Tanrılar tanrısı Zevs (Zeus) bəzən Olimp (Olympos), bəzən İda, yəni Kaz dağlarının zirvəsində oturar, Yer üzündə olub-bitəni seyr edərdi. Yüksəklərdən açıq sahələri görər, beləliklə, hər şeydən xəbərdar olardı.
Yunan mifologiyasında tanrıların çoxu dağlarda, təpələrdə yaşayır. Tanrılar mifoloji qəhrəmanlardır əlbəttə ki, amma yüksəklər də insanı həmişə özünə çəkir. Bir yeri quş baxışı müşahidə etmək insana güvən və dinclik verir, çünki gələcək təhlükələri əvvəldən hiss edə bilirsən.
Bəlkə də buna görə hücumlara qarşı açıq bir yerdə yerləşməkdənsə, müdafiə olunması asan yüksək təpələri seçib insanlar yaşamaq üçün. Bu gün haqqında danışacağımız buludlar arasında şəhər - antik Kibira (Kibyra) da belə məskunlaşma yerlərindən biridir. Beləliklə, bu gün TRT “Türkiyənin səsi” radiosundan "Anadolunun ilkləri" rubrikamızda Anadolunun bir açıq hava muzeyi olduğunu təsdiqləyən, odeon, Roma hamamı, aqora (şəhər miqyaslı yığıncaqlar üçün yer), Meduza mozaikasıyla Anadolunun ilklərinə şahidlik edən və UNESCO Dünya Mirası Müvəqqəti Siyahısında yer alan, bu gün o qədər tanınmasa da, bir zamanların məşhur "Qladiatorlar şəhəri” Kibiradan danışırıq sizə. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, mən Sevda Mirzə oxuyub təqdim edirəm.
KEÇİD
Sərv və sədr meşələriylə əhatələnmuş, dərin uçurumlarla bir-birindən ayrılan üç təpə üzərində qurulub Kibira. Göz aldıqca uzanan çölləri, gölü, gözəl mənzərəsi var bu "Qladiatorlar şəhəri"nin. Tədqiqatçıların fikrincə, şəhərin adı Anadolunun ən qədim ana tanrıçası Kibeledən gəlir. Kibira şəhərinin simvolu yatan bir aslandıır. Bu da ana tanrı Kibelenin müqəddəs heyvanının aslan olduğu fikrinə gətirib çıxarır.
2300 yaşlı Kibira antik şəhəri bu gün Türkiyənin Burdur şəhərinin Gölhisar qəsəbəsində yerləşir. Su qaynaqları baxımından olduqca zəngindir bu antik şəhər. Bol su əkinçilik və heyvandarlığın inkişafını təmin edib burada. Dəri, dəmirçilik və keramika ilə məşğul olublar bu şəhərdə. Bundan başqa, antik dövrdə at yetişdirmə ilə bağlı da olduqca məşhur olub Kibira. Ona görə "sürətli qaçan atlar yurdu" kimi də tanınıb.
Eyni zamanda, Aralıq dənizi bölgəsinin əhəmiyyətli limanlarını iç bölgələrə bağlayan qovşaq şəhər olan Kibira bu sayədə zənginləşib və dövrünün mühüm məskunlaşma yerlərindən biri olub.
Stadionu, teatrı, parlament binası və aqorasıyla bir anda özünüzü Roma dövründə hiss edəcəyiniz maraqlı bir antik şəhərdir Kibira. Olduqca böyük sahəyə yayılan şəhərdə ictimai binalar, iqamətgahlar və dini abidələr simmetrik olaraq tikilib. Bundan başqa, şəhərdəki hər tikilidə göl və düzənlik mənzərəsinin görünməsi nəzərə alınıb və buna görə pilləvari təpə formasında ucaldılıb.
Şəhərə girişdə monumental qapı və Anadolunun antik dövrdəki ən möhtəşəm stadionu var. Burada qaçış, uzunluğa tullanma, güllə, cirit və disk atmaq üçün pentatlon qarşılaşmaları edilsə də, qladiator döyüşləriylə dövrünə damğa vurub Kibira stadionu.
Antik dövr tarixçisi və coğrafiyaşünası Strabonun yazdığına görə, “Kibirada 30 min piyada və 2 min atlı əsgər var idi". Hərbi xüsusiyyəti ilə önə çıxan şəhər bəlkə də buna görə qladiator döyüşlərinə ev sahibliyi edə bilib. Xalq tərəfindən çox böyük maraqla qarşılanan bu döyüşlər bir müddət sonra imperatorluq tərəfindən idarə edilib və mühüm gəlir qaynaqlarından birinə çevrilib.
Qladiator döyüşlərinə səhnə olan, xüsusi memarlıq üslubuna malik Kibira stadionu 12 min tamaşaçı həcmi və 200 metrlik meydanı ilə bu gün də Anadolunun ən böyük stadionlarından biri sayılır. Stadion təkcə nəhəngliyi deyil, eyni zamanda, qazıntılarda olan "qladiator frizləri", yəni daş bloklar üzərində qabartma şəklində oyulan heykəlləri ilə də önə çıxır. Qladiatorların həm bir-birləriylə, həm də heyvanlarla döyüşlərinin canlandırıldığı bu memarlıq qabartmaları insanların əslində nə qədər vəhşi və mərhəmətsiz ola bildiyinin səssiz şahidliyini izah edir. Saysız kölə, əsir və heyvan öldürülüb meydanda, amma basdırılmağa layiq qladiatorlar olub. Qladiator məzarları stadiondan şəhərin qəbiristanlıq sahəsinə uzanan monumental yol üzərindədir. Qəbirlər türbə kimi yerüstü abidə və yeraltı otaq məzarları şəkilindədir.
KEÇİD
Kibira antik şəhərində diqqət çəkən başqa tikili odeondur. Antik dövrdə musiqi səsləndirilən bina idi odeon. Kibiradakı odeon isə həm musiqi evi, həm də parlament binası kimi istifadə edilib. Təxminən 3500 nəfərlik həcmi ilə antik dünyanın ən böyüyü olaraq qəbul edilən Kibira odeonunu daha maraqlı edən binanın və ifaçıların tam mərkəzində, döşəmədə bir mozaikanın olmasıdır. Görənləri heyran edən, baxışları ilə insanları sanki daşa çevirən, ilan saçlı Meduza mozaikası. Xüsusi texnika ilə qırmızı, yaşıl və ağ mərmərdən işlənən mozaika Anadoluda ilk və təkdir. Ondan əvvəl bu böyüklükdə və bu texnika ilə düzülən belə bir mozaika yoxdur. Hətta dünya tarixində döşəməyə düzülmüş ilk Meduza fiquru olduğunu irəli sürən araşdırmaçılar da var.
Odeonun önündə isə 540 kvadrat metr sahəsiylə Anadoludakı ən böyük və möhkəm döşəmə mozaikası yenə bu antik şəhərdədir.
Kibiradakı odeonun bir funksiyası da binanın həm də bölgə məhkəməsi olaraq istifadə edilməsidir. Strateji mövqeyinə görə şəhərin hüquqi mərkəzi burada idi və bölgədəki məhkəmə işləri Kibira odeoundan idarə olunurdu.
Kibirada stadion və odeondan sonra ən böyük üçüncü tikili 1800 illik hamamdır. Örtdüyü sahə baxımından da bu hamam Anadolunun ən böyük hamamlarından biri sayılır.
KEÇİD
Mədəniyyət və sivilizasiya tarixini yerində görmək və kəşf etmək imkanı verir Anadolu torpaqları. Məşhurlarından başqa, az tanınan, torpağın altında qalan və yenidən gün üzünə çıxmağı gözləyən nə qədər antik şəhər var burada.
Bir zamanların görkəmli şəhəri olmuş Kibira bu gün az tanınır. Dövrünün ən sürətli atlarını yetişdirən, qladiator döyüşlərinə şahidlik edən bu şəhər sanki zamanını doldurub və səssizliyə bürünüb. Qabartmalardakı daş fiqurlar toxununca canlanacaq, mozaikadakı Meduza baxışlarıyla insanı daşa çevirəcəkmiş kimi dayanır bu gün. Əsrlərin izini saxlayan Kibira maraqlananların qulağına aid olduğu zamanın hekayəsini pıçıldamağa və onları tarixi bir səfərə çıxarmağa həmişə hazırdır.
İstəkli dinləyicilər, TRT “Türkiyənin səsi” radiosundan "Anadolunun ilkləri" rubrikamızda Anadolunun açıq bir hava muzeyi olduğunu təsdiqləyən, odeonu, Roma hamamı, aqorası, Meduza mozaikasıyla Anadolunun ilklərinə şahidlik edən və UNESCO Dünya Mirası Müvəqqəti Siyahısında yer alan, bir zamanlar məşhur, amma bu gün o qədər də tanınmayan "Qladiatorlar şəhəri” Kibiradan danışdıq sizə. Mətni Neslihan Değirmencioğlu hazırlamışdı, mən Sevda Mirzə oxuyub təqdim etdim.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB