Naxçıvanda Vərəm xəstəliyi ilə mübarizə üsulları müzakirə edilib

Muxtar respublikada səhiyyəyə olan diqqət və qayğı vərəmlə mübarizə xidmətinin gücləndirilməsində də öz əksini tapıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Şərur rayonunda 24 mart - Ümumdünya Vərəmlə Mübarizə Günü ilə bağlı keçirilən tədbirdə bu barədə danışılıb.

Şərur Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən seminarda xəstəxananın baş həkimi Adəm İmanov çıxış edərək rayonda əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib ki, vərəmlə mübarizə üzrə Tədbirlər Proqramının davamlı icrası vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsini, vərəmin müayinə, diaqnostika, müalicə və profilaktikası üzrə yeni müasir üsulların tətbiqini təmin edir.

Qeyd olunub ki, muxtar respublikada görülən qabaqlayıcı tədbirlər nəticəsində 2000-ci illə müqayisədə ilkin xəstə sayı 2021-ci ildə 4 dəfə azalaraq 39 nəfərə düşüb.

Tədbirdə dispanserin həkimləri Məmmədəli Ələkbərov vərəm xəstəliyinin aşkarlanması strategiyası və İlqar Rzayev uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası barədə məruzə ediblər. Çıxışlarda uşaq və yeniyetmələrdə vərəm intoksikasiyalarının yayılmasının qarşısının alınması, vərəm xəstəliyinin diaqnostikası və müalicəsinin yaxşılaşdırılması, xəstəliklərlə bağlı əlilliyin və ölüm hallarının azaldılması yollarından bəhs olunub. Xəstələrin vərəm əleyhinə preparatlarla davamlı təminatı, vərəm əleyhinə xidmətin kadr potensialının gücləndirilməsi, xəstəliyin profilaktikasında ana südünün rolu, dərmanlara davamlı vərəm xəstəliyi, onun yaranma səbəbləri və qarşısının alınması məsələləri barədə də məlumat verilib.

Pediatr və vaksinatorlar ilə birlikdə keçirilən tədbirdə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və seminar iştirakçılarına bukletlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə