"Bu zavod maska tələbatımızın tam ödənilməsi üçün çox əhəmiyyətlidir" Vasif Əliyev

“Ölkəmizdə qısa zaman ərzində “Yeni Klinika” və tibbi maska zavodunun açılması ölkəmizdə koronavirula mübarizə istiqamətində qabaqlayıcı tədbirlərin davamıdır”. SİA-nın xəbərinə görə, bunu TƏBİB-in yolxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O bildirib ki əslində xəstəxanın açılışının oktyabr ayında nəzərdə tutulsa da, qısa zaman ərzində ora peşəkar həkimlər cəlb olundu və klinika lazımi bütün tibbi avadanlıqlarla təchis olundu: “Hazırda xəstəxanada koronovirusa yoluxan xəstələr tam müalicə edilir. Eyni fikirləri tibbi maska zavodunun açılması ilə deyə bilərik. Biz bilirik ki, bu gün dünyada gedən proseslər nəticəsində tibbi maska idxal etmək çox çətindir. Çünki həmin ölkələrin özlərinin tibbi maskaya olan təlabatı məhsulun digər ölkələrin idxalını məhdudlaşdırır. Bu baxımda da zavodun açılması həm qabaqlayıcı tədbir, həm də gələcəkdə maska tələbatımızın tam ödənilməsi üçün çox əhəmiyyətlidir”.

V. Əliyev hesab edir ki, tibbi maska zavodunun açılışı Azərbaycanın tibb sənayesinin inkişafına təkan vermiş olacaq.

İşçi qrupunun rəhbəri söyləyib ki, Azərbaycanda koronavirusla mübarizə istiqamətində tədbirlərə qonşu ölkə İranda qeydə alınmamışdan öncə başlanılıb: “Bundan əlavə ölkəmizdə ÜST tərəfindən həm müalicə, həm də qabaqlayıcı tədbirlərlə bağlı verilən tövsiyələr tam şəkildə tətbiq edilir. Hazırda dünyada pandemiya ilə mübarizə istiqamətində atılan addımların əsas məqsədi onun yoluxmasını lokallaşdırmaqdır. Çünki virusun müalicəsində bir sıra vaksinlərdən istifadə olunsa da, onun tam olaraq vaksini tapılmayıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə