"Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb
1 mart 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "1 mart Ümumdünya İmmunitet Günü"nə həsr olunmuş "Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb.
Açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev sağlam immun sisteminin təməlinin məhz uşaqlıq dövründə qoyulduğunu vurğulayıb. Uşaqların sağlam böyüməsi və inkişafının dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən İ.Əfəndiyev Mərkəzi Gömrük Hospitalında uşaq sağlamlığının təmin olunması istiqamətində təşkil edilmiş yüksək səviyyəli tibbi xidmətlər barədə geniş məlumat verib və pandemiyadan öncəki müddətdə Mərkəzi Gömrük Hospitalında uşaqlara göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara əsaslandığını vurğulayıb. O, Mərkəzi Gömrük Hospitalında göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq fəaliyyətlərin icra edildiyini qeyd edərək təmir bərpa işlərinin həyata keçirildiyi Hospitalın yeni korpusu barədə ətraflı məlumat verib və təmir-bərpa işlərindən sonra keçmiş Dənizçilər Xəstəxanasının Mərkəzi Gömrük Hospitalının yeni korpusu olaraq ana və uşaq sağlamlığı sahəsində fəaliyyət göstərəcəyini vurğulayıb. İ.Əfəndiyev bu sahədə peşəkar kadr heyətinin rolunu da xüsusilə vurğulayaraq müvafiq ixtisaslı həkimlərin beynəlxalq təcrübədən faydalanmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Elmi proqramın zənginliyi baxımından konfransın mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsində mühüm rola malik olduğunu qeyd edən İ.Əfəndiyev çıxışının sonunda iştirakçıları interaktiv müzakirələrdə aktiv olmağa dəvət edib və konfransın işinə uğurlar arzu edib.
Konfransın rəsmi açılış hissəsində eyni zamanda Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Rüstəm Hüseynov, Səhiyyə Nazirliyinin baş pediatrı, "Baku Medical Plaza Klinikası" nın Pediatriya və neonatologiya şöbəsinin müdiri Erkin Rəhimov və Sağlık Bilimleri Üniversiteti Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Merih Çetinkaya da çıxış edib. Rəsmi hissədə çıxış edən qonaqlar mövzunun aktuallığını vurğulayaraq immun sistem və infeksion xəstəliklər arasında mövcud olan əlaqədən bəhs ediblər. Spikerlər eyni zamanda mühüm əhəmiyyət kəsb edən tibbi mövzularla bağlı beynəlxalq əhəmiyyətli elmi tədbirlərin təşkilinə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə təşəkkür ediblər.
Rəsmi hissədən sonra konfransın K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, t.ü.f.d Allahverdi Musayev və Sağlık Bilimleri Üniversiteti Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Merih Çetinkayanın moderatorluğu ilə “Uşaqlarda immun sistemin formalaşması” paneli, Səhiyyə Nazirliyinin baş pediatrı, "Baku Medical Plaza Klinikası"nın Pediatriya və neonatologiya şöbəsinin müdiri Erkin Rəhimov və Ankara Üniversiteti Tibb Fakultəsinin professoru Nazan Çobanoğlunun moderatorluğu ilə “Uşaqların immun sistemində yaranan problemlər” paneli və Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova və Sağlık Bilimleri Üniversiteti Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Merih Çetinkayanın moderatorluğu ilə “Vaksinasiya” paneli ilə öz işini davam etdirməsi planlaşdırılıb.
ZOOM platforması üzərindən pediatr, neonatoloq, immunoloq, anestezioloq-reanimatoloq, infeksionist, uşaq-cərrahı və revmatoloq ixtisasına malik 500 nəfərədək həkimin iştirakı ilə öz işinə başlayan konfransın 2 gün ərzində Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanması nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə və Azərbaycanın professor-həkim heyəti tərəfindən ümumilikdə 6 paneldə 17 məruzənin dinləniləcəyi Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 16 DTT balı ilə qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB