“Covid-19”a yoluxma halları son 7 həftədə ilk dəfə azalıb

Dünyada yeni növ koronavirusa (Covid-19) yoluxma hallarının artım tempi son 7 həftədə ilk dəfə azalıb.

SİA-nın əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik “Covid-19” yeniləmə hesabatında yoluxma rəqəmlərinə dair son vəziyyətlə bağlı məlumatlar paylaşılıb.

Hesabata görə, 25-31 iyul tarixlərində koronavirusa yoluxma nisbəti əvvəlki həftəyə görə 9 faiz az olub. Beləliklə, 7 həftədən sonra ilk dəfə yoluxmaların sayında əhəmiyyətli azalma müşahidə olunub.

“Covid-19” səbəbiylə can itkisinin artım tempi əvvəlki həftə ilə müqayisədə sabit qalıb.

Son bir həftədə 14 min ölüm və 6,5 milyon yeni yoluxma halı qeydə alındığı halda, ümumi ölüm sayı 6,3 milyon, yoluxma sayı isə 574 milyon olub.

Qlobal “Covid-19” yolxuma halları iyun ayından bəri ardıcıl 5 həftə artıb və iyulun 11-dən iyulun 25-dək eyni sürətlə irəliləyib.

ÜST rəsmiləri yolxuma sayının artmasını yay mövsümünün başlaması ilə beynəlxalq mobilliyin artması, “Covid-19” tədbirlərinin ölkələr tərəfindən yumşaldılması və BA.4 və BA.5 alt variantlarının sürətlə yayılması ilə əlaqələndirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə