Alimlər ilan zəhərinin alınması ilə bağlı layihələr hazırlayırlar
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun Ağsu rayonu Musabəyli kəndi ərazisindəki təcrübə bazasında zəhərli ilanların süni şəraitdə saxlanması və yetişdirilməsi üzrə elmi-təcrübi tədqiqatlar aparılır. Hazırda həmin bazada 20 ilan saxlanılır. Onların qidalanması üçün vivaridə xüsusi siçanlar yetişdirilir.
Bunu AZƏRTAC-a Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov bildirib.
Alim qeyd edib ki, ilan zəhərinin sertifikatlaşdırılması və istehsalının bərpası istiqamətində tədbirlər də həyata keçirilir. Belə ki, institutun herpetoloq alimləri zəhərli ilanlardan istifadənin innovativ texnologiyasının işlənməsi ilə bağlı layihələr üzərində çalışırlar. İnstitutda, həmçinin ilan zəhəri və digər bioloji aktiv substansiyaların biokimyəvi, toksinoloji və farmakoloji tədqiqi üçün müasir tipli laboratoriyanın yaradılması da nəzərdə tutulur. Belə bir laboratoriyanın yaranması ilan zəhərinin və digər zootoksinlərin tədqiqi sahəsində perspektivlərin reallaşmasına böyük töhfə olacaq.
Xatırladaq ki, Azərbaycanda ilan zəhəri istehsalının ən uğurlu dövrü 1980-1989-cu illəri əhatə edir. Həmin dövrdə herpetoloji mərkəz tərəfindən hər il istehsal edilən 3-4 kiloqram quru gürzə zəhərinin satışından yüksək gəlir əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB