“Uşaqlıq boynu xəstəliklərini vaxtında aşkarlamaq üçün nə etməliyik” - “Həkim məsləhəti”
Mərkəzi Gömrük Hospitalının həkim-ginekoloqu Dr.Gülnar Nuriyeva “Həkim məsləhəti” rubrikasında “Uşaqlıq boynu xəstəliklərini vaxtında aşkarlamaq üçün nə etməliyik” sualını cavablandırıb.
Uşaqlıq boynu uşaqlığın uşaqlıq yoluna baxan aşağı hissəsidir. Uşaqlıq boynu vagina ilə uşaqlıq cismi arasında yerləşir və uzunluğu 3-4 sm-dir. Uşaqlıq boynunun əsas fnksiyası uşaqlığı xaricdən gələn infeksiyalardan qorumaq və hamiləlik zamanı dölün uşaqlıq içində hermetik inkişaf etməsinə şərait yaratmaqdır.
Uşaqlıq boynu xəstəliklərinə iltihabi-infeksiyon xəstəlikər aiddir ki, bu qrup xəstəlikləri uşaqlıq yolu və uşaqlıq boynundan götürülmüş yaxmanın laborator müayinəsi zamanı asanlıqla aşkarlamaq mümkündür. Uşaqlıq boynunun iltihabi xəstəlikləri tərkibində Nabothi kistləri adlandırılan kistlərin iltihabı və ya uşaqlıq boynunun öz toxumasının iltihabı nəticəsində meydana gəlir. Bu xəstəliklərin müalicəsi üçün onların vaxtında aşkarlanması vacibdir.
Uşaqlıq boynu xəstəliklərinə həmçinin, fon xəstəlikləri (xoş xassəli) də daxildir ki, bu qrup xəstəliklərə uşaqlıq boynunun eroziyası, polipi, papiloması, endometriozu və s. aiddir. Bunları güzgü ilə müayinə zamanı aşkarlamaq mümkündür. Uşaqlıq boynunda müşahidə olunan digər xəstəlik xərçəngönü xəstəliklərdir ki, (displaziya) - bu qrup xəstəlikləri gözlə təyin etmək mümkün deyil. Bunun üçün genişləndirilmiş kolposkopiya, sitoloji müayinə (pap smear) və histoloji müayinəyə (biopsiya) ehtiyac olur.
Uşaqlıq boynunun ağır xəstəliklərinə xərcəng də daxildir. Bu xəstəliyi uşaqlıq boynuna güzgü ilə baxış zamanı təyin etmək olur, dəqiqləşdirmək üçün uşaqlıq boynunda biopsiya götürülərək histoloji müayinəyə göndərilir. Uşaqlıq boynunun xəstəliklərinin müalicəsində, xəstəliyin növünə və agırlıq dərəcəsinə uygun olaraq konservativ və operativ müalicə metodu seçilir.
Bir həkim kimi tövsyə edərdim ki, qadınlar ildə bir dəfə pap-smear testi keçsinlər. Bu test HPV genotipləndirmə ilə birlikdə həyata keçirilərsə, 3 ildən bir bu testdən keçmək olar. Bu test uşaqlıq boynu xərçəngi və xərçəngönü törəmələrinin vaxtında aşkarlanmasına yardımcı olur. Test sadə və ağrısız üsulla yaxma alınması ilə həyata keçirilir. Qeyd edim ki, süd vəzi xərçəngini nəzərə almasaq, uşaqlıq boynu xərçəngi ginekoloji xərçənglər arasında ən çox yayılan və ən çox qadın ölümünə səbəb olan xərçəng növüdür. Ona görə də, vaxtında müayinə olmaqla, düzgün müalicəyə başlamaqla ağır bir xəstəliyin qarşısını ala bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə