Azərbaycan gəncləri tərəfindən böyük həvəslə qeyd edilən bu günlə bağlı gənclərin şəxsi və peşəkar inkişafında mühüm rol oynayan könüllü fəaliyyətin vacibliyinə dair suallarımızı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə cavablandırıb.
Şəhla Mirzəzadə 2014-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsini bitirib. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbində Səhiyyənin təşkili və idarəedilməsi üzrə II kurs magistr tələbəsidir. 2015-2019-cu illərdə dövlət qurumlarından birində çalışıb. 2019-cu ildən etibarən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində elmi-təcrübi tədris mütəxəssisi olaraq fəaliyyət göstərir. Artıq uzun illərdir ki o, ölkədə səhiyyə sahəsində və sağlam həyat tərzinin təbliğatında könüllülərin rolunun vacibliyi barədə bir çox işlərə imza atır, daim bu sahədə aktiv fəaliyyət göstərir.
İctimai tibbi maarifləndirmə və həkimlərin bilik və bacarıqlarının artırılması əsas vəzifə borcu olan Şəhla Mirzəzadə bu sahədə müxtəlif layihə və tədbirlərdə həkim-təlimçi kimi mütəmadi olaraq çalışır, yerli və beynəlxaq tədbirlərdə iştirak edərək təkmilləşməsi üçün əlindən gələni edir.
- Şəhla xanım, bildiyiniz kimi 1996-cı ilin 2 fevral tarixində Azərbaycan Gənclərinin I Forumu keçirilib və 1997-ci ildə Ümummilli Liderin Sərəncamı ilə Gənclər Günü təsis olunub. Ölkəmizdə gənclərin davamlı inkişafı üçün müxtəlif platformalar var. Əlbəttə bunlardan ən dəyərlisi könüllülük fəaliyyətidir. Sizin bu sahədəki uzunmüddətli fəaliyyətinizi nəzərə alaraq könüllü fəaliyyətin üstünlükləri ilə bağlı gənclərimizi maraqlandıran bəzi suallarımızı Sizə yönəltmək istərdik. Şəhla xanım, ümümiyyətlə könüllülük nədir və şəxsi inkişafda könüllülüyün rolu nədən ibarətdir?
- Mən ilk növbədə belə dəyərli bir mövzuya toxunduğunuz üçün təşəkkür edirəm və bütün gəncləri, eləcə də özünü gənc hiss edən hərkəsi “2 fevral Gənclər Günü” münasibətilə səmimi qəlbdən təbrik edirəm. Könüllülük insanın təmənnasız gördüyü fəaliyyət növüdür, hansı ki, bu fəaliyyətdə insan həm öz yaşadığı cəmiyyətə töhfə verir, həm də özünə faydalı olur. Bilirsiniz əslində könüllülüyün tarixi 18-19-cu əsrlərə təsadüf edir. Bu dövrdə Avropada şəxsi istəyi ilə hərbi xidmətə gedənləri “volantaire” adlandırırdılar. Latın mənşəli olan “volantire” Azərbaycan dilində “könüllü” deməkdir. Təbii ki, həmin dövrdə bu söz yalnız hərbi konteksdə istifadə olunurdu. Lakin XX əsrdən etibarən isə (I Dünya Müharibəsindən sonra) könüllü sözü sosial fenomen kimi formalaşmağa başladı. Könüllülük hər bir zaman cəmiyyətdə rifahın formalaşmasında təkanverici qüvvə rolunu oynayıb. Məsələn 1881‐ci ildə ABŞ‐da vətəndaş müharibəsi zamanı qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü ətrafında birləşdirən Amerika Qırmızı Xaç Təşkilatının yaranmasına səbəb oldu. Mən məhz səhiyyə ilə əlaqəli olduğundan bu nümunəni gətirdim. Amma təbii ki, bu nümunələr onlarla ola bilər və bütün bu fəaliyyətlərin əsasında cəmiyyətdə hər hansı bir problemin həllinə dəstək vermək dayanır. Bununla yanaşı insan könüllü çalışan zaman, öz şəxsi inkişafına dəstək olur və beləliklə cəmiyyətdə olan müxtəlif mövzuların, fərqli problemlərin həllində yaxından iştirak edə bilən bir fərdə çevrilir. Könüllü kimi çalışmaq insan üçün çox böyük əhəmiyətə malikdir. Peşəkar təcrübə baxımından insan könüllü fəaliyyət göstərən zaman öz sahəsinin mütəxəssisinə çevrilir və könüllü fəaliyyəti müddətində əldə etdiyi bilik və bacarıqları gələcək karyerasında uğurla istifadə edir.
- Bir qədər öncə çalışdığınız sahəyə müvafiq olaraq səhiyyə sahəsində olan könüllü fəaliyyət barədə nümunə gətirdiniz. Bəs səhiyyədə könüllülüyün əhəmiyyəti nədən ibarətdir?
- Əslində hər bir sahədə könüllü olmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, insan həqiqətən özünü cəmiyyət üçün faydalı hiss edir, özünə təcrübə toplayır və bu təcrübəni həyatının növbəti mərhələsində uğurla istifadə edir. Səhiyyədə könüllülüyün xüsusi önəmi vardır. Sağlamlıq üçün çalışmaq, sağlam gənclik və sağlam gələcək naminə bilik və bacarıqlar əldə etmək və bunları ətrafla bölüşmək fərdin həm özü həm də icması üçün mühüm əhəmiyyət kəsb edən nüanslardan biridir. İnsanın sağlam olmadan hər hansı bir sahədə uğurla fəaliyyət göstərə bilmədiyini nəzərə alsaq, sağlam həyat tərzinin təbliği, müxtəlif xəstəliklərdən qorunma istiqamətində könüllü çalışmaq, ümumilikdə sağlam cəmiyyətin qurulması üçün çox önəmlidir. Çünki insan həm özü sağlam həyat tərzi üçün vacib olan nüansları öyrənir, özünü və sağlamlığını qorumanın yollarını dərk edir, həm də bu işin təbliğatında birbaşa iştirakçı olur. Beləliklə şəxs həm özünə, həm də cəmiyyətinə töhfə verir.
- Şəhla xanım, qeyd etdiniz ki, könüllü fəaliyyət şəxsi və peşəkar bacarıqların inkişafı və cəmiyyətə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəs könüllü çalışmağın insanın sağlamlıq vəziyyətinə hər hansı təsiri var?
- Bu suala görə sizə təşəkkür edirəm. Bilirsiniz adətən insanlar könüllü fəaliyyət barədə danışdıqda yalnız şəxsi və peşəkar bacarıqların təkmilləşməsi məsələsini xüsusi vurğulayır. Təbii ki, mən də bu məsələ ilə razıyam. Sadəcə olaraq mən könüllülüyə həm də başqa bir aspektdən yanaşmağımızı istərdim. Biz qeyd etdik ki, sağlam olmaq insan üçün ən vacib şərtlərdən biridir. Mən deyərdim ki, hətta birincisidir. Mənim könüllülüyü ürəkdən təbliğ etməyimin ən əsas səbəbi isə məhz budur. Çünki könüllülük insanın həm də sağlamlıq vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır. Məsələn, Amerikada aparılan “Dəyişən Həyatlar Araşdırması”ndan əldə edilən nəticələrə görə, könüllülər könüllü olmayanlardan daha çox həyat məmnuniyyətinə və ümumi olaraq daha yüksək sağlamlıq vəziyyətinə sahibdirlər. Tədqiqatın nəticələrinə əsasən könüllü iş üzrə ildə təxminən 100 saat sərf edənlərdə müsbət sağlamlıq dəyişiklikləri daha çox olub. Ekseter Üniversiteti tərəfindən aparılan digər bir tədqiqata görə isə könüllülərin streslə mübarizə aparmaq, sağlamlıq problemlərindən qurtulmaq, daha uzun, daha xoşbəxt yaşamaq üçün səy göstərmə bacarıqları digər şəxslərdən yüksəkdir və könüllülər daha aşağı depressiya göstəricilərinə malikdirlər. Beləliklə beynəlxalq tədqiqatlar göstərir ki, könüllülər könüllü olmayanlardan daha aşağı ölüm göstəricisinə sahibdirlər və gənc yaşda könüllü fəaliyyəti ilə məşğul olanlarda bundan sonrakı həyatlarında xəstəliklərə tutulma ehtimalı daha azdır.
- Ümumiyyətlə, bu gün ölkəmizdə gənclərin könüllü fəaliyyət göstərməsi üçün yaradılan imkanlar barədə nə deyə bilərsiniz?
- Bugün ölkəmizdə çox böyük bir sevindirici və qürurverici haldır ki, könüllülüyün təbliği üzrə kifayət qədər uğurlu işlər görülür, müxtəlif təşkilatlar, dövlət qurumları könüllülüyün təbliği istiqamətində uğurlu lahiyələr həyata keçirir. Bildiyiniz kimi 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan edilmişdi. Məncə 2020-ci ildə ordumuza yazılan, Vətənimizin müdafiəsinə könüllü qoşulan əsgərlərimizin cənab Prezidentimizin rəhbərliyi ilə Zəfər tariximizi yazmaları könüllülüyün dəyərin bir daha sübut etdi. Bundan başqa ölkəmizdə "Könüllü fəaliyyət haqqında" Qanunun qəbul edilməsi, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın və bu qəbildən digər sənədlərin qəbul edilməsi və uğurlu icrası ölkəmizdə könüllülük məsələsinin nə qədər geniş əhəmiyyət daşıdığını bir daha sübut edir.
- Şəhla xanım, gənclərimizə və könüllülük sıralarına qoşulmaq istəyənlərə tövsiyyəniz nədir?
- Səhiyyə sahəsində və sağlamlıq sahəsində maraqlı olan hər bir gənci könüllülük proqramları elan olunduğu müddətlərdə qoşulmağa dəvət edirəm. Təbii olaraq yalnız səhiyyədə könüllülük mövzusunda yox, həm də onlar özlərini hansı sahədə uğurlu olacaqlarına inanırlarsa, o sahə üzrə də könüllülüyə başlamağı tövsiyə edirəm. Şəxsi təcrübəmdən deyə bilərəm ki, könüllülük insana çox böyük bir təcrübə gətirir, dost auditoriyası qazandırır. Könüllülük bir ailədir, siz qazandığınız təcrübələr, öyrəndiyiniz bilik və bacarıqlarla cəmiyyət üçün faydalı olan bir fərdə çevrilirsiniz. Xüsusilə mən tibb tələbələrini bu işdə aktiv olmağa səsləyərdim. Məsələn mən tibb tələbələrini könüllü gömrükçü dəstəmiz arasında gömrəkdən yalnız qürur duya bilərəm. Bizim könüllü gömrükçülər həm də Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində təcrübə keçmək şansı qazanırlar. Təsəvvür edin əgər tibb tələbələri bu şansı dəyərləndirsə onlar nə qədər gözəl fürsət əldə etmiş olarlar. Digər tərəfdən təbii ki, təşəbbüskar olmaq çox vacibdir. Ona gör də gəncləri həm də təşəbbüskar olmağa dəvət edirəm. Yalnız bu halda biz müxtəlif sahələrdə olan gənclər kimi uğurlu işlərə imza ataraq ölkəmizin adına layiq gənclər ola bilərik.
- Müsahibəyə görə təşəkkür edirik və fəaliyyətinizdə uğurlar arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB