MGH-də daha bir uğurlu TAVİ əməliyyatı həyata keçirilib

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu və invaziv kardioloq Şəhla Ağayeva tərəfindən daha bir uğurlu Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatı uğurla həyata keçirilib. SİA xəbər verir ki, iki dəfə COVİD-19 xəstəliyinə yoluxmuş, ciddi ağciyər problemləri olan 64 yaşlı pasiyentə ümumi anesteziya edilmədən və heç bir kəsik olmadan ürəyin aorta qapağı dəyişdirilib. Pasiyent iki gündən sonra evə yazılıb. Qeyd edək ki, Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatını tibbin son nailiyyətlərindən biri adlandırmaq olar. TAVI proseduru alternativ cərrahi üsuldur. TAVİ yanaşı xəstəlikləri olan yaşlı insanlar, həmçinin, yüksək ölüm riskli aorta stenozu olan xəstələrin cərrahi müalicəsinin optimal növüdür. Bu zaman xəstənin ürəyində açıq ürək əməliyyatı həyata keçirməyə ehtiyac olmur. Aorta qapağının bioprotezi döyünən ürəyə implantasiya edilir. Əvəzedici aorta qapağının yerləşdirilməsi və implantasiyası üçün bud arteriyasından xüsusi kateter daxil edilir.

Həmçinin, TAVİ proseduru zamanı süni ürək qan dövranı tətbiq edilmir, prosedurdan sonra sağalma müddəti açıq ürək əmliyyatında olduğundan daha qısadır, ağırlaşma riski çox aşağıdır, əməliyyat qısa müddət ərzində başa çatır və xəstə 1-2 gündən sonra normal iş rejiminə qayıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə