“Yuxu pozulduqda nə etməli və bu halın yaratdığı fəsadlar hansı xəstəliklərə yol açır?”
Bu gün – 19 mart Beynəlxalq Yuxu Günüdür. Dostlarımızdan, tanışlarımızdan tez-tez eşidirik: “Gecələr yata bilmirəm, səhərə qədər saata baxıram”. Bəli, bəzi insanlar müəyyən səbəblərdən yuxuya gedə bilmir, bu hal onlarda get-gedə xroniki vəziyyətə çevrilir. Yuxusuzluğa adi hal kimi baxmaq olmaz – bu, ağır fəsadlara səbəb ola biləcək bir problemdir. Araşdırmalar nəticəsində sübut edilib ki, mütəmadi şəkildə 7-8 saatdan az yatmaq orqanizmdə ciddi xəstəliklərin yaranmasına səbəb olur.
Hazırda insanların həyat tərzi, iş rejimləri onların yuxu rejiminə çox təsir edir. Bəzilərinə adi görünən yuxusuzluq problemi ən ağır xəstəliklərə – şəkərli diabetə, cinsi funksiya pozğunluğuna, astma və xərçəng xəstəliklərinə yol aça bilər.
Yuxunun əhəmiyyəti barədə yəqin ki, hamı bilir. İnsan gün ərzində aktiv fəaliyyətdə olduğundan, onun bütün orqanları yüklənmiş olur. Ona görə də, daha az xəstələnmək və güclü immun sisteminə malik olmaq üçün düzgün yuxu rejiminə riayət olunmalıdır.
Yuxu zamanı melatonin hormonu çox güclü bir antioksidant və sərbəst radikal təmizləyici rolunu oynayaraq beyni qoruyur, orqanizmdə zərərli xolesterolu azaldır, hüceyrə sistemini yeniləyərək immun sistemini gücləndirir. Bir ildən artıqdır ki, hamımız COVİD-19 infeksiyası ilə mübarizə aparırıq. Koronavirus məhz immun sistemi zəif olan insanları yaxalayır və bu xəstəliyi ağır keçirmələrinə səbəb olur. Bütün bunlar ilk baxışdan əhəmiyyət vermədiyimiz məqamlardır ki, sonda çox ağır fəsadları yaşamağımızla nəticələnir.
Bir qədər də yuxusuzluğun səbəbləri barədə. Son zamanlar informasiya texnologiyaları insanların həyat tərzini kökündən dəyişib. Hər birimiz internetdən, sosial şəbəkələrdən, messencerlərdən istifadə edirik. Bunlardan aşırı dərəcədə istifadə yuxusuzluq səbəblərindən ən başlıcasıdır. Müəyyən saatlar (saat 23:00-dan 01:00-a qədər) var ki, bu vaxt yatmayanda yuxu qaçır və getdikcə bu, vərdiş halına çevrilir. Yuxusuzluq insanlarda enerjinin tükənməsi, əmək məhsuldarlığının aşağı düşməsinə və sağlamlığın pisləşməsinə gətirib çıxarır.
Bir həkim kimi tövsiyə edərdim ki, sağlamlığımız üçün təhlükəli olan yuxusuzluğa yol açmamaqdan ötrü hər gün eyni vaxtda yatın, yatmazdan əvvəl özünüzü buna hazırlayın: kitab oxuyun, yoqa ilə məşğul olun, meditasiya edin. Bunlardan hər biri sizin orqanizmi yuxuya hazırlayan siqnallardır. Yatarkən işıqları söndürün. Hamıya məlumdur ki, melatonin hormonu məhz tam qaranlıqda yaranır. Yatmazdan 3-4 saat əvvəl yeməkləri, 1 saat əvvəl isə smartfon, televizor və planşeti unudun. Yaxşı olar ki, yatmazdan əvvəl 1 saat açıq havada gəzəsiniz.
Hamınıza sağlam və şirin yuxular arzu edirəm. Sağlamlığınızı qorumaq üçün bu, ilkin şərtlərdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB