"Yeni dünya düzəni formalaşma mərhələsinə daxil olub" - MÖVQE

"Dünyada baş verən qlobal proseslər - İran ətrafında yaşanan gərginlik, Yaxın Şərqdə davam edən qarşıdurmalar, Ukrayna müharibəsi və onun regiona yayılma ehtimalları, Tayvan məsələsi, Sakit Okean hövzəsində yeni münaqişə risklərinin artması, eləcə də Latın Amerikasında müşahidə olunan siyasi dəyişikliklər - beynəlxalq sistemdə ciddi transformasiyanın getdiyini göstərir".

Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, bu mənada demək olar ki, dünya yeni dünya düzəninin formalaşması mərhələsinə daxil olub: "Yeni dünya düzəninin necə formalaşacağını anlamaq üçün ilk növbədə mövcud sistemin niyə dəyişdiyini təhlil etmək lazımdır. Əgər qlobal miqyasda yeni idarəetmə modeli qurulursa, deməli, böyük güclərin bir qismi mövcud sistemdən artıq tam şəkildə razı deyil və onu dəyişdirməyə çalışır.

Burada müxtəlif konspirologiyalara və “gizli güclər” nəzəriyyələrinə fokuslanmaqdan daha çox, dövlətlərin maraqlarına diqqət yetirmək vacibdir. Beynəlxalq münasibətlər nəzəriyyəsində realizm məktəbi uzun illərdir bildirir ki, dünya siyasətində əsas rol dövlət maraqlarına məxsusdur və bu gün baş verən hadisələr də bunu bir daha təsdiqləyir.

Hazırda bəzi böyük dövlətlər mövcud beynəlxalq sistemi ədalətsiz hesab edir və yeni güc bölgüsünün formalaşdırılmasına çalışırlar. Bu dövlətlər arasında ilk növbədə Çin, Rusiya və ABŞ ön plana çıxır.

Çin iqtisadi baxımdan sürətlə yüksələn dövlətdir, lakin Pekin hesab edir ki, mövcud sistemdə onun siyasi və hərbi təsir imkanları iqtisadi gücü ilə müqayisədə məhdudlaşdırılıb. Buna görə də Çin yeni dünya düzənində daha böyük rol almağa çalışır.

Rusiya isə keçmiş SSRİ dövründə sahib olduğu geosiyasi təsiri itirdiyini düşünür və yenidən regional və qlobal güc mərkəzi kimi mövqeyini gücləndirməyə çalışır. Moskvanın son illərdəki siyasəti də əsasən bu məqsədə xidmət edir.

ABŞ məsələsinə gəldikdə isə, Vaşinqton uzun illər qlobal təhlükəsizlik sisteminin əsas yükünü daşıyan ölkə olub. Lakin son dövrlərdə ABŞ daxilində də belə bir fikir güclənir ki, mövcud sistem Amerika üçün həm iqtisadi, həm də siyasi baxımdan artıq böyük məsuliyyət və xərc yaradır. Buna görə də ABŞ müəyyən mənada daha balanslı və regional güclərə əsaslanan yeni modelə maraq göstərir.

Görünən odur ki, gələcək dünya düzənində regional güclərin rolu daha da artacaq. Müxtəlif regionlarda müəyyən dövlətlər təhlükəsizlik və siyasi təsir baxımından dominant mövqeyə sahib olmağa çalışacaqlar. Bununla yanaşı, qlobal səviyyədə əsas supergüc mərkəzləri kimi hazırda ABŞ və Çin ön plana çıxır.

Lakin beynəlxalq münasibətlər sistemi dinamikdir və burada hər şey əvvəlcədən tam şəkildə müəyyən olunmur. Gələcəkdə yeni güc mərkəzləri meydana çıxa bilər, bu gün ikinci planda görünən bəzi dövlətlər gözlənilmədən daha böyük rol oynaya bilər. Tarix dəfələrlə göstərib ki, qlobal dəyişikliklər dövründə beynəlxalq sistemdə gözlənilməz aktorlar ön plana çıxır.

Buna görə də yeni dünya düzəninin formalaşması zamanı əsas məsələ yalnız güc balansı deyil, həm də dövlətlərin dəyişən şəraitə nə dərəcədə uyğunlaşa bilməsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə