EKMO cihazına qoşularaq müalicə edilən üçüncü ən ağır COVID-19 xəstəsi şəfa tapıb

Mərkəzi Gömrük Hospitalının pandemiya xəstəxanası kimi fəaliyyət göstərdiyi müddətdə bütün tibb personalı yalnız COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olur. Dövlət Gömrük Komitəsinin dəstəyi ilə ən innovativ tibbi avadanlıqlarla təmin edilmiş klinik şöbələr və PZR laboratoriyası Hospitalın tibb personalına koronaviruslu xəstələrin müalicəsini uğurla aparmağa imkan verir.

Azərbaycanda ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin yüksəkixtisaslı həkimləri tərəfindən ən ağır COVID-19 xəstələrinin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan uğurla istifadə edilmişdir. Bu günlərdə Hospitalın yüksəkixtisaslı reanimatoloqlar komandası tərəfindən EKMO cihazına qoşularaq müalicə olunmuş üçüncü xəstə evə yazılacaq.

Qeyd edək ki, EKMO-nun əsas məqsədi ənənəvi müalicəyə tabe olmayan ağır xəstələrdə orqan və toxumalara oksigen verilməsini optimallaşdırmaqdır. EKMO aparatına ağciyərlərinin 90%-i zədələnmiş, qan qazlarında ciddi mənfi dinamika müşahidə olunan xəstələr qoşulur. Belə ki, koronaviruslu xəstələrdə ağciyərlər öz funksiyasını heç cür bərpa edə bilmirsə, süni tənəffüs aparatına qoşulduqda da fayda olmursa, xəstə məcburən EKMO cihazına qoşulur. EKMO cihazı ağciyər və ürək yerinə 2-3 həftə və daha artıq müddətdə fəaliyyət göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandırır. EKMO – müasir və yüksək texnoloji bir müalicə üsuludur.

Hospitalın Reanimasiya və İntensiv terapiya şöbəsinin rəisi Dr.Tural Sadıqovun rəhbərliyi altında reanimatoloqlar – Dr. Mehdi Əliyev, Dr. Rəşad Nəsirli, Dr. Könül Həsənova, Dr. Təranə Göyüşova, Dr. Xəyal Məmmədov, Dr. Sevda Quliyeva, Dr. Mirmənsim Məmmədov, ürək-damar cərrahı Dr. Kənan Əsədovdan ibarət peşəkar həkim briqadası ən ağır COVİD-19 xəstələrinin EKMO aparatına qoşulmasını uğurla icra edirlər. Respublika Diaqnostika Mərkəzinin yüksəkixtisaslı kardioloq-perfuzioloqu, Azərbaycanda EKMO cihazının tətbiqi üzrə peşəkar, yüksəkixtisaslı mütəxəssislərdən biri olan Dr. Anar Məhərrəmov da Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin tibb heyəti ilə çiyin-çiyinə çalışaraq, ağır koronaviruslu xəstələrin EKMO üsulu ilə müalicəsində fəal iştirak edir.

COVID-19 pandemiyası səngimək bilmədən davam edir və koronavirusla mübarizəyə ölkəmizin ən peşəkar, ən təcrübəli həkimləri səfərbər olunub. Bu gün məhz belə peşəkar, yüksəkixtisaslı həkimlərin sayəsində Mərkəzi Gömrük Hospitalında ağır koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan düzgün və səmərəli istifadə edilməsi mümkün olub.

Ən ağır COVID-19 xəstələrini EKMO cihazına qoşaraq, onların müalicəsində uğurlara imza atan Mərkəzi Gömrük Hospitalının reanimatoloqlar komandasına uğurlar diləyirik. Hər birinə möhkəm can sağlığı, Azərbaycan tibbinin inkişafına verdikləri layiqli töhfələrə görə peşəkar fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə