. Amma həmin vaxtı mənim heç bir günahım yox idi. Əsl həqiqəti də sənə deyə bilməzdim. Çünki…Çünki sən mənə yox, sevimli arvadına inanacaqdın. O…o… səni…

Canavar sözlərinin ardını deyə bilmədi və öldü. Onun başı kişinin qolları üstünə düşdü…
… Güllə səsinə gələn qonşular da, kişinin canavarı qucaqladığını, hönkür-hönkür ağladığını görüb, təəccüblə ona baxır və heç nə başa düşə bilmirdilər…

Sumqayıt şəhəri,
04 -aprel- 16 may 2024-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə