Böyük Britaniyanın Mama-ginekoloqlar Kral Kollecinin ilk Azərbaycanlı üzvü - doktor Fidan İsrafil-Bəyli

Bildiyiniz kimi, hazırda Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d., Sədi Allahverdiyev Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalında təcrübə mübadiləsində iştirak edir. Dr.Sədi Allahverdiyevin bu təcrübə proqramında iştirakı Böyük Britaniyanın Mama-ginekoloqlar Kral Kollecinin üzvü, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının məsləhətçi mama-ginekoloqu Dr.Fidan İsrafil-Bəylilinin təşkilatı dəstəyi ilə mümkün olmuşdur. Həmyerlimiz Dr.Fidan İsrafil-Bəylinin fəaliyyəti, Böyük Britaniyada qazandığı uğurları barədə məlumatı Sizə təqdim edirk.

Həmyerlimiz, Böyük Britaniyanın Mama-ginekoloqların Kral Kollecinin üzvü Dr.Fidan İsrafil-Bəyli Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalında məsləhətçi mama-ginekoloq olaraq fəaliyyət göstərir. Bu xəstəxana Böyük Britaniyada qadın və uşaqlara xidmət göstərən ən böyük iki tibb müəssisələrindən biridir. İl ərzində bu Hospitalda 50 mindən artıq xəstəyə tibbi yardım göstərilir və 9500-ə qədər hamilə qadın doğuş üçün müraciət edir.

Dr.Fidan İsrafil-Bəyli 1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra mama-ginekoloqu ixtisası üzrə internatura təhsili alıb. 2003-cü ildə Böyük Britaniyada bir sıra dil və tibb imtahanlarını müvəffəqiyyətlə verərək diplomunu təsdiq edib. Bundan sonra o, müxtəlif klinikalarda mama-ginekoloq vəzifəsində çalışıb. Bununla yanaşı Dr.Fidan İsrafil-Bəyli Azərbaycanda başladığı elmi işi davam etdirmiş və geri dönərək namizədlik dissertasiyasını müdafiə etmiş, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır.

Məsləhətçı mama-ginekoloq səviyyəsinə çatmaq üçün Böyük-Britaniyanın müxtəlif klinikalarında 7 il ərzində mama-ginekoloq olaraq çalışmış və biliklərini təkmilləşdirmişdir. Bu illər ərzində Dr.Fidan İsrafil-Bəyli mütəmadi çətin sınaqlardan keçərək Böyük Britaniya mama-ginekoloqlarının ən nüfuzlu titullarından olan - Böyük Britaniyanın Kral Kollecinin üzvü olan ilk azərbaycanlı olmuşdur.

Dr.Fidan İsrafil-Bəyli mama-ginekologiya sahəsinin müxtəlif istiqamətləri üzrə tərcrübə toplamış və daha çox yüksək riskli hamiləliklərin təqibi, uroginekologiya və ambulator ginekologiya üzrə isxtisaslaşmışdır. Elmi fəaliyyətlə də məşqul olan Fidan xanım dünyanın müxtəlif yüksək nüfuzlu elmi jurnallarında dərc edilmiş 26 elmi məqalənin müəllifidir. Mötəbər tibbi dərsliklərdə 6 fəslin həmmüəllifidir.

2018-ci ildə «Erkən doğum riski olan hamilələrdə servikal tikiş» mövzusunda dissertasiya işini müdafiə edərək ölkənin əsas tibb mərkəzlərindən olan Birmingem Universitetində doktorluq ali dərəcəsini almışdır. Bu il isə erkən doğum riskinin qarşısının alınması istiqamətində aparılan tədqiqatların davam etdirilməsi üçün 1,2 milyon funt sterlinqlik qrant qazanmışdır.

Həmyerlimizin bu nailiyyətləri bizi də çox sevindirir. Fidan xanıma elmi və praktiki fəaliyyətində uğurlar diləyir, gələcək işlərində nailiyyətlər arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə