“Boyalarda qurğuşunun miqdarının tənzimlənməsi haqqında normativ sənədlərin hazırlanması və tətbiqi” layihəsi yekunlaşıb

Ümumdünya Səhiyyə Təşkilatının texniki dəstəyi ilə Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin (DGK TXİ) və Azərbaycan Toksikoloqlar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilmiş “Boyalarda qurğuşunun miqdarının tənzimlənməsi haqqında normativ sənədlərin hazırlanması və tətbiqi” layihəsi yekunlaşıb.

3 ay müddətində davam edən layihə çərçivəsində yaradılmış birgə işçi qrup tərəfindən boyalarda qurğuşunun tərkibini tənzimləyən beynəlxalq nümunəvi qanun və təlimatlar Azərbaycan dilinə tərcümə edilib, həmçinin bu məsələ ilə bağlı məlumat materialları və təqdimatlar hazırlanıb. Hazırlanmış ilkin sənədlər hüquqşünaslar, ictimai səhiyyə mütəxəssisləri, sanitar-karantin xidmətinin nümayəndəsi və toksikoloqların peşəkar cəmiyyətinin nümayəndəsinin daxil olduğu ekspert qrupu tərəfindən müzakirə edilib. Müzakirələrə əsasən hazırlanmış sənəd layihəsi Azərbaycanın aparıcı boya istehsalı şirkətlərinin (Mətanət-A, SAF-boya, Panda-boya, Corella-boya, Best-boya və s.) rəhbərlərinin, baş texnoloqlarının və digər nümayəndələrinin müzakirəsinə çıxarılıb. Müzakirələr nəticəsində hazırlanmış sənəd müvafiq dövlət qurumlarının - Səhiyyə Nazirliyi, Ekologiya Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Tibb Universiteti və s. nümayəndələrinin daxil olduğu işçi qrupuna əlavə baxılması və rəy alınması üçün təqdim edilib.

Müvafiq olaraq dövlət qurumları tərəfindən verilmiş rəylər və təkliflərin daxil olunduğu sənəd Qurğuşun Boyanın aradan qaldırılması üzrə Qlobal Alyansa beynəlxalq ekspert rəyi üçün təqdim edilib və sənədin yenilənmiş variantında Alyansın verdiyi təkliflər nəzərə alınıb. Bu beynəlxalq Alyansa BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi, Amerika Vəkillər Kollegiyası və s. qurumlar daxildir.

Hazırlanmış təkmil sənəd layihəsi 16 iyun 2022-ci il tarixində ekspert qrupu və aidyyatı dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi geniş tədbirdə təqdim olunub. Tədbirdə iştirak edən DGK TXİ Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, əməkdar həkim Rəşad Mahmudov ekspert qrupunun gördüyü işləri və hazırlanmış normativ sənədi müsbət qiymətləndirib və bu sənədin tez bir zamanda qəbul olunacağına əminliyini ifadə edib.

Hazırlanmış sənəd layihəsi, həmçinin 27-28 iyun 2022-ci il tarixlərində Tbilisidə keçirilmiş “Mərkəzi və Şərqi Avropa regionunda qurğuşun boyaları haqqında tənzimləyici sənədlərin hazırlanması və tətbiqi” mövzusunda keçirilən beynəlxalq seminarın iştirakçılarına DGK TXİ rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tərəfindən təqdim edilib və ÜST və BMT-nin Ətraf Mühit Proqramının ekspertləri tərəfindən yüksək qiymətləndirilib.

Layihə çərçivəsində boyalarda olan qurğuşunun insan sağlamlığına mənfi təsirləri haqqında məlumat materialı, bu sahədə dünya qanunvericiliyinin xülasəsi, eləcə də boya istehsalçıları və idxalçıları üçün uyğunluq bəyannaməsinin nümunəsi işlənib hazırlanaraq aidiyyatı dövlət qurumlarına təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə