Əgər evdə xəstə varsa.... - XƏBƏRDARLIQ - HƏKİM AÇIQLADI

“ÜST-ün verdiyi məlumatlara görə, koronavirus infeksiyasına uşaqlar arasında yoluxma halları 1-5 faiz təşkil edir və bütün yaş qrupları arasında koronavirus infeksiyasına rast gəlinir”. Bu sözləri SİA-ya açıqlamasında həkim, infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, koronavirus infeksiyası ilk dəfə quş və balıqlarda müşahidə olunub: “2002-ci ildə Çinin Huaevi əyalətində 8090 nəfər virusa yoluxub və onlar arasında uşaqlara da rast gəlinib. Lakin xəstəliyin qarşısı alınaraq, pandemiya şəklinə düşməyib”.

“Uşaqlar arasında koronavirusa rast gəlinsə də, onların immun sistemi fərqli olduğu üçün xəstəlik özünü başqa cür büruzə verir. İnsan bədəninə daxil olan viruslar hüceyrə reseptorlarına birləşir və bu reseptorlar vasitəsilə hüceyrənin tərkibinə daxil olur və orada artıb çoxalmağa başlayır. Böyüklərdən fərqli olaraq, uşaqlarda bu reseptorlar nisbətən azdır və tam inkişaf etməmişdir. Ona görə də, bu viruslar hüceyrənin tərkibinə daxil ola bilmir”.

“Onu da qeyd edim ki, ola bilər ki, uşaqlar bu xəstəliyə yoluxub onu simptomsuz keçirsinlər. Əgər uşaqlarda yanaşı xəstəliklər varsa, immun sistemi aşağıdırsa, bu zaman xəstəlik özünü simptomlu şəkildə göstərə bilər. Buna görə də valideynlər son dərəcə diqqətli olmalıdırlar. Uşaqda belə hallar varsa, mütləq diaqnoz qoyulmalı və burun-udlaqdan yaxma götürülməlidir”.

Həkim sözlərinə belə davam edib: “Əgər, temperatur yoxdursa, lakin uşaqlarda halsızlıq, iştahsızlıq, burun tutulması və öskürək müşahidə olunursa, belə hallarda dərman preparatlarından istifadə olunması məsləhət deyil. Bu hallarda yuxarı tənəffüs yollarının fizioloji məhlullarla yuyulması və uşağa bol-bol maye içirib, meyvə yedirilməsi lazımdır. Əgər, bu hallar temperaturla müşahidə olunursa, öskürək daha da artırsa, mütləq ağciyər rentgen müayinəsindən keçməli və tez bir zamanda həkimə müraciət edilməlidir”.

“Bu hallarda dərman preparatlarından istifadə olunması tamamilə yanlışdır. Lakin valideyn düşünür ki, evdə xəstə varsa, uşağa vitamin verməlidir. Bu vitaminlər uşaqlarda qaraciyərdə metobolizmanın pozulmasına səbəb olur ki, bu da ağır fəsadlara gətirib çıxarır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə