Növbəti epidemiya başlamazdan əvvəl dayandırıla bilərmi? - ARAŞDIRMA
Epidemiyalar insan həyatı üçün ən böyük təhlükələrdən biridir. Virus epidemiyasının pandemiyaya çevrilməsinin qarşısını almaq dövlətlərin, beynəlxalq təşkilatların, insanların nə dərəcədə ciddi olmalarından və hansı addımlar atmasından asılıdır.
Xəstəliyə səbəb olan viruslar üçün ən yaxşı identifikasiya, "qeyri-müəyyənlikdir". Bir virusun nə qədər yayılacağı və ya neçə insana yoluxacağı barədə dəqiq bir məlumat yoxdur. Virusun nə qədər insana yoluxacağı bilinməsə də, görülən tədbirlərlə epidemiya nəzarət altına alına bilər. SİA epidemiyaların necə meydana gəldiyini araşdırıb:
Epidemiyalar necə meydana çıxır?
Tarixdə milyonlarla insanın həyatı bahasına başa gələn virus xəstəliklərinin statistikasına nəzər saldıqda, onların əksəriyyətinin heyvanlardan insana keçdiyi qənaətinə gəlinir. Covid-19 xəstəliyinə səbəb olan koronavirusun da yarasalardan insanlara panqolin yolu ilə ötürüldüyü vurğulanır, baxmayaraq ki, hələ də dəqiq bir dəlil yoxdur. Mütəxəssislərin fikrincə, dünya əhalisinin sürətlə artması, vəhşi heyvanların yaşayış yerlərinə olan təzyiqi, meşə sahələrinin azalması kimi faktorlar insanların təbii olaraq vəhşi heyvanlarla əlaqə yaratmasına səbəb olur.
Elmi araşdırmalara görə heyvanlardan insana ötürülən viruslar
- QİÇS virusu Şimpanzedən
- Hepatit B virusu Meymunlardan
- Qrip virusu Vəhşi quşlardan
- Vəba xəstəliyinə səbəb olan virusun Gəmiricilərdən
- Denge qızdırması xəstəliyinə səbəb olan virus primatlardan ötürülüb.
"Scientific American" jurnalına görə, insanların ov fəaliyyətləri təhlükəli virusların insanlara ötürülməsində körpü rolunu oynayır. Buna görə, insanlar vəhşi heyvanları ovlamaqla, qeyri-sağlam mühitdə kəsərək onları yemək olaraq istehlak etmək və ya bəzilərini evcilləşdirməklə insana yoluxa biləcək viruslar üçün qapı açılır. Afrikada aparılan bir araşdırmada ovçuların öldürdükləri heyvan qanını içdikləri, üzlərinə sürtdükləri faktları məlum olub. Əslində bu, heyvanda ola biləcək virusun insana ötürülmə riskini artırdığına işarə edir.
Virusların insana necə yoluxduğunu göstərən və Lancet-də yayımlanan bir araşdırmada isə, yenə Afrikada bir qorilla ovlayan və kəsən yerli sakində aparılan qan analizlərində retrovirus ailəsindən olan SFV virusu aşkarlanıb. Bu virus, əsasən qorillalarda tapılan virus növüdür. Aparılan araşdırmalar göstərir ki, bu virusun qorilla ovlayan şəxsə həmin heyvandan keçib.
Epidemiyalar başlamazdan əvvəl qarşısını almaq olarmı?
Elm adamları virusların aşkara çıxdığı ilk anda onun lokallaşdırılması üçün geniş şəkildə monitorinq aparılmalı və buna uyğun infrastruktur qurulmalı olduğunu vurğulayırlar. Monitorinq şəbəkəsi vəhşi heyvanlardakı mikroorqanizmləri müəyyən edəcək və bu heyvanlarla sıx əlaqədə olan insanlar tez-tez yoxlanılacaq. Beləliklə, virusun insana ötürüldüyü ilk mərhələdə bütün dünya xəbərdan olacaq və virusun baş verdiyi bölgənin karantin altına alınması ilə onun yayılması məhdudlaşdırılacaqdır.
Vanderbilt Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Mark Denison fərqli bir yanaşma təklif edib. O bildirib ki, növbəti epidemiyaya hansı virusun səbəb olacağını bilmək sadəcə mümkün deyil. Ona görə də bütün tip viruslara qarşı təsirli olan dərman və peyvəndlər hazırlamaq lazımdır. Denison hər dəfə meydana gələn bir virusa peyvənd tapmaqdan daha çox, virus ailələrinə qarşı təsirli olan dərmanların hazırlanmasını tövsiyə edib.
Heyvanlardan insana keçmə potensialı olan viruslar üzərində çalışan Nathan Wolfe virusun insanlarda erkən aşkarlanması ilə yanaşı, virusun insandan insana yoluxma xüsusiyyətinin olub olmadığını da erkən aşkarlanmasının vacib olduğunu vurğulayıb. Natan Wolfe deyir ki, virusun xüsusiyyətinin erkən aşkarlanması həm də onun epidemiyaya çevirlmə riskini azaldacaq.
"Science" jurnalının bir araşdırmasına görə, dünyada potensial olaraq 1,6 milyon zoonotik virus növü var və bunun indiyə qədər yalnız 1 faizi aşkar edilib. Viroloqların fikrincə, vəhşi heyvanlarda insanlara yoluxa bilən təxminən 750 min müxtəlif virus növü var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB