Koronar damarların tıxanması və daralmasının əlamətləri hansılardır?

İnvaziv kardioloq Dr.İlqar Tahiroğlu “Həkim məsləhəti” rubrikasında Bu əlamətləri hiss etdikdə nə etməli” suallarını cavablandırıb

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu “Həkim məsləhəti” rubrikasında “Koronar damarların tıxanması və daralmasının əlamətləri hansılardır? Bu əlamətləri hiss etdikdə nə etməli” suallarını cavablandırıb.

Son vaxtlar bütün dünyada ürək-damar xəstəlikləri geniş yayılıb. Təbii ki, bu xəstəliyin səbəbləri barədə məlumatlısınız. Lakin müasir dünyada stressdən, əsəbdən, oturaq həyat tərzindən yan keçmək mümkün deyil. Bütün bunlar hər şeydən əvvəl, gecə-gündüz, dayanmadan işləyən ürəyə təsir edir.

Koronar damarların tıxanması və daralması dərəcəsinə görə müəyyən simptomları vardır. Ümumyyətlə, ürək xəstəliklərinin ən çox rast gəlinən əlaməti ağrıdır. Ağrı fiziki aktivliklə olur və dincələndə keçirsə, koronar (tac damar) damarlarla bağlı olma ehtimalı çoxdur. Sinə ağrısının xarakteri təzyiq hissi, göynəmə, sıxılma, yanma şəklindədir və sinədən başlayaraq boyuna, sol qola, çənəyə yayılır.

Ürəyi qidalandıran damarların daralması nəticəsində yetəri qədər oksigen ala bilməyən ürək əzələsi bunu ağrı ilə biruzə verir. Bu ağrı koronar arteriya xəstəliyinin ilkin əlamətidir.

Digər simptomlar nəfəs darlığı, ürək döyüntüsü, zəiflik, qollarda uyuşma, güc itkisi, huşun itirilməsidir. Bu simptomları özünüzdə hiss edərsinizsə, mütləq mütəxəssis həkimə müraciət etməlisiniz!

Özünümüalicə ilə məşğul olmaq yolverilməzdir. Belə ki, ürəklə zarafat olmaz, bu, ciddi fəsadlar verə bilər, hətta qəfil ölümlə nəticələnə bilər.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə